7 İyun 2014 11:02
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayisə Ağamirzəyeva: “Erməni diasporası bir günlük yardım marafonu keçirməklə milyonlarla dollar vəsait toplayır”

Xaricdə yaşayan həmyerlilərimizin həyat səviyyəsinin öyrənilməsi ən çox maraq doğuran mövzulardandır. Təşkilat və birliklərin fəaliyyəti haqqında, hələ o qurumların rəhbərləri qadın olduqda, məlumatlar xüsusi maraqla qarşılanır.

Müsahibimiz Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevadır.

Söhbətimizi Hollandiyada yaşayan azərbaycanlı qadınların ictimaiyyətdəki mövqeyi, Avropa cəmiyyətinə inteqrasiya olunmaları və digər məsələlər üzərində qurduq.

- Mayisə xanım, niyə məhz qadınlar təşkilatı yaratdınız və təşkilatın fəaliyyəti barədə hansı məlumatları verə bilərsiniz?
- Məncə, qadın cəmiyyətdə əsas qüvvədir. Qadınlardan ibarət bir cəmiyyət yaratmaq Hollandiyada yaşayıb-yaradan yazıçı-ziyalı xanım Gülşən Lətifin ideyasıdır. Əlbəttə, 10 il öncə Niderlandda yeni-yeni formalaşan diasporamıza yardım etmək fikrinə düşmək bir qadın üçün böyük cəsarət idi və Gülşən xanımın rəhbərlik etdiyi illərdə “Ana Vətən” bir çox böyük layihələr keçirib. 3 il öncə isə cəmiyyətin sədri vəzifəsi mənə tapşırılıb. Mən bu məsuliyyəti üzərimə götürərkən daha böyük uğurlara imza atacağımıza əmin idim. Bu müddət ərzində bir çox işlər görmüşük, uğurlu layihələrə imza atmışıq. Hamısını sadalamaq istəmirəm, amma bir neçə yaddaqalan tədbirlərimiz haqqında qısa informasiya vermək istərdim. Daha çox qadınları duyğulandıran işlərə - elm, mədəniyyət, milli adət-ənənələrimiz, mətbəximiz və uşaqlara aid tədbirlərə üstünlük veririk. Azərbaycan dövlətinin maraqlarına xidmət edən imzatoplama, mitinq və etiraz aksiyalarında da fəal iştirak edirik.
Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada həyata keçirilən “Xocalıya Ədalət!” kampaniyası zamanı digər cəmiyyətlərlə birgə “Ana Vətən” də aktivlik göstərib. Tədbirlər silsiləsində Ermənistan səfirliyi önündə mitinq keçirilib, Haaqa Ədalət Məhkəməsinə məktub, 1 milyon imza toplanmış kitab və Xocalıya aid petisiya təqdim olunub. Bu il Niderland Krallığının Parlamentinə Xocalı faciəsi ilə bağlı Petisiya təqdim etmişik. Azərbaycanlı gənclərlə xüsusi qara geyimdə, əllərimizdə yanan şamlarla “Sükut yürüşü” və çıxmışıq, Rotterdam İslam Universiteti və Amsterdam Universitetində Xocalı hadisələri ilə bağlı konfranslar keçirmişik.
20 Yanvarla əlaqədar tədbirlər keçirərək Azərbaycanın tanıdılması, mədəniyyətimizin nümayiş etdirilməsi sahəsində mühüm işlər görürük. Haaqanın bir neçə kitabxanasına Azərbaycan haqqında kitabların təqdim edilməsinə də nail olmuşuq. Xüsusilə Novruz bayramının keçirilməsi, Azərbaycan mətbəxinin məşhur yeməklərinin nümayişi, çay və milli şirniyyat süfrələrinin açılması ilə Azərbaycan kulinariya günlərinin təşkili, festivallarda iştirak etmək kimi fəaliyyətlərimiz, demək olar ki, ildə bir neçə dəfə baş tutur. Ən çox rezonans doğuran layihəmiz isə ana dilimizin unudulmaması yolunda ötən ilin dekbrında həyata keçirdiyimiz Nizami Gəncəvi adına “Haaqa Azərbaycan Məktəbi”nin açılışı oldu. Məktəb Hollandiyada açılan 3-cü məktəb olmasına baxmayaraq, böyük maraqla qarşılandı.

- Cəmiyyətiniz yalnız ofisinizin yerləşdiyi şəhərin qadınlarını birləşdirir, yoxsa başqa şəhərlərdən də birliyinizə üzv olanlar var?
- Hollandiyada 10 mindən bir az artıq azərbaycanlı yaşayır. Təbii ki, bu sayın yarısı qadınlara aiddir. Birliyimizin əsas qərargahı Hollandiyanın ikinci böyük şəhəri olan Haaqa şəhərində yerləşsə də, üzvlərimiz təkcə bu şəhəri əhatə etmir. Ölkənin 12 əyalətinin hamısında yaşayan xanımlar birliyimizin fəaliyyətində yaxından iştirak edir. Onu da diqqətinizə çatdırım ki, birliyimizə yaxından köməklik edən Türkiyə vətəndaşı olan xanımlar da var. Onların içərisində Hollandiyada icra hakimiyyəti və vəkillik orqanlarında çalışan xanımları qeyd etmək istərdim. Heç bir büdcəsi olmayan bir təşkilat olaraq qadınlarımızın gücü və dəstəyi sayəsində işlər görürük. Bu dəstək həm maddi, həm də mənəvi cəhətdən baş tutur. Bu baxımdan “Ana Vətən”in aktiv xanımlarından Almaz Kərimli həm İdarə Heyətimizin üzvüdür, həm də müəllim olaraq yenicə fəaliyyətə başlayan “Haaqa-Azərbaycan Məktəbi”nin təşkilatçısıdır. Hər həftənin şənbə günü təmənnasız olaraq azərbaycanlı balalarına dərs keçir, onlara azərbaycançılıq ruhunu aşılayır. Ofeliya xanım da İdarə Heyətinin üzvü və birliyimizin aktividir. Hollandiyaya yeni gəlməsinə baxmayaraq, birliyimizin mətbuat xidmətini təşkil edən və keçirdiyimiz tədbirlərin mediada işıqlandırılmasında böyük rolu olan Nərgiz Əhmədqızının adını çəkmək istərdim. Birliyimizin digər üzvləri də - Raya, Şəkər, Pərvanə, Kəmalə, Nərminə, Sevinc, Afət, Natəvan, Gövhər, Sevda, İlona, Nahidə və adını çəkmədiyim onlarla başqa xanımlar da hər zaman arxamdadılar.

- Niderland Krallığında xanımlarımız hansı işlərlə məşğuldurlar, diasporamıza hansı töhfələri verirlər, cəmiyyətə inteqrasiya ola biliblərmi?
- Yuxarıda da qeyd etdim ki, ağıllı və savadlı qadınlar cəmiyyətə yük olmayan, cəmiyyətə faydalı olan insanların formalaşmasında məsuliyyət daşıyırlar. Burada yaşayan xanımlarımızın əksəriyyəti ali təhsilli olduğu üçün mühitə tez uyğunlaşa bilirlər. Hollandiyada özünü təsdiq etmiş, cəmiyyətə inteqrasiya etmiş qadınlarımız az da olsa var. İcra hakimiyyətində, məktəblərdə, xəstəxanalarda, dil kurslarında, tərcüməçilik və qəzetçilik sahələrində, eləcə də özəl biznes sektorunda çalışan qadınlarımız mövcuddur. Əslində Avropada 20 illik immiqrasiya tarixi olan azərbaycanlıların yüksək postlar tutması o qədər də asan məsələ deyil. Çünki bunun üçün dil problemi ortaya çıxır. Belə ki, Avropada dövlət strukturlarında işləmək üçün yerli dillə yanaşı, ingilis dilini mükəmməl bilmək də vacib şərtlərdən biridir. Bu da ortayaşlı nəsil üçün əsas maneələrdən biridir. 20 il öncə buraya köçmüş nəsil rus dilini bildiyi üçün yüksək postlar tuta bilmir. Artıq formalaşan yeni nəsil yüksək dövlət orqanlarında çalışmaq üçün hər cür şəraitə malikdir. Burada böyüyən gənclər Avropa təhsili alıblar, Niderland dili ilə yanaşı ingilis və alman dilində də mükəmməl danışa bilirlər. Avropa Universitetlərində təhsil aldıqları üçün yüksək dövlət strukturlarında çalışa bilirlər.
Azərbaycan qadınları həmişə cəmiyyətdə ictimai fəaliyyətləri ilə aparıcı rol oynayıb və hazırda diasporamızın gücləndirilməsi sahəsində də bunun şahidi oluruq. Hollandiyada aktiv fəaliyyət göstərən xanımlarımız var. Fəxri sədrimiz, Azərbaycanın əməkdar mədəniyyət işçisi, yazıçı Gülşən Lətifi xüsusilə qeyd etmək istəyirəm. Gülşən xanımın diaspora fəaliyyətindən başqa həmçinin holland dilində çap olunmuş kitabı, bu yaxınlarda onun haqqında səfirlikdəki “Müasir Azərbaycan ədəbiyyatı” mövzusunda keçirilən tədbir Gülşən xanımın Hollandiya cəmiyyətində çox tanınmasından xəbər verir. Bundan başqa, müstəqil jurnalist kimi Hollandiya mediasında fəaliyyət göstərən Elnaz Sangin Xocalı hadisələri haqqında holland dilində məqalələr çap etdirib və təbii ki, bu yazılarla ermənilərin qəzəbinə səbəb olub. Bu yazıya görə Elnaz xanım təhdidlərlə üzləşib. Digər azərbaycanlı xanım İradə Uluxanlı da Hollandiyanın Limburq şəhərində fəaliyyət göstərir. Firəngiz Bağırovanın rəhbərliyi altında “Odlar Yurdu” təşkilatının holland uşaq xoru ilə birgə həyata keçirilən “Sarı gəlin” layihəsini də xalq mahnımızın ermənilər tərəfindən oğurlanmasına dəyərli cavab hesab etmək olar. Bundan başqa, Vüsalə Məmmədovanın Hollandiyaya səfər edən Mixail Qorbaçova mətbuat konfransında 20 Yanvarla bağlı sual verməsini və onun “Bu cinayətə görə cavab verməlisiz” sözlərini dünya media mənsublarının qarşısında söyləməsini qeyd etmək istərdim. Holland Azərbaycan Dostları Cəmiyyətinin (DufoA) fəalı Leyla Babayevanın təşəbbüsü ilə Hollandiyada bir xrizantema gülünün “Azəri”, daha iki gülün birinin Şuşa şəhərinin, digərinin isə Xocalının şərəfinə adlandırılması və yetişdirilməsi də bu sahədə görülən işlərdəndir.

- Yuxarıda qeyd etdiniz ki, heç bir maliyyə yardımı almadan, qadınların köməkliyi sayəsində fəaliyyət göstərirsiniz. Bəs Azərbaycanda hər hansı dövlət orqanının yardımına ehtiyacınız olduqda bürokratiya ilə üzləşdiyiniz vaxtlar olubmu?
- Əslində Avropada maliyyəsiz fəaliyyət göstərmək çox çətindir. Hər hansı bir tədbirə hazırlaşanda nisbətən ucuz yerlər tapmaq üçün bələdiyyələrin, ictimai təşkilatların, kitabxanaların, teatrların rəhbərlikləri ilə çoxsaylı danışıqlar aparmaq məcburiyyətində qalır, fəaliyyətimizin mənasını, maraq dairəsini, cəmiyyətə faydasını izah etmək zorunda qalırıq. Hollandiyada ictimai işlərə önəm verilir, aktivlik göstərən təşkilatlara, insanlara hörmətlə yanaşılır, hər cür yardım edilir. Hətta əvvəllər yabançı millətlərin nümayəndələrinə ictimai işlərlə məşğul olmaq üçün dövlət tərəfindən subsidiyalar, qrantlar da ayrılırdı. Təəssüf ki, iqtisadi krizislə əlaqədar olaraq artıq bu subsidiyalar verilmir, sadəcə mənəvi dəstək və yaxud hər hansı bir obyektdə tədbir keçirilməsinə izin verilir.
Ona görə də Vətənin dəstəyinə çox böyük ehtiyacımız var. Milli mətbəximizi təbliğ etmək, mədəniyyət festivallarında stend hazırlamaq, Azərbaycana aid materialları almaq və onların sayını artırmaq, daşımaq üçün maliyyə və avadanlıq sıxıntısı çəkirik. Bütün bu işləri birliyimizin üzvləri olan qadınların şəxsi vəsaitləri hesabına hazırlayırıq. Azərbaycana yolu düşən hər bir üzvümüz ordan milli suvenirlər, geyimlər, atributlar gətirir.
Azərbaycanda dövlət orqanlarına hər hansı bir iş üçün müraciət etdikdə hələ ki, heç bir süründürməçiliklə rastlaşmamışıq. Sonuncu dəfə “Haaqa-Azərbaycan məktəbi”nin təşkil edilməsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyi və Azərbaycanda fəaliyyət göstərən “Təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi ilə “AzPoliqraf” Nəşriyyat-Poliqrafiya Müəssisəsinə etdiyimiz müraciətlər müsbət qarşılandı və məktəbin açılması üçün əllərindən gələn köməkliyi əsirgəmədilər. Azərbaycanda nəşr edilən uşaq ədəbiyyatı, Azərbaycan xalq nağılları, şair və yazıçılarımızın uşaqlar üçün yazdıqları hekayə və povestlərindən bir neçə nüsxə, Azərbaycan haqqında ingiliscə kitablar cəmiyyətimizə hədiyyə edildi, bu vəsaitlər Hollandiyaya gətirildi. Milli Məclisin üzvü, Niderland Krallığı üzrə məsul şəxs olan Adil Əliyev də birliyimizin mədəniyyət festivallarındakı stendlərdə nümayiş etdirilən atributlar, suvenirlərlə təmin edilməsinə dair müraciətlərimizə həmişə müsbət yanaşır. Vətən naminə görülən işlərin böyüyü, kiçiyi yoxdu. Hər kəs, hər bir dövlət orqanı, dövlət məmuru, iş adamları diaspor təşkilatlarına yardım etməlidir.

- Azərbaycan diasporası düşmən ölkənin diasporası ilə rəqabət apara bilirmi?
- Azərbaycan diasporasının fəaliyyət tarixi son 20 ili əhatə edir və biz bu işdə başqa ölkələrə nisbətən çox gəncik. Amma başlamaq heç bir zaman gec deyil və bu az müddətdə diasporamız təşkilatlanmağa və Azərbaycanın haqq səsinə çevrilməyə çalışır. Təəssüflə qeyd edərdim ki, bu sahədə nöqsanlar da var. Niderland Krallığında çoxlu sayda cəmiyyətlər var və çoxları ayrı-ayrılıqda fəaliyyət göstərir. Azərbaycan xalqı hiyləgər düşmənlə üz-üzədir və dünyada güclü erməni diasporası ilə mübarizə aparmalıdır. Ermənilər informasiya müharibəsində də bizdən qat-qat güclü fəaliyyət göstərirlər. Erməni diasporası televiziyada bir günlük yardım marafonu keçirməklə xalqına milyonlarla dollar vəsait toplaya bilir, bütün dünyaya səpələnən ermənilər milli mənafeləri naminə birləşə bilirlər.
Belə təşkilatlanmış düşmən lobbisi qarşısında biz də diaspora təşkilatımızın kiçik qolları kimi birgə fəaliyyət göstərməli, xüsusilə milli maraqlarımız olan tədbirlərdə bütün xırda təşkilatlar birlik nümayiş etdirməlidir. Ölkəmizin maraqlarına hesablanmış plan əsasında hərəkət etmək lazımdır. Hərə bir tərəfdə kiçik işlər görməklə ciddi və böyük uğurlar qazanmaq mümkün deyil. İkinci məsələ isə fəaliyyətimizin nə dərəcədə qəbul edilməsi və yaşadığımız xalqa nə dərəcədə çatdırılması məsələsidir. Avropada fəaliyyət göstərmək çox çətindir. Çünki bizim mentalitet və mədəniyyətimizdəki fərqlər böyükdür. Bunun üçün yaşadığımız ölkənin dilini, mədəniyyətini, düşüncəsini, həyata baxışını düzgün analiz etməli və hər addımımızı buna uyğun atmalıyıq.

- Yaxın günlərdə hansı layihələri reallaşdırmağı planlaşdırırsız?
- Mart, aprel və may aylarındakı tədbirlərimiz barədə yuxarıda söhbət açdım. İyun, iyul aylarında bir neçə mədəniyyət festivallarında Azərbaycanı təmsil edəcəyik. Hollandiyada uşaq xərcəngi fondu “KİKA”nın başlatdığı marafonda milyonlarla avro toplanıb. Biz də bu marafona qatılmaq üçün plan hazırlayırıq və xeyriyyə tədbirinə Azərbaycan adından az da olsa yardım edəcəyik.

Ülviyyə Axundova


Müəllif: