5 Yanvar 2016 17:24
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müəyyən dövrə qədər ABŞ-da ümid edirdilər ki, İran dövləti çökəcək. Sonra gördülər ki, bu ölkə çökmək niyyətində deyil. O biri tərəfdən düşünürdü ki, dünyada neftin qiymətini özü müəyyən edəcək, lakin az sonra gördü ki, bu bazarda oyunçu çoxdur. Yəni neftin qiyməti təkcə Amerikaya bağlı deyil. Çünki bu istehlakdan, qənaətdən, yeni mənbələrdən, neft hasilatçılarının həmrəyliyindən və digər məqamlardan asılıdır. Həm də, ABŞ-İsrail münasibətləri tədricən korlanırdı. Çünki ABŞ görürdü ki, İsraili birmənalı müdafiə edilməsi ərəb coğrafiyasında onun nüfuzuna ciddi təsir göstərir. Həm də, Avropada İsrailin siyasətindən narahatdır”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. Müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, 2016-cı ildə Yaxın Şərqdə ictimai, siyasi, hərbi vəziyyətin normallaşması üçün imkanlar varmı?
- Əgər qazan odun üzərindən asılıbsa və ora kənardan hey odun tullayırlarsa, qazan neyləyəcək? Təbii ki, daha çox qaynayacaq, daşacaq. Yaxın Şərq də bu cürdür. Müxtəlif xarici qüvvələr Yaxın Şərqdəki proseslərin içində iştirak etməklə yanaşı bir-birilə bəhsə giriblər. Yaxın Şərq sanki cıdır meydanıdır, hamı at minib çapır. Odur ki, bu regionda vəziyyətin sabitləşməsi ehtimalları çox azdır. Nə dövlətlərin daxilində sabitlik var, nə də quruluşlar elə deyil ki, kritik anda razılaşma əldə olunsun. İran və Türkiyəni çıxmaq şərti ilə digərlərində seçki sistemi yoxdur. Livanda nisbətən seçki var. Diqqət etsəniz görərsiniz ki, bu üç ölkədə qaynar nöqtələr olsa da, nisbətən sakitlik hökm sürür. Digər ölkələr ya partlayış ərəfəsindədir, ya da partlayış baş verib. Liviyada, Suriyada, Yəməndə, İraqda partlayış olub, ölkələr xarabalığa çevrilib. Misirdə xarabılığı bərpa etməyə çalışırlar. Suriyada da vəziyyət ortadadır. Yaxın Şərqdə real durum budur.

- İndi bu regionda daha bir problem-İran-Səudiyyə münasibətlərində kritik pisləşmə müşahidə olunur...
- Bəli, bu gərginlik mövcuddur. Qənaətimə görə, bu gərginliyi şişirtmək lazım deyil. Bir qədər hədələr olacaq, söz müharibəsi baş verəcək. Sonra isə münasibətlər normallaşacaq. Çünki hər iki dövlətə münaqişənin şiddətlənməsi sərf etmir.

- Sizcə, bu qarşıdurmaya səbəb nədir?
- Səbəb çox ciddidir. Səudiyyə Ərəbistanı bölgədə xarici qüvvələrin iradəsini ifadə edir. Səudiyyə ABŞ-ın əsas müttəfiqidir. Amerikaya lazımdır ki, İranın siyasi oyununu pozsun.

- İranın hansı oyununu?
- İran nüvə sazişindən sonra tədricən və addım-addım aparıcı lider dövlətə çevrilirdi. Neft qadağaları aradan qalxandan sonra İranın pulu da olacaqdı. Üstəlik də, ordusu, silahı, sənayesi də var. Eyni zamanda dövlət quruluşu da səmərəlidir. Bu, digər ölkələr üçün örnək ola bilərdi. Necə ki, “Ərəb baharı” zamanı Ərdoğan Türkiyəsi ərəb regionu üçün nümunə sayılırdı. İndi də, İran belə nümunə ola bilərdi. Bu, baş verməsin deyə İranla ərəb dövlətlərinin arasını vurmaq lazım idi. Bunu da, Səudiyyə Ərəbistanı həyata keçirdi-şeyx Nimrini edam etdi. Hərçənd ki, şeyx Nimri 2012-ci ildən indiyə qədər həbsdə idi və beləcə saxlanıla bilərdi. Lakin onu öldürdülər və İran da bundan qəzəbləndi. Üstəlik Kəşmir şiələri də ayağa qalxdı. İran öz ənənəsinə sadiq qalaraq Səudiyyənin Tehrandakı səfirliyinə hücum etdi. İranda XIX əsrdə Qriboyedovu öldürmüşdülər, XX əsrdə ABŞ diplomatlarını əsir götürmüşdülər, XXI əsrin əvvəllərində isə Səudiyyənin diplomatlarına hücum etdilər, missiyanı yandırdılar. Hərənin bir hobbisi var, İranın da hobbisi səfirliklərə hücumdur. Bundan qəzəblənən Səudiyyə İranla əlaqələri kəsdi, sonra Sudan və Bəhreyn diplomatik münasibətləri dayandırdı. Çox güman ki, Səudiyyədən asılı digər ölkələr də bu addımı atacaq. Başqa sözlə, İranın bölgədəki liderlik məsələsi arxa plana keçdi. İndi ön plana çıxan odur ki, münasibətləri necə bərpa etmək, əvvəlki nüfuzu qaytarmaq olar. Ağıllı dövlətlər də kənarda əyləşərək müsəlmanların dalaşmasını seyr edir.

- Şeyx əl-Nimrinin edamı səbəbdir, yoxsa bəhanə?
- Bu, bəhanə deyil. Şeyx Nimri görkəmli din xadimi, parlaq siyasi xadim idi. Güclü nüfuzu var idi, Səudiyyə şiələrinin ruhi atası idi. Onu öldürməklə böyük təhlükələr dövrünə qədəm basdılar. Yəni şiələri qəzəbləndirdilər, İranla münasibətləri pozdular. İndi isə bu prosesin necə olacağı bəlli deyil.

- Prosesin sonu üçün hansı ssenarilərin olacağı mümkündür?
- Düşünmürəm ki, ABŞ Səudiyyədə dövlətin çökməsinə imkan versin. Ancaq rejim zəif və kövrəkdir. Üstəlik də, Səudiyyə hakimiyyəti əvvəlki ehtiyatlı siyasətindən əl çəkib, müxtəlif siyasi oyunlara qoşulur. Bu da, onları zəiflədir. Prosesin İrana ciddi təsiri yoxdur. Əksinə, İran bundan qazandı. Məsələn, İran daxilində konsolidasiya getdi, insanlar bir oldu. Səudiyyə isə itirdi. Şeyx Nimri isə böyük rəmz idi. Bu rəmzi aradan qaldırdılar. Mən ərəb dilini bilirəm və internetdə şeyx Nimrinin çıxışlarına qulaq asmışam. O, gözəl natiq idi, Quranı dərindən bilirdi, kəskin və sərrast zehni vardı. Ciddi fiqur idi. İndi onu aradan qaldırdılar və bu dünya şiələrini qəzəbləndirir.

- Bəllidir ki, ərəb ölkələrinin əksəriyyətində sünnilərlə yanaşı şiələr də yaşayır. Bu təriqətlər arasında qarşıdurmaya, məzhəb davasına səbəb ola bilərmi?
- Faktiki olaraq sünni və şiə arasında fərq yoxdur. Bu qondarma bir şeydir ki, islamın düşmənləri ortaya atıb. Siz azərbaycanlı müsəlmansınız. Özünüzü müsəlman sayırsınız. Namaz qılan olsanız, cüzi fərqlə qılacaqdınız. Allah bir, peyğəmbər bir, Məkkə bir. Sünni və şiələri bir-birinə düşmən etmək üçün müsəlmanların düşmənləri min hoqqadan çıxıblar. Bu ziddiyyət əsasən iqtisadi və geosiyasi ziddiyyətləri pərdələmək üçün uydurulub. Bu ziddiyyət o zaman başladı ki, ortada hakimiyyət məsələsi oldu. Bir qrup Əlini və övladlarını bu prosesdən kənarlaşdırdı. Bundan sonra hakimiyyət, imtiyaz, var-dövlət məsələsi müsəlmanları parçaladı. İndi də süni-şiə məsələsini kim qızışdırır? Təbii ki, Qərbin kəşfiyyat orqanları. Əslində, müsəlmanlar arasında heç bir ziddiyyət yoxdur. Quran deyir ki, kimsə namaz qılır, oruc saxlayır və zəkat verirsə, bu adam sənin müsəlman qardaşındır. Onun namaz vaxtı necə durması, əlini hara qoymasının nə əhəmiyyəti ola bilər ki? Əsas dinə, Qurana, Allaha və peyğəmbərə münasibətdədir. Bu da, fərqlənmir. Ancaq hakimiyyət, siyasi nüfuz məsələsi bunları ayırır.

- Həm İran, həm də Səudiyyə Ərəbistanı neft ixracatçısıdır, OPEK-in üzvləridir. Bunlar arasında münasibətlərin kəskinləşməsi və pis mənada dərinləşməsi dünya bazarında neftin qiymətinə əhəmiyyətli təsir göstərə bilərmi?
- Əslində, münasibətlərin kəskinləşməsi dünya bazarında neftin qiymətinə ilkin təsirini göstərib. Hazırda dünya bazarında bir barel neftin qiyməti əvvəlki günlərlə müqayisədə bir balaca bahalaşıb. Çünki ümumi təmayül neftin qiymətinin enməsinə doğrudur. Sadəcə olaraq ortada hansısa siyasi hadisə neftin qiymətinin qalxmasına gətirib çıxara bilər. Səudiyyə-İran qarşıdurması neftin qiymətinin enməsini saxladı, qiymət bir qədər qalxdı. Halbuki, bu, müvəqqəti qalxma idi. Təhlillər və mütəxəssislərin müşahidəsinə görə, dünya bazarında neftin qiymətdən düşməsi prosesi davam edəcək. Əlbəttə, bu heç də müsbət bir proses deyil.

- İran artıq 2016-cı ildə dünya bazarına neft çıxaracaq, ona qarşı tətbiq edilən sanksiyalar aradan qalxacaq. Bu mənada İranın yaxın bir ildə necə görəcəyik, bu ölkə Rusiya-Qərb arasında seçim etmək məcburiyyətində qalacaqmı?
- Əvvəla, heç kəs deyə bilməz ki, İrana qarşı sanksiyalar götürüləcək. Nəzərə almaq lazımdır ki, Amerikada İranın düşmənləri çox və güclüdürlər. Onlar buna mane olmaq üçün müxtəlif yeni bəhanələr uydururlar. Amma hər halda böyük nailiyyətdir ki, İrana qarşı embarqolar aradan qaldırılır. Əgər, bu baş verəcəksə, İran inkişaf yolunda irəliləyəcək, süni əngəlləri aradan qaldıracaq. Lakin bu o demək deyil ki, İran dünya bazarında həlledici rola malik olacaq. Nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiymətdən düşməsi hələ İran dünya bazarına çıxmazdan öncə başlayıb, nəticədə neftin qiyməti az qala üç dəfə ucuzlaşıb. İranın rolu bu məsələdə yoxdur. İran nefti dünya bazarına çıxarsa, maksimum neftin qiyməti 3-5 dollar ucuzlaşa bilər.

- Neftin qiyməti 130 dollar olanda İrana qarşı sanksiyaları uzun müddət saxladılar və neft ucuzlaşan ərəfədə bu ölkəyə qarşı embarqoları götürür, ona dünya bazarına neft çıxarmaq imkanı yaradırlar. Sizcə, bu təsadüfdən doğur, yoxsa zərurətdən?
- Əvvəla, zərurətdən doğan düşünülən addımdır. Müəyyən dövrə qədər ABŞ-da ümid edirdilər ki, İran dövləti çökəcək. Sonra gördülər ki, bu ölkə çökmək niyyətində deyil. O biri tərəfdən düşünürdü ki, dünyada neftin qiymətini özü müəyyən edəcək, lakin az sonra gördü ki, bu bazarda oyunçu çoxdur. Yəni neftin qiyməti təkcə Amerikaya bağlı deyil. Çünki bu istehlakdan, qənaətdən, yeni mənbələrdən, neft hasilatçılarının həmrəyliyindən və digər məqamlardan asılıdır. Həm də, ABŞ-İsrail münasibətləri tədricən korlanırdı. Çünki ABŞ görürdü ki, İsraili birmənalı müdafiə edilməsi ərəb coğrafiyasında onun nüfuzuna ciddi təsir göstərir. Həm də, Avropada İsrailin siyasətindən narahatdır. Onlar da, açıq elan edirlər ki, Fələstin xalqının hüquqlarını tanımaq lazımdır. ABŞ və Avropa istəmir ki, ərəb coğrafiyasında onların nüfuzları aşağı düşsün. Bütün bunlar ABŞ-ı məcbur etdi ki, İrana qarşı sanksiyaları aradan qaldırmağa çalışsın. Sanksiyalar götürüləndən sonra siyasi mənzərə dəyişir, İran nefti bazara çıxır, ucuzlaşma meyli güclənəcək. Üstəlik hesabladılar ki, İranın nüfuzu regionda artacaq, odur ki, Səudiyyə ilə İranın arasını vurdular, ümumi müsəlman əhalisinin nüfuzunun artmasının qarşısına daş itələndi. Məncə, bu da düşünülmüş siyasət idi.

Nemət


Müəllif: