Teleqraf.com alternativ AXCP-nin sədri Razi Nurullayevlə müsahibəni təqdim edir:
- Razi bəy, hazırda AXCP-nin hüquqi statusu ilə bağlı məhkəmə prosesi nə yerdədir?
- Biz Ali Məhkəməyə kasasiya şikayəti vermişik. Hazırda cavab gözləyirik.
- Qarşı tərəf hansı instansiyalara baş vurur?
- Bu, bizi maraqlandırmır.
- Ancaq bu yaxınlarda məlum oldu ki, məhkəmə Əli Kərimlinin AXCP sədri kimi təqdim edilməsini doğru hesab etməyib...
- Bəli. Əslində, bu, hüququn tanıdığı məqamdır. Bu mənada hazırda AXCP-nin hüquqi statusu məsələsi həll edilməyib. İndi faktiki olaraq AXCP-nin iki sədri var. Bu mənada qanuni sədrlikdən söhbət gedə bilməz. Məhkəmənin qərarından sonra bu məsələyə aydınlıq gələcək.
- Artıq neçə aydır ki, AXCP adına iddia edən tərəflər məhkəmə çəkişməsinə baş vurub, hüquq müstəvisində mübarizə aparır. Sizcə, bu müstəvidə nəticə necə olacaq?
- Şübhəsiz ki, mənim məhkəmənin əvəzinə danışmağın əsassız olardı. İstənilən halda biz ədalətli qərar gözləyirik və ümid edirik ki, sonda bizim AXCP-nin hüquqi təmsilçisi olmağımıza dair müsbət qərar veriləcək. Lakin bu, o demək deyil ki, biz məhkəmənin məhz belə qərar verəcəyinə inanırıq.
- Sədri olduğunuz partiyada durum necədir, əsasən hansı istiqamətdə fəaliyyət göstərirsiniz?
- Bizim fəaliyyət və təkliflərimiz şəffafdır. Hər gün fəaliyyətimizlə bağlı sosial şəbəkələrdə və mediada məlumatlar olur. Fəaliyyətimiz göz qarşısındadır. Başqa sözlə, gizli bir fəaliyyətimiz yoxdur. Yeri gəlmişkən, bizim çox uğurlu təkliflərimiz olub, tədbirlərimiz keçirilib. Eləcə də AXCP-nin nəzdində İctimai Fikir Akademiyamız fəaliyyət göstərir. Bu qurum ciddi nəticələrə imza atıb, praqmatik debatlar təşkil edilir. Bu mənada hesab edirəm ki, kifayət qədər fərqli bir fəaliyyət sahəsi ortaya qoya bilmişik.
- Ancaq təşkilati baxımdan hansı işlərin görüldüyü haqda danışmadınız. Ümumiyyətlə, təşkilati işləriniz olurmu?
- Təbii ki, bu istiqamətdə fəaliyyətlə bağlı məlumat yaymırıq. Lakin yerlərdə təşkilatlarımız var, partiya funksionerləri rayonlara gedir, görüşlər keçirir, təşkilati məsələlərə diqqətlə yanaşırlar. Bu proses davamlı bir işdir. Yaxın günlərdə bizə yaxın mediada bu istiqamətdə xəbərlər gedəcək.
- Hansı səbəblərdən müxalifət partiyaları ilə əlaqə qura bilmirsiniz?
- Bizim heç bir partiya ilə problemimiz yoxdur. Çox zaman partiyalarla görüşlərimiz olur. Bizim partiya üzvlərimiz də digər partiyaların aktiv üzvləri ilə daima təmasda olurlar. Lakin ikitərəfli münasibətlərimiz yoxdur. Bizim belə bir qərarımız da olmayıb. Bizə əməkdaşlığa dair təklif də daxil olmayıb. Əslində reallıq göstərir ki, koalisiyalarda birləşmək partiyalara əlavə güc gətirmir. Əksinə, ikitərəfli və çoxtərəfli münasibətlər müxalifətdaxili intriqanın güclənməsinə səbəb olur. Bu mənada biz hələlik gözləmə mövqeyindəyik.
- Son zamanlar sədri olduğunuz AXCP-dən istefaların olması haqda xəbərlər yayılır. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?
- Mən bu tipli suallara cavab vermirəm. Çünki buna ehtiyac görmürəm.
- Ancaq bu məqam cəmiyyət üçün maraqlıdır...
- İnanmıram ki, cəmiyyət üçün belə şeylər maraq kəsb etsin.
- Hər halda partiyadan istefa verənlər olub, səbəb nədir?
- Mən bu tipli suallara cavab vermirəm. Xahiş edirəm ki, bu tipli suallarla heç kim müraciət etməsin.
Nemət