13 İyun 2014 17:50
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydın Mirzəzadə: “Türkiyənin siyasi nüfuzundan, silahlı qüvvələrindən vaxtında istifadə edilsəydi İraq problemi çoxdan həll edilmişdi”

İyunun 15-i müasir Azərbaycan tarixinin önəmli günlərindən biridir. Məhz 1993-cü ilin həmin günündə milli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdaraq ölkəni bürümüş böhranlı vəziyyətdən xilas edib. Heydər Əliyev həmin gün Azərbaycan Ali Sovetinin sədri seçilib. Sonralar Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycanın qurtuluş günü kimi salınması təklifi ilə çıxış ediblər. Milli Məclis öz növbəsində bu təklifi bəyənib və 1997-ci ilin 15 iyununda qəbul etdiyi qərarla bu günü rəsmi bayram kimi rəsmiləşdirib. 1998-ci ildən isə bayrama dövlət statusu verilib.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə ilə söhbətimizə də Milli Qurtuluş Gün ilə bağlı sual ünvanlamaqla başladıq. Millət vəkili bununla belə, günün aktual məsələləri ilə bağlı digər suallarımızı da cavablandırdı.

– Milli Qurtuluş Gününün tarixi önəmi nədən ibarətdir?

– 15 iyun 1993-cü il Azərbaycanın müasir tarixinin başladığı bir dönəmdir. Biz tariximizi həmin dövrədək və ondan sonrakı dövrə bölərək qiymətləndiririk. Müstəqilliyimizi 1991-ci ilin 18 oktyabrında qazansaq da, iki il ərzində hakimiyyətdə olan siyasi komandalar verilmiş şansdan istifadə edə bilmədilər. Azərbaycan dövlətçilik modelini tapa, qonşu dövlətlərlə münasibətlər qura bilmədi. Hər hansı islahatdan da söhbət gedə bilməzdi. Ən əsası isə təcrübəsizlik, yolun düzgün seçilməməsi, cəmiyyətin maraqlarının düzgün ifadə edilməməsi Azərbaycanın problemlərini günü-gündən artırırdı. Azərbaycan cəmiyyəti vaxtilə ona rəhbərlik etmiş Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışının bu problemlərdən çıxış yolu olduğunun fərqinə varırdı. Yaxşı nümunə də var idi. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etməsi həmin bölgədə sabitliyin yaranmasına, insanların ümidlərinin doğrulmasına səbəb olmuşdu. Həmçinin yeni Azərbaycan modeli ortada idi və cəmiyyət buna qiymət verirdi. Ona görə də 1993-cü ildə Azərbaycanda artıq hakimiyyətin siyasi böhranı başlayanda cəmiyyət çıxış yolunu Heydər Əliyevin hakimiyyətə dəvət edilməsində gördü və mən deməzdim ki, həmin dövr hakimiyyəti Heydər Əliyevi dəvət etdi. Sadəcə olaraq həmin dövr hakimiyyəti Azərbaycanın müstəqilliyinin əldən getməsinin, vətəndaş müharibəsinin başlandığının fərqinə varırdı. Eyni zamanda özlərinin şəxsi təhlükəsizliyi də çox böyük sual altında idi. Xalqın təkidi ilə Heydər Əliyev 1993-cü ilin 15 iyununda parlamentin sədri seçildi. Müəyyən müddətdən sonra prezident səlahiyyətlərinin icraçısı oldu. 1993-cü ilin oktyabrında isə prezident seçilərək Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində böyük işlər gördü.
15 iyun hər bir azərbaycanlı üçün sözün əsl mənasında milli qurtuluşdur. Bu, anarxiyadan, səbatsızlıqdan, verilmiş tarixi şansı itirmək qorxusundan qurtuluşdur. Bu, Azərbaycanın inkişafını təmin edən bir yolun seçilməsini təmin edən bir qurtuluşdur. Həmin dövrdə Heydər Əliyevə ümid bəsləyən cəmiyyət zaman keçdikcə, öz seçimində düzgün olduğunu bir daha yəqin etdi. Qısa zamanda Azərbaycanın daxilində stabillik yarandı, 1994-cü ildə ölkədə inflyasiyanın qarşısı alındı, 1995-ci ildə indiyədək hüquqi dövlətimizin əsasını təşkil edən konstitusiyamız qəbul edildi, Azərbaycan beynəlxalq birlikdə nüfuz sahibi olmağa başladı. 2014-cü ilin Azərbaycanı 1993-cü ilin 15 iyununda Azərbaycan cəmiyyətinin düzgün seçiminə verilən ən yüksək qiymətdir.

– İyunun 12-13-də Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyası – TÜRKPA-nın Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament sədrlərindən ibarət Assambleya Şurasının V plenar iclasının yekunlarını nə cür qiymətləndirirsiniz?

– Dünyada 6 müstəqil türkdilli dövlət var. Bu dövlətlər ötən əsrin 90-cı illərindən birgə fəaliyyət, əməkdaşlıq, həmrəylik siyasəti yürütməyə başlayıblar. Keçən müddət ərzində bu ideyanın təşəbbüskarlarının arzusunun həyata keçdiyinin şahidi olduq. Bu gün sözün əsl mənasında türkdilli dövlətlərin birliyi, bir-biri ilə həmrəyliyi, sıx əməkdaşlıq edən ölkələr nümunəsi var. Əgər keçən ilədək Türk Şurasında 4 dövlət təmsil olunurdusa, bu il Türkmənistan dövləti də öz prezidenti qismində Bodrumda keçirilən zirvədə təmsil olundu. Zirvədə müzakirə olunan məsələlər artıq dünya siyasətində türkdilli dövlətlər birliyi faktorunun formalaşdığını göstərdi. Bu gün dünyada dil faktoruna görə üç birlik var. Bunlardan biri ingilisdilli Britaniya Millətlər Birliyi, fransızdilli ölkələrin birləşdiyi Beynəlxalq Frankofoniya Təşkilatı, üçüncüsü isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır. Hesab edirəm ki, əvvəlki iki təşkilat kimi bu təşkilat da artıq özünü təsdiq edə bilib. Bodrumda keçirilən sammitdə bütün dünyanın diqqətini cəlb edib. Dünyanın aparıcı KİV-ləri sammit barədə yazdılar. Bu sammitlə türk dövlətləri bir-birlərinə bir addım da yaxın oldular və bu yaxınlıq sonsuzluğa qədərdir.
TürkPA isə qısa müddətdə nüfuz qazana bilib. Parlamentlərin fəaliyyətlərinin əlaqələndirilməsinə, təcrübə mübadiləsinə böyük bir imkan verib. Bakıda baş tutan sessiyada həm təşkilati məsələlər həyata keçirilib, eyni zamanda qonaqlar paytaxtımızın timsalında Azərbaycanın inkişafı ilə tanış ola biliblər.

– İyunun 11-də ABŞ Helsinki Komissiyasıda keçirilən dinləmələrdə dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia, həmçinin Demokratiyaya Milli Yardım Fondunun Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy Azərbaycanda demokratiya və insan haqlarının durumunu tənqid ediblər. Bununla bağlı nə deyə bilərsiniz?

– Azərbaycanla bağlı xaricdə tez-tez tədbirlər keçirilir. Hesab edirəm ki, bu, ilk növbədə Azərbaycana olan böyük diqqətdən irəli gəlir. Nüfuzsuz dövlət heç bir zaman diqqətdə ola, onun vəziyyəti müzakirə mövzusu ola, ona tövsiyələr verilə bilməz. Bu gün bu müzakirələr Azərbaycanın artan nüfuzu deməkdir. Əlbəttə, istənilən xarici mövqeyi ilk növbədə oranın subyektiv mövqeyi kimi qəbul etmək lazımdır. Azərbaycanın taleyi xaricdəki dinləmələrdə deyil, Azərbaycanda həll edilir. Azərbaycan vətəndaşı seçki vasitəsilə, seçdiyi hakimiyyət vasitəsilə problemlərini həll edir. Yəni, bu baxımdan Helsinki Komissiyasında keçirilmiş dinləmələr sadəcə olaraq mövqelərdən biridir. Konkret olaraq ordakı müzakirələrə gəldikdə isə, deməliyəm ki, əvvəlkilərdən fərqli olaraq artıq Azərbaycanla bağlı bu dinləmələrdə obyektiv fikirlərin səsləndirilməsinə başlanıb. Hesab edirəm ki, onlar bunu qəbul etməyə sadəcə olaraq məcburdurlar. Bu gün Azərbaycanın artan iqtisadi, siyasi qüdrəti, Azərbaycanın demokratiyanın inkişafı istiqamətində atdığı addımlar obyektiv fikri deməyə imkan verir. Müəyyən məsələlərə gəldikdə isə, bir qisim mövqenin qeyri-obyektiv olduğunu demək lazımdır. Hakimiyyəti gah Azərbaycanda demokratiyanın olmamasında, gah da mətbuatla bağlı məsələlərdə ittiham edirlər. Amma nədəsə, Azərbaycanda azad şəkildə müxalifət mətbuatının, azad şəkildə hakimiyyəti tənqid etmək taktikasının olduğunu yaddan çıxarırlar. Azərbaycana tövsiyələr verməyə gəldikdə isə, bu tövsiyələr sağlam olduqda, kimlərinsə xüsusi iddiasını ortaya qoymadıqda əlbəttə, qəbulediləndir. Ancaq əgər bu sağlam olmayan maraqlara söykənirsə, Azərbaycan buna öz etirazını bildirəcək.

– Bu günlərdə “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının dünyada azadlığın vəziyyətinə dair növbəti hesabatında da Azərbaycanla bağlı tənqidi fikirlər yer alıb...

– Bilirsiniz, əgər xarici bir qeyri-hökumət təşkilatı hansısa ölkə haqqında fikir bildirirsə, mütləq həmin ölkədə onun ekspertlər qrupu işləməlidir. “Freedom House”un Azərbaycanda ekspertlər qrupu yoxdur. O heç bir halda Azərbaycanla bağlı özünün şəxsi mövqeyini ortaya qoya bilməz. Əgər mövqe bildirirsə, demək artıq kimlərinsə subyektiv mövqeyini özü üçün əsas götürür. “Freedom House”un hesabatını oxuyanda biz artıq bizə tanış olan, daxildəki müəyyən radikal qrupların mövqeyinin təkrarlandığını görürük və heç bir şübhə yoxdur ki, sadəcə olaraq “Freedom House”un tapşırığını yerinə yetirirlər, yaxud “Freedom House” həmin qrupun mövqeyini köçürür. Elə isə onun obyektiv olduğunu artıq heç kim qəbul etməyəcək. Çünki bu onun mövqeyi deyil, bu, hakimiyyətə qarşı qatı müxalifətdə olan müəyyən bir mərkəzin və yaxud mərkəzlərin mövqelərinin hər il təkrarlanmasıdır.

– İraqda baş verən hadisələrə münasibətinizi bilmək istərdik...

– Bu gün İraqda baş verənlər bütün dünyada izlənilir. Məsələ ondadır ki, İraqda vəziyyətin indiyədək düzəlməməsi sonda bu nəticəyə gətirib çıxarıb. Yəni, mərkəzləşdirilmiş güclü hakimiyyətin formalaşmaması, hakimiyyətdə bütün etnik və dini dairələrin təmsil olunmaması sonda dövlətin artıq parçalanmış vəziyyətə gəlib çatmasına, ən əsası isə radikal hərbiləşdirilmiş qrupların ölkənin bu və ya digər hissəsini işğal etməsinə gətirib çıxarıb. Türk diplomatlarının girov götürülməsi isə, artıq dünyaya meydan oxumaq deməkdir. Açıq demək lazımdır ki, həmin anda Türkiyənin istənilən radikal addım atmağa tamamilə hüququ və mənəvi haqqı var idi. Yəni, bu gün İraqdakı vəziyyət çox narahatedicidir. İlk növbədə isə İraq xalqının taleyi narahatlıq doğurur. Hesab edirəm ki, dünya bu məsələnin həllində artıq çox ciddi addımlar atmalıdır. Problemin həll edilməməsinin əsas səbəbi isə Türkiyə faktorunun İraq probleminin həllində istifadə edilməməsidir. Dünyanın müəyyən dairələri məqsədli şəkildə Türkiyəni kənarda qoydular. Sonda isə bugünkü vəziyyət yarandı. Əgər Türkiyənin siyasi nüfuzundan, silahlı qüvvələrindən vaxtında İraqda istifadə edilsəydi, İraq problemi çoxdan həll edilmişdi.

– Bu günlərdə dünyanı həm də futbol həyəcanı öz ağuşuna alıb. Maraqlıdır, Aydın Mirzəzadə hansı komandaya azarkeşlik edir?

– Mənim azarkeşlik etdiyim Azərbaycan komandasıdır və mən hər dörd ildən bir baş tutan futbol üzrə dünya çempionatının final mərhələsində Azərbaycan komandasının dünya çempionu olmasına ürəkdən sevinirəm (gülür-S.Həmid). Əlbəttə, bu arzudur, içimdən gələn bir istəkdir. Braziliyada keçirilən yarışma bir futbol bayramıdır, insanların sevincli günləridir. Dünya futbol adlı bir xəstəliyə tutulub, çempionatın final mərhələsinin keçirildiyi günlərdə “futbol temperaturu” xüsusilə qalxır. Qruplarda keçirilən oyunların hamısını izləyə bilmirəm. Amma dörddə bir finaldan başlayaraq oyunların heç birini buraxmıram. Favoritlərə gəldikdə isə, bir neçə komanda favoritdir. Braziliyanın, İspaniyanın, Almaniyanın, İtaliyanın, Fransanın yaxşı oyunları var. Amma eyni zamanda hansısa komanda böyük bir sürpriz də edə bilər. Belə hallar həmişə olur.

– Bəs, Sizcə çempion kim olacaq?

– Sadaladığım ölkələrdən biri. Ancaq bəzən təsadüfdən də nəsə asılı olur. Hardasa qapıçı topu tuta bilmir, hardasa kimsə topa çata bilmir. Bəzən bərabər gücə malik komandalardan hansının çempion olması kiçik bir təsadüfdən asılı olur.

Səxavət HƏMİD


Müəllif: