10 İyun 2014 16:46
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkram İsrafil: "Qurultay məsələsi həll ediləcək"

Müsavat Partiyasının Divan üzvü İkram İsrafil Teleqraf.com-un suallarını cavablandırıb. O, təmsil olunduğu partiyanın qurultaya hazırlığından, özünün Müsavat başqanlığına namizəd olub-olmayacağından, Müsavat deputat qrupunun görüşlərindən, Müsavat-AXCP münasibətlərindən danışıb. İ.İsrafil 2015-ci il parlament seçkisinə qatılıb-qatılmayacağından da bəhs edib.

- İkram bəy, Müsavat Partiyası iyunun 28-nə qurultay təyin edib. Bakı meriyası qurultay keçirmək üçün Səttar Bəhlulzadə adına Mədəniyyət evini tövsiyə edir. Təklif edilən yerdən razısınız?
- Bu il Müsavat Partiyasının qurucusu Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyidir. Səmimi şəkildə düşüncələrim ondan ibarətdir ki, hakimiyyət Rəsulzadənin yubileyinin qeyd olunması ilə bağlı qərar qəbul edib. Mən inanırdım və yenə də inanmaq istəyirəm ki, Rəsulzadənin qurduğu partiyaya Bakının ən möhtəşəm yerlərindən biri ayrılar. Təəssüflər olsun ki, hələ ki buna nail ola bilməmişik. Əvvəldən Əmircandakı mədəniyyət evində qurultay keçirilməsinin əleyhinə olmuşam.

- Hətta sərəncamla bağlı Prezidentə təşəkkür etmişdiniz...
- Bəli, mən o sərəncamı xüsusi qeyd etmişdim. Bu gün də o qənaətdəyəm ki, Rəsulzadənin 130 illiyinin qeyd olunması ilə bağlı verilən sərəncam çox dəyərli qərardır. Hələlik sərəncamdan sonra Rəsulzadənin çəkisinə uyğun dövlət tədbirlərinin keçirildiyinin şahidi olmamışam.

- Müxalifət cameəsi də Rəsulzadənin doğum gününü birgə qeyd etmədi. Müsavat və Milli Şuraya daxil olan partiyalar Rəsulzadənin Novxanıdakı abidəsini ayrı-ayrılıqda ziyarət etdi...
- Çox təəssüflər olsun ki, bizdə bu ənənə oturuşmayıb. Qardaş Türkiyədə bütün dövlət tədbirlərində müxalifət və hakimiyyət bir arada olur, hətta yan-yana otururlar. Sonra da ölkə gündəmini dəyərləndirəndə bir-birilərini tənqid edirlər, bəzən tənqid çox sərt olur. Çox arzu edərdim ki, Azərbaycanda da nəhayət, bu ənənənin əsası qoyulsun. Bütün milli tədbirlərdə hakimiyyətlə müxalifət bir arada iştirak eləsin. Birlik nümayiş etdirsinlər. Təəssüflər olsun ki, bu, yoxdur.

- Müsavatçılardan Adil Qeybulla və Səxavət Əlisoy təklif edir ki, doğrudan da qurultay keçirmək niyyəti varsa, hətta çadır qurub qurultay keçirmək də olar. Bu təkliflərə münasibətiniz necədir?
- Hər bir müsavatçının qurultayla bağlı fərqli yanaşması ola bilər. Ayrı-ayrı şəxslərin şəxsi istəyi əsas olsaydı, qurultay çoxdan olardı. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, partiya Divanı, Məclisi var. Hesab edirəm ki, orada ümumi çoxluğun razılığı ilə bu məsələlər həllini tapacaq. Amma hər kəs öz içindən gələn istək və düşüncələrini demək imkanlarındadır. Buna heç kəs qadağa qoymur.

- Deyəsən, Siz daha yaxşı zalda qurultayın keçirilməsinin tərəfdarısınız...
- Siyasi institutları genişləndirib və inkişaf elətdirmək istəyiriksə, Azərbaycanda hər bir partiyaya, istər iqtidar, istərsə də müxalifətdə olsun, onun çəkisindən və bazasından asılı olmayaraq, onların mötəbər zallarda qurultay keçirilməsini təmənna edirəm. Bu, təkcə Müsavat Partiyasının yox, ümum Azərbaycanda insanlarımızın siyasi düşüncələrinin, azadlıqlarının, seçkilərə və siyasi partiyalara olan münasibətlərinin artmasına, güclənməsinə səbəb olar. Bu da ümumilikdə ölkəmizin xeyrinədir.

- Belə fikirlər səslənir ki, Müsavat yerlə bağlı yaranmış situasiyadan istifadə edərək qurultayını 2015-ci il parlament seçkilərindən sonraya təxirə salmaq istəyir. Əks halda ,kiçik zalda belə qurultay keçirilərdi. Deyilənlərdə həqiqət payı nə qədərdir?
- Hər bir kəs, istər partiya üzvlərimiz, istərsə də sıravi insanlar, o cümlədən rəqib və alternativ hesab etdiyimiz adamlar öz fikir və düşüncələrini bölüşə bilər. Məsələ burasındadır ki, Müsavat sıradan partiya deyil, qosqoca partiyadır. O partiyanın da rəhbərliyində təmsil olunanlar bu partiyanın təkcə bu gününü yox, eyni zamanda 100 illik partiyanın gələcək yüz ili barədə də düşünüb qərarlar qəbul edirlər. Müsavatın qurultayının nə vaxt keçiriləcəyini partiyanın rəhbərliyi, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi Azərbaycanımızın uğuruna uyğun formada həll edəcək.

- Qurultayın yeri bəlli olmasa da, artıq tarix məlumdur. Başqanlığa namizədliyinizi verib-verməyəcəyinizlə bağlı qərarınızı konkretləşdirmisiniz?
- Mən bir müddət öncə demişdim ki, namizəd olub-olmayacağım barədə qərar qəbul etməmişəm. Mənim Müsavat başqanlığına bu gün iddiam yoxdur. Müsavat başqanlığına namizəd olacaq şəxslərdən partiyamızın gələcəyinə hesablanmış namizədə, Müsavatın qurulması, inkişafında ciddi fəaliyyəti olan kişilərdən birinə səsimi verəcəyəm.

- Bir müddət öncə Müsavat Partiyasının qərargahında keçmiş deputat qrupunun görüşü baş tutmuşdu. O qrupdan kimsə namizəd ola bilərmi?
- Mənim qənaətimə görə, Müsavat deputat qrupundan namizəd olmaq imkanında olan dəyərli dostlarımız var. Onlardan kimsə namizədliyini verəcəksə, biz o barədə fikirlərimizi bildirəcəyik. Amma qurultayla bağlı məsələ Müsavat deputat qrupunda müzakirə olunmayıb. Qrupumuzun üzvləri ilə görüşüb bu və ya digər məsələləri zaman-zaman müzakirə edirik. Amma qurultayla bağlı qrup olaraq fikir mübadiləsi aparmamışıq.

- Deputat qrupunun özünün başqanlığa namizədi ola bilər?
- Əgər qrup üzvləri arasında bu məsələ müzakirə olunsa, əlbəttə, ola bilər.

- Yaxın zamanda belə bir müzakirə gözlənilir?
- Müzakirələr həmişə olur, inşallah, qurultayın keçirilmə yeri və vaxtı barədə Təşkilat Komitəsinin qərarından sonra ola bilsin, bu barədə təşəbbüs oldu.

- Deputat qrupundan Nəsib Nəsibli və İltizam Ələkbərli qurultay barədə danışmaq istəmir. Siz də namizəd olmaq iddiasında deyilsiniz, Arzu Səmədbəyli isə belə bir istəyinin olduğunu söyləməyib. Bəs bu qrupda potensial namizəd kim ola bilər?
- Qurultayla bağlı namizədliyini verən hər bir müsavatçı potensial namizəd sayılır. Qurultay ərəfəsi təbliğat kampaniyası dövründə mən də düşüncələrimi açıqlayacağam.

- Qubad İbadoğlu və Arif Hacılı başqanlığa namizəd olacaqları barədə konkret qərarlarını açıqlamasalar da, mətbuatda və kuluarlarda başqan qismində məhz bu şəxslərin adı hallanır. Bu iki şəxsdən kimi özünüzə başqan görürsünüz?
- Adını çəkdiyiniz Müsavatın dəyərli üzvlərinin hər ikisi dostumuz və başqanlığa layiqli kişilərdəndir. Onların partiyada fəaliyyəti, mövqeyi əlbəttə, hər bir müsavatçı tərəfindən yaxından izlənilib və bu gün də izlənilir. Düşünürəm ki, qurultayda namizədlər içərisindən ən çox səs toplayan Müsavat başqanı olacaq. Amma yenə demək istəyirəm ki, hələlik bu iki şəxs arasında seçim etmək və bu barədə fikir bildirmək niyyətində deyiləm. Zamanı gələndə bəlkə başqa namizədlər də olacaq və o ərəfədə konkret fikirlərimizi deyəcəyik.

- Müsavat Milli Şuradan çıxanda xüsusilə AXCP ilə gərginliklər yaşandı. AXCP funksionerlərinə Sizin də cavablarınız oldu. Hazırda Müsavatın digər partiyalarla, o cümlədən AXCP ilə münasibətini necə dəyərləndirirsiniz?
- Partiya səviyyəsində AXCP ilə münasibətlərimiz hansısa saziş və ya əməkdaşlıq formasında deyil. Amma Müsavatla AXCP üzvləri arasında düşmənçilik də yoxdur. Zaman gələcək, bəlkə də əvvəlki illərdə olduğu kimi seçki kampaniyaları ərəfəsində bu partiyalar arasında müəyyən əməkdaşlıq və ya tərəfdaşlıq barədə razılıqlar, sazişlər olacaq. Bizim Milli Şuradan getməyimizlə bağlı narazılıq vardı. Onu da AXCP-nin mövqeyi kimi qiymətləndirməmişəm. Ayrı-ayrı fərdlərin bir az kəskin fikirlərinin şahidi olmuşuq. Hesab edirəm ki, bu da o insanların xarakterindən irəli gələn məsələlərdir.

- Qarşı tərəfdən belə ifadə işlənirdi ki, AXCP ilə Müsavat arasındakı körpülər yandı. Doğrudanmı hazırda vəziyyət belədir?
- Bəli, AXCP-də hətta sədr müavini səviyyəsində belə fikirlər səsləndirənlər olub. Mən o insanların partiyanın mövqeyini ifadə etdikləri qənaətində deyiləm. Düşünmürəm ki, AXCP ilə Müsavat arasında körpülər yanıb və bərpa olunmayacaq. Bu körpülər zaman-zaman xəsarətlər alıb, amma sonra da bərpa olunub.

- 2015-ci il parlament seçkilərində namizədliyinizi verəcəksiniz?
- Sual maraqlıdır, amma buna cavab vermək hələ tezdir. Bu, istər qurultay, istərsə də seçkilərlə bağlı partiyanın verəcəyi qərardan asılıdır. Əgər Müsavat seçkilərdə iştirak etmək barədə qərar verəcəksə, o zaman keçmiş 5 ildəki fəaliyyətimlə bağlı, istər ictimaiyyət, istərsə də partiyadakı mənə olan münasibətə uyğun olaraq addım atacağam.

- Müsavat seçkilərə qoşulmazsa, bitərəf namizəd olmayacaqsınız?
- Müsavat seçkilərdə iştirak etməyəcəyi təqdirdə elə qərar verə bilər ki, hər kəs fərdi şəkildə namizədliyini versin. Belə olan halda o zaman onu dəyərləndirmək mümkün olar. Amma partiya ümumilikdə qərar versə ki, biz seçkilərdə iştirak etməyəcəyik, - düşünmürəm ki, belə qərar olacaq, - partiyanın qərarlarına hörmətlə yanaşacağıq. Necə ki, 2005-ci il seçkilərindən sonra biz partiyanın qərarına uyğun olaraq 2 aydan sonra parlamentə getdik. Mən Müsavatın qərarlarını hər şeydən üstün tutan bir partiya üzvüyəm, buna şübhə yoxdur.

Nərgiz


Müəllif: