Bu gün Moskvada ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşü olub. Sayca 20-ci olan bu görüşdə Suriyadakı vəziyyət, terrorçuluqla mübarizə və Ukrayna böhranı müzakirə olunub. Politoloq Fikrət Sadıqov Teleqraf.com-a müsahibəsində Kerri və Lavrov arasındakı görüşü dəyərləndirib.
- Fikrət müəllim, necə hesab edirsiz, Con Kerri və Sergey Lavrov arasında bu gün keçirilən görüşdə hər hansı razılıq əldə oluna bilərmi?
- Rusiya ilə Qərb arasında geosiyasi gərginlik, qarşıdurma davam edir. Aparıcı dövlətlərin başçıları anlayırlar ki, gərginlik fayda vermir, bunu aradan qaldırmaq lazımdır. Bu, o demək deyil ki, Qərb yaxın gələcəkdə Rusiya ilə əməkdaşlıq edəcək. Tərəflər arasında bir sıra məsələlər üzrə yaxın gələcəkdə əməkdaşlıq ola bilər. Xüsusilə də, Yaxın Şərq, Ukrayna, Türkiyə-Rusiya qarşıdurması ilə bağlı razılığa gələ bilərlər. Hesab edirəm ki, Rusiyaya qarşı sanksiyalar da müzakirə olunacaq və hansısa şərtlər daxilində bu məsələ gələcəkdə yenidən gündəmə gələ bilər.
- Rusiya-Türkiyə münasibətlərindəki gərginliyin aradan qaldırılma ehtimalı nə dərəcədədir?
- Hər iki tərəf sözdə gərginliyin aradan qaldırılması ilə bağlı açıqlamalar versələr də, reallıqda yaxın gələcəkdə münasibətlərin yoluna qoyulacağını düşünmürəm. Münasibətlər getdikcə gərginləşir. İki ölkəni barışdırmaq üçün vasitəçiyə ehtiyac var. Vaxtilə Azərbaycan vasitəçilik təklifini irəli sürüb. Onlardan heç bir reaksiya olmadı. Görünür, hələ vaxtı yetişməyib.
Rusiya-Türkiyə münasibətlərindəki gərginliyə görə məni narahat edən Moskvadakı ermənilərin fəallaşmasıdır. Antitürk təbliğatı ermənilərə Azərbaycana qarşı da kampaniya aparmağa bəhanə verib. Bu məsələdə bəzi rus siyasətçiləri də ermənilərə dəstək verir. Görünür, tərəflər arasında münasibətlərin normallaşması üçün vaxta ehtiyac var.
- Səudiyyə Ərəbistanının təşəbbüsü ilə "Terrorizmə qarşı İslam koalisiyası" yaradılıb. Necə hesab edirsiz, koalisiya İraq və Suriyada sabitliyin yaradılması üçün effektiv fəaliyyət göstərə biləcəkmi?
- Artıq İraq və Suriya geosiyasi meydançaya çevrilib. Hər bir ölkə o meydançada öz maraqları konteksində güc nümayiş etdirir. Rusiya İran və İraq ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparır. Eyni zamanda Əsəd rejimini dəstəkləyirlər. "İslam koalisiyası"nın da öz maraqları var. Əsas məsələ kimi İŞİD-ə qarşı mübarizəni qeyd etsələr də, pərdəarxası maraqlar var. Dünyanın aparıcı dövlətləri İŞİD adlı terrorçu qruplaşmaya qarşı mübarizə aparır, amma nəticə yoxdur.
- Niyə?
- Ona görə ki, bir çox dövlətlər üçün İŞİD-ə qarşı mübarizə formal xarakter daşıyır. Maraqlar real mübarizə aparmağa imkan vermir və bir çox dövlətlər görüntü yaratmaqla kifayətlənirlər. Düzdür, İŞİD-in əvvəlki kimi gücü qalmayıb, amma yenə də mövcuddur. Hətta Əfqanıstana qədər gedib çıxıblar. Görüntü xarakterli mübarizə aparan dövlətlərin əsas marağı neftdir. Biz görürük ki, İŞİD bəzi dövlətlərə, dairələrə neft satır. Sual olunur, əgər bu qədər dövlət İŞİD-ə qarşı mübarizə aparırsa, niyə onun sonuna çıxa bilməyiblər? Deməli, aparılan əməliyyatlar görüntü xarakteri daşıyır. İŞİD-ə qarşı elan olunan mübarizə əsas məqsəd deyil. Qeyd edim ki, heç bir ideoloji qruplaşmanı kökündən qazıyıb silmək olmur. İdeyanın daşıyıcıları daim olur. Amma aparıcı dövlətlər birgə çalışsalar və real mübarizə aparsalar, radikal qüvvələrin nüvəsini dağıda bilərlər. İŞİD-i tam məhv etmək mümkün deyil. Baxın, faşizm üzərində qələbə qazanılsa da, Avropada faşizm yönümlü qüvvələr hələ də qalmaqdadır.
- Vaxtilə, bütün gücünü Əsədin getməsinə yönəldən Qərb dövlətləri nə üçün sonradan prinsiplərini dəyişdi?
- ABŞ Bəşər Əsədlə bağlı siyasətində müəyyən korrektələr edib. Hazırda Rusiyanın Suriyada hərbi əməliyyatlar aparması, İŞİD-i bombalaması Ağ Evin maraqlarına cavab verir. Aparıcı dövlətlər başa düşürlər ki, İŞİD-ə qarşı təkbaşına mübarizə aparmaq mümkün deyil. ABŞ koalisiyası Suriyada əməliyyatları davam etdirir, amma tam gücü ilə yox. Ona görə də Rusiyanın bu prosesə qoşulmasına etiraz etmir. İŞİD Rusiya üçün daha böyük təhlükə vəd edir, nəinki ABŞ üçün. İŞİD-in tərkibində çoxlu sayda Rusiya vətəndaşı döyüşür.
- Ukrayna məsələsində necə, Kerri və Lavrov razılıq əldə edə biləcəklərmi?
- Ukrayna məsələsilə məşğul olan Minsk qrupu genişmiqyaslı hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edib. Tərəflər anlayır ki, müharibə çıxış yolu deyil. Rusiya isə Krımı geri qaytarmayacaq. İndiki məqamda söhbət Şərqi Ukraynada sabitliyin yaradılmasından gedir. Prinsipcə, Putin Donetsk və Luqanskın Ukraynanın tərkibində qalmasında maraqlıdır. Amma vilayətin rəhbərliyi fərqli siyasət yürüdür.
Ruslan