23 Aprel 2016 22:08
5 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyada ədalət və vicdanla bağlı böyük sual işarəsi var”

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Xalid Osman Qeysər Teleqraf.com-un suallarını cavablandırıb:

- Cənab səfir, Azərbaycanla Pakistan arasındakı ikitərəfli münasibətlərin hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Pakistanla Azərbaycan dövlətinin əlaqələri çox səmimi və gələcəyə yönəlikdir. Bütün regional və qlobal məsələlərdə biz eyni baxışa sahibik. Bizim müxtəlif sahələrdə əməkdaşlığımız getdikcə böyüməkdədir. Biz hərtərəfli şəkildə bir-birimizi dəstəkləyirik. Pakistanda insanlar azərbaycanlılara çox dərin hörmət bəsləyir. Eyni zamanda azərbaycanlılar pakistanlı qardaşlarına çox hörmətlə yanaşırlar. Mən münasibətlərimizin bugünki səviyyəsindən çox razıyam.

- 2-5 aprel tarixlərində cəbhədə baş verən gərginlik zamanı Azərbaycan xalqı Pakistanın mənəvi dəstəyini hiss elədi. Pakistan Müdafiə Nazirliyinin Feysbuk səhifəsində Azərbaycan bayrağı yayımlandı. İctimaiyyəti belə sual düşündürür ki, Qarabağda həlledici savaş başlayarsa, Pakistan Azərbaycana nə kimi hərbi yardım göstərə bilər?
- Azərbaycanın çox cəsur, yaxşı təlim görmüş və silahlanmış müdafiə gücü var. Bu, Azərbaycanı güclü şəkildə qorumağa qadirdir. Bizim bütün sahələrdə, o cümlədən hərbi sahədəki əməkdaşlığımız genişlənməkdədir. Pakistanla Azərbaycanın hərbi rəhbərlikləri və zabitləri mütəmadi olaraq görüşür və təlim kursları ilə bağlı mübadilə aparırlar. Pakistan Azərbaycanı dəstəkləməyə davam edəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ədalət prinsipinə əsasən həll olunması ilə bağlı mövqeyinin üzərində qalacaq.

- Qeyri-rəsmi olaraq belə versiyalar da səsləndi ki, Pakistanın yüz minlik ordu ilə köməyə gələcək. Bu iddialarla bağlı fikirləriniz nədən ibarətdir?
- Qeyri-rəsmi söhbətlər çox da önəmli deyildir. Bizim ölkələrimizin hər biri beynəlxalq hüquq və ədalət normalarına inanır. Pakistan hesab edir ki, Dağlıq Qarabağ və onun ətrafındakı ərazilər Azərbaycana aiddir. Bu məsələdə biz Azərbaycanın yanındayıq və onu dəstəkləyirik. Biz bu münaqişənin sülh yolu ilə həll olunmasına ümid edirik.

- 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Necə düşünürsünüz, Cənubi Qafqazda kiçik bir ölkənin işğalçılıq faktoruna dünyaya sülh gətirəcəyini iddia edən iri güclər niyə yol verir?
- Sizinlə razıyam, BMT Təhlükəsizlik Şurasının qətnamələri hər zaman tətbiq olunmur. Elə buna görədir ki, Dağlıq Qarabağ, Fələstin, Cammu və Kəşmir problemləri hələ də həll olunmayıb. Biz beynəlxalq ictimaiyyəti inandırmalıyıq ki, bu münaqişələrin həll olunması bu regionlarda, eləcə də dünyada sülhün və təhlükəsizliyin təmin olunması deməkdir.

- Azərbaycanın Dağlıq Qarabağ problemi kimi Pakistanın da Kəşmir problemi mövcuddur. Kəşmir xalqına öz müqəddəratını təyinetmə hüquqlarının verilməsi haqqında BMT TŞ qətnamələri yerinə yetirilmir. Aradan keçən bu qədər müddət ərzində beynəlxalq hüququn işləməməsi BMT-nin nüfuzuna, dünyada sülhün davamlılığına təhlükə törətmirmi?
- Doğru buyurursunuz, Sizinlə tamamilə razıyam. Dünyada ədalət və vicdanla bağlı böyük sual işarəsi var. Bir tərəfdə Cammu və Kəşmir əhalisi əziyyət çəkməyə davam edir, o biri tərəfdən onların BMT TŞ-nin qətnamələrinə əsaslanan öz müqəddəratını təyinetmə yolundakı hüquqi mücadiləsi çox təəssüf ki, terrorizm olaraq təsvir edilir. Bəzi ölkələr də müəyyən maraqlara görə bu yanaşmanı qəbul edir. Biz daha çox çalışmalı və əməkdaşlıq etməliyik ki, beynəlxalq sistemi gücləndirək. Ki, bu sistemdə bütün dövlətlərin səsləri bərabər eşidilsin.

- Pakistanla Azərbaycanın iqtisadi, ticari əlaqələri hansı səviyyədədir? Daha çox pambıq sənayesində əlaqələr güclüdür, qida sənayesində əlaqələr varmı və inkişafı üçün addımların atılması gözlənilirmi?
- Bizim çox güclü siyasi əlaqələrimiz var. Lakin bizim iqtisadi və ticarət əlaqələrimiz istənilən səviyyədə deyil. Bu isə deyərdim ki, bizim mövcud potensialımızla düz mütənasib deyil. Biz bu məsələni həll etmək üçün çalışırıq. Bəzi müsbət hadisələr baş verdi. 2015-ci ilin noyabrından etibarən Bakı və İslamabad arasında birbaşa təyyarə uçuşları başladıldı. Bu, bizim insanlarımızın bir-biri ilə əlaqələrini təbii ki, artırdı. Artıq əvvəlki dövrlə müqayisədə get-gedə daha çox iş adamları ölkələrimizə səyahətə gəlir. Öncəki illərə nisbətən bizim ticari əlaqələrimiz cüzi olsa da artıb. Gələn həftə İslamabadda İqtisadi Nazirlər Komissiyasının birgə görüşü keçiriləcək. Bu görüşdə iki ölkənin ekspertləri tekstil sahəsi də daxil olmaqla bütün mümkün sahələrdə ticarət və kommersiya əlaqələrimizin artırılma imkanları barədə müzakirələr edəcəklər. Gələn həftə həmçinin Pakistanın İnsan Resursları İnkişaf Şəbəkəsi Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə Bakıda beynəlxalq konfrans təşkil edəcək. Bu konfransda tərəflər öz inkişaf modellərini təqdim edə biləcək. Növbəti aylarda Bakı və Karaçi şəhərlərində sərgilər təşkil ediləcək ki, hər iki ölkə həmin sərgilərdə iştirak edəcək. Sözsüz ki, bu cür tədbirlər bizim ticarət və kommersiya əlaqələrimizin artmasına müsbət təkan verəcək.

- Cənab səfir, şəhərimizdə bəzən pakistanlı tələbələrə rast gəlirik. Onların bəziləri təhsillə yanaşı, müəyyən işlərdə də çalışırlar. Bizim üçün maraqlıdır, ölkənizdən təxmini neçə tələbə Bakıda təhsil alır, onlar əsasən bizim hansı universitetləri və ixtisasları seçirlər?
- Hazırda 35 pakistanlı tələbə Azərbaycanın müxtəlif universitetlərində qeydiyyatdadırlar. Son illərə qədər onların çoxu Azərbaycan Tibb Universitetində təhsil alırdı. Bir çoxları təhsillərini başa vurub Pakistana geri qayıtmışdı. Mənim fikrimcə, Azərbaycan ali məktəbləri ilə bağlı güclü təbliğat qursa, daha çox əcnəbi tələbə cəlb edə bilər.

- Bəzən belə iddialar səslənir ki, Pakistan hərbi cəhətdən güclü olsa da, geridə qalmış ölkə təəssüratı yaradır. Bu gün insanlar Türkiyəyə istirahətə, İrana müalicəyə görə üz tutur, Sizcə Pakistan turistləri nə ilə cəlb edə bilər?
- Pakistan inkişaf etməkdə olan bir ölkədir. Əgər son 35 ildə üzləşdiyimiz problemlər olmasaydı, Pakistan hazırda çox güclü, inkişaf etmiş ölkə olardı. Buna baxmayaraq, bizim çox güclü potensialımız var və biz inkişaf etmək üçün çalışırıq. Müdafiə sahəsi bizim üçün ən önəmli sahədir. Amma biz onu da yaxşı başa düşürük ki, güclü müdafiə güclü iqtisadiyyata əsaslanmalıdır. Biz bu yöndə çalışırıq ki, iqtisadiyyatımızı və infrastrukturumuzu inkişaf etdirək. Qeyd edə bilərəm ki, əgər aidiyyatı olan insanların marağı olarsa, Pakistan ilə əczaçılıq və tibb sektorunda əməkdaşlıq üçün çox güclü imkanlar var. Pakistanda tiblə bağlı bir çox imkanlar var ki, onlar həm sərfəlidir, həm də beynəlxalq standartlara çox gözəl cavab verir. Turizmlə bağlı onu deyə bilərəm ki, çox təəssüf regional təhlükəsizlik problemi bizim üçün turizmin inkişafına əsas maneədir. Buna baxmayaraq, bizim turizm potensialımızı və Azərbaycan xalqına olan qonaqpərvər münasibətimizi bilən bir çox azərbaycanlı bacı və qardaşlarımız hər il Pakistanı ziyarət edir. Amma bunun bir sənaye kimi formalaşması bir az zaman alacaq.

- Azərbaycanın hansı bölgələrində olmusunuz, hansı sənətçilərimizi, şair və yazıçılarımızı tanıyırsınız, Azərbaycan mətbəxi Sizi qane edirmi?
- Azərbaycan çox gözəl ölkədir. Mən ailəmlə birlikdə bir çox şəhərlərə, Naxçıvan, Şamaxı, Gəncə, Qəbələ, Şəki, Tovuz və başqa bölgələrə səyahət etmişəm. Mən Nizami Gəncəvini, Füzulini, Nəsimini və təbii ki, Abdulla Şaiqi tanıyıram. Ən xoşuma gələn ifa isə Alim Qasımovla Təranə Vəlizadənin “Sarı gəlin” duetidir. Həmçinin əslən azərbaycanlı olan Sami Yusif sevdiyim müğənnilərdəndir. Yaşar Nuri və Siyavuş Aslan kimi gözəl aktyorları tanıyıram. Mətbəxlə bağlı onu qeyd edim ki, bizim mətbəxlərimiz demək olar ki, eynidir. Ancaq Pakistan yeməkləri bir balaca daha acılı olur. Sonda onu deyə bilərəm ki, Azərbaycan çox istiqanli, nəzakətli və qonaqpərvər insanların ölkəsidir. Cənab Prezident İlham Əliyev çox vizyonlu bir liderdir və birinci xanım Mehriban Əliyeva mərhəmətli, xeyriyyəçi insandır. Bütövlükdə azərbaycanlılar hörmətə layiqdirlər, Azərbaycan xalqına aydın, uğurlu və çiçəklənən gələcək arzu edirəm.

Dilqəm Əhməd
Nərgiz Ehlamqızı
Fotolar: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər