19 Mart 2016 14:38
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident türk xalqlarına nümunə göstərdi”

AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudovun Teleqraf.com-a müsahibəsi:

- Prezident İlham Əliyevin qardaş Türkiyəyə etdiyi səfər hələ də müzakirə mövzusu olaraq qalır. Bu səfəri necə şərh edirsiniz?

- Mənim Azərbaycan dövlət başçısının Türkiyə səfərinə münasibətim birmənalıdır: Azərbaycan dövlət başçısına eşq olsun! Prezident İlham Əliyev göstərdi ki, qardaşın qardaş yeri var. Biz tarix boyu eyni xalq olaraq hər zaman bir-birimizin yanında olmuşuq. Biz heç zaman ayrılmamalıyıq. Prezident İlham Əliyev çox ağır şəraitdə, böyük dövlətlərin təhdidlərinə, dünyada qarışıqlığın hökm sürdüyü bir mərhələdə göstərdi ki, Azərbaycan və Türkiyə ayrılmazdır. Böyük üstünlük verdiyim məqam bu səfərin gerçəkləşməsi dövrü ilə bağlıdır. Prezident Ərdoğan iki dəfə Bakıya rəsmi səfərə hazırlaşırdı. Lakin hər dəfə Ankarada terror hadisəsi törədildi. Bu, xüsusi törədilən, sifarişlə edilən terror hadisələridir. Azərbaycan Prezidenti bu terroru törədənlərə də layiqli cavab verdi, göstərdi ki, siz nə etsəniz də, biz bir-birimizdən ayrılmayacağıq. Azərbaycan bu addımı ilə həm də terrora qarşı olduğunu, dünyada sülh siyasətinin tətbiq edilməsinin tərəfdarı olduğunu ortaya qoydu. Türkiyə dövlətinə, dövlət başçısına bu cür müdafiə çox lazım idi. Bizim Prezidentimiz Ankarada olmaqla xalqımızın başını ucaya qaldırdı. Dövlət başçımız bu səfərlə həm də türk xalqlarına bir nümunə göstərdi ki, ağır məqamlarda necə birləşmək lazımdır. Odur ki, cənab Prezidentin bu səfərini alqışlayıram. Bu səfər Azərbaycanın öz qardaşlarına, müttəfiqlərinə verdiyi dəyər, özünün etibarlı tərəfdaş olmasının nümunəsi idi.

- Son illərin hadisələri göstərir ki, bu, Prezident İlham Əliyev tərəfindən Türkiyəyə qarşı ilk jesti deyil...

- Tamamilə haqlısınız. Mən Praqada beynəlxalq sammit zamanı dövlət başçımızın ortaya qoyduğu iradəni də qeyd etmək istərdim. Həmin sammitdə Türkiyə prezidenti iştirak etmirdi. Bundan sui-istifadə edən Ermənistan prezidenti Türkiyə və onun rəhbərliyi haqqında mənfi danışmağa başladı. Lakin bu zaman söz alan dövlət başçımız bəyan etdi ki, Türkiyə dövlətinin rəhbərliyi burada olmasa da, Azərbaycan rəhbərliyi buradadır və qarşı tərəfə cavab verəcək. Yəni Prezident Praqada erməni faşistlərini yerində oturtdu. Ötən il ermənilər saxta “soyqırımı” hadisəsinin yüz illiyinə yüksək səviyyədə hazırlaşırdı. Bu zaman Ərdoğan aprelin 24-də Çanaqqala zəfərinin yubileyini keçirmək ideyasını irəli sürdü. Həmin vaxt bizim Prezidentimiz bu addımı müdrik qərar hesab etdi və onu dəstəklədi. Sonra 24 aprel Çanaqqala zəfərinin qeyd edilməsi zamanı Azərbaycan dövlət başçısı yaxından iştirak etdi və mövqeyini ortaya qoydu. Odur ki, mən bu addımları misilsiz addımlar hesab edirəm. Mən Şəki bölgəsindən olan seçicilərim, habelə ziyalılarımız adından Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.

- Azərbaycan dünyada ən etibarlı tərəfdaş, müttəfiq və strateji tərəfdaş hesab olunur. Çünki bunu Azərbaycan dəfələrlə dildə deyil, əməlində ortaya qoyub. Türkiyə ilə bağlı Azərbaycan rəhbərliyinin atdığı son addım tərəfdaşlıq və strateji müttəfiqliyə etibarlı olduğunun göstəricisi deyilmi?

- Heç şübhəsiz ki, belədir. Ancaq bu, nəinki müttəfiq dövlət anlamına, hətta vahid dövlət anlamına gəlir. Başqa sözlə göstərilir ki, bizim vahid mənafeyimiz var, eyni xalqıq. Ortaya qoyulur ki, biz daima bu kimi hallarda bir-birimizin yanında olacağıq. Mən deyərdim ki, bu müttəfiqlikdən daha böyük birlikdir.

- Bu addımlar iki ölkə arasında etibarlığı nə dərəcədə artırır?

- Mən Ulu Öndər Heydər Əliyevi yada salmaq istərdim. Ən çətin məqamlarda Heydər Əliyev Bakı-Tiflis-Ceyhan layihəsini yaratdı. Əslində, bu, mümkün olmayan layihə idi. Lakin Heydər Əliyev bunu yaratdı ki, həm də Türkiyənin beynəlxalq aləmdə rolu artsın. Təbii ki, Türkiyənin rolunun beynəlxalq aləmdə güclənməsi həm də Azərbaycanın güclənməsi deməkdir. Heydər Əliyevin zamanında qoyduğu xətt hazırda davam edir. Bir millət, iki dövlət xəttini məhz Heydər Əliyev ortaya qoyub. Bu xətti Prezident İlham Əliyev çox yüksək uğurla, iradə ilə aparır və bir qədər də inkişaf etdirilir. Bizim tarixçilərimiz daima deyirlər ki, 1918-ci ildə Azərbaycan xalqını soyqırımından Qafqaz İslam Ordusu xilas etdi. Çox böyük hadisədir. Amma Qafqaz İslam Ordusunun tərkibində Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov, Həbib bəy Səlimov var idi. Yəni bu ordunun tərkibində xalqımız da təmsil olunurdu. Lakin ən böyük hünər odur ki, Qafqaz İslam Ordusu Osmanlı dövlətinin hərbi birləşməsi idi. Bizimsə nə ordumuz, nə də dövlətimiz var idi. Ondan əvvəl, 1915-ci il Çanaqqala zəfərində azərbaycanlılar bütün sərhədləri aşaraq ora getdilər, oğullarımız şəhid düşdülər. Sonra Bakıdan gedərək Nuru Paşanı Batum həbsxanasından xilas etdilər. Bu cəhətdən mən qürur hissi keçirərəm ki, hər zaman biz qardaş Türkiyəyə münasibətdə öz etibarımızı göstərmişik. Bunun cavabını da almışıq. Lakin hər zaman etibar və etimadı göstərməkdə biz başda getmişik. Bu gün həmin etibar və etimadın göstəricisi Prezident İlham Əliyevin atdığı addım oldu. Bunu tarixi hadisə hesab etmək lazımdır.

- Beynəlxalq aspektdə Türkiyəyə və Azərbaycana qarşı təzyiqlər daima müşahidə edilir. Bundan sonrakı mərhələni necə görürsünüz?

- Siyasi şərhçilər müxtəlif proqnozlar və versiyalar irəli sürürlər. Bəziləri deyir ki, Azərbaycana münasibət dəyişə bilər və s. Bir tarixçi olaraq mənim münasibətim açıqdır. Azərbaycan dövlətinin başçısı Türkiyə ilə birliyi nümayiş etdirməklə gələcək üçün uğur qazandıq. Dünya gördü ki, bu iki dövləti bir-birindən ayırmaq mümkün deyil. Ona görə də, gələcəkdə beynəlxalq aləmdə uğurlarımız daha çox olacaq. Hamı öz dərsini götürdü. Bundan sonra beynəlxalq aləmdə bizə və Türkiyəyə qarşı ehtiyatlı davranacaqlar, çünki bu ölkələrin mövqeyi eynidir. Bundan sonra bizə qarşı getməyə əvvəlki kimi cəsarət etməyəcəklər.

Nemət



Müəllif:

Oxşar xəbərlər