9 Yanvar 2016 12:27
1 776

Türkiyənin məşhur gənc aktyoru Çağatay Ulusoy və yenicə tanınmağa başlayan Leyla Lydia Tuğutlu 2016-cı ilin Bakıya gələn ilk qonaqları oldular. İkisi də baş rollarını canlandırdıqları “Delibal” türk filminin Nizami Kino Mərkəzində keçirilən qala gecəsində iştirak ediblər. Gecədə iştirak üçün filmin rejissoru Ali Bilgin və yaradıcı qrupun digər üzvləri də Bakıya gəliblər.

Qırmızı xalıdan alqış və qışqırıq sədaları altında keçən qonaqlar filmin iri posterinin yanında şəkil çəkdirib, jurnalistlərin suallarını cavablandırıblar. Daha sonra film nümayiş olunub.

“Delibal”

Romantik dram janrında çəkilmiş bu film universitet tələbələri olan Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir. Memarlıq fakültəsində təhsil alan və boş vaxtında musiqi ifası ilə həyatın dadını çıxaran Barış Füsunu gördüyü anda ona aşiq olur. Adını belə bilmədiyi qızı tapıb eşqini anlatmaq bir yana, ağlında universiteti dərəcə ilə bitirib Amerikada təhsilini davam etmək istəyi olan Füsunu bu eşqə inandırmaq da var. Yaraşıqlı və ağıllı olan Barış sonunda istəyinə nail olur. O, Füsunu özünə aşiq edir və onlar evlənirlər. Hər şey nağıllarda olduğu kimi davam edir... Amma bir gün o nağıl yuxuya çevrilir...
Filmin rejissoru Ali Bilgin, ssenari müəllifi Yıldırım Türkerdi. Filmdə digər rolları Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal və Toprak Sağlam canlandırıb.

Filmdən sonra səhnəyə çıxan Çağatay Ulusoy və Leyla Lydia Tuğutlu tamaşaçılarla “selfie” də çəkdiriblər. Mətbuat konfransında isə onlar özləri, şəxsi həyatları haqqında və Bakı barədə təəssüratlarını bölüşüblər.

Onlar kimdir?

Öncə onları yaxından tanıyaq. Çağatay Ulusoy 2012-ci ildə “Best Model of Turkey” seçilib və daha sonra Ayla Alkandan aktyorluq dərsi alıb. Qeyd edək ki, Ayla Alkandan dərs almaq Türkiyədə gənc aktyor üçün prestij sayılır. Çağatayın sənətdə ilk addımı “Adını Feriha qoydum” serialından başlayır. Oynadığı ilk baş rolla tanınan və sevilən Çağatay daha sonrakı layihəsində bir o qədər uğur qazanmadı. Ardınca adı narkotik qalmaqalında da hallandı. Son olaraq ekrana “Medcezir” adlı serialda baş rolla çıxan Çağatay oynadığı Yaman Koper rolu ilə şöhrətini daha da artırdı. Bu günlərdə isə ilk filmi “Delibal”la həm Türkiyədə, həm də əcnəbi ölkələrdə keçirilən qala gecəsində iştirak edir. Bu yolculuqlardan biri də Bakıya idi ki, o da gerçəkləşdi. Leyla Lydia Tuğutluya gəlincə, o da “Miss Turkey 2008" gözəllik müsabiqəsinin qalibi olub. Bir neçə serialda rol alan Leyla hazırda yayımlanan ”Kiralık aşk" serialı ilə gündəmdədir.

- Azərbaycanda bu cür qarşılanacağınızı təxmin edirdiniz?
Ç.Ulusoy:
- Buraya gəlməmişdən əvvəl dostlarımdan məlumat almışdım. Ona görə Azərbaycan və buradakı qarşılanma mərasimləri haqda azdan-çoxdan məlumatım var. Bizi həqiqətən çox gözəl, mehriban qarşıladınız. Burada hər kəs çox mehribandır.

- Şəxsi həyatınızda da filmdə oynadığınız Barış kimi romantiksiniz?
- Həyatda da romantik biriyəm. Bu baxımdan filmdə canlandırdığım Barışla oxşar tərəflərim var. Amma Barışdan fərqli olaraq mən hisslərimi büruzə vermirəm.

- Filmin çəkilişi zamanı hansı çətinliklərlə qarşılaşdınız?
L.L.Tuğutlu:
- Film avqustda çəkilib. Havanın isti olması çəkilişlərdə çətinlik yaradırdı. Amma ümumiyyətlə, çəkilişlərimiz maraqlı keçdi.
Ç.Ulusoy:
- Döymələrə çox zaman ayrılırdı. Barışın bədənində 11 döyməsi olmalı idi. Filmdəki döymələr həqiqi deyildi, bədənimə yapışdırılırdı. Və buna çox vaxt sərf olunurdu. Çünki havanın isti olduğuna görə tərləyirdim və döymə funksiyasını itirirdi. Ona görə döymələri yenidən yapışdırmaq məcburiyyətində qalırdıq. Amma nəticəsi gözəl oldu. Maraqlı filmdir və inanıram ki, hər kəsin xoşuna gələcək.
L.L.Tuğutlu:
- Ona görə də Çağatayın hazırlıqları məndən uzun çəkirdi.

- Filmdə mahnı oxumusunuz. İfaçılığa meyliniz var?
Ç.Ulusoy:
- Filmdə ifa etdiyim musiqini özüm oxumuşam. Amma heç vaxt ifaçılığı professional şəkildə davam etdirmək və pul qazanmaq niyyətim olmayıb. Düşünürəm ki, sosial layihələrə dəstək məqsədilə keçirilən layihələrdə ifa edə bilərəm. Amma pul qazanmaq üçün deyil. Onu da deyim ki, ilk dəfə mahnı oxumağı “Medcezir” serialında öyrəndim.

- Demet Akalın səsinizi və ifanızı çox bəyənib.
Ç.Ulusoy:
- Demet Akalın mahnını bəyənib və bu barədə tvitterdə də yazıb. Ona təşəkkür etdim. Mahnının belə sevilməsi çox xoşuma gəlir. Bunda da Sezen Aksunun əməyi var. Yaxşı ifaçı olduğumu deyə bilmərəm, amma mahnını hiss edərək oxuduğuma inanıram.

- Çağatay bəy, şəxsi həyatınızda filmdəki kimi sevmisinizmi?
- Həyatımda Füsun kimi xanımla qarşılaşmadım. Və dolu-dolu, qəlbdən yaşadığım sevgi münasibətim də olmayıb. Ətrafımdakı insanlara baxıram və görürəm ki, bu kimi sevgilər filmlərdə olur. Evliliyə gəlincə, düşünürəm ki, bunun üçün qərar vermək tezdir.
L.L.Tuğutlu:
- Füsunun mənə bənzəyən tərəfləri çoxdur. Mən də universitetdə oxuyanda Füsun kimi tələbəlik həyatı yaşayırdım. Yalnız və yalnız dərslərimi oxuyurdum. Eşqə gəlincə, bəzən hisslərimə boyun əyirəm, bəzən də daha məntiqimlə hərəkət edirəm. Yəni həmin an keçirdiyim hisslərimə görə davranıram.

- Filmdəki kimi sevginizə sahib çıxıb, arxasınca getmisinizmi?
L.L.Tuğutlu:
- Bəli, həyatda da sevgimin arxasınca getmişəm.

- Azərbaycanı, Bakını bəyəndinizmi?
L.L.Tuğutlu:
- Bayaq şəhəri gəzmək imkanım oldu, ona görə əminliklə deyirəm, şəhəriniz çox gözəldir. Üstəlik də yeməkləriniz dadlıdır. Xarici görünüşümdən bəlli olmasa da, yemək yeməyi çox sevirəm. Yeməkləriniz dadlıdır. Xüsusilə, qutabı çox bəyəndim.
Ç.Ulusoy:
- Təəssüf ki, mən şəhəri gəzə bilmədim. Daha çox istirahət etdim, çünki on gündür qala gecələrində iştirak edirəm. Havalar da soyuqdur. Qrip olmuşam.

Nərmin Muradova


Müəllif: