19 Dekabr 2015 12:14
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb də, Amerika da kürd dövləti yaratmağa çalışır. Biri İraqda yaranıb, biri indi Suriyada yaranır, Türkiyədəki kürdlər də başlarını qaldırıblar, əgər Türkiyədə də yaratsalar, gərək İranda da yaratsınlar. Bunlar birləşə bilməyəcəklər. Çünki İraqın özündə də kürdlər birləşə bilmirlər. Amma söhbət reallıqdan, dövlətin parçalanması layihəsindən gedir axı... İran bunun qarşısını ala biləcək, yoxsa yox? Ala bilsə, ancaq silah gücünə arxalanacaqlar. Bu da növbəti vətəndaş müharibəsinə gətirib çıxaracaq. Bu da İrandan qaçqın ordusunun Azərbaycana gəlməsinə gətirib çıxara bilər”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq Rasim Ağayev deyib. Müsahibəni təqdim edirik.

- Başa çatmaqda olan ili necə dəyərəndirirsiniz?
- Bu il bütün beynəlxalq cəmiyyət üçün çox ağır il oldu. “Karib böhranı”nın baş verdiyi 1962-ci ildən sonra faktiki olaraq ilk dəfə bəşəriyyət yenə də ciddi müharibənin astanasında dayandı. Ola bilsin ki, mən bir qədər şişirdirəm. Bəli, biz bilirik ki, bu sərhədi keçməyəcəklər. Ancaq çox təhlükəli vəziyyət yaranmışdı və bu təhlükə hələlik tam aradan qalxmayıb. Mənə elə gəlir ki, Türkiyə ilə Rusiya arasında olan epizodun Ərdoğanla Putinin sadəlövhlüyünün nəticəsi olduğunu hamı başa düşür. Amma söhbət şəxsiyyətlərdən bir o qədər də getmir. Hərçənd ki, qeyri-ordinar siyasətçilərin də burada həm səhvləri oldu, həm də onların gələcək siyasi taleyi masa üzərinə qoyuldu. Amma Sovet İttifaqı dağılandan sonra ilk dəfə Amerika nəhayət, göstərdi ki, o, özünün milli, beynəlxalq maraqlarını təmin etmək üçün hər bir addımı atmağa hazırdır. ABŞ göstərdi ki, o, dünyanın bir nömrəli dövləti kimi öz hökmünü nəyin bahasına olur-olsun, həyata keçirəcək. Onun qarşısında istər Rusiyanın, istərsə də digər dövlətin olmasına əhəmiyyət verməyəcək. Görünür, gələcək beynəlxalq vəziyyətdə bu faktor özünü hələ xeyli müddət göstərəcək.

- Bütün bu gərginliyə səbəb təkcə bir təyyarənin vurulmasıdırmı?
- Rusiya təyyarəsinin vurulması bəhanə rolunu oynayıb. Amma söhbət, ümumiyyətlə superdövlətin siyasi strategiyasından gedir. Açıq-aşkar göstərdilər ki, bəli, lazım olsa, Rusiyanı da aradan götürərlər. Yəni, Obamanın fikri nümayiş etdirdi ki, Rusiya böyük ölkə deyil, o, regional gücdür, İstəyirlər ki, Rusiyanı yerində oturtsunlar və qlobal məsələləri onun iştirakı olmadan həll etsinlər. Obama bunu açıq-aşkar göstərdi. ABŞ başda olmaqla NATO belə hesab edir ki, Rusiya onların strategiyasına xələl gətirən bir qüvvədir və bu qüvvəni də onlar nəyin bahasına olur-olsun aradan götürmək istəyəcəklər. ABŞ və Rusiyanın münasibətlərində son illərdə belə gərginlik olmamışdı. Hətta bir müddət can deyib, can eşidirdilər. Qorbaçovu öpüb oxşayırdılar, ona pul verirdilər. Yeltsinlə də eyni münasibətdə idilər. Hətta Putinin özü ilə də bir müddət salamlaşır, onu müzakirələrə dəvət edir, fikir mübadiləsi aparırdılar. İndi isə faktiki olaraq iki ölkənin münasibətləri “Soyuq müharibə” vəziyyətində olduğu səviyyəyə gəlib çatıb. Özü də “Soyuq müharibə”nin ən ciddi, təhlükəli məqamlarına... Mən söhbətimizin əvvəlində “Karib böhranı”nın adını nahaqdan çəkmədim.

- Suriya böhranını mərhələlərə bölsək, indi hansı mərhələdəyik?
- Maraqlı sualdı. Suriya böhranı faktiki olaraq öz ekvatorunu keçib. Suriyanın əleyhinə olan qüvvələr faktiki olaraq ölkəni parçalayıb. İŞİD Qərbin, ilk növbədə ABŞ-ın müttəfiqi kimi çıxış edirdi. Heç kimə sirr deyil ki, bunları yaradan da, qısqırdan da Amerikadır. Bunu hamı bilir. Amma Dəməşqin Moskvaya müraciəti sayəsində vəziyyət dəyişildi. İndi faktiki olaraq Rusiya təkbaşına İŞİD-i Suriyada məhv edir. Loru dillə desək, Rusiya məsələni belə qoyur ki, gəlin İŞİD-lə qurtaraq, sonra yapışaq Bəşər Əsədin yaxasından, görək nə edirik. Mən şəxsən Rusiyanın bu təklifində qeyri-adi heç nə görmürəm. Çünki müharibə vəziyyətində Suriyanın olub-olmamasından söhbət gedir. Bunlar da deyirlər ki, gəlin əvvəlcə Bəşər Əsədi devirək, sonra İŞİD-lə mübarizə aparaq. Bəlkə, sən Bəşər Əsədin yerində bacarıqsızın birini oturdacaqsan? Sən müşavirə keçirənədək İŞİD gəlib Dəməşqi alacaq. Çünki İŞİD artıq Dəməşqin ətrafında idi. Odur ki, bu baxımdan Rusiya düz deyir. Rusiyanın bu mövqeyi Avropada da müəyyən qədər başa düşülür. Gördüyünüz kimi, Fransa da artıq koalisiya tipli bir cəbhə yaratmağa məcbur oldu. Yeni bir koalisiya yarandı. İndi Səudiyyə Ərəbistanının rəhbərliyi ilə də koalisiya yaranır. Yaratmısız, çox gözəl indi gəlin qırın da terrorçuları. Putin məsələni çox düz qoymuşdu. Söhbət ondan gedir ki, ümumiyyətlə, təkbaşına bu məsələnin qarşısını almaq çətin olacaq. Gərək Amerikanın, Rusiyanın, Avropanın və Çinin iştirakı ilə həqiqi mənada vahid siyasi cəbhə yaransın. Çünki terrorçular bütün bəşəriyyət üçün təhlükə yaradırlar. Bunlar isə deyirlər ki, yox, gəlin birinci Bəşər Əsədi devirək. Heç dəxli var?! Ona görə deyirəm ki, Suriya böhranı öz ekvatorunu keçib. Vəziyyət elə bir həddə gəlib çatıb ki, koalisiya, vahid cəbhə yaradılması təklifindən qaçmaq olmayacaq. Çünki bu gün Parisi dağıtdılar, sabah Londonu, birisi gün Brüsseli dağıdacaqlar. İŞİD-lə mübarizə özünün maraqlı, həlledici mərhələsinə gəlib çatıb.

- İŞİD-lə mübarizə, yoxsa bütövlükdə Suriyanın taleyi?
- Suriyanın taleyi aydındır da. Bəzi mənbələrə əsaslansaq, bununla bağlı razılıq da var. Razılaşma var ki, İŞİD-i məhv edib qurtarandan sonra Bəşər Əsəd getməli olacaq. Vəziyyət dəyişiləcək. Suriya da federallaşacaq. Dava bunun davasıdır. Söhbət federallaşdıqdan sonra Suriya dövlətinin və hakimiyyətinin hansı etnik qruplardan təşkil olunacağından gedir. Sünni ərəblər, şiə ərəblər (ələvilər), kürd və türkman müxtariyyətləri və sair. Artıq türkmanlar da bir qüvvə kimi çıxış edirlər. Faktiki olaraq onların da öz ərazisi, qüvvələri, administrasiyası var. Söhbət bundan gedir və mənə elə gəlir ki, yeni ildə biz bu məsələlərin öz həllini necə tapacağını görəcəyik.

- Yəni, 2016-cı ildə Suriya məsələsi öz həllini tapacaq?
- Zənnimcə, bəli, tapacaq. Ancaq vay Suriyanın halına. Çünki biz görürük ki, faktiki olaraq Amerika başda olmaqla Qərbin siyasəti Suriyanın bölünməsinə gətirib çıxaracaq. Bunlar adını federallaşma qoyublar, əslində isə reallıqda ölkənin parçalanmasından söhbət gedir. İraq, Liviya parçalanıb. Yəmən ümumiyyətlə, siyasi xəritədən silinib. İndi də növbə Suriyanındır. Suriya ilə də bu bir ilin ərzində qurtarmalıdırlar ki, növbə İrana çatsın. Görək, sonra nə olacaq. Çünki İran Suriya deyil. İran regional gücdür. Amma söhbət ondan gedir ki, Qərb də, Amerika da kürd dövləti yaratmağa çalışır. Biri İraqda yaranıb, biri indi Suriyada yaranır, Türkiyədəki kürdlər də başlarını qaldırıblar, əgər Türkiyədə də yaratsalar, gərək İranda da yaratsınlar. Bunlar birləşə bilməyəcəklər. Çünki İraqın özündə də kürdlər birləşə bilmirlər. Amma söhbət reallıqdan, dövlətin parçalanması layihəsindən gedir axı... İran bunun qarşısını ala biləcək, yoxsa yox? Ala bilsə, ancaq silah gücünə arxalanacaqlar. Bu da növbəti vətəndaş müharibəsinə gətirib çıxaracaq. Bu da İrandan qaçqın ordusunun Azərbaycana gəlməsinə gətirib çıxara bilər.

- Vladimir Putinin mətbuat konfransını izlədinizmi?
- Bütöv yox, amma əsasən izlədim. Əsas fikirlərlə tanışam.

- Putinin məsələlərə münasibətindən, suallara verdiyi cavablardan, özünü aparmasından, reaksiyasından hansı qənaətə gəldiniz?
- Ümumiyyətlə, mən Putinin ciddi şəkildə yorulduğunu düşünürdüm. Mətbuat konfransı mənim bu qənətimi təsdiqlədi. Putinin həm fiziki, həm də psixoloji vəziyyəti sarsılıb. Çünki onun üzərinə böyük yük düşüb. Faktiki olaraq müharibə vəziyyətində yaşayır. Həm daxildə çox böyük problemlər var, həm də xaricdə. Putin çox qıvraq, çox işgüzar idi. O, sutka ərzində 14-17 saat işləyir. Belə də olmalıdır. Ancaq arada bir tənəffüs də vermək lazımdır. Digər tərəfdən biz görürük ki, onu bir nişan kimi seçiblər. Amerika başda olmaqla Qərb faktiki olaraq onu hədəf seçib. Hətta, Avstraliyada ona heç salam da vermək istəmirdilər, nahar zamanı onunla bir masa arxasında oturmadılar. Bu cür təhqiramiz münasibət nəticəsində Putin artıq səhvlərə yol verməyə başlayıb. Nəyə görə bunu deyirəm? Çünki mətbuat konfransında Türkiyə barədə Putinin danışıqları nə Putinə yaraşır, nə də ümumiyyətlə, bu səviyyədə dilə gətirməli ber şeydir. Deyərdim ki, Putin mətbuat konfransında özünə oxşamırdı.

- Bəs, onunla bağlı proqnozunuz nədən ibarətdir?
- Mən burada Rusiya üçün böyük təhlükə görmürəm. Çünki Putinin reytinqi istər Rusiyada, istərsə də beynəlxalq arenada çox böyükdür. Amerikanın özündə onun reytinqi Obamanın reytinqindən yüksəkdir. Amma biz bilirik ki, belə vəziyyətdə çox işləmək olmaz. Çünki bu vəziyyətdə işləmək ciddi səhvlərə gətirib çıxara bilər və bundan da istifadə edə bilərlər. Putin sözün əsl mənasında işini sevən dövlət adamıdır. Qoyub gedə də bilməz. Tanışlarım danışırdılar ki, Qorbaçov iclasda otururdu, otururdu, bir də görürdün çay içməyə getmək qərarına gəldi. Yaxud, müşavirə çağırırdı, müşavirənin ortasında deyirdi, yaxşı mən bir gəzməli yerə gedim gəlim, sonra görüşərik. Yarım saaatdan sonra məlum olurdu ki, İtaliyaya gedir. Putin belə dövlət xadimi deyil axı... O ciddidir, fiziki və əqli cəhətdən də güclüdür. Putinin yüksək potensialı var. Ancaq demək olar ki, ümumi vəziyyət onun əleyhinədir. İndi-indi dönüş başlanır. Mən Kerrinin Moskvaya gəlməyini, Fransua Ollandla keçirilən görüşləri, ümumiyyətlə Avropa ölkələri ilə müəyyən yaxınlaşmaları nəzərdə tuturam.

Səxavət Həmid


Müəllif:

Oxşar xəbərlər