15 Yanvar 2016 15:03
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yəqin ki, sammit çərçivəsində ikitərəfli görüşlər də keçiriləcək. Həmin görüşlərdə müəyyən müzakirələr aparılacaq. Biz müzakirələrin dairəsi, hansı razılıqların əldə edilib-edilməyəcəyini deyə bilmərik. Amma şübhəsiz ki, bu münasibətlərin irəli aparılması üçün addım da hesab oluna bilər. Hesab edirəm ki, Azərbaycanın xarici siyasət kursunda bütün hallarda ABŞ amili nəzərə alınmalıdır. Ümid edirəm ki, bu səfərdən sonra münasibətlər bir qədər də irəli gedəcək”.

Bunu Teleqraf.com-a müsahibəsində Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. Müsahibəni təqdim edirik:

- Qulamhüseyn bəy, yeddi partiyanın artıq bir araya gəldiyini və yola bu formatda davam edəcəyini demək olarmı?
- Burada söhbət yeddi deyil, altı partiyadan gedə bilər. Xalq Partiyası bu prosesdə iştirak etmədi. Biz “Siyasi Əməkdaşlıq Mərkəzi” formatında əməkdaşlığımızı davam etdirmək barədə razılığa gəldik. Hazırda bu formatda fəaliyyət davam edir.

- Azad Demokratlar Partiyası bu formata daxildirmi?
- Xeyr. Sülhəddin Əkbərin sədri olduğu partiya bu formatda iştirak etmir. Eləcə də, Xalq Partiyasının əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi ilə bağlı müəyyən təklifləri var idi. Lakin sonradan siyasi hərəkatın və siyasi blokun yaranması məsələsi həll edilməmiş qaldı. Ona görə də biz əməkdaşlıq mərkəzi yaratdıq, vaxtaşırı iclaslar keçirmək, ictimai-siyasi vəziyyəti müzakirə etmək, müxtəlif səpkili tədbirlər düzənləməyi qərara aldıq.

- Pənah Hüseynin sədri olduğu Xalq Partiyası hansı səbəbdən bu prosesə qatılmadı?
- Bu sualı həmin partiyanın sədrinə vermək lazımdır. Çünki onlarla bağlı bir məsələdir. Pənah Hüseynə aid olan suala cavab verməyim doğru olmazdı.

- Ancaq Pənah Hüseyn yerdə qalan altı partiya ilə seçkilər dönəmində müttəfiqlik edirdi, sonrakı məqamda da müzakirələrdə iştirak edirdi...
- Fikrimcə, onlar qərara gəlmişdilər ki, seçkilərdən sonra əgər partiya daxilində fərqli qərar qəbul edilməyəcəksə, bu təqdirdə əməkdaşlığı davam etdirmək lazımdır. İndi o partiyanın daxilində fərqli qərar qəbul olunub. Yəqin ki, bu səbəbdən prosesdə sona qədər iştirak etmədilər.

- İndi Mərkəz hansısa tədbirlər keçirməyi nəzərdə tuturmu?
- Bəli, belə bir niyyətimiz və qərarımız var. Bu gün KXCP-nin qərargahında indiki dövr, devalvasiya ilə bağlı tədbir keçirəcəyik, müəyyən təkliflərimiz olacaq. Bundan sonra da adi qaydada fəaliyyətimiz davam edəcək. Yeri gəlmişkən, hazırda fəaliyyət planımızı hazırlayırıq. Əməkdaşlıq davam edəcək və müəyyən tədbirlər də nəzərdə tutulacaq.

- Əməkdaşlıq Mərkəzinin əhatə dairəsinin genişləndirilməsi, bura başqa partiyaların cəlb olunması nəzərdə tutulubmu?
- Yox. Hələ ki, başqa siyasi partiyalarla belə səpkidə müzakirələr aparılmır. Əgər müraciət və ya təkliflər olarsa, buna baxmaq mümkündür.

- Hazırda müxalifət düşərgəsi dağınıq, bir-birini qəbul etməyəcək formatdadır. Bu halda birlik alınacaqmı?
- Biz altı partiya bir araya gəlmişik. Bunu müsbət addım kimi qiymətləndirmək, bu partiyaların fəaliyyətinin birgə aparmaq istəyini pozitiv qarşılamaq lazımdır. Bu, zəruridir. Bir qədər sonra digər partiyaların da birgə fəaliyyəti məsələsi gündəmə gələcək. Hər halda biz fəaliyyətimizi davam etdiririk.

- Altı partiyanın Əməkdaşlıq Mərkəzi yaratmaqda məqsəd nədir?
- Əsas məqsəd odur ki, indiki durumda biz öz fəaliyyətimizi birləşdirək, konkret məsələlərə dair vahid mövqedən çıxış edək. Əlbəttə, burada partiyaların qarşısına konkret məqsəd və fəaliyyət qoyulmayıb, heç bir partiya da üzərinə öhdəlik götürməyib. Sadəcə, bu mərhələdə hesab edirik ki, birgə fəaliyyət və əməkdaşlıq vacibdir. Ona görə də belə qərar verdik.

- Tədbirinizə Müsavat və Milli Şura dəvət olunubmu?
- Siyasi partiyaların dəvəti haqqında söhbət gedib. Bildiyim qədər müəyyən partiyalar dəvət olunacaq. Müsavat dəvət ediləcək, AXCP-nin də dəvəti nəzərdə tutulur. Lakin Milli Şuranı bilmirəm. Bu işlə daha çox KXCP sədri məşğul olur.

- Siyasi partiyalar arasında “filan təşkilat müxalifətdir, digəri müxalifət deyil” kimi bölgünün aparılmasına münasibətiniz necədir?
- Bu, normal bir yanaşma deyil. Bu cür yanaşma uzun müddətdir ki, Azərbaycan siyasi həyatında gedir. Xüsusən, AXCP və Müsavat arasında bu, daha çox rəqabət mövzusuna çevrilib ki, kim daha çox müxalifət partiyasıdır. Eləcə də, “hansının müxalifət partiyası olduğunu mən müəyyən edəcəyəm” kimi yanaşma çox yanlışdır. Birincisi, iqtidarın özü özünə müxalifət formalaşdırmır. Partiyaların özü mövqeyini müəyyən edir. İkincisi, müxalifətdə olan bir partiya digər partiyanın müxalifətdə olub-olmaması barədə rəy verə bilməz. Bunlar yanlış hallardır. Bütün bunlara baxmayaraq müxalifətin müəyyən düzəni mövcuddur. Kimlərinsə bunu qəbul edib-etməməsinin xüsusi bir əhəmiyyəti yoxdur.

- Türkiyədə baş verən son terror aktını necə qiymətləndirirsiniz, sizcə, bununla nəyə nail olmaq istəyirlər?
- Sultan Əhməd meydanında baş verən terror hadisəsində həlak olanların yaxınlarına səbir diləyirəm. Bu terror hadisəsi Rusiya-Türkiyə münasibətləri, türkmənlərə olan mövqedən daha çox asılıdır. Hesab edirəm ki, bu cür təxribatlar və partlayışlar Türkiyəni tutduğu yoldan çəkindirə bilməz.

- Bu sadəcə terror hadisəsidir, yoxsa siyasi çalarlar da mövcuddur?
- Təbii ki, terrorun siyasi çalarları olur. İndi məlum olur ki, bu terroru hansısa regiondan miqrant adı altında gələn insanlar həyata keçirib. Üstəlik bunu İŞİD terror qrupunun törətdiyinə dair rəsmi mövqe ifadə olunub. Məncə, bunu edərkən siyasi məqamlar da nəzərə alınıb. Lakin bütün bunlar bizə dost və qardaş ölkə olan Türkiyəni tutduğu yoldan çəkindirə bilməz.

- Sanki region qaynayır, Suriya problemi həllini tapmayıb, üstəlik İranla-Səudiyyə arasında gərginlik hökm sürür. Bu durum nə vəd edir?
- Əslində, Səudiyyə ilə İran arasında bu formada qarşıdurmaya heç bir əsas yox idi. Səudiyyədə şiə din xadiminin edamı düzgün olmayan addım idi. Ümumiyyətlə, insanı əqidəsinə görə edam etmək doğru deyil. İranın da buna sərt reaksiya verməsi, Tehranda Səudiyyənin diplomatik korpusunu dağıtması da doğru addım deyildi. Son anda bütün bunlar ciddi diplomatik skandala səbəb oldu. Bunlar həmin dövlətlərin nə mövqelərinə, nə də müsəlman statusuna yaraşan addımdır. Xüsusilə, nəzərə almaq lazımdır ki, bu iki dövlət həm də islamda iki ciddi məzhəbin təmsilçiləri hesab olunurlar. Əlbəttə, indi gərginlik var. Amma hər halda ilkin dövrlə müqayisədə indi gərginlik bir qədər səngiyib. Eləcə də, müharibə təhlükəsi tam sovuşmasa da, bir qədər aşağı düşüb. Hesab edirəm ki, bu iki dövlətin rəhbərləri özlərində güc taparaq etdikləri hərəkətlərin səhv olduğunu dərk edəcəklər.

- Sünni və şiələrin yaşadığı bir çox ərəb ölkələri var. Bu vəziyyət ərəb ölkələrində məzhəb qarşıdurmasına səbəb ola bilərmi?
- Bunun olmasını arzu edənlər daha çox ölkələrin içində deyil, xaricində olan qüvvələrdir. Ölkə daxilində belə qarşıdurma yaratmağa cəhdlər olub. Görünən odur ki, indiyə qədər belə bir məzhəb qarşıdurması müşahidə edilməyib. Heç şübhəsiz ki, siyasətdə belə qarşıdurmalar baş verir. Bu da, təəssüfləndirici haldır. Ancaq gələcəkdə bu durumun inkişaf edəcəyini gözləmirəm. Hesab edirəm ki, Tehran və ər-Riyad arasında gərginliyin nisbətən azalması yaxşı haldır.

- Sizcə, nəyə görə qarşıdurmalar, vətəndaş müharibələri ancaq müsəlman ölkələrində baş verir?
- Bu, artıq geniş bir araşdırma mövzusudur. Şübhəsiz ki, burada kənar qüvvələrin, xüsusilə, müsəlman aləmini qarışdırmaq istəyən mərkəzlərin əlləri var. Bunu təkzib etmək olmaz. Amma bu kimi halların niyə məhz müsəlman ölkələrində baş verməsi ciddi araşdırılmalıdır. Məncə, bu araşdırılsa, maraqlı nəticələr ortaya çıxar.

- Suriya böhranının həlli nə dərəcədə real görünür?
- Suriyanın taleyini Suriya xalqı müəyyən etməlidir. İndi beynəlxalq güclər Bəşər Əsəd məsələsində razılaşmır. Rusiya rəhbərliyi qeyd edir ki, lazım gəlsə, Bəşər Əsədə sığınacaq verə bilər. Ancaq Suriya problemini nə cənab Putin, nə də Barak Obama həll etməlidir. Bu, Suriya xalqının öhdəsində olan bir məsələdir. Elə şərait yaratmaq lazımdır ki, bu xalq özü problemini həll etsin. Kənar müdaxilələr problemi dərinləşdirir və gərginləşdirir. Yəqin ki, gec-tez bu problemi Suriya xalqı həll edəcək.

- Vaşinqtonda nüvə sammiti keçiriləcək, bir çox ölkə prezidentləri, o cümlədən Azərbaycan Prezidenti də dəvət edilib. Hazırda Qərb-Rusiya qarşıdurması mərhələsində nüvə sammitindən hansı nəticələr çıxa bilər?
- Hər halda bu cür sammitin keçirilməsi müsbət addımdır. Heç olmasa nüvə müharibəsi və təhlükəsini azalda bilər. Toplantının keçirilməsi, dünya dövlətlərinin bu mövzunu müzakirə etməsi müsbət hadisədir. Lakin nüvə təhlükəsi ilə bağlı məsələ nüvə silahı yaranandan bu yana müzakirə edilir. Vaxtaşırı müzakirələr olur, bu silahın yayılmaması üçün tədbirlər görülür. Amma təhlükə də qalır. Odur ki, Vaşinqton toplantısı müsbət addım olsa da, bu problemi həll etməyəcək. Fikrimcə, Azərbaycan dövlət başçısının da, sammitə dəvət edilməsini əhəmiyyəti hal kimi vurğulamaq lazımdır.

- Azərbaycan rəhbərinin bu sammitdə iştirakı Amerika-Azərbaycan münasibətlərində yaranan problemlərin həlli və inkişafına təkan verəcəkmi?
- Yəqin ki, sammit çərçivəsində ikitərəfli görüşlər də keçiriləcək. Həmin görüşlərdə müəyyən müzakirələr aparılacaq. Biz müzakirələrin dairəsi, hansı razılıqların əldə edilib-edilməyəcəyini deyə bilmərik. Amma şübhəsiz ki, bu münasibətlərin irəli aparılması üçün addım da hesab oluna bilər. Hesab edirəm ki, Azərbaycanın xarici siyasət kursunda bütün hallarda ABŞ amili nəzərə alınmalıdır. Ümid edirəm ki, bu səfərdən sonra münasibətlər bir qədər də irəli gedəcək.

Nemət


Müəllif: