6 Yanvar 2016 19:52
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Misirdə dinçilər Mursi timsalında hakimiyyətə gəldi, lakin bir il çəkmədi ki, hakimiyyətdən salındı və iqtidarı dünyəvi baxışları ortaya qoyanlar götürdü. Amma eyni zamanda dini tərəfin də maraqları nəzərə alınmalıdır. İndi bu tənasüb nə səviyyədədir, tarazlığın necə olacağını gələcək göstərəcək. Misirin, Liviyanın, elə Suriyanın da, təcrübəsi göstərir ki, qeyd edilən problemlərin həllinə böyük ehtiyac var. Bu problemlər həll edilməyincə problemlər və münaqişələrin qalması müddəti uzanacaq. Odur ki, Yaxın Şərqdə problemlərin üzərinə getdikdə ilk olaraq bu məqamlar diqqətə alınmalıdır”.

Bunu qəzetimizə müsahibəsində siyasi şərhçi Rafiq İsmayıl bildirib. Müsahibəni təqdim edirik:

- Rafiq müəllim, Yaxın Şərq barıt çəlləyi olaraq qalır. İndi əsas diqqət Səudiyyə Ərəbistanı ilə İran arasında yaranan gərgin münasibətlərə istiqamətlənib. Siz, bu iki ölkə arasında yaranan durumu necə qiymətləndirirsiniz?
- Səudiyyə Ərəbistanı ilə İran arasında yaranan gərginliyin səbəbi bəllidir. Ər-Riyad şiə şeyxi əl-Nimri başda olmaqla 47 nəfəri edam edib. Səudiyyə hüquq mühafizə orqanları iki ildir ki, onların barəsində cinayət təhqiqatı aparırdı. Hüquq mühafizə orqanlarının bu istintaqı nə dərəcədə ədalətli aparıb-aparmadığını deyə bilmərik. Lakin bu şəxslər dövlətə xəyanətdə ittiham olunub. Səudiyyədə qanuna görə, dövlətə xəyanət ittihamı təsdiqini tapırsa, bu şəxslər ölümə məhkum edilir. Şeyx Nimrinin edam edilməsi İranda böyük əks-səda doğurdu. İran hökuməti Səudiyyəni ittiham etdi. Beləcə, qarşılıqlı ittihamlar başlandı. Bununla da, iki müsəlman dövlət arasında mübahisəli situasiya yarandı. İranın Səudiyyəni ittiham etməsinə cavab olaraq ər-Riyad Tehranla diplomatik münasibətləri dondurdu, İran diplomatlarının 48 saat ərzində ölkədən çıxmasını tələb etdi. Artıq bu proses başa çatıb. Bunun ardınca Bəhreyn, Küveyt, Sudan kimi dövlətlər də Səudiyyənin tərəfini saxlayaraq İranla diplomatik münasibətləri dayandırıb. Hətta BMT də İrana hərəkətinə korrekt etməsini təklif edib. Nəticədə İran çıxılmaz duruma düşüb. Məlum edam hökmündən sonra Tehranda Səudiyyə Ərəbistanının səfirliyinə hücum edilib, diplomatik korpus dağıdılıb. Eyni zamanda İranla isti münasibətləri olan, habelə şiələrin yaşadığı ölkələrdə kiçik etirazlar müşahidə edilir. Zənnimcə, indi İran rəhbərliyi məsələnin bölgədə situasiyanın ağırlaşmasına təsir etdiyini dərk edib və artıq geri çəkilmək haqında mesajlar verməyə başlayıb. Əlbəttə, mesajlar birbaşa deyil, dolayı yolla verilir. Məsələn, qeyd olunur ki, ər-Riyadın hansı addım atmasından asılı olmayaraq onlar əlaqələrin bərpa olunmasını vacib sayırlar.

- Səudiyyə İranla ticarət əlaqələrini də kəsdiyini bəyan edib. Bundan kim itirəcək, kim qazanacaq?
- Ticarət, diplomatik, iqtisadi əlaqələr kəsilib. Fikrimcə, uduzan tərəf İran ola bilər. Çünki bir anın içərisində neftin qiymətində cüzi artım oldu və İran hələlik bazara neft çıxarmayıb. Üstəlik İranla əlaqələr dayandırıldı. Səudiyyə öz vətəndaşlarını İrana səfər etməməyə çağırdı. Şübhəsiz ki, bunlar İran iqtisadiyyatına təsir edir. Məncə, indi İran özü də bunu hiss edir. Əslində, İranın xarici siyasət kursunda kampaniyaçılıq var. Bu ölkə yaddan çıxanda özünü xatırlatmaq üçün müəyyən siyasi macəralar həyata keçirməyə üstünlük verir. Bu da, növbəti siyasi aksiya idi, etdi, dünyanın diqqət mərkəzinə gəldi. Bu prosesin nəticəsi Suriya üçün pis ola bilər. Ən azından bu ölkənin probleminin həlli bir müddət də ləngiyə bilər. Lakin ortada başqa məqam var. Bəyəm, İran öz vətəndaşlarını müxtəlif ittihamlara söykənərək edam etmirmi? Əlbəttə, edir. Tiryək alverçisi, əyyaş, əxlaq pozğunluğunda iştirak edən şəxslər İranda edam olunur. Ən azı bu haqda informasiyalar daima olur. İkincisi, İrana bağlı şəxslər Suriyada hərbi əməliyyatlarda iştirak etmirmi? Edir! Üstəlik də, Bəşər Əsədin müdafiə edilməsində yaxından iştirak edir. İran bu məsələlərə ciddi reaksiya verir, Suriyada insanlar qırılır, bəzən İran əsgərləri də bu dövlətdə ölür.

- BMT-nin baş katibi İran və Səudiyyə xarici işlər naziri ilə müzakirə aparıb, baş katibin xüsusi nümayəndəsi ər-Riyad və Tehrana səfər edəcək. ABŞ dövlət katibinin Suriya üzrə xüsusi səfiri də bu məsələlərlə bağlı tərəflərlə danışıqlar aparmağı planlaşdırır. Razılığın, barışın olacağı mümkündürmü?
- Bəli, BMT baş katibi tərəflərlə telefon əlaqəsi saxlayıb, onun nümayəndəsi əvvəlcə, Səudiyyə, sonra isə Tehranda müzakirələr aparacaq. Qənaətimcə, barışın olması ehtimalı böyük və qaçılmazdır. Bəli, BMT işə qarışıb, onun nümayəndəsi tərəflərlə danışıqlar aparacaq. Amerika məsələnin həllində maraqlıdır, prosesin şişməsini istəmir. Türkiyə hər iki dövlətin rəhbərinə müraciət etdi, təklif etdi ki, problemləri dərinləşdirmək deyil, razılığa gəlmək lazımdır. Digər ölkələrdən də buna bənzər açıqlamalar oldu. Əslində isə iki ölkə arasında kəskinləşmə düşünülmədən və qəflətən baş verib. İndi də dünyanın əsas diqqəti buna istiqamətlənib.

- Bu iki ölkə arasında problemlərin əsasını Suriya məsələsinə fərqli baxışlar təşkil etmirmi?
- Onsuz da, İran Suriya məsələsi ilə məşğuldur və hətta tərəfdir. Tehran bu məsələdə Rusiya və İraqla birlikdə hərəkət edir, belə birlik faktiki yaradılır. Eyni zamanda Tehran Bəşər Əsədin taleyi ilə bağlı mövqeyini söyləyir, bu mövqe dünya mediasında yayımlanır. Yəni bu məsələdə İranın iştirakı var. Lakin indi müşahidə etdiyimiz hərəkətlər həm də Suriya məsələsinin tezliklə və optimal variantda həll edilməsini ləngidir.

- Səudiyyə Ərəbistanı az-az ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb, bu dövlətlə iqtisadi münasibətləri yoxdur. İran isə Azərbaycanın qonşusudur. Bizim mövqeyimiz bu məsələdə necə ola bilər?
- Ümumiyyətlə, təkcə Səudiyyə deyil, bir çox müsəlman ölkələri Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfindədir və bunu dəfələrlə elan ediblər. Onlar Azərbaycanın dövlət suverenliyinin təmin edilməsi, torpaqlarımızın işğaldan azad edilməsi məsələsində bizi müdafiə edirlər. Bu, qəti mövqedir. Əlbəttə, İran bizə sərhəd dövlətdir. Lakin Azərbaycan-Ermənistan münasibətlərində ziddiyyət yaranan ilkin dövrdən indiyə qədər İranın Ermənistanla münasibətləri yaxındır, canbir əlaqədədir. İran Ermənistana qaz verir, hətta Araz üzərində SES tikmək haqında projeləri var, bunu həyata keçirmək haqqında düşünürlər. Yəni İranın Ermənistanla münasibətləri Azərbaycanla münasibətləri səviyyəsindədir. Mən bunu əməkdaşlıq baxımından deyirəm. Bu baxımdan İran digər müsəlman ölkələrindən fərqlənir. Konkret olaraq bizə gəldikdə deyim ki, hələlik rəsmi mövqe yoxdur. Bu hadisələrin təbliğ edilməməsi anlamında qəbul edilə, Səudiyyənin hərəkətinin pislənməməsi kimi də qiymətləndirilə bilər. Fikrimcə, indiki halda Azərbaycan üçün ən münasib davranış bəlkə də elə bu olmalıdır.

- 2016-cı ildə Yaxın Şərqdə yanan alovun sönməsi imkanları nə dərəcədədir?
- Prinsip etibarı ilə bu gün elə bir müsəlman ölkəsi yoxdur ki, orada bu və ya digər problem olmasın. Əfqanıstanda, Pakistanda, İraqda, Suriyada, Liviyada, Yəməndə, Misirdə, Tunisdə problemlər var. Açıq şəkildə özünü büruzə verməsə də, Əlcəzairdə də vəziyyət stabil deyil. Üstəlik, ölkələrin arasında da problemlər var. Tarixi baxımdan yanaşsaq, bu reallıqdır. Əlbəttə, bu ölkələrin keçmiş və böyük şərəfli tarixi olub. Lakin sonrakı illərdə bu ölkələrdə müəyyən inkişaf kursu var idi və az da olsa, inkişaf edirdilər. Amma XX əsrdə bunların hamısında milliyətçilik ideyalarının yayılması, azadlıq hərəkatının başlanması, istiqlala nail olunması və s. hadisələr baş verib. Bu hadisələr zamanı Avropa dövlətlərinin, ələlxüsus Böyük Britaniya və Fransanın bu ölkələrin işlərinə müdaxilə etməsi, sərhədlərin cızılması zamanı bəzi reallıqların nəzərə alınmaması, obyektivliyin pozulması, inkişaf sisteminin seçilməsində aşağı ölkələrə yeni münasibətlərin gətirilməsi kimi addımlar baş verdi. Bu hallar baş verən zaman burada yaşayan əhali proseslərdən kənarda qalmışdı. Düzdür, Misirdə, Əlcəzairdə və digər ölkələrdə milli burjuaziya var idi, lakin böyük mənada əhali bu prosesdə aktiv iştirak etmirdi. Odur ki, bu ölkələrin daxilində, eyni zamanda onlar arasında problemlər indiki dövrdə də mövcuddur. Baxın, Türkiyəyə. Cənab Ərdoğanın bir jurnalistin dəfnində Quran ayələrini oxuması Türkiyə tarixində görünməz hadisədir. Amma ümumiyyətlə, Türkiyənin keçmişini nəzərə alanda normal hadisədir. İndi Türkiyə cəmiyyətində dünyəvilərlə dinçilər arasında mütənasiblik var. Bu, haradasa diqqəti cəlb edir. Demək istədiyim odur ki, bu cəmiyyətin içində köklü hadisələrdir və indiyə qədər qalıb. Təbii ki, bu cəmiyyətlər inkişaf etməlidir. Amma necə inkişaf etməlidir, din faktoru bu ölkələrdə özünü hansı səviyyədə saxlamalıdır, buna dövlət nə cür münasibət bəsləməlidir, ümumi inkişaf kursunda dövlət məsələləri hansı müstəvidə tənzim olunmalıdır. Əslində, Yaxın Şərq ölkələrində problemlərin kökündə duran məsələlər bununla bağlıdır. Şübhəsiz ki, hər bir problemin sonda çözülməsi hadisəsi baş verir. Amma bu çözülmə nə qədər optimal variantda gedir və ya getməlidir məsələsi çox əhəmiyyətlidir. Baxın, Misirdə dinçilər Mursi timsalında hakimiyyətə gəldi, lakin bir il çəkmədi ki, hakimiyyətdən salındı və iqtidarı dünyəvi baxışları ortaya qoyanlar götürdü. Amma eyni zamanda dini tərəfin də maraqları nəzərə alınmalıdır. İndi bu tənasüb nə səviyyədədir, tarazlığın necə olacağını gələcək göstərəcək. Misirin, Liviyanın, elə Suriyanın da, təcrübəsi göstərir ki, qeyd edilən problemlərin həllinə böyük ehtiyac var. Bu problemlər həll edilməyincə problemlər və münaqişələrin qalması müddəti uzanacaq. Odur ki, Yaxın Şərqdə problemlərin üzərinə getdikdə ilk olaraq bu məqamlar diqqətə alınmalıdır.

Nemət


Müəllif: