4 Fevral 2016 13:05
1 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər Zakir Yusifov iddia edirsə, mülk onundur, ortaya başqa arqument qoymaq olar. Hər bir övlad atasının vərəsəlik hüququna malikdir. Zakir Yusifovun övladının sayını öyrənmək lazımdır, övladlar içərisində Zal Yusifovun payı hərraca qoyulmaqla əmanətlər zərərçəkənlərə ödənilə bilər. Fərqi yoxdur diri ikən, yaxud ölümündən sonra hər bir atanın qazancından övladlarına vərəsəlik çatır. Gözləmək lazım deyil ki, Zakir Yusifov dünyasını dəyişsin, sonra məsələ həllin tapsın. Bu arqument qoyula bilər, Zal Yusifova çatan vərəsəlik payı hərraca çıxarmaqla insanların əmanətlərini qaytarmaq lazımdır. Bu arqumentlərlə məhkəmə prosesini udmaq olar”.

Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib. Müsahibəni təqdim edirik:

- Anti-böhran tədbirləri üçün müxtəlif təkliflər səslənir. Siz deputat və partiya sədri kimi ölkədə yaranmış situasiyadan çıxış yolunu nədə görürsünüz?
- Prezident İlham Əliyevin əlində bitkin bir proqram mövcuddur. Yanvardan başlayaraq həmin proqram zərgər dəqiqliyi ilə həyata keçirilir və bundan sonra da cənab Prezidentin müəyyən etdiyi kursa uyğun olaraq hədəflərə doğru ciddi addım atılacaq. Bizim bir vətəndaş, siyasətçi və deputat olaraq möhtərəm Prezidentimizi dəstəkləmək, onu müdafiə etmək, həyata keçirdiyi siyasətin yanında olmaqdan başqa üzərimizə vəzifə düşmür. Ölkə başçısı öz Konstitusiya səlahiyyətlərinə uyğun olaraq dünyanı bürüyən neqativ durumun məntiqindən doğan vəziyyətdə də çox ciddi addımlar atır. Əminəm ki, bu addımlar öz səmərəli nəticəsini verəcək. Həm daxildə resurslar hərəkətə gətirilib, həm də bütün potensialımız səfərbərliyə alınıb. Ölkədə yaranmış situasiyanın ciddi nəticələr verməməsi üçün qabaqlayıcı tədbirin keçirilməsinə hər hansı mane ola biləcək şəxs və qurumlara nəzarət edilir. Ölkə daxilində bütün proseslər cənab Prezidentin tam nəzarəti altındadır. Bunlar, eyni zamanda, xarici siyasətdə müşahidə olunur. Cənab Prezident bir müddət öncə Çinə getdi, indi artıq “İpək yolu” marşrutu hərəkətə başlayıb. BƏƏ-yə səfəri zamanı mühüm sənədləri imzalaması göstərir ki, ölkə başçısının masasının üzərində konkret fəaliyyət proqramı mövcuddur. Bu proqram intensiv şəkildə, ardıcıl formada həyata keçirilir.

- Prezident çıxışında məmurları Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsal etdiyi “NAZ-Lifan” markalı avtomobillər və yerli mebellərdən istifadəyə çağırdı. Bəs, Siz avtomobilinizi və ya mebellərinizi yerli istehsalla əvəzləməyi düşünürsünüz?
- Prezidentin söylədiyi fikirlərin mahiyyətində yerli istehsalın artırılması dayanır. Əlbəttə, yerli istehsal varsa, onun satışı da olmalıdır. Bu baxımdan dövlət strukturlarına çağırış etdi ki, yerli istehsalı stimullaşdırmaq və genişləndirmək lazımdır. Prezident misal kimi iki sahənin adını çəkdi. Bildirildi ki, Naxçıvanda istehsal olunan maşınların alınması, kabinetlərdə yerli mebellərin istifadə olunması daha məqsədəuyğundur. Bu, doğru çağırış idi, hər hansı bir şəxsin imkanı varsa, gedib evinə yerli mebellər ala bilər. Kiçik məmurlardan tutmuş yüksək vəzifəli şəxslərə qədər hər kəs dövlət strukturlarındakı kabinetlərdə yerli mebellərə üstünlük verməlidir, çünki xarici mebellərə ehtiyac yoxdur. Mənim öz ofisimdəki mebel Bakıda ustanın yığdığı yerli mebeldir. Maşınım isə 5 il bundan qabaq aldığım “BMW” markalı avtomobildir. Maşınımı dəyişməyi fikirləşirəm, tam səmimiyyətlə deyirəm ki, indiki qiymətlərlə yeni maşın almaq üçün imkanım məhduddur. Naxçıvanda istehsal olunan maşının görünüşü yaxşıdır, baxacağam, keyfiyyəti normal olarsa, niyə də almayım?

- AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı müzakirəyə çıxarılan qətnamələrdən biri qəbul olunsa da, digəri müzakirələrdən keçmədi. Müzakirələrdən öncə ATƏT-in Minsk qrupunun bəyanat verməsini necə şərh edərdiniz?
- Əlbəttə, bunu heç də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin məğlubiyyəti kimi qiymətləndirməzdim. Çalışmaq lazımdır ki, baş verən hadisəyə obyektiv münasibət bildirilsin, hər şey öz adı ilə çağırılsın. Mahiyyət etibarilə bir-birinə tamamilə uyğun gələn, hətta demək olar ki, əksər müddəaları üst-üstə düşən iki qətnamənin bir iclasda qəbul olunması inandırıcı görünmürdü. Birinci qətnamənin adı daha çox siyasi xarakter daşıdığına görə ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda ermənipərəst qüvvələr bir koalisiyada birləşərək onun keçməsinə imkan vermədi. Hətta həmkarlarımızın rəsmi açıqlamalarından da bəlli oldu ki, orada kifayət qədər saxtakarlıqlar olub, din amili rol oynayıb, hər şey işə salınıb ki, qətnamə qəbul edilməsin. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli olunmasını, işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad edilməsini öz inhisarına götürüb. Amma nəticə etibarilə bu inhisar Ermənistanın işğalçı siyasətinə xidmət edir. Onlar istəmir ki, məsələ AŞPA kimi beynəlxalq təşkilatda siyasi qətnamə kimi qəbul olunsun. ATƏT Parlament Assambleyası özü belə başqa bir beynəlxalq təşkilata təzyiq edir ki, qətnaməni qəbul eləmə, bu, bizim səlahiyyətimizdədir. Halbuki, Avropa Şurasının dünyanın ayrı-ayrı yerində insan haqları ilə bağlı istənilən məsələni müzakirə edib ona öz münasibətini bildirmək təcrübəsi var və onun fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmayıb. Qətnamənin qəbul edilməməsi Azərbaycana qarşı ikili standartın, riyakar Ermənistanın yanında olmaq kimi bir siyasətin məntiqinə söykənir və onun ifadəsidir. Sərsəng su anbarı ilə bağlı qətnaməyə gəlincə, buradakı müddəalarda Ermənistanın işğalçı dövlət olması öz əksini tapıb. Ermənistan qətnamədə birbaşa öz adı ilə, işğalçı dövlət kimi ifadə olunub. Bir şeyi də xatırladım ki, analoji vəziyyət bir neçə il bundan qabaq BMT-də də olmuşdu. ATƏT-in Minsk qrupunun həmsədrləri BMT-də də müzakirə olunan qətnamənin əleyhinə səs verdilər və bir çox dövlətlərə təşviq etdilər ki, qətnamə qəbul olunmasın. ATƏT-in Minsk qrupu faktiki olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirmir. Minsk qrupu ona verilən mandatın təlimatına uyğun hərəkət etmir, əksinə status-kvonu saxlayır, illərdir Ermənistanın işğalçı siyasətinə xidmət edən siyasət həyata keçirir. Ona görə də Azərbaycan Prezidenti tamamilə doğru olaraq ATƏT-in Minsk qrupunun konfransının keçirilməsinin zəruriliyini ortaya qoydu. Düşünürəm ki, belə bir konfransın keçirilməsi son dərəcə vacibdir.

- Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması məsələsi gündəmə gəlib. Sizin bu təklifə münasibətiniz necədir?
- Bu, real məsələ deyil. İşğal altındakı torpaqları azad etməliyik, milli-mədəni muxtariyyət verilməsi və ya Muxtar Vilayətin bərpası danışıqlar predmetinin sonrakı mərhələsidir.

- Devalvasiya sonrası bank sektorunda narazılıqlar daha da artıb. Bu istiqamətdə hansı islahatları vacib sayırsınız?
- Çox təəssüf ki, bank sektorunda xoşagəlməz vəziyyət hökm sürür. Dəfələrlə bununla bağlı Milli Məclis tribunasından öz fikirlərimizi bildirmişik. İnsanlar banklar tərəfindən ciddi istismara məruz qalır, çox ağır faizlərlə istehlak kreditləri verilir. Bunlar da vətəndaşları çıxılmaz duruma salır. Kreditlərin dollarla təklif edilməsi də xoşagələn hal deyil. Dolların manata qarşı möhkəmlənməsi durumunda bankların vətəndaşları aldadaraq və ya zorən dollarla kredit alınmasına şərait yaratdıqlarına görə insanlar çox əziyyət çəkir. Azərbaycanda valyuta milli manatımızdır. Bütün mübadilə, alış-veriş, ticari əməliyyatlar manatla həyata keçirilir. Kimsə istənilən xarici valyutanı, yaxud dolları ticarət mərkəzində satıcıya verib nə isə almaq istəyəndə həm ticarətçi, həm də pul təklif edən şəxs məsuliyyət daşıyır. Əgər bu hal ölkəmizdə alış-veriş zamanı qadağan olunubsa, o zaman sual olunur, niyə banklar məsuliyyətə cəlb olunmurlar. Belə arqumentlər söyləyirlər ki, banklar insanlara məcburi şəkildə dollar verməyib. Bir şəxs övladına toy edirsə və ya qohumu xəstədirsə, məcbur olub banka müraciət edir, bank da deyir manat yoxdur, dollar verirəm, istəyirsən al, istəmirsən alma. Vətəndaşın qarşısına seçim qoyulmur deyə məcbur olub dollarla kredit götürür. Bu problemin həlli hüquqi müstəvidə öz əksini tapmalıdır. Çünki banklar devalvasiyadan külli miqdarda pul qazandılar. Əlbəttə, banklar içində insaflı davranan, özünə hörmət edən də var, ancaq bunlar barmaqla sayılacaq qədərdir.

- Bank sektorunda işbaz bank sahiblərinin qurbanı olan insanlar da var. Bununla bağlı qəzetimizə çoxsaylı müraciətlər olur. Məsələn, “Texnikabak”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov 81 nəfərin küllü miqdarda pulunu mənimsəyərək özünə mülklər alıb. Keçmiş bankir əmanətçilərin pulları hesabına aldığı mülkləri atasının adına rəsmiləşdirib. Mülkün hərraca qoyularaq zərərçəkmişlərə qaytarılması haqda məhkəmə qərarı olsa da, bankirin atası Zakir Yusifov icraya imkan vermir. Məsələ yubanır, zərərçəkmişlər əziyyət çəkir, insanlar batmış əmanətini geri qaytara bilmir. Yüzə yaxın insan hüququnu necə bərpa etməlidir?
- Keçmiş bankir Zal Yusifov qabaqgörənlik edib, bilib ki, törətdiyi cinayətin üstü nə vaxtsa açılacaq, aparıb mal-mülkünü atasının adına rəsmiləşdirib. Adətən, geniş imkanları olan bank sahibləri və ayrı-ayrı məmurlar varidatlarını qohumlarının, yaxınlarının adlarına rəsmiləşdirirlər. Lakin ciddi araşdırmalar nəticəsində bəlli olar ki, bankirin atasının adına olan mülk və vəsaitin mənbəyi haradandır? Onu özü qazana bilirmi? O, təqaüdçüdürsə, milyonluq villaya necə sahib ola bilib? Bu məsələlər çox ciddi istintaq və hüquqi araşdırmalar tələb edir. Bunun üçün hüquq-mühafizə orqanları daha gərgin işləməlidir. Zakir Yusifovun illər boyu gəlirinin miqdarını müəyyənləşdirmək lazımdır. Aydınlaşdırmaq lazımdır ki, bu gəlirlərin dəyəri milyonlarla ölçülən mülkləri almağa imkan verirmi? Əgər Zakir Yusifov iddia edirsə, mülk onundur, ortaya başqa arqument qoymaq olar. Hər bir övlad atasının vərəsəlik hüququna malikdir. Zakir Yusifovun övladının sayını öyrənmək lazımdır, övladlar içərisində Zal Yusifovun payı hərraca qoyulmaqla əmanətlər zərərçəkənlərə ödənilə bilər. Fərqi yoxdur diri ikən, yaxud ölümündən sonra hər bir atanın qazancından övladlarına vərəsəlik çatır. Gözləmək lazım deyil ki, Zakir Yusifov dünyasını dəyişsin, sonra məsələ həllini tapsın. Bu arqument qoyula bilər, Zal Yusifova çatan vərəsəlik payını hərraca çıxarmaqla insanların əmanətlərini qaytarmaq lazımdır. Bu arqumentlərlə məhkəmə prosesini udmaq olar.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər