12 Dekabr 2015 12:04
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran tarixən Osmanlı imperiyası ilə, son 90 ildə isə Atatürk cümhuriyyəti ilə soyuq münasibətlərdə olub. Eyni zamanda, İranın bölgədəki proseslərə yanaşmaları və maraqları Türkiyə ilə üst-üstə düşmür. İndiki dönəmdə İranın Rusiya ilə güclü müttəfiqlik qurması, Qərbə və Türkiyəyə qarşı fəaliyyəti açıq görünür. İran siyasi baxımdan çalışacaq ki, bölgədəki nüfuzunu gücləndirsin, Bəşər Əsədi iqtidarda saxlasın və bölgədə İŞİD-ə qalib gələrək ərazini İraq hökumətinə versin. Şübhəsiz ki, bu gediş həm də İraqda şiə nüfuzunun artmasına səbəb olacaq. İran yuxarıda qeyd etdiyim koalisiyanı ora cəlb etməklə İraq şiə hökumətinin bütün ərazilərə nəzarət etməsinə yol açır”.

Bunu qəzetimizə müsahibəsində politoloq Elxan Mehdiyev bildirib. Müsahibəni təqdim edirik:

- Rusiya-Türkiyə münasibətlərində gərginlik artıq iki həftədir davam edir. Münasibətlərin gələcək inkişaf istiqamətləri necə ola bilər?
- Rusiya və Türkiyə rəhbərliyinin dilindən çox şey asılı olacaq. Hələlik ifadə dili münasibətlərin pozulmasına aparır. Bu da çox təhlükəli və arzuedilən deyil. Çünki bu iki ölkə arasındakı münasibətlər tarixdə olmayan qədər yaxın, dost və özlərinin dediyi kimi, müttəfiqlik səviyyəsinə gəlib çıxmışdı. Sanki bir anın içində bu münasibətlər düşmən əli ilə pozulur.

- Rusiyanın Baş naziri Medvedev bəyan etdi ki, əgər XX əsr olsaydı, bu hadisə müharibəyə səbəb olardı, lakin indi XXI əsrdir. Bu, tərəflərin ancaq iqtisadi sahədə bir-birinə qarşı addım atacağına işarədir?
- Medvedev belə ifadə etdi. Lakin indi hadisələrin gedişi gözlənilməz və arzuolunmaz istiqamətdə gedir. Rusiya iqtisadi əlaqələri kəsməklə yanaşı, Türkiyənin hərbi baxımdan təhdiddə saxlayacaq addımlar atmağa çalışır və bunu da edir. Bu, artıq Qara dənizdə və Ermənistanda qurulan planlarda özünü göstərir. Eləcə də, Aralıq dənizində Türkiyənin sahil sularına yaxınlıqda yerləşdirdiyi donanma və Suriya ərazisindəki hərbi bazalar Türkiyəyə təhdid yaradır. Rus nümayəndələr Türkiyənin deyil, NATO təyyarələrinin hərəkət istiqamətini müşahidə etdiklərini qeyd edirlər. Bu isə təhlükəli durumdur və hər an təyyarənin vurulması ehtimalı yaradır. Odur ki, kiçik insident qarşıdurmaya gətirə çıxara bilər.

- Bu situasiyada Türkiyə İraqa hərbi qüvvə daxil edib. 10 il əvvəl İraq türkmənlərini taleyin ümidinə buraxan Türkiyə hökuməti nədən indi türkmənləri xatırlamağa başlayıb?
- Məsələyə bu cür qiymət vermək doğru olmazdı. 10 il əvvəl İraqda ABŞ qüvvələri hakim idi. ABŞ Türkiyənin müttəfiqi idi və danışıqlarda türkmənlərin məsələsi də vardı. Eləcə də, son 6-8 ildə Türkiyə hökumətinin İraq Kürdüstanının lideri Bərzani ilə yaxşı münasibətlər qurması türkmən məsələsində gərginliyin sönməsinə səbəb olmuşdu. Lakin indiki mərhələdə vəziyyət kökündən dəyişib. Birincisi, İraq adlanan dövlət kağız üzərində qalıb, klassik İraq dövləti yoxdur. Sadəcə, Abadi hökuməti var. Şimalda kürd yönətimi muxtariyyət olsa da, tanınmamış müstəqil dövlət kimidir. İraq ərazinin böyük hissəsi, o cümlədən də Mosul İŞİD deyilən qurumun nəzarətindədir. İraq liderinin bu dövlətin bütövlüyü və suverenliyindən danışması evcik-evcik oyununa bənzəyir. İkincisi, İraq hökuməti özünün deyil, daha çox təsiri altına keçdiyi İran və Rusiyanın sözlərini ifadə edir. 48 saat ərzində Türkiyə hərbçilərinin İraqdan çıxması haqda ultimatum verilməsi bilavasitə İran və Rusiyadan gələn vədlərin nəticəsində ortaya çıxıb. Yəni bölgədə situasiya kökündən dəyişib, İraqın böyük hissəsi İŞİD-in nəzarətindədir. Türk ordusu da soydaşlarının və özünün təhlükəsizliyi üçün kiçik və məhdud qüvvəsini Şimali İraqda saxlayır. İndi də bu ordunun sayının artırılması bölgədə gedən dramatik dəyişikliklərlə bağlıdır.

- Türk ordusunun Şimali İraqda varlığı türkmənlərə hər hansı dəstəyin ifadəsi ola bilərmi?
- Təbii ki, orada kürd qüvvələri var və onlar türkmənlərlə birlikdə düşmənə qarşı mübarizə aparırlar. Bu da Türkiyənin Bərzani ilə qurduğu yaxşı münasibətlərdən doğur. Türkiyə ordusunun kiçik hissəsi də Şimali İraqda peşmərgə və türkmən silahlılarına hərbi təlimlər keçir. Hazırda bu proses Türkiyənin burada ordusunun sayının artırması ilə müşahidə edilir.

- Faktiki olaraq İraq hökuməti Türkiyəyə 48 saat vaxt verib ki, məhdud sayda hərbçisini ərazidən çıxarsın. Bu ultimatumun nəticəsi necə olacaq?
- Bunun nəticəsi yoxdur. Çünki bu məsələ Moskvanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında qaldırıldı. Lakin daimi üzvlər bu tələbi müzakirəyə çıxarmadı. İkincisi, NATO-ya müraciət olundu ki, Türkiyəyə təsir etsin. Lakin bunun da nəticəsi olmadı. Odur ki, yalnız təxribat yolları ilə nəsə etmək mümkündür. Lakin bunun da nəticəsi olmayacaq.

- İraq Kürdüstanın lideri Bərzaninin Ankara səfəri başlayıb. Bərzani prezident Ərdoğan, Baş nazir Əhməd Davudoğlu, MİT və XİN rəsmiləri ilə müzakirələr aparıb. Səfərin məqsədi nəyə hesablanıb?
- Burada daha çox hərbi təhlükəsizlik məsələləri və İŞİD-ə qarşı birgə tədbirlər müzakirə edilə bilər. Mosul İŞİD-in əlindədir. Bu da kürd bölgəsinə ən yaxın ərazidir. İkincisi, Bərzani böhrana görə, İraq hökumətini suçlamışdı, hökumətin hay-küyünün yersiz olduğunu ifadə etmişdi. Eyni ilə onun Türkiyə ilə enerji anlaşmaları var. Odur ki, səfərdə hərbi təhlükəsizlik və enerji məsələləri müzakirəsi ola bilər.

- Açıq görünür ki, İran da bölgədə ciddi nüfuz savaşına qalxıb, Suriyada və İraqda möhkəmlənmək xətti götürüb və bu səbəbdən də Türkiyə ilə münasibətlərdə gərginlik müşahidə olunur. Tərəflərin marağı nədən ibarətdir?
- Öncə qeyd edək ki, İran “bayram” edir. Amerika İraqda Səddam iqtidarını yıxdı. Ardınca İraqda şiə hökuməti quruldu, dövlətin cənubi tamamilə şiə nüfuzudur. İranın da burada böyük nüfuzu var. Rusiyanın regiona daxil olması ilə kifayət qədər zəifləyən Bəşər Əsəd “dirilib”. İran və Rusiyanın mövqeləri bölgədə möhkəmlənib və həm də hesab edirlər ki, Əsədi hakimiyyətdə saxlamaq mümkün olacaq. Bu ölkələrin bölgədə rəqibləri Türkiyə, kənarda isə Amerikadır. Bu baxımdan, əsas məqsəd Türkiyəni bölgədən sıxışdırıb çıxarmaqdır. İran həmişə din bayrağı altında çıxış edir, lakin şübhəsiz ki, daima öz məqsəd və maraqlarını əsas götürür. Təbii ki, məqsədləri Türkiyəni bölgədən çıxarıb öz sərhədlərinə geri çəkilməsini təmin etməkdir. Bu məqsədlə Rusiya, İran, Əsəd rejimi və İraqdakı hökumət birləşmişdi. Son zamanlar ABŞ-ın təzyiqi ilə İraq da sözdə Rusiya ilə məsafə saxlamağa çalışır, amma gedişlər göstərir ki, İraq Rusiya və İranla hərbi kəşfiyyat paylaşması içindədir.

- İran -Türkiyə arasında gərgin münasibətlərin perspektivi nə vəd edir?
- İran tarixən Osmanlı imperiyası ilə, son 90 ildə isə Atatürk cümhuriyyəti ilə soyuq münasibətlərdə olub. Eyni zamanda, İranın bölgədəki proseslərə yanaşmaları və maraqları Türkiyə ilə üst-üstə düşmür. İndiki dönəmdə İranın Rusiya ilə güclü müttəfiqlik qurması, Qərbə və Türkiyəyə qarşı fəaliyyəti açıq görünür. İran siyasi baxımdan çalışacaq ki, bölgədəki nüfuzunu gücləndirsin, Bəşər Əsədi iqtidarda saxlasın və bölgədə İŞİD-ə qalib gələrək ərazini İraq hökumətinə versin. Şübhəsiz ki, bu gediş həm də İraqda şiə nüfuzunun artmasına səbəb olacaq. İran yuxarıda qeyd etdiyim koalisiyanı ora cəlb etməklə İraq şiə hökumətinin bütün ərazilərə nəzarət etməsinə yol açır. İqtisadi baxımdan da İran Türkiyədən asılıdır. Çünki İran qazını Türkiyəyə satır. Üstəlik, dünya İrana qarşı sanksiyalar tətbiq edəndə Ankara bu sanksiyalara qoşulmadı və İranı iqtisadi dağıntıdan xilas etdi. Hazırda Türkiyədə İrana qarşı ifadə olunan dil yumşaqdır və heç də konfrontasiyaya getmək deyil, fikir ayrılıqlarını diplomatik yolla həll etmək arzusundadır.

- İndi əsas müzakirə mövzusu Suriya, daha doğrusu, Bəşər Əsədin taleyidir. İran, İraq və Rusiya Əsədin iqtidarda qalmasını açıq müdafiə edir. ABŞ və Avropanın mövqeyi konkret bəlli deyil. Türkiyə Əsədin hakimiyyətdən getməsinin vacibliyini qeyd edir. Ötən gün ərəb ölkələrinin xarici işlər nazirləri də Bəşər Əsədin hakimiyyətdən getməsini əsas şərt kimi irəli sürdü. Suriya hakimiyyətinə münasibətdə hansı yanaşma qalib gələcək?
- Bölgədə və dünyada gedən proseslər Əsədin xeyrinə dəyişdi. Hadisələr başlayandan sonra Rusiyanın köməyi ilə kimyəvi silahın Suriyadan çıxarılması Əsədə nəfəs verdi. Sonradan Əsəd böyük ərazilər itirsə də, İŞİD və terrorçu qrupların meydana çıxması Suriya hökumətini kölgəyə saldı. Parisdə terror olan zaman prezident Olland dövlətinə təhlükənin Bəşər Əsəddən deyil, İŞİD-dən gəldiyini bəyan etdi. Bununla da, Əsədin təhlükə olmadığı ortaya qoyuldu və Suriya iqtidarı arxa plana keçdi. İndi Qərb ölkələri açıq deməsələr də, arxa dəhlizdə Bəşər Əsədin quru qoşunlarından da istifadə edərək İŞİD-in məhv edilməsinə müsbət yanaşırlar. Çünki heç bir ölkə öz əsgərinin bu prosesdə iştirakını istəmir. Odur ki, Qərb ölkələri bu prosesdə Əsəddən istifadə edilməsini məqsədəuyğun sayır. Bu mənada, Vyana sazişi Bəşər Əsədin hələ 18 ay hakimiyyətdə qalmasına taym-aut imkanı verir.

- Yəni Ərəb dövlətlərinin Əsədin getməsini şərt kimi qoymasının nəticəsi olmayacaq...
- Olmayacaq. Əslində, bəyanat Ərəb ölkələrinin xarici işlər nazirlərinin deyil, Səudiyyə Ərəbistanı, Qətər və bir neçə ərəb ölkələrinin xarici işlər nazirlərinin bəyanatı idi. Üstəlik dördlərin görüşündə ərəb dövlətlərinin ağsaqqalı qismində Səudiyyə iştirak edirdi. Bu prosesdə Səudiyyə, Türkiyə, Rusiya və Amerika iştirak edirdi. İndi bu tərkib genişlənib, Avropa Birliyi ölkələri də bura daxil edilib. Hazırda ərəb ölkələrinin xarici işlər nazirləri etiraz etsə də, Vyana razılaşması qüvvədə qalır.


Müəllif:

Oxşar xəbərlər