“Hər iki tərəf sözdə gərginliyin aradan qaldırılması ilə bağlı açıqlamalar versələr də, reallıqda yaxın gələcəkdə münasibətlərin yoluna qoyulacağını düşünmürəm. Münasibətlər getdikcə gərginləşir. İki ölkəni barışdırmaq üçün vasitəçiyə ehtiyac var. Vaxtilə Azərbaycan vasitəçilik təklifini irəli sürüb. Onlardan heç bir reaksiya olmadı. Görünür, hələ vaxtı yetişməyib. Rusiya-Türkiyə münasibətlərindəki gərginliyə görə məni narahat edən Moskvadakı ermənilərin fəallaşmasıdır. Antitürk təbliğatı ermənilərə Azərbaycana qarşı da kampaniya aparmağa bəhanə verib. Bu məsələdə bəzi rus siyasətçiləri də ermənilərə dəstək verir. Görünür, tərəflər arasında münasibətlərin normallaşması üçün vaxta ehtiyac var”.
Bunu Teleqraf.com-a müsahibəsində politoloq, sabiq diplomat Fikrət Sadıxov bildirib. Müsahibəni təqdim edirik:
- 2015-ci il başa çatır. Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından nə dərəcədə effektiv olub?
- 2015-ci il daha çox Azərbaycanın hücumedici diplomatik addımları ilə müşahidə olundu. Demək olmaz ki, məsələlər həll edildi. Lakin Azərbaycan tərəfinin addımları hücum xarakteri daşıdı. Bu addımlar göstərdi ki, Azərbaycan ərazi bütövlüyü uğrunda əlindən gələni edəcək və heç vaxt bu məsələdə güzəştə getməyəcək. Azərbaycanın addımlarından bu nəticəni çıxarmaq olar. İkincisi, müşahidələr göstərdi ki, Azərbaycanın hərbi potensialı da artıb və biz bu sahədə də hücuma keçmişik. Başqa sözlə, son aylar ərzində biz cəbhə xəttində hücumedici addımlar atmışıq. Üçüncüsü, çox təəssüflər olsun ki, aparıcı dövlətlərin ikili yanaşması ilə üzləşməli olmuşuq. Bu ikili yanaşma Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsində əsas rol oynayıb. Biz artıq bunu açıq şəkildə deyirik, gizlətmirik. Onlar da anlayırlar ki, Azərbaycan gözləmə mövqeyindən hücum mərhələsinə daxil olur. Həmin qüvvələr bu reallıqla hesablaşmalıdır.
- Minsk Qrupunun son 1 ildəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Minsk Qrupu çərçivəsində heç bir irəliləyiş əldə edilməyib, yeni təkliflər və təşəbbüslər irəli sürülməyib. Minsk Qrupu, demək olar ki, amorf və heç kəsə lazım olmayan, xüsusilə Dağlıq Qarabağ münaqişəsində heç bir yardım göstərməyən qurumdur. Biz artıq Minsk Qrupuna ümid bəsləmirik. Aydın olur ki, Minsk qrupu ona görə yaradılıb ki, bu vəziyyətə nəzarət etsin, münaqişə ilə əlaqədar lazım gələndə bizə qarşı addımlar atsın, bu məsələdə Azərbaycana köməklik etməsin. Hətta Ermənistanın nazı ilə oturub durur, onlarla görüşür, müzakirə aparırlar. İl ərzində gördük ki, vəziyyət eynidir və əvvəlki illərdən ciddi fərqlənmir. Minsk Qrupunun addımları, apardığı siyasi kurs aydındır. Yeri gəlmişkən, təsadüfi deyil ki, ABŞ-ın Minsk Qrupundakı nümayəndəsinə etirazımızı bildirdik. Səfir Uorlik Qarabağdakı separatçı rejimin nümayəndəsi ilə görüşü zamanı müxtəlif ifadələr işlətmişdi. Biz eyni zamanda bununla bağlı rəsmi etiraz notamızı da ABŞ-ın Azərbaycandakı səfirliyinə təqdim etdik.
- Uorlikin Vaşinqtonda erməni diasporasının və səfirliyinin təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” tədbirinə qatılmasına, separatçı rejimin nümayəndəsi ilə görüşməsi diplomatik səviyyədə hansı mesajları verməkdir?
- Uorlik burada öz səlahiyyətlərini aşıb. Onun hərəkətləri nə beynəlxalq hüquq normalarına, nə də diplomatik statusa uyğundur. Demək olar ki, səfirin bu hərəkətləri ermənilərin tərəfini saxlamağın açıq nümayiş etdirilməsidir. Uorlik normalda bitərəf qalmalıdır. Çünki vasitəçidir. Əgər bu şəxs ABŞ kimi böyük və nüfuzlu dövlətin səfiridirsə, ilk olaraq Azərbaycanın xeyrinə qəbul edilən qətnamələrin yerinə yetirilməsində aktiv olmalıdır. Çünki onun təmsil etdiyi Amerika BMT-də qeyd etdiyim qətnamələrin qəbuluna səs verib, bu qərarları dəstəkləyib. İndiyə qədər Azərbaycanın yeddi rayonu işğal altındadır. Bu rayonların Dağlıq Qarabağa bilavasitə dəxli yoxdur. Lakin belə bir durumda səfir Uorlikin separatçı rejimin hansısa nümayəndəsi ilə görüşməsi və buna nə iləsə bəraət qazandırması yanlışdır. Biz təbii ki, bu hərəkətləri normal qəbul edə bilmərik. Biz, bu kimi istənilən hərəkətlərə qarşı reaksiyamızı ortaya qoymalıyıq. İndiki halda Uorlikin hərəkətlərinə müvafiq cavab verilib. Üstəlik də ekspertlər səviyyəsində münasibətlər ifadə edilib.
- 2015-ci ilin son aylarında münaqişə ilə əlaqədar Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil ediləcəyi barədə informasiya yayılmışdı. Lakin indi belə anlaşılır ki, prezidentlərin bu il də görüşü baş tutmayacaq. Sizcə, buna səbəb nədir?
- Dövlət başçılarının görüşü hələ bəlli deyil. Yəni görüşün baş tutub-tutmayacağı haqda konkret bir şey yoxdur. Bu istiqamətdə müxtəlif məlumatlar gəzsə də, öz təsdiqini tapmayıb. Lakin iş ondadır ki, Azərbaycana görüş naminə görüş lazım deyil. Əgər görüşdə yenidən hansısa ümumi ifadələr işlənəcəksə, bizi barışmağa səsləyən ifadələr olacaqsa, bizə belə müzakirələr lazım deyil. 2016-cı ildə biz daha ciddi addımlar atmalıyıq. Söhbət hücum addımlarından gedir. Həm diplomatik istiqamətdə, həm də hərbi sahədə. Çünki biz nə qədər çox gücümüzü nümayiş etdirsək və nə qədər çox diplomatik addımlar atsaq, proses xeyrimizə olacaq. Ən azı dünya biləcək ki, Azərbaycan passiv mövqedə deyil, gözləmə mövqeyindən çıxıb və öz sözünü beynəlxalq meydanlarda deməyə hazırdır.
- ABŞ dövlət katibi Con Kerri Moskvaya səfər etdi, həmkarı Lavrovla müzakirələr apardı, eləcə də prezident Putin tərəfindən qəbul olundu. Sizcə, bu iki ölkə arasında hər hansı bir razılıq əldə oluna bilərmi, yoxsa müzakirələrin nəticəsi olmayacq, tərəflər arasında gərginlik davam edəcək?
- Onlar arasında çox saatlıq müzakirələrin nəticəsi müəyyən mənada müsbət olacaq. Çünki dünyada baş verən hadisələr, geosiyasi gərginlik bu dövlətləri müəyyən razılığa gəlməyə vadar edir. Nəzərə alın ki, onlar həm də aparıcı dövlətlərdir. Onların bir araya gəlməkdən, yollar axtarışından çox şeylər asılı olacaq. Mənə elə gəlir ki, tərəflər Suriyada İŞİD-ə qarşı mübarizə məsələsində müəyyən razılığa gəliblər. Düzdür, onların İŞİD-ə qarşı mübarizə yolları müxtəlifdir, amma eyni zamanda məqsəd eynidir. Düşünürəm ki, bir məsələlərdə onlar razılığa gələcək. Çünki Rusiya üçün əsas məsələ Qərbin tətbiq etdiyi sanksiyaların aradan qalxmasıdır. Rusiya bu sanksiyaların nəticəsi olaraq iqtisadiyyatda mürəkkəb problemlərlə üzləşib. Bu sanksiyaların götürülməsi Rusiyanın əsas məqsədidir. Bu məsələlər yaxın dövrdə həll edilməsə də, onların siyasəti 2016-cı ildə əsasən bu istiqamətdə olacaq.
- Rusiya-Türkiyə münasibətlərindəki gərginliyin aradan qaldırılma ehtimalı nə dərəcədədir?
- Hər iki tərəf sözdə gərginliyin aradan qaldırılması ilə bağlı açıqlamalar versələr də, reallıqda yaxın gələcəkdə münasibətlərin yoluna qoyulacağını düşünmürəm. Münasibətlər getdikcə gərginləşir. İki ölkəni barışdırmaq üçün vasitəçiyə ehtiyac var. Vaxtilə Azərbaycan vasitəçilik təklifini irəli sürüb. Onlardan heç bir reaksiya olmadı. Görünür, hələ vaxtı yetişməyib. Rusiya-Türkiyə münasibətlərindəki gərginliyə görə məni narahat edən Moskvadakı ermənilərin fəallaşmasıdır. Antitürk təbliğatı ermənilərə Azərbaycana qarşı da kampaniya aparmağa bəhanə verib. Bu məsələdə bəzi rus siyasətçiləri də ermənilərə dəstək verir. Görünür, tərəflər arasında münasibətlərin normallaşması üçün vaxta ehtiyac var.
- Səudiyyə Ərəbistanının təşəbbüsü ilə “Terrorizmə qarşı İslam koalisiyası” yaradılıb. Bu koalisiya İraq və Suriyada sabitliyin yaradılması üçün effektiv fəaliyyət göstərə biləcəkmi?
- Artıq İraq və Suriya geosiyasi meydançaya çevrilib. Hər bir ölkə o meydançada öz maraqları konteksində güc nümayiş etdirir. Rusiya İran və İraq ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparır. Eyni zamanda Əsəd rejimini dəstəkləyirlər. “İslam koalisiyası”nın da öz maraqları var. Əsas məsələ kimi İŞİD-ə qarşı mübarizəni qeyd etsələr də, pərdəarxası maraqlar var. Dünyanın aparıcı dövlətləri İŞİD adlı terrorçu qruplaşmaya qarşı mübarizə aparır, amma nəticə yoxdur.
- Niyə?
- Ona görə ki, bir çox dövlətlər üçün İŞİD-ə qarşı mübarizə formal xarakter daşıyır. Maraqlar real mübarizə aparmağa imkan vermir və bir çox dövlətlər görüntü yaratmaqla kifayətlənirlər. Düzdür, İŞİD-in əvvəlki kimi gücü qalmayıb, amma yenə də mövcuddur. Hətta Əfqanıstana qədər gedib çıxıblar. Görüntü xarakterli mübarizə aparan dövlətlərin əsas marağı neftdir. Biz görürük ki, İŞİD bəzi dövlətlərə, dairələrə neft satır. Sual olunur, əgər bu qədər dövlət İŞİD-ə qarşı mübarizə aparırsa, niyə onun sonuna çıxa bilməyiblər? Deməli, aparılan əməliyyatlar görüntü xarakteri daşıyır. İŞİD-ə qarşı elan olunan mübarizə əsas məqsəd deyil. Qeyd edim ki, heç bir ideoloji qruplaşmanı kökündən qazıyıb silmək olmur. İdeyanın daşıyıcıları daim olur. Amma aparıcı dövlətlər birgə çalışsalar və real mübarizə aparsalar, radikal qüvvələrin nüvəsini dağıda bilərlər. İŞİD-i tam məhv etmək mümkün deyil. Baxın, faşizm üzərində qələbə qazanılsa da, Avropada faşizm yönümlü qüvvələr hələ də qalmaqdadır.
Nemət