Teleqraf.com mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevlə müsahibəni təqdim edir.
- Almurad Ağa, ölkədə baş verən hadisələrlə maraqlanırsınızmı?
- Əlbəttə, maraqlanıram.
- Ayın əvvəllərində cəbhədə baş verən hadisələrə münasibətiniz necədir?
- Çox gözəl. Eşq olsun bizim ordumuza! Bilirsinizmi, belə addım atmayanda işlər düzəlmir. Bu mənada Prezident İlham Əliyevin atdığı addımı dəstəkləyirəm. Daha nə qədər gözləmək olar? Hesab edirəm ki, yaxşı addımlar atıldı. Düzdür, şəhidlərimiz oldu. Allah onlara rəhmət eləsin, ailə üzvlərinə baş sağlığı veririk, Allah hamımıza səbir versin. Bura bizim vətənimizdir.
- Sizcə, baş verənlər vəziyyətə, xüsusilə danışıqlar prosesinə təsir edəcəkmi?
- Bu yolla müsbət nəticələrə nail olmaq mümkündür. Sabah yenidən ordumuz hərəkətə keçsə, düşmən qaçacaq. Mənim qənaətimcə, daha müharibə olmayacaq. Çünki düşmən qarşısındakı gücü gördü. Mən belə düşünürəm. Görək hadisələrin sonu necə olacaq. Amma o dəqiqdir ki, ermənilər Azərbaycanın gücünü və qüdrətini gördü. Bunu çoxdan etmək lazım idi. Bilirsinizmi, mən erməniləri yaxşı tanıyıram. Oradan-burdan kömək alıb qürrələnirlər. İndi köməkləri olmadı deyə, səsləri dağın dibindən gəldi. Biz onların mahiyyətinə bələdik.
- Deyirsiniz ki, erməniləri yaxşı tanıyırsınız. Onlarla işləmisinizmi?
- Əlbəttə, yaxşı tanıyıram. Əvvəla qeyd edim ki, mən erməni kəndində işləyirdim və onları da yaxından tanıyırdım. Ermənilər qorxaq millətdir. Ömrü boyu onun-bunun köməyinə ehtiyac duyan millət olub. Yekəxana çıxmasın, mən 200-300 azərbaycanlı oğlu ilə onları darmadağın edərəm. Onlar hər zaman qorxaq olub. Bir az irəli getdinsə, qoyub qaçacaqlar. Ömür boyu kiməsə güvəniblər. İndi görürsünüz, səsləri belə çıxmır.
- ATƏT-in Minsk qrupu hərəkətə keçib. Bakıda, İrəvanda oldular, müzakirələr aparıldı. Nə düşünürsüz, bu səfər haqqında?
- Təbii ki, Minsk Qrupu haqqında məlumatlıyam. Səmimi desəm hesab edirəm ki, onlar fırıldaqçıdırlar. Hətta bir qədər irəli getsəm onları ikiüzlü, üçüzlü adlandırardım. Əgər indiyə qədər ciddi iş görmək istəsəydilər, çoxdan bu problemi yoluna qoyardılar. İndi ola bilsin ki, Azərbaycan tərəfinin səbrinin hansı həddə olduğunu əyani gördülər və mümkündür ki, ciddi işə başlasınlar.
- Özünüz əsasən, nə işlə məşğul olursunuz?
- 83 yaşımı tamamlayıb 84-ə keçmişəm. Qoca adamam, otururam, kitab oxuyuram. Əvvəlki kimi şəhərə çıxmıram. Televizora baxıram, kitab oxuyuram, dostlarla, qonşularla söhbət edirəm. Siz deyən gəzə də bilmirəm, artıq yaş öz sözünü deyir.
- Səhhətinizdə problem var?
- Yox. Problem yoxdur. Amma yaş məsələsi var. Qocalıq belədir. Allah hamınıza uzun ömür versin. Bütün günü evdəyəm.
- Nə əcəb Türkiyəyə gedib-gəlmirsiniz...
- Mən getmirəm. Cəmi bir dəfə getmişəm. Əbülfəz bəy rəhmətə gedəndən sonra Türkiyəyə getdim, 20-25 gün orada qaldım. Ondan sonra Türkiyəyə getməmişəm. Gedib orada neyləyəcəm ki? Burada dost-aşna, qohum-əqrəba var.
Nemət