9 Mart 2016 13:26
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ problemi Azərbaycanın ən önəmli problemlərindən birincisidir. 20 ildən çoxdur işğal prosesi davam edir. Bu fakta nə ATƏT-in Minsk qrupundakı həmsədr ölkələr, nə də digər dövlətlər əhəmiyyət verir. Azərbaycan doğru olaraq səsini alçaltmır, münaqişəni gündəmdə saxlayır. Təəssüf ki, Türkiyə və bir neçə ölkə istisna olmaqla, dünya dövlətləri bu problemə qulaqlarını tıxayır. Biz də öz növbəmizdə istəyirik ki, Qarabağdakı səssiz ”hayqırtı"ya səs qataq".

Bunu Teleqraf.com-a müsahibəsində TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan bildirib.

- Yıldıray bəy, iki ilə yaxındır TRT-nin Bakı ofisinin rəhbərisiniz. Bu müddət ərzində planlarınızı həyata keçirə bildiniz? Nələr reallaşdırdınız, hansı layihələrin arzusundasınız?
- TRT-nin Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunanda ürəyimdən keçən bir layihə vardı. Yaponiyanın illər öncə çəkdiyi məşhur “İpək yolu” sənədli filmi TRT-də də yayımlanmışdı, filmdəki fon musiqisi 10-15 il ərzində hər yerdə qarşımıza çıxırdı. Biz də türk dünyası olaraq tarixi İpək yolunun yaşayış coğrafiyasını, mədəniyyətini, iqtisadiyyatını tarixi ilə izah edən genişmiqyaslı bir sənədli film çəkə bilərik. Bu, əslində TRT-nin Bakı nümayəndəliyinin reallaşdıracağı iş deyil. Amma ən azından bu layihəni hərəkətə gətirə bilərik. Hələ də bu ideya arzu olaraq qalır. Azərbaycanda olduğum müddətdə çalışacam ki, layihəni həyata keçirə bilək, alınmasa, Türkiyədə reallaşdıracam. Adını xəyalən “Türk izi” də qoya bilərik. Serial, yaxud sənədli film ola bilər. Türkün olduğu ilk nöqtədən türkün indiki vəziyyətinədək dünyanın bir başından digər başınadək yaşayış formalarını, keçmişini, bu gününü, bir sözlə, tarixini, mədəniyyətini, iqtisadiyyatını, toy və yas mərasimlərini ekranlaşdıra bilərik. Bu layihənin türk dövlətlərinin - Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Azərbaycanın ictimai və dövlət telekanallarının ortaq məhsulu olmasını istəyirəm. Yaşadığımız coğrafiya çox sürətlə dəyişir. Hansısa şəhərdəki yaşayış modeli 10 il sonra eyni olmayacaq. Məsələn, Bakı 15 il əvvəl gördüyüm şəhər deyil, çox dəyişilib. Ona görə də gələcək nəsillər üçün bu layihəni gerçəkləşdirmək lazımdır. Çəkəcəyimiz materialın ilkin versiyası layihənin icraçısı olacaq ölkələrin telekanallarının arxivində xam material olaraq da saxlanılacaq. Bununla da 100 il sonra kimsə bölgə ilə bağlı bir iş həyata keçirmək istəsə, ortaq arxivə müraciət edə biləcək. Bu, həm də ortaq hafizəmiz olacaq, 10 il sonra həmin materiallara xüsusi material kimi yanaşacağıq. Tarixi İpək yolu yenidən həyata keçirilir, TANAP, TAP, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars kimi nəhəng layihələr reallaşdırılır. Biz də bu layihələrin həyata keçirildiyi coğrafiyada insanların yaşam tərzi və ortaq mədəniyyətlərini mütləq şəkildə gələcək nəsillər üçün ötürməliyik.

- İdeyanızın həyata keçirilməsinə əngəl olan nədir? Danışıqlara başlamısınız?
- Danışıqlara başlamışıq, amma ortada konkret iradə yoxdur. Mən sadəcə ideyanı irəli sürmüşəm, bunun təbliğatını da apara bilərəm. Amma bu nəhəng layihənin alınması üçün yalnız TRT-nin, Azərbaycan telekanallarının gücü azdır. Türk dünyasından bizə dəstək verilməlidir. TRT-nin Bakı nümayəndəliyinin rəhbəri kimi xəbər buraxılışlarına daha çox ağırlıq verməyə başlamışam. Özüm 1990-cı illərdə Qarabağda savaş bölgəsinə ezam olundum. Azərbaycan peşə fəaliyyətinə başladığım ilk bölgədir. Tam səmimiyyətimlə deyə bilərəm ki, canlı hadisələrin içində xəbərçiliyi öyrəndim. Məncə, xəbərçiliyin məktəbi yoxdur, xəbər haqqında nə qədər oxusan da, onu yalnız iş prosesində tam mənimsəyə bilərsən. Heç mən müxbirlərin sahələr üzrə ayrılmasının da tərəfdarı deyiləm. Hərbi jurnalist, siyasət jurnalisti, sosial sahənin müxbiri deyirlər, amma mən bu cür bölgünü qəbul etmirəm. Xəbərçi xəbərçidir. Hansısa hadisə baş verəndə “mən iqtisadiyyatdan yazıram, hərbi jurnalistikanı anlamıram, mənim yerimə başqası getsin” deyə bilməzsiniz.

- Amma deyənlər də az deyil...
- Onu deyən yanlış söyləyir (gülür). Hərdən elə olur, gündəm 3-5 dəfə dəyişir. Xəbər dünyada sürətlə dövr edir, burada təbii ki, jurnalistlərin ixtisaslaşması önəmlidir. Amma bu, tibdəki ixtisaslaşma kimi deyil. Özüm tərəfsiz, operativ, doğru xəbərçilik üçün əlimdən gələni etmişəm. Biz xəbərləri 4G texnologiyasından istifadə edərək canlı bağlantı ilə Türkiyə və dünyaya yayımlayırıq. Bayaq layihədən danışdım, Bakı-Tiflis-Qars dəmiryolu xətti ilə bağlı xəbər-bəlgəsəl tərzində bir layihə həyata keçirməyi düşünürəm. Bundan başqa Bakı nümayəndəliyinin rəhbəri kimi bir neçə proqramın yayımını dayandırdıq. Başqaları tərəfindən bəlkə sevilirdi, amma hesab edirəm ki, o verilişlərdə professional yanaşma yox idi.

- Bağlanan verilişlər hansılardır?
- “Azərbaycan ulduzları” və “Qürbətdəki elçilər” verilişləri idi. İlk növbədə qeyd edim ki, Azərbaycan bizim üçün qürbət deyil, iş adamı, tacir haqqında reportaj hazırlamaq olar, amma onlardan veriliş hazırlamağın mənası yoxdur. Azərbaycanı qürbət kimi görmürəm, erməni ünsürləri araya girsə də, biz bir millət iki dövlətik. Hesab edirəm ki, həmin verilişlərdə professional yayımcılıq qaydalarına riayət olunmayıb. TRT Haber-ə ağırlıq vermişik. 5-7 dəqiqəlik süjetlə Azərbaycanın bugününü və mədəni tarixi məqamlarını efirə veririk. Qarabağ problemi Azərbaycanın ən önəmli problemlərindən birincisidir. 20 ildən çoxdur işğal prosesi davam edir. Bu fakta nə ATƏT-in Minsk qrupundakı həmsədr ölkələr, nə də digər dövlətlər əhəmiyyət verir. Azərbaycan doğru olaraq səsini alçaltmır, münaqişəni gündəmdə saxlayır. Təəssüf ki, Türkiyə və bir neçə ölkə istisna olmaqla, dünya dövlətləri bu problemə qulaqlarını tıxayır. Biz də öz növbəmizdə istəyirik ki, Qarabağdakı səssiz “hayqırtı”ya səs qataq. “Qaçqın” adlı silsilə veriliş hazırladıq. 20 ildən çoxdur insanlar öz doğma yurd-yuvasından qaçqın düşüb. 1 yaşından qaçqın düşən uşağın indi 25 yaşı var. Qarabağdan 20 yaşında qaçqın düşən insan indi 45 yaşındadır. Bu insanlar bu illər ərzində nələr ediblər, nələr yaşayıblar. Bu suallara cavab axtarmağa çalışdıq. Hər bir insanın yaşadığı özəl hekayələri təqdim etdik. Hansısa statistika insanlara təsir etmir, inanıram ki, həyat hekayələrinə əsaslanan süjetlər daha təsiredicidir və hafizələrdən silinmir. Həmçinin “Xocalı şahidləri” adlı 12 seriyalı sənədli film çəkdik. Hər il Şəhidlər Xiyabanından canlı yayımla insan izdihamını ictimaiyyətə təqdim edirik. Siyasətçilər ölkələrin, cəmiyyətlərin səsidir, medianın isə rolu daha böyükdür. Media həm cəmiyyətlərin vicdanı, həm də tarixi və səsi olmalıdır. Qarabağ münaqişəsi Azərbaycan üçün ciddi travmadır. 1 milyon məcburi köçkün olan insanlar evlənib, ailə sahibi olublar, övladları dünyaya gəlib, yəqin, indi onların sayı 3 milyonu ötüb.

- Qarabağa ezam olunmuşdunuz, oradakı savaşın canlı şahidi idiniz, bəs Azərbaycana 15 il sonra yenidən ezam olunanda sərhəd bölgələrinə getmək barədə düşündünüz? Heç fürsətiniz oldumu? Bilirsiniz, atəşkəs olsa da, sərhəd bölgəsindəki insanların həyatı təhlükədədir...
- Əslində, getmək istəyirəm, hətta Gəncəyə də gedib çıxa bilməmişəm. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Gəncəyə səfəri planlaşdırılanda deyirdim ki, nə yaxşı oldu, Gəncəni görmüş olaram. Gəncəyə yola düşürdük ki, havaya görə səfər məkanı dəyişdi, gedə bilmədim. Xatırlayırsınızsa, 2014-cü ilin avqustunda ciddi atəşkəs pozuntusu halları vardı. Media həqiqəti ictimaiyyətə çatdırmalıdır. Əslində, hadisə haqda xəbər verilməyəndə, insanlar informasiya əldə edə bilmədiyi üçün hər eşitdiyinə inanır, dedi-qodu o qədər sürətlə yayılır ki, onun qarşısını almaq mümkünsüzləşir. Hətta TRT-nin Bakı təmsilçiliyinin rəhbəri vəzifəsinə təyin olunanda xəbərlər yayıldı ki, TRT hərbi jurnalisti niyə Bakıya təmsilçi kimi göndərir, görəsən, nə isə olacaqmı? Azərbaycan hava məkanını pozan Ermənistan ordusuna məxsus helikopterin vurulması ilə bağlı xəbərləri xarici agentliklər TRT qədər duyarlı şəkildə çatdırmadı. Onların baxdığı müəyyən pəncərə var ki, o çərçivədən kənara çıxmırlar. “Qarabağ ordusuna aid helikopter” kimi təqdimat əlbəttə, yanlış idi. Jurnalist xəbəri yayımlamazdan öncə Azərbaycanla Ermənistan arasındakı münaqişənin detallarını bilməli və yaydığı məlumatı dəqiqləşdirməlidir. Xəbərçiliklə məşğul olan jurnalist helikopterin kimə məxsus olduğunu bilməlidir. Türkiyə ilə Ermənistanın diplomatik əlaqələri yoxdur. Olmayan bir dövlətin, olmayan Silahlı Qüvvələrin məxsus helikopterin olmasını iddia etmək tamamilə yanlışdır. Əgər jurnalist “Dağlıq Qarabağ ordusuna məxsus helikopter vuruldu” deyə xəbər yayımlasa, həmin gün TRT-nin Xəbərlər departamentinin rəhbəri vəzifəsindən azad edilər. TRT bu məsələlərə xüsusi həssaslıqla yanaşır.

- Gəncə qiyamı haqda ilk süjet hazırlayan şəxs də Sizsiniz. Surət Hüseynov da son vaxtlar sosial şəbəkələrdə aktivdir. Onunla görüşmək imkanınız olub?
- Yox, görüşməmişik, deyirlər Rusiyaya gedib. Hansısa hadisə şəxsi həyatımla bağlı deyilsə, atdığım hər addımı TRT adına atmışam. Mən bu cür düşünürəm, başqaları fərqli fikirdə ola bilər. 27 ildir xəbər içindəyəm. Hazırladığım heç bir reportajın, yazdığım heç bir xəbərin bir nüsxəsini belə saxlamamışam. İstəyən TRT-nin arxivindən axtarıb tapar (gülür). Etdiyim hər şeyi TRT adına müxbir kimi etmişəm. Mən bu sənətə yeni başlamışdım, 3 illik təcrübə müddətim vardı, Azərbaycan müstəqilliyini yeni qazanırdı, Coşqun Aralla birlikdə Qazax-Tovuz bölgəsinə getmişdik. Gəncədə qiyam başladı, oraya getdik. Surət Hüseynovun qərargahında 3 gün, 2 gecə onu gözlədik, amma nəhayət görüşdük. Onunla görüşdən görüntüləri “Jiquli” ilə 6 saata Bakıya çatdırdıq. Surət Hüseynovu o vaxtadək heç kəs görməmişdi, Murovda ikən xatırlayıram, tankların üzərinə “Surət” yazılmışdı, soruşdum o nə deməkdir? Dedilər Surət bəyin adıdır. Maraqlananda ki, o kimdir? Biri dedi icra başçısıdır, biri dedi fabriki var.

- Heç mərhum prezident Əbülfəz Elçibəylə söhbətləşmək imkanınız olmamışdı?
- Əbülfəz Elçibəydən müsahibə almamışam. Amma hələ savaşın sıcaq illərində, atəşkəsə nail olunmamışdı, o zaman Elçibəylə-Petrosyanın məşhur görüşü barədə məlumatı yaymışdım. “Ankara” otel TRT-nin binasına da yaxın idi, iş vaxtı bitmişdi, hazırda TRT Avaz-ın kanal koordinatoru Murat Akkoçla qərara gəldik ki, oteldə oturaq, bəlkə müsahibə ala bildik. Görüş oteldə baş tutdu, tez həmin görüntünü yayımladıq. Mükafat olaraq da dedilər ki, səhərə kimi oteldə qal, bəlkə açıqlama oldu (gülür). Amma Heydər Əliyevdən müsahibə alan ilk türk jurnalist mən oldum. Heydər Əliyev prezident seçiləndən sonra Türkiyəyə ilk səfərində onunla görüşüb söhbətləşmək imkanı əldə etdim. AZTV-nin Türkiyədəki təmsilçisi İbrahim Nəbioğluna vermədiyi müsahibəni Heydər Əliyev mənə verdi (gülür). Həmin səfərdə Həsən Həsənov xarici işlər naziri idi, mən Azərbaycana gəldiyim illərdə baş nazir postunu tuturdu, Türkiyədən gələn ilk heyət olduğumuz üçün bizimlə yaxından maraqlanırdı, tez-tez görüşməsək də, əlaqə saxlayardı. Türkiyəyə gələndə oteldə qarşılaşdıq, salamlaşdıq, mənim həyat yoldaşım azərbaycanlı olduğu üçün qapını açıb dedi ki, “Heydər bəy, bizim yeznəmizdir” (gülür). Ən azı 7-8 televiziya jurnalisti müsahibə üçün gözləyirdi, ancaq mənə qismət oldu. İnsanın aurasının da belə məqamlarda təsiri olur. Həmin reportaj Azərbaycanda da yayımlandı. Hərdən soruşurlar ki, o müsahibəni tapa bilərsən? Deyirəm varsa, arxivdədir.

- Müsahibədən nələr xatırlayırsınız?
- Azərbaycana ezam olduğum müddətdə buradakı bütün siyasi partiya liderləri ilə Qarabağdakı savaş, ölkənin perspektivi ilə bağlı İsa Qəmbərdən tutmuş Etibar Məmmədovadək hər kəslə görüşüb onların fikirlərini öyrənirdim. Heydər Əliyevin nə verdiyim suallara cavabı, nə də siyasi, iqtisadi, ideoloji cavabları yadımdadır. Suallarıma özünəməxsus səs tonu, izahat forması ilə səmimi cavablar verirdi. Siyasətçi, prezidentlə danışdığımı hiss etmirdim, sanki dostumla söhbət edirdim. Əslində, bir çox yüksək rütbəli şəxslər, prezidentlərlə görüşmüşəm, müsahibələr almışam, səmimiyyətimə inanın, özümü Heydər Əliyevlə müsahibəmdəki qədər rahat hiss etməmişəm.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər