“Bu səfərin təkcə partiyamız üçün deyil, ölkəmiz üçün önəmli hadisə olduğu qənaətindəyəm. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Avropanın kifayət qədər nüfuzlu siyasi partiyalar birliyidir. Alyansdakı partiyalar ayrı-ayrı ölkələrin hökumətlərində təmsil olunan, konkret olaraq iqtidarda olan siyasi partiyalarda təmsil olunurlar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu quruma üzv olması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün tribuna deməkdir. Avropanın bütün nüfuzlu parlament assambleyalarında Alyansın öz fraksiyaları var. Avropa Parlamentində say etibarilə 3-cü yerdədir, AŞPA, NATO Parlament Assambleyasında da böyük bir fraksiyaya sahibdir. Burada təmsil olunan siyasi partiyalar şübhəsiz ki, qrup toplantılarında öz partiyalarının təmsil olunduqları Alyandakı digər ölkələrin maraqlarını nəzərə alırlar”.
Bunu Teleqraf.com-a müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirib. Müsahibəni təqdim edirik:
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak üçün Bakıya gəlməli idi. Ankarada baş verən terror aktına görə səfər təxirə düşdü. Həmçinin dünən Diyarbəkirdə terror hadisəsi oldu. Bu terror aktları ətrafında cərəyan edən prosesləri necə şərh edərdiniz?
- Şübhəsiz ki, Ankarada baş verən terror hadisəsi hər kəsi, o cümlədən azərbaycanlıları çox üzdü. Azərbaycanlılar həmişə Türkiyədə baş verən prosesləri diqqətlə izləyir. Qardaş ölkədə baş verən hər hansı qanlı olay azərbaycanlıları narahat edir. Bu, artıq siyasi yanaşma deyil, bir Azərbaycan vətəndaşının yanaşmasıdır. Bu hadisə ilk növbədə regionda, Aralıq dənizində baş verən geosiyasi toqquşmalarla bağlıdır. Artıq hadisələr Türkiyənin sərhədlərində baş verir və daxilə də müdaxilə edir. Son terror hadisəsi müstəvisində günahkar axtarmaq niyyətində deyiləm. Məsələlərə qlobal yanaşdıqda baş verən proseslərdə ilk növbədə “Ərəb baharı” adı altında regiona dəhşət və faciə gətirən Qərb günahkardır. Bu proseslərə öz potensialı və gücünü nəzərə almadan aktiv şəkildə müdaxilə edən Rusiyanın günahı var. Eyni zamanda, Türkiyənin maraqlarını doğru və düzgün ifadə edə bilməyən indiki Türkiyə hökumətinin də müəyyən qədər rolu var.
- Türkiyə və Rusiya arasında qarşıdurma mövcuddur və bu gərginlik səngimir. Son terror olaylarından sonra proseslər nəyi diktə edəcək? Bu iki ölkənin, xüsusilə Türkiyənin addımları nədən ibarət olacaq?
- Terror aksiyalarının arxasında hansı qüvvələrin dayandığını müəyyənləşdirmək lazımdır. Təbii ki, burada kürd qruplaşmalarının ola biləcəyi ehtimalı daha çoxdur. Daha öncə baş verən terror aksiyaları və kürd qruplaşmalarının aktivliyini də nəzərə alsaq, belə bir ehtimal önə çıxır. Rusiyanın son dövrlərdə kürd qruplarına dəstək verməsi göz qabağındadır. Maraqlısı odur ki, Suriyada üz-üzə gələn Qərblə Rusiyanın kürd separatçıları müstəvisində maraqları tamamilə uzlaşır. Bu, ilk hadisə deyil, hər zaman belə olub. Bu proseslərin arxasında konkret olaraq hər hansı dövlət dayanırsa, bunun nəticələri acınacaqlı ola bilər. Düşünmürəm ki, Rusiya Türkiyədə baş verən terror aksiyalarında iştirak edəcək və ya onu stimullaşdıracaq qədər ağılsız olsun. Çünki bu prosesin Rusiyanın öz daxilində baş verməsi və ya hər hansı qüvvə tərəfindən stimullaşdırılması daha dəhşətli fəsadlara yol aça bilər. Bütövlükdə regionda baş verən proseslər fonunda yaxın dövrdə Rusiya-Türkiyə münasibətlərinin normal məcraya düşəcəyini gözləmək mümkün deyil. Çünki maraqlar bütün müstəvilərdə toqquşur. İki ölkənin Suriya böhranının çözülməsi, oradakı kürd qruplaşması, Bəşər Əsədə və türkmənlərə münasibətində heç bir mövqeləri üst-üstə düşmür.
- İndiki situasiyada yaxın zamanlarda Suriya probleminin çözümü gözlənilmir...
- Suriya probleminin qısa müddətdə çözümünü bu münaqişəni heç qlobal müstəvidə həll edən dövlətlər də gözləmir. İndiki şəraitdə proseslərin məqsədyönlü şəkildə uzadılması, bu və ya digər qüvvənin gücdən salınması daha çox gözləniləndir. İndiki şəraitdə Qərb Rusiyanın nə zaman gücdən düşəcəyini gözləyir. Rusiyanın o qədər də potensialı yoxdur ki, Suriyadakı proseslərdə aktiv şəkildə iştirak etsin. Ölkə daxilində iqtisadi problemlər də buna yol vermir.
- Yeri gəlmişkən, Türkiyənin Suriyaya quru qoşunlar göndərilmə niyyətində olduğu barədə fikirlər də səslənir.
- Son dövrlərdə Səudiyyə Ərəbistanı və Türkiyənin quru əməliyyatlara başlayacağı haqda fikirlər səslənir, amma bunun da qısa zaman ərzində baş tutacağını gözləmirəm. Türkiyənin indiki hakimiyyəti tərəfindən müxtəlif dönəmlərdə bu qəbildən olan çoxsaylı fikirlər səsləndirilib. Vaxtilə Türkiyənın İraqa qoşun göndərməsi ilə bağlı qərarı vardı, lakin həmin proseslərdə hər hansı müdaxilə baş vermədi, nəticədə Türkiyə İraqdakı mövqelərini itirdi, tarixi türk torpaqlarında, türkmənlərin yaşadığı ərazilərdə kürd muxtar bölgəsi yaradıldı, bu gün isə özünü tamamilə müstəqil dövlət kimi aparmaqdadır. Nəticədə Türkiyənin İraq siyasəti bütövlükdə iflasa uğradı. Suriya ilə bağlı məsələlərdə də eyni yanlışlığa yol verildi. Türkiyə öz potensial və imkanlarını nəzərə almalı idi və hansısa fərdi, partiya, seçki maraqlarına baxmayaraq Suriya məsələsində daha ehtiyatlı mövqe nümayiş etdirməli idi. Amma biz bunun əksinin şahidi olduq, nəticədə Türkiyənin özü çox böyük problemlə qarşı-qarşıya qaldı. Bu gün təəssüflər olsun ki, Türkiyənin müttəfiqlərindən Suriyada baş verən proseslər, eyni zamanda, terror aksiyaları ilə bağlı Türkiyəyə ciddi dəstəyin şahidi olmuruq. Əgər Rusiya Bəşər Əsədin müdafiəsi və Suriya müxalifətinin bombalanması ilə bağlı daha aktiv fazaya qədəm qoyarsa, o zaman quru əməliyyatların da başlaması gözləniləndir. Təbii ki, bu, daha böyük fəsadlara yol aça bilər.
- Ankarada terror törədən şəxsin Suriyadan Türkiyəyə gələn qaçqın, kürd əsilli Suriya vətəndaşı, PYD-YPG terror təşkilatının üzvü olduğu deyilir. Qaçqın axını zamanı Türkiyə Avropadan fərqli olaraq suriyalılara qucaq açmışdı...
- Qaçqınların içərisində müxtəlif şəxslər, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının Türkiyəyə göndərdiyi insanlar, yaxud İŞİD, kürd terror qrupuna daxil olan adamlar ola bilər. Bununla bağlı hələ fərziyyələr ortalıqda gəzir. Konkret olaraq baş verən olayın arxasında hansı qüvvənin dayandığı bəlli deyil. O baxımdan birmənalı şəkildə bu məsələyə münasibət bildirmək də çətindir. Ayrı-ayrı dövlətlərin bəyanatlarını eşidirik. NATO, ABŞ hətta Rusiya Ankarada baş verən terror aktını lənətlədiklərini bildirdilər və terrora qarşı bütün ölkələrin birləşməli olduqlarını bəyan etdilər. Təəssüf, reallıq bundan ibarətdir ki, terrora qarşı mübarizə apardığını iddia edən dövlətlər bir çox hallarda terror qruplarının arxasında dayanırlar. Konkret olaraq bu məsələyə birmənalı münasibət bildirmək çox çətindir. Çünki burada böyük bir cinayətdən söhbət gedir. Hansısa dövləti bu hadisədə suçlamaq üçün ortalıqda faktlar olmalıdır.
- Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti ötən həftə təmsil olunduğunuz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının dəvəti ilə Bakıda səfərdə idi. Səfər necə keçdi, görüşlərdə əsas diqqətçəkən məqamlar nədən ibarət oldu?
- Bu səfərin təkcə partiyamız üçün deyil, ölkəmiz üçün önəmli hadisə olduğu qənaətindəyəm. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Avropanın kifayət qədər nüfuzlu siyasi partiyalar birliyidir. Alyansdakı partiyalar ayrı-ayrı ölkələrin hökumətlərində təmsil olunan, konkret olaraq iqtidarda olan siyasi partiyalarda təmsil olunurlar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu quruma üzv olması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün tribuna deməkdir. Avropanın bütün nüfuzlu parlament assambleyalarında Alyansın öz fraksiyaları var. Avropa Parlamentində say etibarilə 3-cü yerdədir, AŞPA, NATO Parlament Assambleyasında da böyük bir fraksiyaya sahibdir. Burada təmsil olunan siyasi partiyalar şübhəsiz ki, qrup toplantılarında öz partiyalarının təmsil olunduqları Alyansdakı digər ölkələrin maraqlarını nəzərə alırlar. Həm BAXCP-nin Alyansa namizədliyi ilə bağlı Britaniyada keçirilən toplantıda, həm də partiyamızın Tunisdə tam üzvlüyə qəbul olunduğu iclasda partiya sədri Qüdrət Həsənquliyev yüksək tribunadan istifadə edərək Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını ayrı-ayrı ölkələri təmsil edən siyasi partiya təmsilçilərinin diqqətinə çatdırdı. Alyansın nümayəndə heyətinin Azərbaycana səfərinə gəlincə, bu görüş BAXCP-nin dəvətilə baş tutdu. Bu səfəri bir neçə aspektdən yüksək qiymətləndirmək olar. Birincisi, Alyansla Azərbaycan arasında münasibətlər və əlaqələrin inkişafıdır. Azərbaycana müxalifət partiyasının dəvəti ilə ölkəmizə gələn qonaqların Azərbaycanın yüksək rəsmiləri tərəfindən qəbul edilməsi, onlarla ölkəmiz haqqında səmimi və açıq söhbətin aparılması vacib faktordur. Görüş zamanı əməkdaşlığın davam etdirilməsi, daha geniş şəkildə layihələrin həyata keçirilməsi ilə bağlı ortaq razılıq əldə olundu. Alyansda təmsil olunan partiyalarla Azərbaycan arasında əlaqələrin genişlənəcəyi, davamlı səfərlərin olacağı vurğulandı. Qonaqlar Azərbaycandan yüksək təəssüratla ayrıldılar. Ölkəmizdə baş verən bütün müsbət dəyişikliklərin önəmli olduğunu bildirdilər və bundan sonra da Azərbaycanın dostu olacaqlarını söylədilər.
- Ölkədə fəaliyyət göstərən partiyaların bir çoxu devalvasiya sonrası Azərbaycanda yaranmış durumla bağlı öz təkliflərini bildirirlər. BAXCP-nin iqtisadi islahatlarla bağlı təklifi nədən ibarətdir?
- BAXCP uzun illərdir ki, ölkədə iqtisadi islahatların aparılması ilə bağlı fikirlər səsləndirir. Partiya sədri həm parlament çərçivəsində, həm də ayrı-ayrı toplantılarda, eyni zamanda mətbuata verdiyi müsahibələrdə vurğulayırdı ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi addımlar atılmalı və neftdən asılılıq minimuma endirilməlidir. Hələ partiyanın 2008-ci il seçkilərində elan etdiyi seçki platformasında bir sıra iqtisadi islahatların aparılması xüsusi olaraq qeyd edilirdi. Bunların içərisində böyük özəlləşdirilmə, dövlət universitetləri, səhiyyə müəssisələrinin özəlləşdirilməsi, dövlətin üzərinə düşən yükün maksimum dərəcədə azaldılması, Neft Fonduna gələn gəlirlərdən sahibkarlığın inkişafına daha böyük vəsaitlərin ayrılması, kiçik və orta biznesin inkişaf etdirilməsi və sairdir. 2008-ci ildən başlayaraq bu təkliflərlə çıxış edirdik və bu gün də həmin təkliflər qüvvədədir. Hesab edirik ki, o dövrdən bu dövrədək baş verən proseslərdə xüsusi olaraq əhəmiyyətli dəyişiklik olmayıb. Sevindirici haldır ki, Azərbaycan dövlətinin iqtisadi islahatlarla bağlı atacağı addımların içərisində vaxtilə BAXCP-nin də irəli sürdüyü təkliflər yer alıb. Amma biz bu təkliflərin kimlər tərəfindən verildiyinin əhəmiyyətli olduğunu düşünmürük. Hesab edirik ki, ən önəmli olan ölkədə iqtisadi islahatların aparılması, Azərbaycanın iqtisadi inkişafının sürətlənməsidir.
Nərgiz Ehlamqızı