“Erməni cəmiyyəti şoka düşüb”
Teleqraf.com Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevlə müsahibəni təqdim edir:
- Cəbhədə vəziyyət gərgin olaraq qalır. Hər gün Ermənistan ordusu yaşayış məskənlərimizi atəşə tutur. Aprelin 2-5-də baş verən hərbi əməliyyatlardan sonra erməni tərəfinin bu cür aqressiv addımlarını necə şərh etmək olar?
- Ermənistan hakimiyyəti 20 ildən çoxdur ki, öz daxili auditoriyasında, habelə xaricdə belə kampaniya aparıb ki, erməni ordusu güclüdür, cəbhə xəttində qurulan mühəndis istehkam xətti bərkidilib, bunu yarmaq qeyri-mümkündür və s. Yəni özləri haqqında ciddi mif yaradıblar. Dünya və daxili auditoriya da buna inanıb. Erməni hakimiyyəti də elan edib ki, Qarabağı Azərbaycana vermək niyyətində deyil. Bu xəstəlik təkcə erməni siyasi və hərbi rəhbərliyini deyil, bütün erməni xalqını öz ağuşuna alıb. Aprelin 2-5-də isə Azərbaycan ordusu bu mifi darmadağın edib. İndi erməni xalqı ayağa qalxıb bildirir ki, 20 ildir nağıllar oxuyursunuz, bəs dedikləriniz hanı? Üstəlik xalqa təlqin edilib ki, torpaq güzəşti olmayacaq. İndi isə torpaqların geri qaytarılması məsələsi müzakirə edilir. Göründü ki, erməni ordusu zəifdir, onun arsenalında köhnə sovet silahları var.
- Bu hadisə həm də Dağlıq Qarabağda məskunlaşmış erməni əhali üçün də gözlənilməz oldu...
- Dağlıq Qarabağda yaşayan ermənilər 2 aprel hadisələrindən sonra qaçmağa, başqa yerə köçməyə çalışır. Ermənistanın özündə də vahimə mühiti yaranıb. Ən böyük məsələ odur ki, Ermənistan beynəlxalq dəstəkdən məhrum edilib. Daha vacibi odur ki, erməni tərəfi daima Rusiyadan gözlədiyi dəstəyi almayıb. Rusiya tərəfi də bu ərazilərin Azərbaycanın hüquqi ərazisi olduğunu, bura müdaxilə etməyəcəyini Borduja və digər rəsmi şəxslərin dili ilə ifadə etmişdi. Lakin Ermənistan hakimiyyəti yenə də düşünürdü ki, biz Rusiyanın vassalıyıq və rus əsgəri gəlib Qarabağda Azərbaycana qarşı vuruşacaq. Demək olar ki, ermənilər özlərinin yaratdığı mifin qurbanı olublar. Odur ki, indi erməni cəmiyyəti şoka düşüb. Bu da, şübhəsiz ki, erməni daxili siyasətini çalxalayacaq. Və bu proses davam edəcək. Baxın, prezident Sərkisyan müdafiə nazirinin kəşfiyyat üzrə müavinini, avtomatik idarəetmə üzrə müavinini (bu şəxs dronlar, kamikadze təyyarələrlə bağlı işlərə rəhbərlik edirdi), eləcə də təchizat üzrə müavinini vəzifədən alıb. Bununla da, guya mesaj verilir ki, məhz bu generalların hesabına cəbhədə məğlubiyyət yaşanıb. Ancaq bu, əslində, ümumi gedən proseslərin nəticəsidir. Hələ ki, Azərbaycan özünün üstünlüyündən çox az istifadə edir və həm də bunu qısa müddətdə etdi. Belə çıxır ki, bu mərhələdə Azərbaycan ordusunun məqsədi daha irəli getmək deyilmiş, daha çox bir zərbə ilə erməni mifini darmadağın etmək olub. İndiki halda bu zərbə qarşı tərəfi elə həddə gətirib ki, onlar panika vəziyyətindədirlər. Onlar hələ də nostalji ilə yaşayırlar ki, erməni ordusu hər şeyə qadirdir. Əslində, erməni ordusu heç 1990-1993-cü illərdə də güclü olmayıb. Sadəcə həmin illərdə Azərbaycanda olan hakimiyyətsizlikdən istifadə edərək torpaqlarımızı tutublar.
- Cəbhədəki son erməni aqressiyasını nə ilə izah etmək olar?
- Fikrimi ona gətirirəm ki, indi onlar yenə də, 1990-1993-cü illər nostalgiyasında yaşayırlar, düşünürlər ki, erməni ordusu hər şeyə qadirdir. Məhz bu səbəbdən ermənilər əllərində olan texnikanı cəbhə xəttinə cəmləyib. Fikirləri odur ki, hücum edib itirilən əraziləri, habelə yeni yerləri tutsunlar. Beləcə sübut etsinlər ki, onlar güclüdür, Azərbaycan heç nə edə bilməz. Ona görə də, cəbhədə artıq avtomat, pulemyot deyil, artilleriyadan istifadə edirlər. Bu fakt, əslində, geniş miqyaslı lokal əməliyyat üçün əsas hazırlayır.
- Aprelin 5-də atəşkəs razılığı əldə olundu, Rusiya xarici işlər naziri Lavrov iki dəfə İrəvan və Ermənistana səfər etdi, vasitəçilik missiyası ilə çıxış etdi. İndi belə çıxır ki, Ermənistan tərəfinin bu aqressiyası danışıqların və vasitəçiliyin baş tutmamasıdır və İrəvan Rusiya faktorunu nəzərə almır?
- Rusiyanın vasitəçiliyi davam edir. Ancaq Moskva həm də qeyd edir ki, onların vasitəçiliyi Minsk Qrupu çərçivəsində gedir və irəli sürülən təklifləri də həmsədrlər qəbul edəcək. Lakin ermənilərin məqsədi başqadır. Daha doğrusu, indiki şok vəziyyətdə onların danışıqlar masasına gəlməsi çətin görünür. Danışıqlara getmək nə deməkdir? Azərbaycan ordusu cəbhədə erməni ordusuna ciddi zərbə vurub, torpaqları azad etmək əzmini ortaya qoyub. Danışıqlarda da erməni tərəfinin torpaqlardan çıxması məsələsi qoyulacaq. Sərkisyan əvvəllər dediyi kimi danışıqlara və təkliflərə razı olsa da, indiki dönəmdə özlərinin yaratdığı psixoz vəziyyətdə torpaqlardan çıxmağa razılıq versə, bu, intihar olardı. İndi Ermənistan özünün yaratdığı, tələnin və yalanın içindədir. Bunu son günlər Levon Ter-Petrosyan da onlara xatırlatdı.
- İndi cəbhədə erməni silahlı qüvvələri sanki aktiv əməliyyatlar mərhələsinə keçməyə can atır. Sizin cəbhədəki durumla bağlı proqnozlarınız necədir?
- Yuxarıda qeyd etdiyim kimi, artıq cəbhədə avtomat və pulemyotlardan deyil, artilleriyadan istifadə edirlər. Bu da geniş miqyaslı əməliyyatlar üçün münbit şərait yaradır.
- Yəni vəziyyət genişmiqyaslı hücumlarla və ya əks hücumlarla müşayiət oluna bilər?
- Prinsipcə mümkündür. Bu cür davam edəcəksə, vəziyyət aktiv hal alacaq. Bu halda tərəflərdən biri əməliyyat keçirib qarşı tərəfin atəş nöqtələrini götürə bilər. Bu da, geniş miqyaslı əməliyyat tələb edir.
- Bu durumda Ermənistan daxilində hansı ssenarilərin inkişafı mümkündür?
- Ermənistan daxilində savaş gedir. Bir tərəfdən onlar Azərbaycana olan düşmənçilik konteksində çox da ayrılmağa və fərqli mövqelərdən çıxış etməyə getmirlər. Fikrimcə, bu, zamanla olacaq. İndi hadisələr isti-isti olduğu üçün onlar guya Rusiyaya qarşı birlik nümayiş etdirir, dünya birliyinin hərəkətsizliyi ilə bağlı mitinqlər təşkil edirlər. Ancaq bu proses getdikcə prezident Sərkisyana qarşı çevriləcək.
- Uzun illər bizim siyasi şərhçilərimiz bildirirdi ki, Rusiya daima Ermənistanı müdafiə edəcək, heç bir halda bu məsələdə bitərəfliyini saxlamayacaq və s. İndi Ermənistan-Rusiya münasibətlərində yaranan gərginlik sizcə, görüntüdür, yoxsa səhnə arxasında razılaşmalar var?
- Konkret olaraq mən heç zaman deməmişəm ki, Rusiya sona qədər Ermənistanın yanında olacaq. Əksinə, həmişə demişəm ki, Azərbaycan-Rusiya münasibətləri o qədər normal vəziyyətdədir ki, bunu 2008-ci il Rusiya-Gürcüstan münasibətləri ilə müqayisə etmək belə mümkün deyil. O baxımdan Rusiya Azərbaycanı itirmək istəmir, üstəlik onun Azərbaycanla maraqları dərinləşib, iqtisadi münasibətləri Ermənistandan çoxdur. Əlbəttə, mən deməzdim ki, İrəvan-Moskva münasibətlərində görünməyən razılaşma var. Sadəcə Rusiya görür ki, bölgədə geniş miqyaslı hərbi əməliyyatlar getmir. Gördünüz ki, 2-5 aprel zamanı erməni ordusuna vurulan böyük zərbədən sonra Rusiya çalışdı ki, Azərbaycan tərəfini sakitləşdirsin. Mən deməzdim ki, Rusiya Ermənistanın sözünü demir, ona rəğbət bəsləmir. Amma bu, ermənilərin gözlədiyi həddə də deyil. Yəni, ermənilərin gözlədiyi kimi ruslar gəlib onların tərəfində vuruşmayacaq. Rusiyanın Ermənistana çox ehtiyacı yoxdur, Ermənistanın Rusiyaya ehtiyacı var. Ermənistan Azərbaycanı təzyiqdə saxlamaq məqsədilə Kollektiv Təhlükəsizlik Təşkilatına, Avrasiya İqtisadi İttifaqına daxil olub, Rusiya ilə hərbi münasibətləri inkişaf etdirib. Ancaq bəllidir ki, Rusiyaya hücum olarsa, Ermənistan gedib onu müdafiə edəcək imkanda deyil. Yəni erməni tərəfinin bu təşkilatlara daxil olması öz maraqları üçün edilib. Lakin Rusiyanın birmənalı Azərbaycanı kənara qoyaraq Ermənistan tərəfindən vuruşması ağlasığmazdır. Bu o deməkdir ki, Azərbaycanla düşməni münasibətlər xəttini seçir və bu məmləkəti itirir. Bunu Rusiya istəmir. Əvvəla ümumi sərhədlərimiz var, coğrafi baxımdan əhəmiyyətli regionun böyük dövlətiyik və s. Yəni bütün parametrlər üzrə Azərbaycan Rusiya üçün daha mühümdür, nəinki Ermənistan. Sadəcə olaraq indi Ermənistanın Rusiya üçün “əhəmiyyəti” Rusiya-Türkiyə münasibətləri çərçivəsində önə çıxıb. Bu da, Ərdoğanın etdiyi böyük işlər sayəsində baş verib.
Nemət