Ukrayna iqtisadiyyat tamamilə məhv olmaq üzrədir"
Ukraynada Maydan hərəkatının ikinci ildönümü ərəfəsində siyasi fəallıq yenidən artıb. Əhali və hakimiyyətdəki bəzi siyasi qüvvələr indiki hökumətin etimadı doğrultmadığını bəyan edib. Hətta bir neçə gün öncə baş nazir Arsen Yatsenyukun istefa məsələsi parlamentdə müzakirə olunmuşdu. Teleqraf.com Ukraynadakı son siyası proseslərlə bağlı politoloq Zərdüşt Əlizadənin fikirlərini öyrənib. Politoloq öncə hazırda Ukrayna hakimiyyəti daxilində baş verən proseslərə aydınlıq gətirdi:
- Ukraynada oliqarxlar arasında hakimiyyət davası gedir. Təbii ki, bu prosesdə xarici qüvvələr, xüsusilə də, ABŞ-dan olan təşkilatlar fəal iştirak edirdilər. Bir qrup oliqarx digər qrup oliqarxı hakimiyyətdən uzaqlaşdırdı. Oliqarxlar Maydan hərəkatı vasitəsilə hakimiyyəti ələ aldılar və dedilər ki, indi onların növbəsidir. Qərb onlara dəstək verdi. Qərb istəyirdi ki, Ukrayna NATO-ya üzv olsun. Təbii ki, Rusiya buna qarşı idi. Hakimiyyət dəyişəndən sonra Kreml Krımı Ukraynadan qopardı, ardınca rusların çoxluq təşkil etdiyi bölgələrdə qarışıqlıq yaradıb oraları ələ keçirmək istəyirdi. Amma alınmadı. "Yeni Rusiya" layihəsi iflasa uğradı. Hazırda Donetsk və Luqansk vilayətləri ruspərəstlərin nəzarətindədir. Amma Rusiya daha böyük ərazini Ukraynadan qoparmaq istəyirdi. Hazırda Ukrayna bölünmüş vəziyyətdədir. Hakimiyyətdə qərbyönümlülər və oliqarxlar təmsil olunurlar. İndi onların arasında qarşıdurma yaranıb. Ukrayna Rusiya boyda bazarı itirdi. Avropada Ukrayna məhsullarına təlabat yoxdur. Onların məhsullarını havayı versən belə avropalılar götürməzlər. Dövlət olaraq ərazilərini itirdi, iqtisadi gücü, ümumi daxili məhsulu zəiflədi, milli valyutası devalvasiyaya uğradı, sənaye potensialında ləngimələr oldu və s.
- Hazırda Ukraynada hakimiyyət daxilində parçalanmalar müşahidə olunur. Prezident baş nazirin istefasının vaxtının yetişdiyini bildirib. Sizcə, Yatsebyuk istefaya gedəcəkmi?
- Hələ 2005-ci ildə yeni prezident Viktor Yuşşenko ilə baş nazir Timoşenko arasında sərvət, iqtisadiyyata nəzarət uğurunda mübarizə gedirdi. Nəticədə Yanukoviç yenidən hakimiyyətə gəldi. İndi də eyni proses gedir. Ukrayna Ali Radası səlahiyyətli parlamentdir və Yatsenyuk hökumətinə etmiadsızlıq məsələsini səsə qoydu, amma oliqarxiyaya xidmət edən deputatlar üstünlük təşkil etdiyi üçün qətnamə layihəsi təsdiq edilmədi. Normal ölkələrdə hökumətə etimadsızlıq məsələsi birinci dəfə təsdiqini tapmayanda, məsələni yenidən müzakirəyə çıxarmırlar. Amma Ukrayna Radası Yatsenyuk hökumətini istefaya göndərməkdə israrlılıq nümayiş etdirir. Hesab edirəm ki, Yatsenyuk hökumətinin ömrü avqusta qədərdir. Əhali arasında da indiki hökumətdən böyük narazılıq var. Xalq hesab edir ki, indiki hakimiyyət onu qane etmir. Maydan hərəkatı təkrarlana bilər.
- Ukraynada hərbi münaqişəni tənzimləmək üçün əldə edilmiş Minsk razılaşmasının şərtləri yerinə yetirilmədi. Bu gün Qərb dövlətlərinin rəsmiləri Ukraynaya səfər edəcəklər və bu məsələ də müzakirə olunacaq. Nə üçün Minsk razılaşması effekt vermədi?
- Minsk razılaşması Qarabağla bağlı yazılmış Bişkek protokolunun xalasıoğludur. Rusiya Ermənistan, Gürcüstan, Azərbaycana qarşı hansı üsullarla təsir edirsə, Ukraynaya da eyni qaydada müdaxilələr etmək istəyir. Orada oyuncaq, qondarma respublika yaradıb onların vasitəsilə Ukraynaya nəzarət etmək niyyətindədir. Amma Kremlin bu niyyəti iflasa uğrayıb. Nə Gürcüstan hakimiyyəti federativ respublika sisteminə razı oldu, nə Azərbaycan, nə də Ukrayna. Baxmayaraq ki, Poroşenko Almaniyanın təzyiqi altında ölkənin federallaşmasına razılaşmışdı, amma bu istiqamətdə real addımlar atılmadı. Ukrayna-Rusiya sərhədi faktiki olaraq nəzarətsizdir, ölkədə sabitlik mövcud deyil, ciddi islahatlar aparılmayıb və s. Belə olan halda Avropa Birliyi, ABŞ bu ölkəyə böyük məbləğdə investisiya qoymağa, kreditlər ayırmağa risk etmirlər. Haqlı olaraq hökumətə irad bildirirlər ki, islahatlar apar və ondan sonra sənə kredit verək.
- Odessanın qubernatoru Saakaşvili də hakimiyyəti oliqarxiyadan asılı vəziyyətə düşməkdə qınayıb. Ümümuyyətlə, onun Ukraynadakı perspektivlərini necə qiymətləndirirsiz?
- Saakaşvili Gürcüstanda böyük iqtisadi, hüquqi və siyasi islahatlar aparmış liderdir. O, ölkəsində korrupsiyanın səviyyəsini xeyli azaltdı. Amma yuxarı səviyyələrdə oliqarxiyanı aradan qaldıra bilmədi. Nəticədə oliqarx İvanişvili xalqa müxtəlif vədlər verdi, demokratiya adı altında hakimiyyətə gəldi. Saakaşvili ABŞ-ın təklifi əsasında Odessanın qubernatoru təyin edildi. O, bu şəhərdə də korrupsiyanın səviyyəsini azaltdı, gömrük islahatları apardı. Ona görə də Odessanın məmurları Saakaşvilini bəyənmirlər. Əgər sabah Ukrayna prezidentliyinə seçkilər keçirilsə, xalq Saakaşvilini dəstəkləyəcək. Onun ölkədə nüfuzu çox böyükdür. Amma Saakaşvilinin siyasi strukturu yoxdur.
- Ukraynanın yaxın gələcəyilə bağlı proqnozunuz nədən ibarətdir?
- Ukraynanın gələcəyilə bağlı müsbət proqnoz səsləndirmək çətindir. Krımın qayıtması Rusiyanın dövlət olaraq çökməsindən sonra mümkün ola bilər. Donetsk və Luqanskda cinayətkar silahlı dəstələr ağalıq edirlər. Onlar Ukraynanın indiki hakimiyyətini qəbul etmək niyyətində deyillər. Bütövlükdə, islahatlar ciddi müqavimətlə üzləşir. Ümumiyyətlə, postsovet ölkələrində oliqarx qruplar hakimiyyətləri idarə edirlər. Ukraynanın SSRİ dönəmində topladığı sərvət, qurduğu iqtisadiyyat tamamilə məhv olmaq üzrədir.
Ruslan