22 Yanvar 2016 11:19
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın Türkiyə və Səudiyyə ilə problemləri daima olub. Bu problemin mərkəzində regionda kimin birinci olması məsələsi dayanır. Əslində, bu problemin özünün də çözülməsində dünyada maraqlı olmayan çoxlu sayda dövlətlər və mərkəzlər var. Yoxsa, bu üç müsəlman dövləti arasında problemlər çoxdan çözülərdi. Türkiyəni istəməyən, Səudiyyənin müsəlman ölkələrinin lideri olmasını həzm etməyən qüvvələr daima bu ölkələr arasında problemləri olması üçün çalışırlar. Bu daha güclü ölkələrin bir növ siyasi balansıdır. Ancaq hesab edirəm ki, bu ölkələr qonşudur, eyni din və mədəniyyətin daşıyıcılarıdır”.

Bunu Teleqraf.com-a müsahibəsində professor Adil Qeybulla bildirib. Müsahibəni təqdim edirik:

- Adil bəy, neçə müddətdir ADR Hərəkatını təsis etmisiniz. Hazırda fəaliyyətiniz varmı?
- Bəli, fəaliyyətimiz var. ADR Hərəkatının sədri Qubad İbadoğlu yeni il ərəfəsində Amerikadan Bakıya gəlmişdi, bir müddət burada oldu. Biz görüşdük, müzakirələr apardıq. Eləcə də, onun sədrliyi altında ADR Hərəkatının bəzi strukturlarının toplantısı keçirildi. Həmçinin təşkilati məsələlərlə bağlı təkliflər irəli sürüldü, hazırda iş gedir. ADR Hərəkatının 50-dən çox rayon təşkilatı formalaşdırılıb. Yəni indiki süstlük şəraitində az qüvvə ilə belə təşkilatı qurmaq xırda iş deyil. Faktiki olaraq bu gün Azərbaycanda fəaliyyət göstərən rəsmi siyasi partiyaların strukturundan daha çox struktura sahibik. Müəyyən məsələlərlə bağlı Azərbaycan hökumətinə təkliflərimiz hazırlanıb. Bu günə qədər iki konfransımız keçirilib, tədbirdə millət vəkilləri də iştirak edib. Daha bir konfransımız olacaq və sonda təkliflərimizi rəsmi strukturlara təqdim edəcəyik.

- Bəs digər təşkilatlarla əməkdaşlıq və müttəfiqlik mövcuddur?
- ADR Hərəkatı ictimai yönümlü təşkilatdır. Odur ki, siyasi bloklarda, digər formatlarda əməkdaşlıqdan söhbət getmir. Biz ilk olaraq təşkilatlanma baxımından işimizi görürük, fəaliyyət göstəririk. Ehtiyac olanda müəyyən məsləhətləşmələr də aparırıq. Lakin hər hansı bir blok şəklində birgə fəaliyyət və əməkdaşlıq məsələsi gündəmdə deyil.

- Bəs gündəmdə olacaqmı?
- Əgər biz siyasi səhnədə varıqsa, özümüzü izolyasiya etməməliyik. Əlaqələrin yaxınlaşmasına, möhkəmlənməsinə ehtiyac olacaqsa, bu addımlar da atılacaq. Lakin hazırda əsas fəaliyyətimizi təşkilatın daxilinə yönəltmişik.

- Sədriniz Qubad İbadoğlu az qala bir ilə yaxındır ki, ölkədə deyil, Amerikada hansısa proqramlarda fəaliyyət göstərir. Sədrsiz hərəkatın fəaliyyəti nə qədər davam edəcək?
- Məndə olan məlumata görə, Qubad İbadoğlu mart ayının sonunda Azərbaycana qayıdacaq. Yəni bu birdəfəlik qayıdışdır. Bundan sonra sədr hərəkatın fəaliyyəti ilə məşğul olacaq.

- Ölkədəki durumu, müxalifətin vəziyyətini necə qiymətləndirirsiniz?
- Hazırda dünyada qlobal maliyyə-iqtisadi problem yaşanır. Dünya bazarında neftin qiyməti kəskin aşağı düşüb, ən azı qiymət əvvəlki dövrlə müqayisədə 3 dəfə azalıb. Azərbaycan da neft ölkəsidir. Hazırda dünyada dolların faiz dərəcəsinin artırılması onun kursuna ciddi təsir edib. Azərbaycan da bu prosesdən kənarda qala bilməz. Neftin qiymətdən düşməsi həm daxili iqtisadiyyatımız, həm də neft sektorunun özü üçün problemlər və maneələr yaradır. Odur ki, qeyri-neft sektorunun inkişafı çox zəruridir. Amma fakt qarşısındayıq. İndiki şəraitdə Azərbaycanın dövlət maraqları, təhlükəsizlik və suverenliyi hər şeydən öndə olmalıdır. Çünki istənilən situasiyada hər bir vətəndaş bu məqama diqqət etməlidir. Azərbaycanın geopolitik durumu, ərazinin bir hissəsinin işğalda olması kimi faktorlar yada salınmalıdır. Sosial xarakterli etirazlar, bəzi narazılıqlar olur və bu, təbiidir. Hesab edirəm ki, hökumət bunun üçün təxirəsalınmaz tədbirlər görməlidir. Prezident islahatlarla bağlı anons verib, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün addımlar atılacağını bəyan edib. Bu proses kompleks şəkildə aparılmalıdır.

- Rusiya prezidentinin müşaviri ABŞ Dövlət Departamentinin nümayəndəsi Nulandla məxfi müzakirələr aparıb, İrana qarşı sanksiyalar aradan qaldırılır. Sizcə, regionda hansı proses müşahidə olunur?
- Əslində, Yeltsin dövründə Rusiyada ayrı-ayrı kiçik dövlətlərin yaradılması Qərbin maraq dairəsində olmadı. Qərb bu yanaşmanın əleyhinə çıxdı. Fikirləşdi ki, ayrı-ayrılıqda kiçik dövlətlərin kaprizi ilə oynamaqdansa, demokratik Rusiya ilə əməkdaşlıq etmək daha münasib olar. Lakin təcrübə göstərdi ki, Rusiya SSRİ və imperiyanın hüquqi varisidir, özünün dünyada müəyyən maraqları var, bu maraqları daima qoruyur, güzəştə getmir və s. Başqa sözlə, Qərb istədiyi Rusiyanı görə bilmədi. Hazırda Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edilir. Bu, sözsüz ki, Rusiyaya müəyyən qədər zərbə vurur, onu zəiflədir və s. Yeltsin dövründəki Rusiya ilə indiki Rusiyanın iqtisadiyyatını müqayisə edəndə geriləmənin olduğu ortaya çıxır. Qərb də müəyyən addımlar atmaq zorunda qaldı. Rusiyanın dostu olan İrana qarşı beynəlxalq sanksiyaların götürülməsi, bu ölkənin neftinin dünya bazarına çıxarılması faktı geopolitikada yeni siyasi situasiya yaratmış oldu. Bu vəziyyətdə Rusiyanın neftinin aktuallığı, qiyməti arxa palana keçir. Üstəlik, Rusiyada neftin çıxarılmasının maya dəyəri bir qədər baha başa gəlir. Bu durum davam edərsə, Rusiyanın neft çıxarmasının az qala effekti olmayacaq. Yəni bu sahə iqtisadi maraqlar baxımından cəlbedici olmayacaq. Belə vəziyyətdə rublun qiymətdən düşməsi baş verir. Sözsüz ki, Rusiya iqtisadiyyatı güclüdür, neftin ancaq daxili bazarda satılması ilə də problem həll edilmir. Çünki daxili bazarda da problemlər var, qiymətlər qalxır. Bu vəziyyətdə Rusiya müəyyən danışıqlar aparmalıdır. İndiki halda Qərb daha çox Rusiyanın Ukrayna məsələsində bir addım geri atmasını, ölkə daxilində müəyyən islahatlara gedilməsinə çalışacaq. Bu danışıqların nəticəsi bir müddətdən sonra bəlli olacaq. Bəllidir ki, Rusiya Avropaya neft və qaz nəql edir. Avropada hesab edirlər ki, mavi yanacağın Rusiyadan alınması bu qitənin təhlükəsizliyi baxımından müəyyən qədər təhdidlər yaradır. Ona görə də Rusiyadan yan keçməklə Avropaya yeni qaz və neft borularının çəkilməsi məsələsi meydana atıldı, bu proses getdi. Ancaq Rusiya hələ də dünyada əhəmiyyətli qaz və neft ehtiyatlarına malikdir. İran neftinin bazara çıxmasının nəticələri də yaxın dövrlərdə ortaya çıxacaq.

- İran-Türkiyə, İran-Səudiyyə münasibətlərində də problemlər var...
- İranın Türkiyə və Səudiyyə ilə problemləri daima olub. Bu problemin mərkəzində regionda kimin birinci olması məsələsi dayanır. Əslində, bu problemin özünün də çözülməsində dünyada maraqlı olmayan çoxlu sayda dövlətlər və mərkəzlər var. Yoxsa, bu üç müsəlman dövləti arasında problemlər çoxdan çözülərdi. Türkiyəni istəməyən, Səudiyyənin müsəlman ölkələrinin lideri olmasını həzm etməyən qüvvələr daima bu ölkələr arasında problemləri olması üçün çalışırlar. Bu daha güclü ölkələrin bir növ siyasi balansıdır. Ancaq hesab edirəm ki, bu ölkələr qonşudur, eyni din və mədəniyyətin daşıyıcılarıdır. Odur ki, mümkün qədər münasibətləri pozitiv reysə keçirməlidirlər.

- Adını çəkdiyimiz hər üç ölkənin mövqeyi həm də Suriya məsələsində fərqlidir. Necə düşünürsünüz, Suriya böhranı nə zaman həll ediləcək?
- Suriya böhranı həll ediləcək. Bu problemin həll edilmədiyi hər bir gün orada insan təlafatı anlamına gəlir. Bəşər Əsəd hakimiyyətdən gedəcək. Bu qərar var və öz həllini tapacaq. Ən əsas məsələ odur ki, bu gün SSRİ-nin dağılması və dünyanın bir qütblü sistemə keçidindən sonra indi dünyanın yenidən bölüşdürülməsinə start verilib. Suriyada və İraqda gedən proseslər bunun konturlarıdır. Suriyada yenidən ayrıca bir müstəqil dövlətin olması şübhə altındadır. Ola bilsin ki, burada kürdlərə ayrı dövlət qurulacaq və ya başqa formatlar seçiləcək. Eləcə də, İsrailə qarşı ayrıca güc formalaşdırmaq istiqamətində də işlər gedir. Bu, Amerikanın siyasətidir.

- Söhbət Amerikadan düşmüşkən, martın sonunda Vaşinqtonda nüvə sammiti keçiriləcək. Bu toplantı nüvəsiz dünya formalaşdırmaq imkanında olacaqmı?
- Bu konfrans həm simvolik xarakter daşıyır, həm də bu problemin daima dünyanın gündəmində olduğu mesajını verir. Odur ki, bu sammitə nüvə dövlətləri ilə yanaşı nüvə silahı olmayan ölkələr də dəvət olunur. Bu sammitin önəmi ondan ibarətdir ki, beynəlxalq qərarlar var. Hər hansısa bir ekstremal situasiya yarandığı təqdirdə bu sammitin qərarlarından, gəlinən nəticələrdən istifadə ediləcək. Orada iştirak edən dövlətlər bir daha bilir ki, dünyanın mövqeyi nədən ibarətdir. Şübhəsiz ki, sammitin önəmi var. Çox yaxşı haldır ki, bu yüksək sammitdə Azərbaycan dövlət başçısı da iştirak edəcək. Hesab edirəm ki, Azərbaycanın belə mühüm tədbirlərdə dövlət başçısı qismində təmsil olunması çox əhəmiyyətli hadisədir. Azərbaycanın birinci şəxsinin təmsil olunması çox vacibdir. Burada söhbət ancaq konfransdan getmir. Ola bilsin ki, ikitərəfli görüşlər keçirilsin, müəyyən təmaslar baş versin. Bu mənada tədbir önəmlidir. Bu tədbirlərdə iştirak Azərbaycanın xeyrinədir.

Nemət


Müəllif: