7 Aprel 2016 17:39
2 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışıqlarda mütləq dəyişiklik olacaq”

“Xəzər” Gələcək Naminə Tərəfdaşlıq Təşkilatının rəhbəri, politoloq Rüstəm Məmmədov Rusiya, Azərbaycan, İran xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən görüşü, həmçinin aprelin ilk günündən etibarən cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

– Rüstəm müəllim, Rusiya, Azərbaycan və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşünün yekunlarını necə qiymətləndirirsiniz?

– Görüşlə bağlı hələlik dolğun məlumat yoxdur. Yalnız görüşün yekununa dair kommünike yayılıb. Hər halda bu görüş adi görüş deyildi. Regionda bu qədər hadisə baş verəndən sonraya təsadüf edib. Danışıqlarda Xəzərin statusu məsələsi yenidən gündəmə gətirilib. Dövlətlərin bu qədər intriqa, qarşıdurma yaşamalarına, baxmayaraq, Xəzər dənizinə status vermək məsələsinin hələ də yetişmədiyini bildirirlər. Düzdür, onlar deyirlər ki, Xəzər dənizinin statusunu müəyyənləşdirmək vaxtıdır, ancaq digər tərəfdən bunun üçün dövlətlərin xoş münasibəti lazımdır. Mən deyə bilmərəm ki, bu gün Xəzəryanı dövlətlər bir-birlərinə çox hörmətli, sayğılı vəziyyətdədirlər. Ona görə də Xəzərin status məsələsi hələ də açıq qalır.

– Nazirlərin görüşü Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən dərhal sonraya təsadüf etdiyi üçün böyük maraq doğurur. Sizcə, xüsusilə Sergey Lavrovun Bakıya səfəri nəyi dəyişəcək?

– Lavrov təbii ki, Rusiyanın maraqlarının carçısıdır. Cəbhə bölgəsində münaqişənin eskalasiyası deyil, status-kvonun qalması Rusiya üçün daha önəmlidir. Azərbayan bu gün münaqişə bölgəsindəki vəziyyəti öz xeyrinə dəyişib və faktiki olaraq bu gün işğal olunmuş torpaqların boşaldılmasına qismən nail olub. Bu, öz-özlüyündə Rusiyanın siyasətinə tamamilə ziddir. Çünki Ermənistan son hərbi əməliyyatlarda açıq-aşkar uduzdu və başqa bir söhbət yeri qoymadı. Lavrov bu gün Rusiya maraqlarının carçısı kimi Ermənistanın vəziyyətinə acıdığını gizlətmir. Bu mənada Rusiya xarici siyasəti həmişə olduğu kimi bu dəfə də qeyri-müəyyənliyi ilə özünü büruzə verdi.

– Atəşkəslə bağlı razılaşma iki ölkənin silahlı qüvvələrinin baş qərargah rəisləri arasında Moskvada əldə edildi. Razılaşmanı Rusiyanın əldə etməyə cəhd göstərdiyi və buna nail olduğunu demək mümkündürmü? Yoxsa bu razılıq tərəflərin öz istəyi ilə baş tutub?

– Yəqin ki, bu razılıq Rusiyanın təkidi ilə baş tutub. Çünki yenə deyirəm, indiki vəziyyət Rusiyaya heç cür əl vermir. Azərbaycan torpaqlarını itirmiş bir dövlət kimi çox asılı vəziyyətdədir. Təbii ki, Rusiya xarici siyasəti Azərbaycanı bu vəziyyətdən qurtarmaq niyyətində deyil. Baxmayaq ki, Rusiya Minsk qrupunun üzvüdür. Ancaq digər tərəfdən bu vəziyyət bütövlükdə Ermənistan üçün gözlənilməz oldu.

– Belə bir məqamda Azərbaycanın strateji yüksəklikləri ələ keçirməsi, ordumuzun müəyyən zəfərlər qazanması bizim diplomatik sahədə mövqelərimizi gücləndirəcəkmi?

– Bu hərbi əməliyyatlar Azərbaycan üçün çox önəmli idi. Birincisi, Azərbaycan ordusu özünü sınadı. İkincisi, Azərbaycan xalqının ordumuza inamı artdı. Üçüncüsü, Azərbaycanın zəfərlər əldə edəcəyini dünyada gözləmirdilər. Dünya özü bu dəqiqə birbaşa Azərbaycana istiqamətləndi. Bu mənada Azərbaycanın son addımları çox böyük önəm kəsb etdi. Bundan əlavə Azərbaycanın Rusiya ilə münasibətlərində də müəyyən dönüş nöqtəsi yarandı. Gördünüzmü, Dövlət Dumasının neçə deputatı Azərbaycanı müdafiə etdi. Bunlar hamısı ondan irəli gəlirdi ki, onlar özləri ümumiyyətlə, Rusiyanın siyasətindən tamamilə narazı olan adamlardır. Başqa bir tərəfdən onlar Ermənistanın siyasətini dəstəkləmirlər.

– Bundan sonra danışıqlar prosesindən nə gözləyirsiniz? Danışıqlarda hansısa yenilik olacaq, yoxsa yenə status-kvo davam edəcək?

– Danışıqlarda mütləq dəyişiklik olacaq. İlk olaraq yenidən sabitliyə nail olmaq məsələsi gündəmə gətiriləcək. Digər tərəfdən Ermənistan danışığa daha meyilli olacaq. Daha doğrusu yolagələn olacaq. Çünki Ermənistan bu məsələdə çox geri düşdü və hər hansı formada danışıqların pozulması hərbi əməliyyatların bərpasına gətirib çıxara bilər.

– Sizcə, nə qədər vaxtdan etibarən biz danışıqlarda irəliləyiş müşahidə edəcəyik?

– Bir ay ərzində hər şey bilinəcək.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər