25 Fevral 2016 11:34
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çox təəssüflər olsun ki, Uzun Həsəni Sultan II Mehmet, Şah İsmayıl Xətaini isə Sultan Səlim Yavuz məğlub edib. Bu işlərə konkret olaraq Roma papaları rəhbərlik edib. Onların təkidi ilə bu iki qardaş türk dövləti bir-biri ilə vuruşub və təəssüf ki, bizimkilər məğlub olublar. Artıq trilogiyanın iki kitabını yazmışam. Uzun Həsənlə Sultan II Mehmetin münasibətləri ilə bağlı hissə qalıb. Ona da bu günlərdə başlamaq istəyirəm. Hesab edirəm ki, bu əsər Türkiyə-Azərbaycan münasibətlərinə işıq salan real bir baxış olacaq”.

Bunu qəzetimizə müsahibəsində millət vəkili Hüseynbala Mirələmov bildirib. Müsahibəni təqdim edirik:

- Dünya qlobal iqtisadi böhrandan əziyyət çəkir və bunun təsirləri ölkəmizə də çatıb. İndiki məqamda nə baş verir?
- Hər gün mətbuatı, televiziyaları izləyirik və həqiqətən də, dünyada böhranın baş verdiyinin şahidi oluruq. Bu qlobal böhranın müəyyən səbəbləri ola bilər. Hansısa fövqəldövlətlər və ya maraqlı qüvvələr indiki situasiyanı bilərəkdən yarada, həmçinin, təbii proses də ola bilər. İndiki məqamda heç kim deyə bilməz ki, bu böhran niyə yaranır. Amma faktiki olaraq bu gün dünyada böhran var. Azərbaycan da dünyanın bir parçası olduğuna görə bizdən də yan ötə bilməz. Çünki əvvəllər Avropada və bütün Qərbdə böhran olanda bunun bizə təsiri olmamışdı, ölkədə iqtisadi inkişaf günbəgün artırdı, neftin qiyməti də xeyli yüksək idi. Hətta Milli Məclisdə müzakirələr zamanı büdcədə neftin qiymətini 100 ABŞ dolları məbləğində müəyyənləşdirmişdik. Buna baxmayaraq, Azərbaycan öz neftini 130-140 ABŞ dollarına dünya bazarında satırdı və bunun nəticəsi idi ki, ölkəmizdə xalq firavan yaşayırdı. Çox təəssüflər olsun ki, son dövrlər neftin qiyməti 20-30 ABŞ dollarına düşüb. Amma hələ bilmək olmaz nə olacaq. Ola bilsin, neftin qiyməti durmadan qalxsın. Və ya bir az da aşağı düşsün. Çünki bu, elə bir prosesdir ki, əvvəlcədən heç kim “fal açıb” deyə bilməz nələr olacaq.

- Hökumətin tədbirlər planını dəstəkləyirsinizmi?
- Prezident İlham Əliyev baş verən proseslərdən çox narahatdır. İlin əvvəlindən indiyə qədər dövlət başçısının iştirakı ilə hökumətin iclasları, toplantıları olub və tapşırıqlar verilib. Əlbəttə, həyatda elə bir çətinlik yoxdur ki, ondan çıxış yolu olmasın. Güman edirəm ki, həyata keçirilən işlər nəticəsində çıxış yolları tapılmaq üzrədir. Əsas odur ki, ölkədə sabitlikdir. Nənəm həmişə II Dünya müharibəsindən danışardı və deyərdi ki, bizi düzənlərdə bitən yeməli tərə, göy-göyərti xilas elədi. Bu gün həkimlər də məsləhət görür ki, ətdən az istifadə edək. Yəni bunları deməkdə məqsədim odur ki, indiki vəziyyət bir o qədər də qlobal fəlakət deyil. Dövlət başçısı yaranmış vəziyyətlə əlaqədar hökumətə tapşırıqlarını verib. Əminəm ki, müvəqqəti haldır və bu gərginlikdən azad olmaq üçün proqram hazırlanır. Mən hər zaman yaponları misal gətirirəm. Yaponiyada sunami olanda yapon xalqı hay-həşir salmadı, azar eləmədi, heç kəsə əl uzatmadı və axıradək mətanətlə dözdü və çətin vəziyyətdən çıxdı. Bizim xalqımız da çox müdrik xalqdır, bu çətinlikdən çıxacaq. Deyərdim ki, bu gün çətinlik var, ancaq heç kim ac-susuz deyil. Müəyyən gərginlik var ki, o da zamanla keçib gedəcək.

- Bu gün kənd təsərrüfatının inkişafı qarşıya məqsəd kimi qoyulub. Amma cənub bölgəsi vaxtilə çayçılıq, meyvəçiliklə məşhur olub. İndi orada çay plantasiyalarının bir çoxu yoxdur və belə bir məqamda kənd təsərrüfatı necə stimullaşdırılacaq?
- Çox təəssüflə qeyd etməliyəm ki, sovet adı qoyub, bütün fermaları dağıtdılar, çay plantasiyalarını məhv etdilər. Bəzi adamlar islahat adı ilə mal-qaranı dəyər-dəyməzə satdı və həmin pulu ciblərinə qoyub xərclədilər. Hesab edirəm ki, gərək bu cür islahat getməyəydi. Çünki onun mənfi təsirləri bu gün özünü göstərir. Amma o dövr artıq arxada qaldı. O zamanlar əhaliyə pay torpaqları verdilər ki, ək, becər. Ancaq əhali onlara verilən pay torpaqlarını, mal-qaranı satdı. Yay aylarında Lənkərandakı evimizə getmişdim. Bazara getdim ki, alış-veriş edim. Göy satan qadından göy almaq istədim, soruşanda dedi ki, İrandan gətirmişik. Təsəvvür edin, Lənkəran kimi bir yerdə İrandan göyərti gətirib satırlar. Halbuki, cənub bölgəsi, Lənkəran SSRİ-nin ümumittifaq bostanı adlanırdı. Bütün Rusiyanı, SSRİ-ni kənd təsərrüfatı məhsulları, tərəvəzçiliklə, bostan bitkiləri ilə təmin edirdi. Amma bu gün İrandan Lənkərana göyərti gətirib satırlar. Çox qəribədir, dünənə qədər Lənkəranda toyuq bəsləyən, inək sağan qadınlar bu gün bahalı fransız ətirindən vuraraq, gəlib bazardan göyərti alır. Bu, yolverilməzdir. Belə halları pisləyirəm, təcili olaraq özümüzə qayıtmalıyıq. Kənddə yaşayan, torpağı olan insanlar mütləq özünə qayıtmalıdır, məhsul bolluğu yaratmalıyıq. Hamı bahalı fransız ətiri vursa, brend ayaqqabı ilə bazara gəlib, ərzaq alıb kəndə evinə getsə, toyuğu kim bəsləyəcək, pomidoru, xiyarı kim yetişdirəcək. Odur ki, özümüzə gəlməli, buraxdığımız səhvləri düzəltməliyik.

- Belə bir potensial varmı?
- Bəli. Demirəm ki, yüz faiz potensialımız var. Çünki həmin torpaqların çoxunda ev, sahibkarlıq obyektləri tikiblər. Bu torpaqların hamısı məhv olmayıb. Amma yenə də əkinə yararlı torpaqların yarıdan çoxu qalıb. Sadəcə, zəhmət, həvəs lazımdır ki, həmin torpaqlar becərilsin.

- Bəs onları buna necə təşviq etmək olar?
- Sovet hökumətinin vaxtında heç bir kəndliyə kredit verilmirdi. Bəyəm, pomidor, xiyar əkməyə, toyuq saxlamağa kredit lazımdır? Bunlar boş söhbətdir, sadəcə, bir az həvəs və bir də zəhmətə qatlaşmaq lazımdır. Əgər mən kənddə yaşayıramsa, həyətimdə toyuq olmalıdır, yumurta götürməliyəm, pomidor, xiyar əkməliyəm. Yox, əgər mən şəhərdə, binada yaşayıramsa, bu, başqa məsələdir. Kənddə torpaq da, su da var. Niyə biz bunu etməyək? Heç bir kredit də lazım deyil. Kredit məsələsinin tam əleyhinəyəm. Kreditlər insanları bankların girovuna çevirib. Banklarımız da həddindən artıq yüksək faizlə kreditlər verir. Bu yolverilməzdir və hökumətimizi bu məsələyə baxmağa çağırıram. 25-30 faizlə kredit olar? Ümumiyyətlə, 1 faizlə olsa belə, kəndliyə kredit vermək lazım deyil. Orta, böyük bizneslə məşğul olanlara kreditlər lazımdır. Kənddə pomidor becərən adama nə kredit?

- Prezident İlham Əliyevin İrana səfərini necə qiymətləndirirsiniz?
- Çox müsbət. Çünki İran qonşumuzdur. Ataların bir misalı var, qonşun pisdir, köç qurtar. Amma biz heç yerə köçən deyilik və heç ona pis deməyə ixtiyarımız da yoxdur. Digər tərəfdən İran tarixi dövlətçilik ənənəsi olan bir ölkədir. Orta əsr dövrlərində İran hökmdarlarının çoxu azərbaycanlılar olub. Məsələn, Ağa Məhəmməd şah Qacar, Nadir şah və digərləri. Ta Pəhləvilərə qədər azərbaycanlı hökmdarlar olub. Amerika, Avropa kimi dövlətlər sanksiyalarla İrana heç nə edə bilmədi, əksinə İran daha da gücləndi. Yəni bizim İranla dostluğumuz çox vacibdir. Ümumiyyətlə, yaxın qonşularımız olan dövlətlərlə münasibətlərimiz yaxşı olmalıdır. Dövlətimiz də bu istiqamətdə öz addımlarını atır.

- Rusiya ilə Türkiyə arasında gərginlik var. Bu durumun Azərbaycana təsiri hansı səviyyədədir?
- İki dövlətin daxili işlərinə qarışmaq niyyətində deyiləm. Amma biz əvvəllər Türkiyəyə və ya başqa yerlərə gedəndə orada rusları görürdük. Bu, qardaş Türkiyənin iqtisadiyyatına müsbət təsirini göstərirdi. İstərdim ki, bu iki nəhəng dövlətin münasibətləri yenidən yaxşı olsun. Çünki hər ikisi qonşularımız, dostlarımızdır. İstəməzdik ki, dostlarımız arasında münaqişə, müharibə olsun.

- Ədəbi yaradıcılığınızda hansı yeniliklər var?
- Bir trilogiya yazıram, artıq iki hissəsi hazırdır, kitab şəklində çap olunub. Bu əsərin adı “İki şah, iki sultan”dır. İki şah Ağqoyunlular dövlətinin rəhbəri Uzun Həsən və Səfəvi hökmdarı Şah İsmayıl Xətaidir. İki sultan isə Sultan II Mehmet və Sultan Səlim Yavuzdur. İki Azərbaycan dövlətinin başçılarının vaxtında ərazimiz 3 milyon kvadrat kilometr olub. Çox təəssüflər olsun ki, Uzun Həsəni Sultan II Mehmet, Şah İsmayıl Xətaini isə Sultan Səlim Yavuz məğlub edib. Bu işlərə konkret olaraq Roma papaları rəhbərlik edib. Onların təkidi ilə bu iki qardaş türk dövləti bir-biri ilə vuruşub və təəssüf ki, bizimkilər məğlub olublar. Artıq trilogiyanın iki kitabını yazmışam. Uzun Həsənlə Sultan II Mehmetin münasibətləri ilə bağlı hissə qalıb. Ona da bu günlərdə başlamaq istəyirəm. Hesab edirəm ki, bu əsər Türkiyə-Azərbaycan münasibətlərinə işıq salan real bir baxış olacaq. “Azərbaycan” jurnalının ikinci sayında “Od və büt” adlı yeni romanım işıq üzü görüb. Hesab edirəm ki, Azərbaycan ədəbiyyatında bütpərəstlik dövrü haqqında fundamental bir əsər olmayıb. Romanda çalışmışam ki, o dövrü əhatə edəm. Akademik Milli Dram Teatrında isə bir əsərim səhnələşdirilib. “Axirətdən gələn zəng” adlı bu əsəri rejissor Oruc Qurbanov hazırlayıb. İki dəfə məşqlərə baxdım və düzünü deyim ki, xoşuma gəlmədi. Gördüm ki, mətndən kənara çıxmalar var. Əlbəttə, bütövlükdə yaxşı işləmişdilər, dana bilmərəm. İkinci dəfə teatrın direktoru Azərpaşa Nemətovla baxdım və gördüm ki, səhvləri bir az da artırıblar. Məşqdən sonra bədii şuranın toplantısında öz iradlarımı bildirdim. Buna görə də Azərpaşa Nemətov tamaşanın nümayişini dayandırdı. Ümid edirəm ki, yeni rejissor, aktyor truppası bu tamaşanı yenidən səhnəyə gətirəcək.

Bəxtiyar Məmmədli


Müəllif:

Oxşar xəbərlər