“Bu koalisiya Səudiyyə Ərəbistanın təşəbbüsü və 34 dövlətin silahlı qüvvələrinin iştirakı ilə yaradılıb. Burada Pakistan, Türkiyə, Malayziya kimi dövlətlər var. Ərəb dünyasına məxsus olmayan dövlətlərin bu prosesə qoşulması həm də, bunun dinlərarası savaş olmadığına işarədir. Əslində, ABŞ özünə yaxın olan Səudiyyə Ərəbistanı vasitəsilə bu prosesi stimullaşdırıb. Hesab edirəm ki, növbəti fazada bu koalisiyanın imkanlarından istifadə oluna bilər”.
Bunu Teleqraf.com-a müsahibəsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib. Müsahibəni təqdim edirik:
- Parlament seçkilərindən sonra “Azadlıq-2015" seçki blokunda cəmləşən partiyalar bir araya gəldiklərini elan etsələr də, yeni blokla bağlı mövqe elan edilməyib. Bu barədə konkret mövqe bildirmək mümkündürmü?
- Hazırkı birliyimiz partiyaların məşvərət xarakterli formatıdır. Əvvəl düşünürdük ki, siyasi blok formatında fəaliyyət göstərək. Sonra qərar verdik ki, növbəti dönəmin xarakteristikasını müəyyən etmək çətin olduğu üçün indiyə qədər formalaşan münasibətləri qoruyaq, inkişaf etdirək. Amma partiyaların üzərində öhdəliklər dərin olmasın.
- Yəni siyasi blok kimi formalaşmaqdan söhbət getmir...
- Məşvərət xarakterli formatdır. Bu format partiyaların bir-biri qarşısında daha az öhdəliklərinin olmasını nəzərdə tutur.
- Niyə müxalifətdə birliklər alınmır?
- Partiyalar özlərinin maraqlarından çıxış edir. Hələlik növbəti dönəm üçün siyasi mənzərə də bəlli deyil. Siyasi coğrafiyada proseslər sürətlə bir-birini əvəz edir. Odur ki, siyasi mənzərəni müəyyən etmək, proseslərə qiymət vermək asan olmur. Bizim siyasi proseslərə təsir edəcək amillər var. Birinci amil neftin qiymətidir. Hazırda dünya bazarında neftin qiyməti düşür. Qiymət 30 dollara qədər enə bilər. Fikrimcə, bu siyasi proseslərə təsir edə bilər. İkincisi, Türkiyə-Rusiya münasibətlərində yaranan gərginlikdir. Bu gərginlik siyasi münasibətlər sistemimizə təsir göstərəcək. Bu iki ölkə arasında münasibətlərin kəskinləşməsi, Türkiyənin daha açıq şəkildə Avropa Birliyi və NATO-ya yaxınlaşması halları var. Bu siyasətə təsir edən makro proseslərdir. Bir sözlə, siyasi mənzərə aydın olmadığı üçün müxalifət düşərgəsində partiyaların təşkilatlanması çətinlik yaradır. Mənə elə gəlir ki, qarşıdakı ilin birinci yarım illiyində müxalifət düşərgəsində olan partiyaların siyasi konfiqurasiyası özünü göstərəcək.
- Çoxları qeyd edir ki, qarşıdakı iki ildə seçki prosesinin olmaması müxalifətdə partiyaların əməkdaşlığının baş tutmamasına səbəb olur...
- Mən bu cür düşünmürəm. Hesab etmirəm ki, seçki kampaniyaları müxalifətin konfiqurasiyalarına hansısa formada təsir etsin.
- Müxalifətdə konfiqurasiyalar baş tutmur, əvəzində partiyalar bir-birini ittiham edir. Bir yerdə ola bilməyən partiyalar nədən bir-birinə hörmət etmirlər?
- Bu, daha çox uğursuzluqla bağlıdır. Müstəqilliyimizin 24 illiyində siyasi partiyalar seçki yolu ilə uğura nail ola bilməyib. Ayrı-ayrı qüvvələr kimlərsə xoş gəlmək üçün, “əsas müxalifət mənəm” deyərək belə qarşıdurmalara start verirlər. “Kim daha yaxşı müxalifətdir” uğrunda vəzifəni icra edirlər.
- Rusiya-Türkiyə münasibətləri hazırda əsas müzakirə mövzusudur. Siz bu prosesi necə şərh edirsiniz?
- Proses Azərbaycana mənfi təsir göstərir. Çünki hər iki dövlət Azərbaycanın siyasi müqəddəratında xüsusi yeri olan ölkələrdir. Türkiyə bizə qardaş dövlətdir. Rusiya ilə geniş iqtisadi əlaqələrimiz var, bu ölkədə çoxlu sayda azərbaycanlı yaşayır, işləyir. Bu baxımdan iki ölkə arasında münasibətlərin kəskinləşməsi bizim üçün müsbət perspektiv vəd etmir. Konkret olaraq iki ölkə arasında münasibətlərin bu həddə gəlməsi yaxşı bir hal da deyil. Bildiyiniz kimi, bütün dünya Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi halda Türkiyə bu prosesdə iştirak etmədi, Rusiyaya nəfəs yolu verdi. Bu illər ərzində Türkiyə böyük layihələr, ticarət, iqtisadiyyat, habelə tətbiq edilən sanksiyalara qoşulmamaq baxımından Rusiyanın karına gəlib. Türkiyə bəzən Avropa ilə qarşıdurma şəraitində olmasına baxmayaraq, Rusiya ilə ikitərəfli münasibətləri qorumağa çalışıb. Lakin Rusiya bütün bunları qiymətləndirmədi. Uzun müddətdir ki, Suriyada türk mənşəli dövlətlərə yaxın olan türkmənləri bombalayır. Habelə, dəfələrlə rus təyyarələri Türkiyənin hava məkanını pozub. Bu baxımdan Türkiyə hava məkanını qoruması istiqamətində atdığı addımlarda haqlıdır. Eyni zamanda, bölgədə belə bir Türkiyənin olması ABŞ və Avropaya çox sərf edir. Mənə elə gəlir ki, NATO-nun açıq və şəksiz olaraq Türkiyəni müdafiə etməsi həm də siyasi məqsədlərdən doğur. Lakin belə bir münaqişənin olması Rusiyanın da işinə yarıyır. Bəllidir ki, Rusiyaya qarşı sanksiyalar ölkə iqtisadiyyatına ciddi ziyan vurur, sosial durumu çətinləşdirir. Belə bir məqamda Xodorkovski Böyük Britaniyadan iddiasını ortaya qoyur, seçkilərdə iştirak edəcəyinə dair mesajlar verir. Bütün bunlar rus hakimiyyətini gərgin duruma salır. İndi Ukraynadan sonra Türkiyə ilə kəskin münasibətlər Kremlə imkan verir ki, əhalini xarici düşmənə qarşı kökləsin. Rusiya telekompaniyalarında Türkiyəyə qarşı kampaniya aparılır. Rusiya hökuməti faktiki olaraq Türkiyə ilə bütün istiqamətlərdə münasibətləri dayandırır. Hazırda Türkiyə diplomatik istiqamətdə çox nəzakətli və ağıllı davranır, etik qaydalara uyur. Rusiya bu imkanlardan istifadə etmir, yeri gəldi-gəlmədi Türkiyəni aşağılamaq cəhdlərində olur. Məncə, buna qəti ehtiyac yoxdur.
- Bu iki ölkə arasında iqtisadi, ticari baxımından böyük əlaqələr var idi. Sizcə, tərəflər yaxın dövrdə münasibətlərini düzəldə biləcəkmi?
- Hesab edirəm ki, bu münasibətlərə ABŞ dövlət katibi Con Kerrinin Moskva səfəri toxtaqlıq gətirə bilər. Ən son məlumat odur ki, dəniz akvatoriyasında hər iki tərəf hərbi imkanlarından istifadə edərək mülki gəmiləri əhatəyə alıb. Məncə, Con Kerrinin Moskvada Lavrov və prezident Putinlə görüşü zamanı Ukrayna, Suriya məsələləri ilə yanaşı Türkiyə ilə bağlı yaranan gərginlik də müzakirə edilib. Çünki Türkiyə-Rusiya münasibətləri qaynar fazaya keçərsə, bu, bütün dünya üçün təhlükəli ola bilər. Təbii ki, Amerika tərəfi gərgin münasibətlərin soyuq fazada davam etməsində maraqlıdır. Onların planına görə, neftin qiymətinin aşağı enməsi, ölkə infrastrukturunun zəifləməsi, Rusiyanın xarici hərbi münaqişələrə cəlb edilməsi rus iqtisadiyyatını bir qədər də zəfilədəcək, eləcə də, rus rublunun qiymətdən düşməsi də bu prosesə mənfi təsir göstərəcək. Hazırda müstəqil ekspertlər qeyd edirlər ki, neft 30 dollara düşərsə, Rusiyada devalvasiya baş verə, 1 dollar 100 rubla qədər qalxa bilər. Bütün bunlar sosial gərginliyə səbəb ola bilər. Rusiya iqtidarı bütün bunların fərqindədir və çalışır ki, ölkə iqtisadiyyatını rəvan yolla bu təhlükələrdən xilas etsin.
- Hazırda Suriyada türkmən problemi var və onlar türk ölkələrinin diqqətindən kənarda qalıblar. Bu haqda nə düşünürsünüz?
- Türkmənlərin kompakt yaşadığı ərazilər həm İraqda, həm də Suriyada var. Mənə elə gəlir ki, türkdilli dövlətlər bu məsələdə bir qədər fəal olmalıdır. Həm İraqda, həm də Suriyada olan türkmənlərə sahib çıxmaq lazımdır. Yeri gəlmişkən, mən Türkmənistan prezidentinin son bəyanatını çox müsbət qiymətləndirirəm. Türkiyənin davranışı və türkmənlərə sahib çıxması nümunə ola bilər. Hazırda İraqda və Suriyada yaşayan türkmənlər infrastruktur baxımından təşkilatlanmayıb, onların siyasi təşkilatları mövcud deyil. İqtisadi imkanları, ordu hissələri yoxdur. Məncə, onlar haqqında düşünmək doğru olardı. Türkiyənin bu baxımdan türkmənlərə göstərdiyi dəstək təqdir olunmalıdır. Söy kökümüz bir olan insanlara sahib çıxmağı bacarmalıyıq. Rusiyanın Krımda ruslara sahib çıxması buna əyani misaldır. Bütün türkdilli dövlətlər tərəfindən türkmənlərə mənəvi dəstəkdən real dəstəyə qədər hər şey göstərilməlidir.
- Türkiyə-İran münasibətlərində müşahidə olunan gərginlik səngiyəcək, yoxsa artan xətt üzrə davam edəcək?
- İranın Türkiyə ilə bağlı siyasətində yumşalma müşahidə ediləcək. Çünki MAQATE-nin son açıqlamaları, uzun fasilədən sonra İranın dünya bazarına neft məhsulları çıxartmaq imkanlarını əldə etməsi münasibətlərə sərinlik gətirəcək. Burada İranın ideoloji xətti var və onlar sona qədər Əsədi müdafiə etmək niyyətindədir. Suriyada baş verənlərə bir məzhəb baxışı da var. Hazırda ara-sıra mətbuata İranın Suriyadan çəkilməsi haqqında məlumatlar sızır. Məncə, İran dövləti belə qərar qəbul edəcəksə, Türkiyə ilə münasibətlər düzələcək.
- Suriya problemi 2015-ci ildə də həll edilmədi. 2016-cı ildə həll edilə bilərmi?
- Suriya problemi 2016-cı ildə həll ediləcək. Digər problemlərdən fərqli olaraq Suriya probleminin uzun sürməsinin səbəbləri var. İş ondadır ki, Suriyada qarşı-qarşıya duran tərəflərə ciddi dəstək verilir. Söhbət hərbi, maddi, siyasi dəstəkdən gedir. Bildiyim qədər, yaxınlarda Suriyanın gələcək taleyi ilə bağlı geniş toplantı çağırılacaq və orada Suriya müxalifətinin rəsmi hissəsi iştirak edəcək. Suriyada həm də maraqlar var. Rusiyanın burada hərbi bazası var və Moskva çalışır ki, bu coğrafiyada maraqlarını sona qədər qorusun.
- İndi İŞİD-ə qarşı İslam Koalisiyası yaradılıb. Necə düşünürsünüz, bu koalisiya nə dərəcədə ciddi addımlar atacaq?
- Bu koalisiya Səudiyyə Ərəbistanın təşəbbüsü və 34 dövlətin silahlı qüvvələrinin iştirakı ilə yaradılıb. Burada Pakistan, Türkiyə, Malayziya kimi dövlətlər var. Ərəb dünyasına məxsus olmayan dövlətlərin bu prosesə qoşulması həm də, bunun dinlərarası savaş olmadığına işarədir. Əslində, ABŞ özünə yaxın olan Səudiyyə Ərəbistanı vasitəsilə bu prosesi stimullaşdırıb. Hesab edirəm ki, növbəti fazada bu koalisiyanın imkanlarından istifadə oluna bilər.
Nemət Orucov