24 Fevral 2016 15:02
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyevin İran səfəri hər iki ölkənin siyasi dairələri və mediasının əsas müzakirə mövzusuna çevrilib. Prezidentlərin təkbətək görüşündən sonra onların iştirakı ilə iki ölkə arasında 11 sənəd imzalanıb. Həm səfər, həm də səfər çərçivəsində imzalanan sənədlərin iki ölkə arasında əlaqələri gücləndirməklə yanaşı, tərəflər üçün böyük iqtisadi, siyasi faydasının olacağı da vurğulanır. Teleqraf.com prezidentin İran səfərini dəyərləndirmək üçün millət vəkili Rövşən Rzayevə müraciət edib. Onunla müsahibəni təqdim edirik:

- Rövşən müəllim, prezident İlham Əliyevin İran səfərini necə qiymətləndirirsiz?
- Azərbaycanla İran arasında tarixi münasibətlər, iki ölkənin bir sıra ortaq tarixi dəyərləri var. Təəssüf ki, Sovet dövründə əlaqələrimiz kəsilmişdi, münasibətlərin səviyyəsi aşağı düşmüşdü. Amma ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra tarixi əlaqələr bərpa olundu, qarşılıqlı rəsmi səfərlərə start verildi. İndiki dönəmdə cənub qonşumuzla əməkdaşlıq etmək bizim üçün vacib və əhəmiyyətlidir. Cənab prezidentin İran səfəri də məhz bizim qonşu ölkə ilə əməkdaşlığa verdiyimiz dəyərdən irəli gəlir. Səfər çərçivəsində 11 sənəd imzalandı, müxtəlif məsələlər müzakirə olundu. Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində İrana dəstəyini nümayiş etdirdi. İqtisadi və mədəni əlaqələrin gücləndirilməsi üçün gələcək əməkdaşlığın təməli qoyuldu. Tərəflər indiki münasibətlərin səviyyəsindən məmnunluqlarını ifadə edib, əlaqələrin daha da güclənməsinin zəruruliyinə toxundular. Bu mənada mən cənab Prezidentin İran səfərini çox yüksək qiymətləndirirəm.

- Azərbaycan prezidentinin İran səfəri Qərbin bu ölkəyə qarşı sanksiyaları götürdüyü bir dönəmə təsadüf edir. Bu amil əlaqələrdə hansısa dəyişikliklərə səbəb olacaqmı?
- İrana qarşı sanksiyalar qüvvədə olanda da, ondan öncə də bizim qonşu ölkə ilə münasibətlərimiz yaxşı olub. Xatırlayırsınızsa, İrana qarşı güclü təzyiq olan zaman Azərbaycan prezidenti dəfələrlə "biz öz ərazimizdən üçüncü ölkəyə qarşı istifadə edilməsinə imkan verməyəcəyik" şəkilində bəyanatlar verib. Eyni zamanda ölkə başçıları dəfələrlə İrana səfər edib, bu ölkəyə dəstəklərini ifadə ediblər. Biz hər zaman İranla bağlı mövqeyimizin üzərində qalmışıq. İrana qarşı sanksiyaların götürülməsi müsbət haldır. Bu, Azərbaycan-İran münasibətlərində yeni səhifə açacaq. Hər iki ölkə yeni dönəmdə qarşılıqlı maraqları nəzərə almaqla əməkdaşlıq edəcəklər. Hər bir ölkə istəyər ki, qonşu ölkəsində sabitlik, iqtisadi inkişaf olsun. Qonşunun varlı olması sənin də gəlirlərini artıracaq. Bu mənada İrana qarşı sanksiyaların götürülməsi Azərbaycan üçün də müsbət perspektivlər açır. Azərbaycan dövləti, cənab Prezident bunu çox gözəl dəyərləndirir.

- İrana qarşı sanskiyaların aradan qaldırılmasının Azərbaycan üçün hansı iqtisadi faydaları ola bilər?
- Sanksiyaların götürülməsindən hər iki ölkə fayda götürəcək. İranın dünyaya çıxışının təmin edilməsi o deməkdir ki, Azərbaycanın geoiqtisadi əhəmiyyəti artacaq. Bir sıra nəqliyyat xətləri işə düşəcək, yükdaşıma xidmətləri artacaq, mövcud layihələr daha da dərinləşəcək və s. Biz cənab İlham Əliyevin İran səfəri zamanı da iqtisadi məsələlərin prioritet olduğunu müşahidə etdik. Azərbaycan və İran arasında gömrük, kənd təsərrüfatı və heyvandarlıq sahəsində, elektrik enerjisinin satışı, dəmir yollarının fəaliyyətinin əlaqələndirilməsi, Astara-Astara dəmir yolu xətti və dəmir yolu körpüsünün salınması, SOCAR və İranın Milli Neft Şirkəti arasında neft və qaz sahəsində, SOCAR-la QƏDR investisiya şirkəti arasında anlaşma sənədləri imzalandı. Bundan sonra qeyd olunan sahələr üzrə real addımlar atılacaq və yaxın illərdə layihələrin hər iki tərəf üçün müsbət faydaları olacaq.

- Azərbaycanın İrandan umacağı əsas dəstək Ermənistanla bağlı siyasətinə korrektələr etməkdir. Sizcə, bundan sonra İran Azərbaycan müsəlmanlarına divan tutan, torpaqlarımızı işğal edən Ermənistanla münasibətlərində dəyişiklik edəcəkmi?
- Tamamilə doğru buyurursuz. Bilirsiniz ki, bu gün Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Nə üçün? Çünki Azərbaycan torpaqlarını işğal edib. Nə Azərbaycanın, nə də Türkiyənin Ermənistanla əlaqəsi yoxdur. Onlar dilənçi kimi xaricdən gələn yardımlarla dolanırlar. Əhali sürətlə Ermənistanı tərk edir. İran ilə əlaqələri olmasa, Ermənistan daha da dilənçi vəziyyətə düşər və o zaman anlayar ki, başqasının torpaqlarını işğal etmək çox pis fəsadlar törədə bilər. Ermənistana dəstəyini aradan qaldırmaq üçün biz İran ilə daha yaxından əməkdaşlıq etməliyik və Ermənistanla əməkdaşlığın region üçün hansı fəsadlar tərədə biləcəyini qonşu ölkənin rəhbərliyinə izah etməliyik.

- Əvvəlki illərdə İrana bağlı olan bəzi dini və siyasi qüvvələr Azərbaycanın daxili işlərinə qarışıb, ölkədə radikal çağırışlarda bulunublar. Bundan sonra bu kimi halların aradan qalxacağını gözləmək olarmı?
- Mən hesab edirəm ki, əvvəlki illərdə müşahidə edilən bəzi arzuolunmaz məqamlar bundan sonra təkrar olunmayacaq. Azərbaycan da, İran da müsəlman ölkəsidir və bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Bizim birlikdə həll edə bilməyəcəyimiz problem yoxdur.

Ayxan


Müəllif:

Oxşar xəbərlər