3 Fevral 2016 14:32
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət düşərgəsində təmsil olunan bir çox partiyaların və ictimai təşkilatların iştirakı ilə fevralda daha bir toplantı təşkil ediləcək. Hazırda bu toplantı ilə bağlı müzakirələr aparılır. Müsavat, AXCP və Milli Şura isə bu toplantını faktiki olaraq boykot edir.

Qeyd edək ki, yanvarın 24-də 10-a yaxın partiya ADP qərargahında toplantı keçirib və İşçi Qrupu yaradıb. Hazırda hər həftə işçi qrupunun toplantısı keçirilir.

İşçi Qrupunda təmsil olunan "Ağ Blokun" nümayəndəsi Tural Abbaslı bildirib ki, onların növbəti toplantısı bu gün keçiriləcək: "Vətəndaş və İnkişaf Partiyasının ofisində toplaşacağıq. Burada bir sıra məsələlər müzakirəyə çıxarılacaq. Təkliflərdən biri budur ki, fevral ayının ortalarında daha bir konfrans təşkil edək. Burada konkret təkliflər var. Həmçinin strukturlaşma, bir araya gəlinən birliyin adı məsələsi müzakirə edilə bilər. Habelə yeni dəvətlilər, yeni qoşulmaq istəyənlər məsələsi var. Ən vacibi odur ki, strukturlaşma istiqamətində konkret addımlar atılsın. Qeyd edim ki, 24 yanvar toplantısından sonra bizə qoşulmaq üçün müəyyən müraciətlər edilib. Onların içərisində partiya sədrləri də var. Onlar İşçi Qrupda təmsil olunan müxtəlif şəxslərə müraciətlər ünvanlayıblar. İşçi Qrupunda görmək istənilən təşkilatlar və şəxslərlə bağlı da fikir mübadiləsi olub. İş bölgüsü aparılıb ki, kimlər kimlərlə danışsın, hansı şəxslər bu quruma dəvət edilsin. Hələlik ad açıqlamağa ehtiyac duymuruq, lakin adlar var. Təbii ki, bütün bunlarla bağlı fikir mübadiləsi aparılacaq. 24 yanvar tədbirindən bu yana İşçi Qrupu iki dəfə toplaşıb. Bu gün üçüncü toplantısıdır və hesab edirəm ki, artıq strukturlaşma ilə bağlı qərarlar qəbul olunmalıdır".

Tural Abbaslı Milli Şura və Əli Kərimlinin sədri olduğu AXCP-nin onların tədbirini boykot etməsi haqqında da danışıb: "Bu qurumlar mətbuata açıqlamaları zamanı iddia ediblər ki, guya 24 yanvar tədbirinə dəvət almayıblar. Ancaq bu, səhv fikirdir. Biz tədbiri təşkil edəndə konkret olaraq təşkilatçılar, təşəbbüskarlar məsələsini arxa planda qoyuruq. Məqsəd odur ki, hər bir qurum özünü təşkilatçı hesab etsin. Həm də burada iştirak etməmək üçün əlavə bəhanəsi olmasın. Ancaq açıq deyim ki, Milli Şura da, AXCP - də, Müsavat da bu tədbirə dəvətli idi. Onlara bu barədə deyilmişdi. Ən azı bu tədbirdən məlumatlı idilər. Lakin toplantıya qatılmadılar. Hesab edirəm ki, onların dediklərində səmimiyyət yoxdur. Əgər bir qüvvə dəvət olunduğu tədbirə qatılmırsa, bunun izahatını da verməyi bacarmalıdır. Açıq deməlidir ki, "biz şəxsi maraqları siyasi maraqlardan üstün tutaraq tədbirə qatılmadıq". Tədbirə qatılmayıb sonradan ictimai qınaqdan yayınmaq üçün "tədbirə dəvət edilməmişdik" mövqeyini ortaya qoymaq səmimiyyətdən irəli gəlmir. Açıq bəyan etmək lazımdır ki, onlar səmimi deyillər. Tədbirə qatılmadıqlarını da əsaslandıra bilmirlər".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər