28 Yanvar 2016 11:39
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kim diqqətlə prosesi izləyirsə bilir ki, vaxtilə Bəşər Əsədə qarşı ABŞ, Avropa, bəzi ərəb ölkələri, neft maqnatları birləşmişdi. Rusiyadan və müsəlman ölkələrindən çoxlu sayda insan Suriyaya toplaşmışdı və Əsədə qarşı döyüşürdülər. Belə muzdluların sayının 30 min civarında olduğu qeyd olunurdu. Ona görə də, bəyan edirdilər ki, artıq Bəşər Əsədin sonudur və s. Amerika da onlara silah verirdi. Səudiyyə və Qətər də bu prosesə dəstək göstərirdi. Belə bir şəraitdə bəllidir ki, Əsəd hökuməti zəifləyirdi, müqavimət azalırdı. Həmin dövrdə faktiki olaraq ölkə ərazisinin 75 faizinə qiyamçılar nəzarət edirdi”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. Müsahibəni təqdim edirik:

- İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra bu ölkə Avropa və dünyanın əsas diqqət mərkəzindədir. İrana qarşı bu marağın kökündə nə dayanır?
- Bunun bir neçə səbəbi var. Birincisi, İran dünyanın ən qədim dövlətlərindən biridir. Min illik tarixi var. Dünyada belə dövlət çox azdır. Məsələn, Misir, İran, Yunanıstan, İtaliya var. Onlardan sonra gənc dövlətlər gəlir ki, bunların da yaşı yüz illərlə ölçülür. İkincisi, İran çox mədəni ölkədir, zəngin tarixi irsi var. Üçüncüsü, dünyada əksər dövlətlər Qərbə, xüsusilə, Amerikaya baş əyir, onun sözü ilə oturub-durur. Çox az dövlət qalıb ki, Amerikaya biət etmir, müstəqil siyasi və iqtisadi xəttini yürüdür. Belə dövlətlərə də maraq böyük olur. İran da bu dövlətlərdən biridir. Dördüncüsü, İranın nəhəng iqtisadi potensialı var. Bu ölkə neft-qaz ehtiyatlarına görə ön sırada durur. Lakin buna baxmayaraq, İranın güclü sənayesi, çalışqan gənc əhalisi və böyük bazarı var. Savadlı ölkədir. Elm istiqamətində savadı təxminən Rusiya ilə eynidir. Mütərəqqi elm sahələrində uğurları var. Odur ki, dünya İrana həm bazar, həm də siyasi baxımdan maraqlı ölkə kimi yanaşır.

- Sizin fikrinizdən belə çıxır ki, İran dəhşətli şəkildə inkişaf edəcək?
- Deməzdim ki, dəhşətli şəkildə inkişaf edəcək. İran sanksiyalara rəğmən inkişafını davam etdirirdi. 30 il Qərb ölkələri islam inqilabının nəticəsində yaranan islam respublikasına qarşı cəza tədbirləri gördü, sanksiyalar tətbiq etdi, maneələr yaratdı. Lakin buna baxmayaraq, İran bəzən sürətlə, bəzən ahəstə şəkildə inkişafına nail oldu. Məsələn, sanksiyalar dövründə İran bir çox sənaye sahələri yarada bildi. Hərbi sənaye sahəsi yaradıldı, bir çox elmi uğurlar qazanıldı, alimləri nano texnologiya, təbabət, biologiya və s. sahələrdə irəliyə getdi. Bu, reallıqdır. Başqa sözlə, İran hər cəhətdən maraqlı və güclü dövlətdir. Həqiqi müstəqil dövlətdir. Onunla iş birliyi qurmaq, ticarət etmək, siyasi əməkdaşlığa nail olmaq hamı üçün sərfəlidir.

- Bəlkə, İrana qarşı belə yüksək maraq bu ölkənin dondurulmuş və sanksiyalardan sonra əldə edəcəyi 100 milyardlarla puldur...
- Cəza tədbirləri davam edən illərdə İranda inkişaf dayanmayıb, bundan sonra da inkişaf gedəcək. Əvvəla, İran dövlətinin Qərb banklarında dondurulan 100 milyarda yaxın pulu var. Tədricən bu pulları İran geri alır. Nəhayət, İrana qarşı qoyulan embarqolar səbəbindən neftin hasilatı və satılması xeyli dərəcədə aşağı düşmüşdü. İndi İran dünya neft bazarında əvvəlki çəkisini və payını bərpa edə bilər. İranda neftin maya dəyəri çox aşağıdır. İran ucuz qiymətə neft satsa belə, öz gəlirini götürəcək. Həmçinin neft bazarında qiymətlərin tənzimlənməsi prosesinə bu ölkənin ciddi təsiri ola bilər. Bu da, bir dövlət olaraq onun əhəmiyyətini qaldırır. Qadağalar aradan qalxandan sonra müasir texnologiyalara çatmağı yüngülləşə, müasir zavodlar qurula bilər və s. Artıq söhbət gedir ki, Rusiyadan Buşehrdə tikdiyi stansiya kimi daha iki stansiya qurmaq istəyir. Eyni zamanda, 5-6 dənə də Qərb tipli atom elektrik stansiyasi tikmək niyyətindədir. Bu isə onlarla milyard dollar deməkdir. Hazırda Tehrana gedib-gələn Qərb dövlətlərinin nümayəndə heyətlərinin ardı-arası kəsilmir. Prezident Həsən Ruhani də Avropada səfərdədir. Yəqin ki, gördünüz, İtaliya ilə 17 milyard dollarlıq saziş imzalandı. Eləcə də, Çin rəhbəri Tehrana gəldi, bu zaman da nəhəng müqavilə imzalandı. Hazırda gözlənilir ki, Prezident Həsən Ruhani Fransada da böyük bir müqavilə imzalasın. Rusiya ilə də müqavilələri var və gələcəkdə də imzalana bilər. Hazırda Amerika şirkətləri də İranla ciddi maraqlanır. Baxmayaraq ki, Amerikanın özündə mühafizəkar və sionistpərəstlər bunu istəmir. Amma burada da sonda tamah güc gələcək və Amerika şirkətləri İrana girəcək. Çünki islam inqilabından əvvəl İranın bir nömrəli tərəf müqabili elə Amerika idi.

- İranla Avropanın yaxınlaşması Tehran-Moskva münasibətlərinə hansı təsiri göstərəcək?
- Bu, İranın müstəqil siyasət aparmaq imkanlarını bir qədər də gücləndirir. Vaxtilə İran Rusiyadan asılı idi, çünki Qərb birmənalı olaraq Tehranla əlaqələr qurmaqdan imtina edirdi. İran da Rusiyanın şıltaqlığına dözürdü, üzünü ona tərəf çevirmişdi. Moskva da gah Tehrana S-300 raket kompleksləri satır, müqavilə imzalayır, gah da Qərbin təzyiqi ilə bu müqavilələrdən imtina edirdi. İran da onu beynəlxalq məhkəmə ilə hədələyirdi və s. Belə şeylər çox olurdu. Ancaq indiki yeni situasiyada İran ötkəm bir tərzdə Rusiyadan ona lazım olan şeyləri asanlıqla alacaq. Rusiya da minnət qoymadan öz mallarını satmağa çalışacaq. Bu da, bərabərhüquqlu əlaqələrin qurulması deməkdir.

- İran-Qərb yaxınlaşması regional problemlərin həllinə hansı təsirləri göstərəcək?
- Regionda mövcud olan problemlər bəllidir. Əsas problem İraq Şam İslam Dövlətidir. Tehran bu quruma qarşı döyüşür. Digəri Taliban problemidir, İran bu quruma mənfi münasibət bəslədiyini ifadə edib. Əl-Qaidə məsələsi var və Tehran bu quruma düşmən olduğunu bildirib. Bütün bu məsələlərdə İranın mövqeyi Qərbin üzdə ifadə etdiyi mövqe ilə üst-üstə düşür. Qərb İraqa daxil oldu, Səddam rejimini dağıtdı, nəticədə İraqda şiə hökuməti quruldu. Şiələr seçkilərdə qalib gəldi. İndi İraqın şiə hökuməti İranın bir nömrəli müttəfiqinə çevrilib. Bundan başqa müsəlman şərqində İranı dəstəkləyən Suriya rejimi var. Qərb Suriya rejimini dağıtmaq istədi, amma alınmadı. Nəticədə Rusiya və İran Bəşər Əsəd məsələsində yaxınlaşdı və iş ortaqlığı yarandı. Hizbullah İranın müttəfiqi idi, çünki şiə hərəkatı idi. Bunların da nüfuzu artdı, çünki Suriyada bir neçə qələbələri oldu. Bütün bunlar göstərir ki, İran regional məsələlərin həllində söz sahibidir. Səudiyyə Ərəbistanı İrana kəllə atmaq istədi, amma alınmadı. Yəməndə də nəsə etmək istədi, lakin bu da baş tutmadı. İran kifayət qədər güclü dövlətdir və öz siyasi xəttini mülayim şəkildə, qətiyyətlə həyata keçirir.

- İran Suriya məsələsində Qərblə eyni mövqedən çıxış edə bilərmi?
- Hər halda Bəşər Əsədə qarşı döyüşən İŞİD-lə bağlı Vaşinqton və Tehran eyni mövqedən çıxış edir. Bəşər Əsədin hakimiyyətdə qalıb və getməsi məsələsinə gəldikdə, Rusiya, İran və İraq hesab edir ki, kimin hakimiyyətdə olması məsələsi sadə suriyalıların mövqeyindən asılıdır. Yəni bu Qərbin mövqeyindən asılı ola bilməz.

- Hazırda Suriya ilə bağlı maraqlı xəbərlər yayılır. İddia edilir ki, Bəşər Əsəd hazırda çox güclənib və ölkə ərazisinin artıq 80 faizinə qədərinə nəzarəti qaytara bilib. Bu, doğrudurmu?
- Kim diqqətlə prosesi izləyirsə bilir ki, vaxtilə Bəşər Əsədə qarşı ABŞ, Avropa, bəzi ərəb ölkələri, neft maqnatları birləşmişdi. Rusiyadan və müsəlman ölkələrindən çoxlu sayda insan Suriyaya toplaşmışdı və Əsədə qarşı döyüşürdülər. Belə muzdluların sayının 30 min civarında olduğu qeyd olunurdu. Ona görə də, bəyan edirdilər ki, artıq Bəşər Əsədin sonudur və s. Amerika da onlara silah verirdi. Səudiyyə və Qətər də bu prosesə dəstək göstərirdi. Belə bir şəraitdə bəllidir ki, Əsəd hökuməti zəifləyirdi, müqavimət azalırdı. Həmin dövrdə faktiki olaraq ölkə ərazisinin 75 faizinə qiyamçılar nəzarət edirdi. Bəşər Əsəd Dəməşq və bir neçə böyük şəhərə nəzarət edirdi. Amma sonra İran silahlıları, Hizbullah, Rusiya aviasiyası gəldi. Üstəlik Suriya kürdlərini silahlandırdılar. İran da bu prosesi dəstəklədi. Həmçinin Türkiyənin İŞİD-ə göstərdiyi yardımın qarşısı alındı. Bütün bunlardan sonra Suriya ordusu və könüllüləri özünə gəldi. İndi Suriyanın böyük bir hissəsini Əsəd öz nəzarətinə qaytara bilib. Bəşər Əsədin bu prosesin sonunda qalib olub-olmayacağı ayrı məsələdir və qiyamçılara dəstək verən dövlətlərin mövqeyindən asılıdır. Dünyada macəra axtaran, həyatından küsən insanlar çoxdur. Əgər pul verən ölkələr bu maliyyəni dayandırmasalar, Suriyada müharibə uzun çəkəcək. Pulu isə Qətər və Səudiyyə verir.

- Bəşər Əsəd hakimiyyətdə qala bilsə, Suriya-Türkiyə münasibətləri necə olacaq?
- Ərdoğanla Əsəd əvvəl ailəvi dost idi, bayramları bir yerdə keçirirdilər. Sonradan Ərdoğan Bəşər Əsədə və Suriya rejiminə düşmən oldu. Bunun nəticəsində Türkiyə biznesi 10 milyardlarla pul itirdi. Sonra Suriyada ixtişaşlar Türkiyə ərazisinə keçdi. Ankara 2 milyondan çox qaçqın qazandı. Kürd məsələsi qabardı və gərginləşdi. Ərdoğanın bu gedişi Türkiyəyə baha oturdu. İndi Ərdoğan və Əsəd qalacaqsa, təbii ki, onlar arasında münasibətlərdən söhbət gedə bilməz. Amma obyektiv zərurət də var. Bu adamlar da əbədi deyil. Nə vaxtsa zamanın tələbi və həyatın özü məcbur edəcək ki, Türkiyə ilə Suriya mehriban qonşuluq siyasətini bərpa etsinlər. Bunun 1 ildən, yoxsa 10 ildən sonra olacağını demək çətindir. Hər halda bu iki dövlət adamının səhvi iki dövlət arasında münasibətlərə çox mənfi təsir göstərdi.

Nemət


Müəllif: