6 Aprel 2016 13:20
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Teleqraf.com-a müsahibəsi:

- Aprelin 2-də cəbhədə baş verən döyüşlərdə qardaşınız oğlu Rasim Məmmədov şəhid olub. Bu xəbəri necə qarşıladınız?

- Bizim üçün fəxr və qürur hissidir ki, övladımız Vətən uğrunda şəhid olub. Döyüş zamanı əvvəlcə atası qazi Əbdül Məmmədovun, sonra isə özünün intiqamını alıb. Biz onunla fəxr edirik.

- Rasim Məmmədov cəbhənin hansı istiqamətində döyüşlərdə iştirak edərkən şəhid olub?

- Mənə verilən məlumata görə, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən “Lələtəpə” yüksəkliyinin alınmasında iştirak edib. Rasim tabor komandiri idi, mayor rütbəsi daşıyırdı. “Lələtəpə” əməliyyatına rəhbərlik edib, ön cəbhədə döyüşlərdə iştirak edib.

- Partiya sədrinin, tanınmış şəxslərin yaxınlarının cəbhədə olması müsbət hadisədir və sadə insanlara ruh verir. Hazırda cəbhədə olan hərbçi qohumlarınız varmı?

- Hazırda bir bacımın oğlu cəbhədə zabit olaraq Vətənə xidmət edir. Eləcə də digər bacımın iki nəvəsi cəbhədə vuruşur. Həmçinin bir qardaşım oğlu da hərbi xidmətdədir. Biz onlarla qürur duyuruq.

- Rasim Məmmədov qardaşınız, müharibə veteranı Əbdül Məmmədovun oğludur. Hazırda Əbdül müəllimin səhhəti necədir?

- Əbdül Məmmədov 20 il əvvəl gedən döyüşlərdə aktiv iştirak edib, I qrup əlildir, müharibə veteranıdır. Torpaqlarımızın işğaldan azad edilməsi bizim üçün konstitusiya hüququdur. Yəni Vətənimizin qorunması hüququnu həyata keçiririk.Əbdül hazırda yanımdadır. Səhhətində çox ciddi problemlər var. Böyrək çatışmazlığından əziyyət çəkir. Düzdür, hazırda başsağlığını özü qəbul edir, amma səhhətində problemlər mövcuddur. Qeyd edim ki, hazırda bizim ailəyə ciddi dəstək verirlər. On minlərlə insan Rasimin dəfn mərasimində iştirak edib. İndi də kəndə çoxlu insan gəlir. Hər gün 3-5 min insan gələrək bizə başsağlığı verir.

- Rasimin nəşini hava limanında qarşılayan zaman izdiham yaranmışdı. Bu, öncədən təşkil edilmişdi?

- Yox. Demək olar ki, camaat özü gəlmişdi. Sizə deyim ki, Rasimin nəşini Bakıdan yola salarkən 3-4 min insan iştirak edib. Yəqin ki, bu, həm də onun Vətən qarşısında xidmətlərinə görə idi. Eyni zamanda Naxçıvanda qarşılanma mərasimində mindən çox avtomobil karvanı müşayiət etdi. Səhəri gün dəfn mərasimində isə 10 minə yaxın insan iştirak etdi, nəhəng izdiham yaranmışdı. Təsəvvür edin ki, mən özüm tabutdan 1 kilometr aralıda qalmışdım. Əhalinin sıxlığı bu səviyyədə çox idi.

- Dəfn mərasimində Naxçıvanın rəsmi şəxsləri iştirak edib?

- İndiyə qədər bir çox nazirliklər bura gələrək hüzr mərasimində iştirak edib, hazırda gələnlər də var. Çox böyük təşəbbüskarlıq göstərərək dəstələrlə gəlirlər. Ayrı-ayrı hərbçilər, onların nümayəndələri, dövlət orqanlarının əməkdaşları gəlib-gedirlər. Eyni zamanda Naxçıvanın kəndlərindən nümayəndələr gəlib. Onlar da çıxış edərək öz dəstəklərini bildirirlər. Azərbaycanın hər yerindən bizə dəstək ifadə olunur. Buna görə hər kəsə təşəkkürümüzü bildiririk.

Nemət


Müəllif: