“Əgər regionda ağır durum yaranacaqsa, bunun məsuliyyəti də Ermənistanın üzərinə düşəcək. Azərbaycan dəfələrlə öz siyasi iradəsini ortaya qoyub, mövqeyi bəllidir. Bunu Minsk Qrupunun həmsədrləri ilə görüşdə bəyan edib ki, Azərbaycan heç bir vaxt öz torpaqlarının işğal olunması faktı ilə razılaşmayacaq. Azərbaycan ağıllı siyasət həyata keçirərək bu illər ərzində ordusunu, hərbi imkanlarını, təchizatını xeyli gücləndirib, xarici təsirlərin qarşısında immuniteti olan müstəqil iqtisadiyyat formalaşdıra bilib. Ölkədə formalaşan hərbi sənaye var”.
Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili Hikmət Babaoğlu bildirib. Müsahibəni təqdim edirik:
- Hikmət müəllim, dünya siyasi güc mərkəzləri arasında başlanan siyasi-iqtisadi mübarizənin hazırkı durumu hansı mərhələdədir?
- XX əsrin sonlarında dünya tarazlığında nizam pozuldu. Beləliklə, ikiqütblü sistem dağıldı, yerini təkqütblü sistem tutmağa çalışdı. Lakin XXI əsrin ilk onilliyində artıq biz ikiqütblü dünya sisteminin qurulması ilə bağlı ayrı-ayrı mərkəzlərin fəaliyyətini müşahidə edirik. Bu isə beynəlxalq münasibətlərdə yeni keyfiyyət dəyişikliyi yaradır. O cümlədən hazırda dünya nizamının yenidən tarazlaşdırılması üçün poliqon olaraq seçilən Yaxın Şərq müstəvisində yeni keyfiyyət dəyişiklikləri müşahidə olunur. Yaxın Şərq platformasında hegemon güclərin rəqabətinin nəticələri, əslində, yeni dünya nizamının keyfiyyətini müəyyən edəcək, habelə yeni hegemon güclər arasında balansı yaradacaq. İndiki mərhələdə biz Suriyada bu prosesi müşahidə edirik, həmçinin təkqütblü sistemdən sonrakı sistemi gözləyirik. Yəni təkqütblü sistem əvvəlki qədər hegemon deyil. Biz bu mərhələni yaşayırıq. Dünyada baş verən qarşıdurmaların, kataklizmlərin səbəbi də bundadır. Əslində, siyasi qərarlar bu günə qədər formalaşan iqtisadi münasibətlər sisteminə də dağıdıcı təsir göstərir. Beləliklə, həm siyasi arenada, həm də iqtisadi platformada yeni ziddiyyətlər, qarşıdurmalar və tendensiyaları müşahidə edirik. Yaxın Şərqdə söz sahibi olacaq mərkəzlər gələcəkdə dünya siyasətinin formalaşmasında mühüm və aktiv rol oynayacaq.
- Bu mübarizə özünü iqtisadi proseslərdə, xüsusilə, enerji resursları bazarında ifadə edir. Bu mənada yaxın gələcəkdə iqtisadi istiqamətdə nələr baş verə bilər?
- İndi müşahidə olunan iqtisadi böhranın və onun gətirdiyi maliyyə-pul böhranını təkcə neft amili ilə əlaqələndirmək doğru olmazdı. Əgər xatırlayırsınızsa, 2008-ci ildən başlayaraq Avropada istehsal münasibətlərinin və əməyin qiymətləndirilməsinin obyektiv kriteriyaları pozulduğu üçün biz bu qitədə iqtisadi böhranın şahidi olduq. Bu iqtisadi böhrandan sonra özünə gəlməyən yeni iqtisadi münasibətlər bir daha siyasi qərarların nəticəsində meydana çıxan neft qiymətləri problemi ilə üzləşdi. Bu iqtisadi problem isə bir çox ölkələrdə şübhəsiz ki, yeni iqtisadi və pul-maliyyə problemləri yaratdı. Pul valyuta siyasətində radikal keyfiyyət dəyişiklikləri yaratdı. Hesab edirəm ki, bütün bu proseslər bir-birilə bağlıdır. Ona görə də, iqtisadi, maliyyə, habelə neft faktorundan asılı olmayan ticarət münasibətlərinin hamısının bir-birilə, qarşılıqlı şəkildə mənfi tendensiya istiqamətində getməsi, bu sektorun qısa müddətdə güclənməsi və inkişafına mane olacaq. Azərbaycanın iqtisadiyyatı əsas etibarı ilə neftlə bağlı olduğu üçün biz daha çox neftlə bağlı iqtisadiyyatımızda davranışları müşahidə edirik. Əslində, bu saat dünyada hətta qeyri-neft sektorunda da ciddi böhran müşahidə edilir. Neftin qiyməti isə iqtisadi proseslərin nəticəsi səbəbindən deyil, siyasi qərarların nəticəsi olaraq ortaya çıxıb. Bax, problem bundadır. Beləliklə də, ənənəvi və obyektiv iqtisadi münasibətlər sisteminin keyfiyyətinə siyasi qərarlar təsir edir. Nə qədər ki, siyasi müstəvidə sabitlik yaranmayacaq, o vaxta qədər də iqtisadi müstəvidə sabit qiymətlər və münasibətlər müşahidə edilməyəcək. Bu isə qeyd etdiyim kimi Yaxın Şərqdə baş verən hadisələrin və üfüqlərin aydınlaşması ilə paralel başlayacaq. Burada toqquşan imperialist maraqlar sabitləşəcək və hər kəs öz yerini müəyyən edəndən sonra iqtisadiyyatda müsbət keyfiyyət dəyişiklikləri baş verəcək. Bax, bu zaman proseslər qaydasına düşəcək.
- Suriyada 14-ə qədər dövlətin qırıcısı uçur, bu dövlətlərin çoxu ziddiyyət içərisindədir. Necə düşünürsünüz, Suriya böhran dünya güclərinin müharibə fazasına keçməsinə səbəb ola bilərmi?
- XXI əsrdə müharibə elə bu cür olacaq. Kim düşünürsə ki, Birinci Dünya Müharibəsinə oxşar müharibə olacaq və ya İkinci Dünya Müharibəsi kimi bir toqquşma baş verəcək, yanılırlar. Yəni İkinci Dünya Müharibəsində olduğu kimi dövlətlərin cəbhələşməsi və üz-üzə gələrək aktiv müharibə olmayacaq. Nəzərə almaq lazımdır ki, XXI əsr müasir texnologiya və silahlar erasıdır. Bu erada müharibələr elə bizlər müşahidə etdiyimiz indiki kimi olur. Mən dediyim məntiqlə prosesə yanaşanda görünür ki, əslində, müharibə Suriyada çoxdan başlayıb. İkincisi, oradakı qruplaşmalara diqqət edəndə görünür ki, orada çoxsaylı dövlətlərin iştirakı ilə müxtəlif hərbi əməliyyatlar həyata keçirilir. Amma əsas etibarı ilə qüvvələr balansını sistemləşdirəndə əsas iki güc görəcəyik. Bunlardan biri Qərb koalisiyasıdır. Yerli-regional faktorlar da bura daxildir. İkincisi Rusiya-İran və Çin koalisiyası. Buna tam formalaşmayan koalisiya da demək olar. Yaxın Şərqdə rəqabət əsasən bu iki koalisiya arasında gedir. Hazırda burada qüvvələr balansı tam müəyyən olmadığı, koalisiya üzvlərinin qəti və qarşılıqlı mövqeyində aydınlıq olmadığından proses davam edəcək.
- Yəni dünyada 2016-cı ildə stabilləşmə haqqında danışmaz əsassız olardı?
- Əlbəttə. Sözsüz ki, konkret bir tarix demək çətindir. Lakin 2023-cü ilə qədər proseslərin davam edəcəyini proqnozlaşdırmaq olar. Ola bilsin ki, müəyyən addımlar, hərbi əməliyyatlar aktiv fazaya keçə bilər. Lakin 2023-cü ildən söhbət gedir. Biz ona qədər müəyyən proseslərin şahidi olacağıq.
- Bu proseslərdə Azərbaycanın rolu, mövqeyi və yeri haradadır?
- Dünyada bu prosesə start veriləndən bu yana Azərbaycan ən düzgün yolu və mövqeni seçib. Azərbaycanın xarici siyasətinin, daxili siyasətinin əsas məqsədi ölkədə mövcud olan daxili sabitliyi qorumaq və bu problemlərdən mümkün qədər kənarda qalmaqdır. Hesab edirəm ki, Azərbaycan diplomatiyası ən mürəkkəb şəraitdə mükəmməl manevrlər etməklə buna nail olub. İnanıram ki, bundan sonra da, bu məqsədlərə nail olacaq. Çünki Azərbaycanın özünəməxsus iqtisadi sistemi var. Bəzən belə deyirlər ki, bu iqtisadi sistem neft faktorundan asılıdır. Ancaq bu, belə deyil. Son 9 ayda baş verən iki maliyyə hadisəsi göstərdi ki, Azərbaycan iqtisadiyyatı xeyli davamlı iqtisadiyyatdır. Ən əsası odur ki, Azərbaycan özü özünü qidalandıra bilər. Bu, olduqca vacib və əhəmiyyətli məsələdir. Bir çox ölkələr var ki, xaricdən asılıdır. Azərbaycan isə bu ölkələr kateqoriyasına daxil deyil. Odur ki, Azərbaycan özünə xüsusi iqtisadi sistem formalaşdırıb. Bu kimi tədbirlər şübhəsiz ki, Azərbaycan iqtisadiyyatına xüsusi keyfiyyətli immunitet qazandırır. Ona görə də, Azərbaycanın mövqeyi doğrudur. Azərbaycanın xarici siyasətinin əsas prioriteti bu prosesdə beynəlxalq güclər arasındakı toqquşmadan və ya əməkdaşlıqdan istifadə etməklə Dağlıq Qarabağ problemini həll etməklə ərazi bütövlüyünü təmin etmək, habelə dünya gücləri arasında gedən mübarizədən özünü qorumaq, mümkün qədər inkişaf etməkdir. Azərbaycan bu yolu tutub, bu yol ən doğru və ən məqbul yoldur. Yaxın illərdə Yaxın Şərqdə baş verən proseslər gözümüzün önündə yaşandı. Hazırda bir çox ölkələrdə problemlər hələ də yaşanır. Azərbaycan isə bütün bunlardan sığortalandı. Hesab edirəm ki, bu aparılan doğru siyasətin nəticəsidir.
- Qarabağ münaqişəsi haqqında fikir işlətdiniz. Son günlər cəbhədə vəziyyət kəskinləşir. Sanki erməni tərəfi bilərəkdən atəşkəsi pozur. Ermənilərin bu hərəkətini nə ilə izah etmək mümkündür?
- Vəziyyətin kəskinləşməsində günahkar şübhəsiz ki, Ermənistandır. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bu işğal siyasətini davam etdirir. Bu gün ən böyük problem Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarına zidd olaraq hələ də, BMT-nin tanıdığı Azərbaycan ərazilərində olmasıdır. Əgər regionda ağır durum yaranacaqsa, bunun məsuliyyəti də Ermənistanın üzərinə düşəcək. Azərbaycan dəfələrlə öz siyasi iradəsini ortaya qoyub, mövqeyi bəllidir. Bunu Minsk Qrupunun həmsədrləri ilə görüşdə bəyan edib ki, Azərbaycan heç bir vaxt öz torpaqlarının işğal olunması faktı ilə razılaşmayacaq. Azərbaycan ağıllı siyasət həyata keçirərək bu illər ərzində ordusunu, hərbi imkanlarını, təchizatını xeyli gücləndirib, xarici təsirlərin qarşısında immuniteti olan müstəqil iqtisadiyyat formalaşdıra bilib. Ölkədə formalaşan hərbi sənaye var. Əksər mallarla ölkə özü-özünü təmin edə bilir. Odur ki, bu şəraitdə Ermənistan geri çəkilməli olduğunu anlayır, Azərbaycanın gücünü hiss etdiyi üçün kəskin ritorikaya üstünlük verir. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.
- Prezident İlham Əliyev Ermənistan prezidenti ilə görüşdü, müzakirələr apardı. Sözsüz ki, son illər Prezident bir sıra addımlar atıb. Bu baxımdan Prezidentin fəaliyyətini, gördüyü işləri, apardığı siyasəti necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycanın mövqeyinin beynəlxalq sistemdə güclənməsi Azərbaycan Prezidentinin fəaliyyəti ilə bilavasitə bağlıdır. İkincisi, Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması, inkişafı cənab Prezidentin əməyinin sayəsində baş verib. Xüsusilə, Azərbaycanın müdafiə diplomatiyasından hücum diplomatiyasına keçməsinin əsasını cənab Prezident qoyub. Yəni bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin sayəsində mümkün olub. Bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostları kifayət qədərdir. Biz buna sübut üçün göstərə bilərik ki, Azərbaycan BMT-də Təhülkəsizlik Şurasının qeyri daimi üzvü seçilərkən ölkəmizə 163 dövlət səs verib. Bu Azərbaycanın uğuru idi. Eyni zamanda Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu quruma rəhbərlik edib. Bu zaman dünyanın ən aktual məsələlər-dünyada terrorizm, dövlətlərin ərazi bütövlüyü məsələsini irəli çəkərək müzakirələr aparıb. Bütün bu uğurlar Azərbaycan Prezidentinin siyasətinin nəticəsidir. Eləcə də, ölkədə sabitliyin təmin edilməsi, iqtisadiyyatın inkişafı, ayrı-ayrı sahələrdə irəliləyişlərin əldə edilməsi faktı var. İndiki şəraitdə regionda baş verən qanlı toqquşmalar içərisində Azərbaycanın sabitlik adası kimi mövcud olması cənab Prezidentin xidmətidir və Azərbaycan xalqının milli maraqlarının Prezident tərəfindən qorunmasının bariz nümunəsidir.
Nemət