18 Fevral 2016 11:53
980

“Bir sıra dövlətlər, federal ölkələrin parlamentlərində, məsələn, ABŞ-ın 19 ştatında Xocalı ilə bağlı müvafiq sənəd imzalanıb. Zənnimcə, Azərbaycan bu istiqamətdə çox ciddi iş aparmalıdır. Çox istərdim ki, həm Azərbaycan, həm də Türkiyə diasporu daha fəal olsun və yaxşı təşkilatlansın. Çünki diasporun gücü olmasa, sadəcə olaraq diplomatik və parlament əməkdaşlığı çərçivəsində çox şeyə nail olmaq olmur. ”Xocalıya ədalət" şüarı azərbaycanlılar və türklərlə yanaşı sülhü, əmin-amanlığı istəyən bütün qüvvələri birləşdirməlidir".

Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib. Müsahibəni təqdim edirik:

- Ötən həftə deputat həmkarlarınızla birgə İsraildə səfərdə oldunuz, bir çox görüşlər keçirdiniz. Əsasən, hansı məsələlər ətrafında müzakirələr apardınız?
- İlk dəfə idi ki, Azərbaycan Parlamentinin nümayəndə heyəti İsrail Knessetinin dəvəti ilə bu ölkəyə səfər etdi. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası münasibətlər komitəsinin rəhbəri Səməd Seyidovun başçılığı ilə komitənin sədr müavini Sevinc Fətəliyeva, komitə və Azərbaycan-İsrail dostluq qrupunun üzvü kimi mən və bu dostluq qrupunun rəhbəri Yevda Abramov İsrail parlamentində oldu. İlk növbədə İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, “İsrail bizim evimizdir” partiyasının rəhbəri Aviqdor Libermanla görüşdük. Sonra beynəlxalq əlaqələr və təhlükəsizlik məsələləri üzrə komitə sədri Tzaçi Haneqbi və digər üzvlərlə görüş keçirdik. Həmin komitənin üzvləri bir çox tanınmış nazirlər, İsrail siyasətində nüfuzlu rol oynayan siyasətçilərdir. Knessetin sədri Yuli-Yoel Edelşteynlə də görüşümüz oldu. Bizi eyni zamanda İsrail Prezidenti Ruvi Rivlin qəbul elədi. İkitərəfli münasibətlər, dünyadakı proseslərlə bağlı fikir mübadiləsi apardıq. Bütün görüşlərdə Azərbaycanın multikulturalizm ənənələri yüksək qiymətləndirildi. Azərbaycan xalqının ölkəmizdə yaşayan yəhudilərə göstərdiyi dəstəyə görə təşəkkür edildi. Vurğulandı ki, tarixi proseslər, xalqımızın ənənələri dövlətlərimizin əməkdaşlığının gələcəkdə də çoxşaxəli istiqamət almasına, iqtisadiyyat, siyasət, təhlükəsizlik sahəsində əməkdaşlıq üçün zəmin yaradır. Biz də fürsətdən istifadə edərək İsrail prezidentinə BMT-nin Baş Assambleyasında Xocalı qətliamını xüsusi vurğuladığına görə öz minnətdarlığımızı bildirdik. Səfər zamanı İsrailin yeni texnologiyalarının inkişafını müəyyənləşdirən mərkəzlərində olduq, gənclər üçün yaradılmış, yüksək texnologiyaları cəlb etmək üçün təşkil edilən mərkəzləri də ziyarət etdik. Əminəm ki, bu təcrübəni Azərbaycan universitetləri və müvafiq mərkəzlərində tətbiq etsək, bu əməkdaşlıq yüksək texnologiya sahəsində biliyin artmasında çox xeyirli ola bilər.

- Tarixdə ilk dəfə idi ki, Azərbaycan parlamentinin nümayəndə heyəti İsrail parlamentində olurdu, elə deyilmi?
- Bəli, birinci dəfə idi ki, rəsmi parlament heyəti İsrailə səfər edirdi. İsrail Prezidenti Azərbaycana və onun dəyərlərinə öz hörmətini ifadə etdi. Biz də Azərbaycanda “Holokost”la Xocalı qətliamının birgə yad edilməsini xüsusi vurğuladıq. Bildirdik ki, insanlığa qarşı cinayətlərin qarşısını almaq üçün mütləq ədalətli hökm olmalıdır. Azərbaycanda “Xocalıya ədalət” kampaniyasının məhz gələcəkdə belə faciələrin baş verilməməsi üçün keçirildiyini söylədik, bildirdik ki, mülki insanlar, qadınlar, uşaqlara qarşı vəhşilik nümayiş etdirən cinayətkarlar beynəlxalq ədalətin hökmü ilə cəzalandırılmalıdır. Bu istiqamətdə İsrailin müvafiq təcrübəsindən istifadə etməliyik.

- Artıq bu il Xocalı soyqırımının 24-cü ildönümüdür. Tez-tez xarici səfərlərdə olursunuz, diasporumuzun xarici ölkə parlamentlərində Xocalı qətliamı ilə bağlı qərarların qəbulu istiqamətində gördüyü işləri qane edici sayırsınızmı?
- Bu istiqamətdə parlament diplomatiyasının rolunu qiymətləndirmək istərdim. Bir sıra dövlətlər, federal ölkələrin parlamentlərində, məsələn, ABŞ-ın 19 ştatında Xocalı ilə bağlı müvafiq sənəd imzalanıb. Zənnimcə, Azərbaycan bu istiqamətdə çox ciddi iş aparmalıdır. Çox istərdim ki, həm Azərbaycan, həm də Türkiyə diasporu daha fəal olsun və yaxşı təşkilatlansın. Çünki diasporun gücü olmasa, sadəcə olaraq diplomatik və parlament əməkdaşlığı çərçivəsində çox şeyə nail olmaq olmur. “Xocalıya ədalət” şüarı azərbaycanlılar və türklərlə yanaşı sülhü, əmin-amanlığı istəyən bütün qüvvələri birləşdirməlidir. Beynəlxalq yəhudi təşkilatları ilə əməkdaşlığımız məhz ortaq dəyərlərdən irəli gəlir. “Holokost”la, Xocalı ilə bağlı eyni mövqeyimiz, həmin təşkilatlarla əməkdaşlıqda yeni nəticələr verə bilər.

- Yeri gəlmişkən, Türkiyə ilə İsrail münasibətlərində yumşalma hiss edilir. Bu istiqamətdə İsrail görüşlərində müzakirələriniz oldumu?
- Bu məsələ, demək olar ki, bütün görüşlərimizdə vurğulandı. Türkiyə Azərbaycana qardaş ölkədir, münasibətlərimiz “bir millət, iki dövlət” düsturu ilə inkişaf edir. Türkiyə-İsrail münasibətlərində problemlərin aradan qaldırılmasında maraqlıyıq. Çox istərdik ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı sistemində İsrail-Türkiyə əməkdaşlığı da öz bəhrəsini versin. Son vaxtlar Türkiyə ilə İsrail arasında müvafiq danışıqlar nəticəsində çox ciddi irəliləyiş var. Ümidvarıq ki, xoşagəlməz hadisələrə son qoyularaq yeni mərhələ başlayacaq. Görüşlərimizdə həm Azərbaycan, həm də İsrail üçün narahatlıq doğuran bir məsələ də xüsusi vurğulandı, dünyanın bir sıra ölkələrində yenidən ksenefobiya, antisemitizm, islamafobiyanın yayılması, onların orta əsr təfəkkürünə, səlib yürüşü düşüncəsinə qayıtmasının bizləri narahat etdiyi bildirildi. Bunun qarşısının alınmasında həm tolerantlıq, həm də Azərbaycanın yüksək dəyəri olan multikulturalizmin böyük önəm daşıdığını qeyd etdik. Ölkəmiz öz imkanlarından istifadə edərək dünyanı bu istiqamətdə müzakirələrə, dialoqa dəvət edir, bir sıra forumlar, konfranslar təşkil edir. Qeyd şərtsiz bir məsələyə inanıram ki, Azərbaycanın hətta enerji imkanlarından və strateji coğrafi məkanda yerləşməsindən daha önəmli olan onun yüksək dəyərləridir. Türk və islam dünyasının birinci dünyəvi ölkəsi olan Azərbaycan multikulturalizm, fərqli mədəniyyətlərin əməkdaşlığı, qarşılıqlı hörmət ənənələrinə malikdir, ölkəmiz bu proseslərə təkan verərsə, dünyada çox təhlükəli proseslərin qarşısını almaq olar.

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu səfərdən gözləntiləriniz nədən ibarətdir?
- Azərbaycan və Türkiyə strateji tərəfdaşlıq nəticəsində bir neçə istiqamətdə irəliləyişə nail ola bilib. Azərbaycan Gürcüstan vasitəsilə Türkiyə ilə birgə dünya və Avropanın enerji təhlükəsizliyi proseslərinə böyük təkan verib. Bu gün Azərbaycanın bilavasitə investisiyaları nəticəsində İpək yolu sistemi formalaşıb. Artıq Azərbaycan üzərindən Çindən Ukraynaya və geri qatarlar hərəkət edir. Ümidvaram ki, yaxın müddətdə Türkiyə vasitəsilə Avropanın bir sıra ölkələrində nəqliyyat dəhlizini yekunlaşdıracağıq. Bu, zənnimcə, uzun prosesdir. Bölgədə çox təhlükəli hadisələr cərəyan edir. Təbii olaraq Azərbaycan və Türkiyə iki qardaş ölkə kimi həm layihələrimizin təhlükəsizliyi, bölgədə sabitlik, əmin-amanlığın bərpa olunması istiqamətində ciddi əməkdaşlıq etməlidir. Azərbaycanla Türkiyənin iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialı var. Ümidvarıq ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri bu prosesləri yenidən canlandırıb iqtisadi əməkdaşlığın inkişafına yenidən təkan verəcək.

- Azərbaycan Türkiyə ilə Rusiya arasında yaşanan gərginliyə görə öz narahatlığını ifadə edib. Sizcə, iki qonşu ölkə arasında qarşıdurmanın Dağlıq Qarabağ münaqişəsinə hansı təsirləri ola bilər?
- Təbii olaraq Azərbaycan bu hadisələrdən çox narahat olur. Rusiya Azərbaycanın tərəfdaşı və qonşusudur. Biz Rusiya-Türkiyə münasibətlərinin yenidən bərpa olunmasında çox maraqlıyıq. Türkiyə Azərbaycana qardaş olan ölkədir, orada olan bütün təhlükələr bilavasitə Azərbaycana da mənfi təsirini göstərir. Düşünürəm ki, bu prosesə sadəcə Rusiya-Türkiyə qarşıdurması kimi baxmamalıyıq. Fikrimcə, bu qarşıdurma Rusiya-NATO qarşıdurmasının tərkib hissəsidir.

- Yəni?
- Türkiyə NATO-nun ən önəmli ölkələrindən biridir. İstənilən üzvə qarşı hansısa bir təcavüz bilavasitə NATO-nun bütün ölkələrinə qarşı olan hücum kimi qiymətləndirilir. Rusiya hər zaman diqqət mərkəzindədir. Bu gün Türkiyə NATO təmsilçisi kimi terrorla mübarizədə öz müttəfiqləri ilə birgə hərəkət edir. Rusiya ilə yaranan qarşıdurma bütün NATO ölkələri, təbii olaraq ABŞ-ın müdaxiləsi üçün də təhlükəli şərait yaradır. Bu da əslində dünya üçün böyük təhlükə kəsb edir. Burada müəyyən çıxış yolunun axtarılması üçün nüfuzlu ölkələrinin ciddi diplomatik və siyasi işləri olmalıdır. İstəməzdik ki, terrorla mübarizə ciddi qarşıdurmalara səbəb olsun. Rusiya və dünya liderlərindən məsuliyyətli davranış gözləyirik.

- Azərbaycan Prezidenti səviyyəsində bu gərginliyin səngiməsi üçün yardım təklifləri irəli sürülüb. İndiki situasiyada Ərdoğanın səfərində Azərbaycanın mümkün yardımları müzakirə edilə bilərmi?
- Bütün istiqamətlərdə məsələlər müzakirə mövzusu olacaq. Azərbaycanın bu proseslərdə rolunu böyük hesab etmirəm. Zənnimcə, Türkiyə-Rusiya münasibətləri bilavasitə Rusiya-NATO gərginliyinin bir formasıdır. Ona görə də bu prosesdə Azərbaycanın rolu çox da böyük deyil. Ölkəmiz nə Rusiya ilə hərbi müttəfiqdir, nə də NATO-nun üzvüdür. Xatırlatmağa ehtiyac var ki, Azərbaycan 100 milyon əhalisi olan ölkə deyil, nüvə silahları yoxdur ki, dünya proseslərində böyük rolu olsun.

- Devalvasiya sonrası Azərbaycanda yaranmış situasiya ilə bağlı müxtəlif partiyalar öz təkliflərini irəli sürür. Azərbaycan Demokratik İslahatlar Partiyasının təklifləri nədən ibarətdir?
- Neft və enerjinin qiymətlərinin kəskin surətdə dəyişməsi bizim partiyanın müəyyən etdiyi proqramın tələblərinə yaxınlaşıb. Biz hər zaman demişik ki, hər bir ölkənin iqtisadiyyatının inkişafı azad orta və xırda sahibkarlıq mühitinin inkişafı, liberal iqtisadiyyatın formalaşması və şaxələnməsi ilə bağlıdır. Bu gün Azərbaycanda bu istiqamətdə sürətli islahatlar keçirilməlidir. Ümidvarıq ki, ölkə iqtisadiyyatına təkan verə bilən iş adamlarına dövlət tərəfindən dəstək verilməsi gələcəkdə Azərbaycanın çoxşaxəli iqtisadiyyatının və stabil iqtisadi inkişafının əsasını qoya bilər. Vaxtilə ölkənin əsas investisiya sahələri infrastruktur investisiyaları idi. Bu gün bir neçə iqtisadiyyat sahələrinin inkişafı üçün təməl baza formalaşıb. Xidmət sahəsində olan turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, innovasiyalı kommunikasiya texnologiyaları sahələrində ciddi irəliləyiş gözləyirik. Bu sahələrin inkişafı üçün müvafiq zəmin yaradılıb. Biz artıq Sovet ittifaqından miras qalmış sosialist inzibati idarəetmə sistemi ilə tam vidalaşmalıyıq. Ölkə iqtisadiyyatının sürətli inkişafı üçün liberal iqtisadiyyat çıxış yoludur.

Nərgiz Ehlamqızı


Müəllif: