12 Mart 2016 11:37
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün multikultural problemlər dünyada bütün ziddiyyətlərin həll edilməsinin bir nömrəli məsələsidir. Çünki söhbət dinlərarası, millətlərarası, eləcə də mədəniyyətlərarası qarşıdurmaların aradan qaldırılmasından gedir. Bu sahədə Azərbaycan modeli kifayət qədər cəlbedicidir. Uzun əsrlərdir Azərbaycanda azsaylı xalqlar yaşayır, onların öz mədəniyyətləri var. Bu gün həmin xalqlar öz dillərini, adət-ənənələrini qoruyub saxlayır. Eyni zamanda, Azərbaycanda müxtəlif konfessiyalar var və onların dini fəaliyyətinə heç bir maneə yoxdur. Bütün bunlara rəğmən, indiyədək Azərbaycanda dinlər arasında, mədəniyyətlər arasında hər hansı qarşıdurma, çatışma elementinə rast gəlinməyib”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq Qabil Hüseynli bildirib. Müsahibəni təqdim edirik:

- IV Qlobal Bakı Forumunun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Qlobal iqtisadi və siyasi böhranın yaşandığı bir dövrdə nüfuzlu dövlət adamlarının böyük qisminin iştirak etdiyi Forumun keçirilməsi və orada dünyanın aktual problemlərinin müzakirə edilməsi, həmin problemlərdən çıxış yollarının axtarılıb tapılması ilə bağlı tövsiyələrin irəli sürülməsi böyük əhəmiyyətə malikdir. Bu, həm də dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün mühüm rol oynayır. Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə keçirilən bu tədbir artıq Bakını dünyanın siyasi fikir mərkəzinə çevirib. Bu, o deməkdir ki, əvvəla, Bakı beynəlxalq tədbirlərin keçirilməsində təcrübə qazanıb. Eyni zamanda, Azərbaycan hakimiyyəti beynəlxalq münasibətlərdə aktiv və dinamik rol oynayır. Bu forum, həqiqətən də, mühüm əhəmiyyətə malikdir. Çünki tədbirdə qlobal problemlərlə yanaşı, regional münaqişələrin də həll edilməsi ilə bağlı müzakirələr aparıldı. Bu kontekstdə Dağlıq Qarabağ problemi də müzakirə edildi və çox ciddi fikirlər səsləndirildi. Vaşinqtonda nüvə təhlükəsizliyinə dair tədbir, bir ay əvvəl Almaniyanın Münhen şəhərində keçirilmiş konfransdan sonra belə bir forumun Azərbaycanda keçirilməsi onu göstərir ki, Bakı dünyanın bir sıra paytaxtları kimi beynəlxalq münasibətlərin formalaşdırılmasında, təhlükəsiz mühitin yaradılmasında mühüm rol oynayır. IV Qlobal Bakı Forumunda iştirak edənlərin həm plenar iclasda, həm də ayrı-ayrı bölmələrdə etdikləri çıxışlar aktual məsələlərə aid idi. Bütün bunlar göstərir ki, Azərbaycan təkcə öz problemləri ilə deyil, dünyanın problemləri ilə də məşğul olur, qlobal təhlükəsizlik məsələlərinin konseptual şəkildə işlənib hazırlanmasına öz töhfəsini verir.

- Forumda II Dünya müharibəsindən bu yana son illər dünyada gərginliyin daha çox artdığı qeyd edildi. Necə düşünürsünüz, bu, həqiqətən belədir?
- Bu fikir kifayət qədər doğrudur və gerçəkliyi əks etdirir. Bəziləri hətta bir az da irəli gedərək III Dünya müharibəsinin astanada olması barədə fikirlər səsləndirir. “Stratfor” araşdırmalar mərkəzi və onun prezidenti Corc Fridman “hazır olun, yeni dünya müharibəsi gəlir” kimi tələsik və həm də kifayət qədər bişməmiş fikirlər söyləyir. Belə olan təqdirdə bu “SOS” siqnalıdır və insanları ayıq olmağa çağırır. Eyni zamanda, belə tədbirlərin keçirilməsi onu göstərir ki, dünyamız sivilizasiyaların toqquşması kimi və ya sivilizasiyalararası əlaqələrin qırılması, məhəlli münaqişələrin yenidən alovlanması və belə münaqişələrin böyüyərək daha iri miqyaslı müharibələrə çevrilməsi kimi təhlükələrlə doludur. Bu təhlükələrin qarşısını almaq üçün ciddi beyin fırtınasına, fikir axtarışlarına ehtiyac var. Həqiqətən də, dünyada ciddi təhlükələr mövcuddur. Məsələn, Suriya hadisələri, postsovet məkanındakı regional münaqişələr, yeni münaqişə ocaqlarının yaradılmasına cəhd, müxtəlif dövlətlər arasında gərginliyin artması onu göstərir ki, dünyamız ciddi təhlükələrlə üz-üzə dayanıb. Əgər bunlara müdaxilə edilməsə, bunları önləmək üçün təsirli tədbirlər görülməsə, yaxud da təsir göstərəcək ağıllı fikirlər səsləndirilməsə, əlbəttə ki, dünya qeyd edilən fəlakətlərə sürüklənə bilər.

- Suriya ilə bağlı Forumda səsləndirilən fikirlər bu ölkənin taleyi baxımından nə kimi rol oynaya bilər.
- Forumda Suriya ilə bağlı müzakirələr müəyyən praktiki tövsiyələrin hazırlanması ilə bitəcək. Əsas məsələ odur ki, tərəflər bu praktiki tövsiyələri nəzərə alacaq, ya yox. Burada hadisələrin baş rejissoru kimi Rusiya çıxış edir. İran da bu məsələlərdə müəyyən qədər Rusiya ilə birgə hərəkət edir. Başlıca məsələ odur ki, bölgədə sülhün, əmin-amanlığın təmin edilməsi yolunda əngələ çevrilmiş Bəşər Əsəd rejiminin dəyişdirilməsi məsələsinin konsepsiyası və ya yolu işlənilib hazırlansın. Amma bu məsələdə dövlətlər fərqli cəbhələrdə dayanırlar. Misal üçün, əksər dövlətlər Bəşər Əsədin getməsi ilə Suriyada sülhün yaranacağını proqnozlaşdırırsa, Rusiya və İran Bəşər Əsəddən ikiəlli yapışıb, buraxmaq istəmir. Arada isə miqrant problemi yaranır, on minlərlə insan qaçqın, didərgin vəziyyətinə düşür. Elə bundan az olmayan insanlar da Bəşər Əsəd rejimi və Rusiya bombaları altında məhv olur. Bu gün Suriya demək olar ki, darmadağın olub. Burada yeni silahlar sınaqdan keçirilir. İran da fanatikcəsinə rejim dartışmasını ortaya atıb. Amma dünya hələ də fərqində deyil ki, bütöv bir ölkə, xalq məhv olmaq təhlükəsi qarşısındadır. Forumda aparılan müzakirələr zamanı belə fikirlər səsləndirildi. Hesab edirəm ki, Suriya məsələsində fikir birliyinə gəlmək çətin olacaq. Amerikanın da astagəl mövqeyi, yaxud da məsələyə yalnız İŞİD prizmasından yanaşması problemlərin həllinə gətirib çıxarmır. Sözsüz ki, İŞİD terror qruplaşması aradan götürülməlidir. Amma bunun üçün İŞİD-dən daha təhlükəli olmayan Suriya rejiminin də taleyinə baxılmalıdır. Yəni dövlətlər ortaq mövqedən çıxış etsələr, İŞİD və Suriya probleminin həllinə dair əməli müzakirələr aparsalar, məsələni yoluna qoymaq olar. Lakin hələlik qarşıdurma psixologiyası və ideologiyası qələbə çalmaqdadır.

- “Dondurulmuş münaqişə” anlayışı artıq Suriyaya da aid edilməyə başlanıb. Yəni münaqişənin yaradılması və dondurulması hansı qüvvələrə sərf edir?
- Bu, əsasən Rusiyanın taktikasında var. Suriya məsələsində dondurulmuş münaqişə anlamına keçid çətin olacaq. Postsovet məkanında mümkün idi, amma indiki şəraitdə bunun həyata keçirilməsi çox çətindir. Hər halda Suriya məsələsinin həlli istiqamətində müəyyən addımlar atılır və prosesə Səudiyyə Ərəbistanı və digər dövlətlər də daxil olmaq istəyir. Amerika Suriyada baş verənlərə daha fəal müdaxilə etsə və yaxud əvvəl İŞİD terror qruplaşmasını sıradan çıxarıb diqqəti Yaxın Şərqdə baş verənlərə yönəltsə, müəyyən praktiki nəticələrə gəlmək mümkün ola bilər. Postsovet məkanındakı münaqişələr həll edilməsə də, ona yeniləri də əlavə olunub. Məsələn, Ukraynadakı Donbas, Krım problemi və s. Suriya məsələsi ağır problemdir, amma bunun həlli perspektivləri görünür. Lakin postsovet məkanındakı münaqişələrin həlli Rusiyanı siyasi iradəsinə bağlı olduğuna görə burada birmənalı proqnozlar söyləmək çox çətindir. Ümumiyyətlə, Rusiya siyasi elitasından tutmuş müxtəlif ranqlı məmurlarına qədər hamısında, dedikləri ilə etdikləri arasında böyük fərqlər var.

- Forumda həmçinin multikultural məsələlər diqqət mərkəzində oldu. “Multikulturalizmin Azərbaycan modeli” dünyaya bir örnək ola biləcəkmi?
- Bu gün multikultural problemlər dünyada bütün ziddiyyətlərin həll edilməsinin bir nömrəli məsələsidir. Çünki söhbət dinlərarası, millətlərarası, eləcə də mədəniyyətlərarası qarşıdurmaların aradan qaldırılmasından gedir. Bu sahədə Azərbaycan modeli kifayət qədər cəlbedicidir. Uzun əsrlərdir Azərbaycanda azsaylı xalqlar yaşayır, onların öz mədəniyyətləri var. Bu gün həmin xalqlar öz dillərini, adət-ənənələrini qoruyub saxlayır. Eyni zamanda Azərbaycanda müxtəlif konfessiyalar var və onların dini fəaliyyətinə heç bir maneə yoxdur. Bütün bunlara rəğmən, indiyədək Azərbaycanda dinlər arasında, mədəniyyətlər arasında hər hansı qarşıdurma, çatışma elementinə rast gəlinməyib. Əksinə, millətlər, mədəniyyətlər, dinlər dinc yanaşı yaşamaqla, hətta ciddi tolerantlıq, dözümlülük nümunəsi göstərməkdədir. Bu nöqteyi-nəzərdən Azərbaycanın bu sahədə qazandığı nailiyyətləri bir model kimi dünya təcrübəsinə yaymaq olar. Azərbaycan multikulturalizmi hazırda Gürcüstan, Bolqarıstan tərəfindən öyrənilir. Digər ölkələr də Azərbaycanın multikulturalizm praktikasına diqqət yetirir. Bizdəki multikulturalizm təkcə praktiki fəaliyyətdən ibarət deyil, onun ciddi nəzəri, ideoloji əsasları var. Artıq yerli və bir sıra xarici ölkələrin ali məktəblərində “Multikulturalizmin Azərbaycan modeli” bir fənn kimi tədris edilməyə başlanılıb. Yəni multikulturalizmə dair elmi-nəzəri fikirlər artıq ictimai düşüncədə özünə yer tutmaqdadır və Azərbaycandan da beynəlxalq ictimai fikrə yayılmaqda və təsir etməkdədir. Dünyada multikultural ideyalar yayıldıqca ölkələrarası, millətlərarası, dinlərarası münasibətlər sağlamlaşır və müharibə təhlükəsi xeyli dərəcədə azalır. Cənubi Qafqaz ölkələrindən Ermənistana gəlincə, ancaq şovinizm, radikal millətçilik, başqa xalqlara qarşı soyqırımı tətbiq edilməsindən danışmaq olar. Yəni təcavüzkar ölkədə multikultural ənənələr yox dərəcəsindədir. Həm də Ermənistan monoetnik tərkibə malikdir. Çünki orada ermənilərdən başqa az sayda yezidi kürdlər yaşayır. Lakin bu gün Ermənistan monoetnik dövlətə çevrilib. Monoetnik dövlətdə isə multikulturalizm olmur. Yalnız şovinizm, radikal millətçilik ideyaları meydan sulayır, başqa xalqları aşağılamaq kimi baxışlar ictimai fikirdə özünə daha yer edir. Bu baxımdan Ermənistandan hər hansı örnək gətirmək çətindir.

Bəxtiyar Məmmədli


Müəllif:

Oxşar xəbərlər