16 Dekabr 2015 11:43
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həmsədrlərin mövqeyində hər hansı bir dəyişiklik nəzərə çarpmır. Əksinə, amerikalı həmsədrin Qarabağdakı separatçı rejimin təmsilçisi ilə görüşməsi və Azərbaycanın razılığı olmadan müzakirələr aparması Amerikanın da bu məsələdə neytral mövqedə olmadığı göstərir. İndiki şəraitdə münaqişənin həlli üçün regional və beynəlxalq güclər arasında hər hansı bir uzlaşma nəzərə çarpmır. Və Ermənistanda güzəştə gedəcəyi görünmür. Əksinə, Ermənistan nəyin bahasına olursa-olsun münaqişənin daha da dərinləşməsi, sülh danışıqlarının pozulması üçün əlindən gələni edir. İndiki şəraitdə qənaətimə görə, Dağlıq Qarabağ ətrafı rayonlarının azad edilməsi ilə bağlı xəbərlər ictimai rəyi öyrənmək məqsədi daşıyır”.

Bunu Teleqraf.com-a müsahibəsində siyasi şərhçi, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirib. Müsahibəni təqdim edirik:

- Rusiya-Türkiyə münasibətlərində yaranan gərginlik səngimək bilmir. İki ölkə arasındakı münasibətlərin indiki mərhələsini necə qiymətləndirirsiniz?
- Birinci nəzərə alınmalıdır ki, Rusiyanın Türkiyəyə qarşı sərt tonda çıxış etməsinin səbəbləri heç də xarici amillərlə əlaqəli deyil. Bu, ilk növbədə daxilə yönələn siyasətin nəticəsidir. Çünki Putin siyasi lider olaraq ona qarşı gələn heç bir faktoru xoşlamır, bunu özünün reputasiyasının zədələnməsi kimi qiymətləndirir. Rusiyanın daxilində Putin şəxsiyyəti faktoru həddən ziyadə güclü olduğu üçün müəyyən mənada çıxarılan qənaət həqiqətə uyğun gəlir. Yəni Türkiyəyə qarşı nümayiş etdirilən siyasi baxımdan israrlı münasibətə səbəb ilk olaraq daxili faktordur. Çünki Rusiyanın indiki ideologiyasının təməlində milli əhvali-ruhiyyənin qorunub saxlanılması, vətəndaşların bu ideologiya əsasında birləşdirilməsi gəlir. Rusiya siyasəti I Pyotr zamanından başlayaraq xarici düşmən amilinə söykənir. Rusiya hər zaman sərhədindən kənarda xarici düşmən axtarır. İndiki Rusiya hakimiyyəti də bu dövlətin siyasi ənənəsinə xas olan siyasətdən istifadə edir. Baxın, Rusiya Türkiyəyə qarşı üç şərt irəli sürür, qeyd edir ki, bunlar təmin olduğu halda münasibətlər düzələ bilər: Türkiyə hadisəyə görə üzr istəməlidir; kompensasiya ödəməlidir; günahkarları cəzalandırmalıdır. Lakin Rusiya bilir ki, Türkiyə bu şərtləri qəbul etməyəcək. Əksinə, ortaya fakt qoyaraq sübut edəcək ki, təyyarəni öz sərhədində vurub.

- İndiki halda münasibətlərin belə gərgin olmasından Rusiya və Türkiyə nə qazanır?
- Rusiya ilə qarşıdurma bu ölkənin Suriyaya müdaxiləsini qəbul etməyən ölkələrin Türkiyə ilə yaxınlaşmasına səbəb olub. Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında müəyyən problemlər mövcud idisə, hazırda bu, arxa plana keçib. Rusiyanın müdaxilə faktoru Səudiyyə, Qətər və bu kimi ərəb dövlətlərinin Türkiyəyə dəstək verməyə vadar edir. İndiki situasiyada Türkiyə də bu imkandan maksimum yararlanmağa çalışır. İkincisi, Türkiyənin alternativ nəqliyyat dəhlizində rolu artır. Qərbdəki partnyorları bir müddət Rusiya ilə ehtiyatlı mövqedə durmağa çalışırdılar, indi isə TANAP, TAP və digər belə layihələri dəstəkləməyə başlayıblar. Bu da, Türkiyə üçün əhəmiyyət kəsb edir. Rusiya isə Türkiyə ilə qarşıdurmada əldə etdiyi əsas qazanc Suriyaya özünün S-400 raket komplekslərini və digər texnikasını yerləşdirməsidir. Həmçinin Türkiyə ilə konflikt Rusiyaya imkan verir ki, öz silahlarını, yeni hərbi kontingentini Suriyaya salsın. O da, bəllidir ki, Moskvanın bu addımları Türkiyə və onun müttəfiqlərinə imkan verir ki, regionda balansı saxlamaq üçün özlərinin hərbi kontingentini gücləndirsin. Bildiyiniz kimi, artıq ABŞ Türkiyəyə müəyyən qədər silah verib, gəmiləri Türkiyəyə yön alıb. Bu baxımdan indiki şəraitdə Rusiyanın bu oyundan qalib çıxdığını demək doğru olmazdı. Əslində isə ən ağıllı yol tərəflərin sərt və populist bəyanatlardan imtina edərək münasibətləri yoluna qoymaq üçün cəhdlər etməkdir. İndilikdə Rusiyada daxili siyasət faktoru bu münasibətlərin sabitləşməsinə imkan verməyəcək. Mən hələ münasibətlərin bir müddət də kəskin olacağını düşünürəm.

- Hazırda Türkiyə ilə İraq arasında da münasibətlər kəskinləşib. Türkiyə Şimali İraqda olan hərbi kontingentinin bir hissəsini İraqdan çıxarıb, baxmayaraq ki, Ankara bəyan edirdi ki, belə bir addım atmayacaq. Türkiyə nədən Şimali İraqa ordu salmışdı və nədən çıxardı?
- Əslində, Türkiyənin Şimali İraqla, xüsusilə türkmənlərlə bağlı siyasəti öncədən yanlış olmuşdu. Türkiyə parlamenti İraqa hərbi müdaxiləyə razılıqla bağlı qərarından sonra AKP hökumətinin bu qərardan manipulyasiya etməyə, habelə ABŞ-ın istəyi əsasında oynamağa ehtiyacı olmamalı idi. Həmin vaxt bölgəyə daxil olaraq türkmənlərin hüquqlarını qorumaq lazım idi. İndiki şəraitdə Şimali İraqda kürd muxtariyyəti yaradılıb, türkmənlərin hüququ pozulub. Bu bölgədən türkmənlər maksimum sıxışdırılıb çıxarılıb. Artıq orada türkmənlərin etnik faktor kimi mövcudluğundan söhbət belə getmir. Türkmənlər hazırda Mosul, Kərkük, Ərbil kimi daimi yaşadıqları yaşayış məskənlərində etnik qrupa çevrilib. Bu, Türkiyənin yürütdüyü yanlış siyasətin ortaya qoyduğu nəticədir. İndiki şəraitdə məsələ ondan ibarətdir ki, İraq hökumətində İran və Rusiya meylli qüvvələrin müəyyən üstünlüyü var. Söhbət əsasən İran meylli qüvvələrdən və şiə azlığı idarəçiliyindən gedir. Bu baxımdan da, Türkiyəyə qarşı aqressiv reaksiyanın Rusiyadan daha çox İraqdan qaynaqlandığı qənaətindəyəm. Görünür, Suriya böhranından sonra Türkiyə İraqda açıq qarşıdurmaya getmək istəmədiyindən və ya İranla olan müəyyən razılaşma əsasında hərbi kontingentin bir hissəsini oradan çıxarır. Əslində, Türkiyə Şimali İraqa hərbi kontingent yeritməmişdi. Türkiyənin orada hərbi kontingenti var idi və bu saya uyğun olaraq hərbi kontingentin tərkibi dəyişdirilirdi. Yəni, burada yeni qüvvələrin yerləşdirilməsindən söhbət getmir. Rusiya ilə böhranın ortaya çıxdığı və Türkiyənin daha kəskin qarşıdurmaya getmək istəmədiyini anlayan İran və İraqın İran meylli yönətimi indiki situasiyadan istifadə edərək Ankaranın İraqdakı hərbi gücünü çıxarmağa çalışdılar, bu məqsədlə təzyiqlər etdilər. Əslində, məsələnin mahiyyətində bu, dayanırdı. Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasında bu məsələ qaldırılsaydı, Çin və Rusiyanın Türkiyənin İraqdakı hərbi kontingentinin çıxarılmasına dair aqressiv mövqe nümayiş etdirəcəyi birmənalı idi. Çin və Rusiya bu məsələyə dair mövqeyini öncədən açıqlamışdı. Təhlükəsizlik Şurasının digər daimi üzvləri, şübhəsiz ki, bu məsələdə daha liberal mövqe tutacaqdılar və Türkiyəyə daha açıq dəstək verəcəklərini gözləmək olardı. Çünki bu ölkələr üçün Türkiyənin Şimali İraqda hərbi kontingent saxlayıb-saxlamaması fundamental əhəmiyyət daşımır.

- Dünən Moskvada ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici siyasət idarəsinin rəhbəri Lavrov arasında qapalı görüş keçirilib, tərəflər Suriya və Ukrayna böhranını, habelə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Sizcə, bu müzakirələr tərəflərin mövqelərində uzlaşma yarada bilərmi?
- Rusiyaya belə bir müzakirənin aparılması və razılığın əldə edilməsi lazımdır. Çünki Rusiya nə qədər aqressivlik nümayiş etdirsə də, hərbi potensialını daha qabarıq şəkildə ortaya qoymağa çalışsa da, dünya bazarında neftin qiymətinin 40 dollardan aşağı düşməsi iqtisadiyyata ciddi zərbədir. Bu, iqtisadiyyatı çökdürür. Son məlumata görə, ekspertlər Rusiyada dolların iki dəfə bahalaşa biləcəyini elan ediblər. Bu, faktiki olaraq Rusiya iqtisadiyyatının defoltu, rublun devalvasiyası anlamını verir. İndi Rusiyanın ehtiyatları artıq vətəndaşların əmanətlərinin qorunmasına və bank-kredit siyasətinin davam etdirilməsinə imkan vermir. Başqa sözlə, Rusiya sahibkarların itirdiyi ziyanı kompensasiya etmək gücündə deyil. İndiki şəraitdə Rusiya maksimum çalışır ki, prosesləri ləngitsin. Amma sözsüz ki, mən Amerikanın indiki şəraitdə Rusiyanın səmimiyyətinə inanacağını, onunla razılaşacağını və oyunu davam etdirəcəyini qətiyyən gözləmirəm. Açığını deyək ki, son dövrlər Rusiyanın dünyaya meydan oxuması bütün dünyanı narahat etməkdədir. SSRİ dağıldıqdan sonra Rusiyanın parçalanması Qərbin maraqlarına uyğun deyildisə, kiçik respublikaların formalaşması növbəti iqtisadi problemlər gətirəcəkdisə, indiki şəraitdə Qərb üçün bu ciddi narahatlıq yaratmır. Zənnimcə, Rusiyaya qarşı təzyiqlər davam edəcək. Düzdür, bu mübarizədən kimin qalib gələcəyini zaman ortaya qoyacaq. Hər halda zənn etmirəm ki, Moskvada aparılan müzakirələrin nəticəsi olaraq tərəflər arasında razılıq əldə edilsin.

- Son dövrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılırdı, bəyan olunurdu ki, bəzi rayonlar geri qaytarılacaq, eləcə də, prezidentlərin görüşünə hazırlıqların aparıldığı bəyan olunurdu. Ancaq indi sanki bu proses dayanıb, prezidentlərin 2015-ci ildə görüşməsi ehtimalları aradan qalxır, üstəlik cəbhədə daima atəşkəs rejimi pozulur. Siz bu prosesi necə qiymətləndirirsiniz?
- Əslində, prezidentlərin görüşünün təşkili münaqişənin həllindən daha çox ATƏT-in Minsk Qrupunun xilas edilməsinə yönəlib. Həmsədrlərin mövqeyində hər hansı bir dəyişiklik nəzərə çarpmır. Əksinə, amerikalı həmsədrin Qarabağdakı separatçı rejimin təmsilçisi ilə görüşməsi və Azərbaycanın razılığı olmadan müzakirələr aparması Amerikanın da bu məsələdə neytral mövqedə olmadığı göstərir. İndiki şəraitdə münaqişənin həlli üçün regional və beynəlxalq güclər arasında hər hansı bir uzlaşma nəzərə çarpmır. Və Ermənistanında güzəştə gedəcəyi görünmür. Əksinə, Ermənistan nəyin bahasına olursa-olsun münaqişənin daha da dərinləşməsi, sülh danışıqlarının pozulması üçün əlindən gələni edir. İndiki şəraitdə qənaətimə görə, Dağlıq Qarabağ ətrafı rayonlarının azad edilməsi ilə bağlı xəbərlər ictimai rəyi öyrənmək məqsədi daşıyır. Azərbaycan tərəfinin Qarabağ münaqişəsinə dair mövqeyi ortadadır və bu mövqe indiyə qədər dəyişməyib. Problemin həlli üçün Ermənistana ciddi təzyiqlər olmalıdır.

Nemət


Müəllif:

Oxşar xəbərlər