18 İyun 2014 11:21
2 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Babayev: “Gürcü dilini bilməyən deputatlarımız parlamentdə əyləşsələr də, iclasda çıxış edə bilmirlər”

İyunun 15-də Gürcüstanda bələdiyyə və mer seçkiləri keçirilib. İki il əvvəl Gürcüstanda hakimiyyətə gələn milyarder İvanişvili hökuməti bəyan edirdi ki, milli azlıqlara, ələlxüsus azərbaycanlılara hər cür şərait yaradılacaq, soydaşlarımız Gürcüstanın siyasi piramidasında təmsil olunacaq. Ancaq verilən vədlər sadəcə vəd olaraq qalıb. 15 iyun seçkiləri isə göstərir ki, Borçalıda yaşayan yüz minlərlə soydaşımız hələ də öz rayonlarında belə irəli çəkilmir, seçki haqları tanınmır. Bu mövzu ətrafında suallara Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri, hakimiyyətdə olan “Gürcü Arzusu” blokunun təsisçisi Əli Babayev cavab verib.

- Əli müəllim, Gürcüstanda iyunun 15-də yerli özünüidarə seçkiləri nə dərəcədə şəffaf olub?
- Seçki, doğrudan da, demokratik keçirildi. Pozuntu, qanunsuzluq ola bilsin ki, baş verib. Amma seçkinin ümumi nəticələrinə təsir etməyib. Təsəvvür edin ki, Tiflis şəhəri üzrə mer seçkilərinin ikinci turu olacaq. Eləcə də, bir neçə şəhərdə seçkilərin ikinci turu olacaq. Bu o deməkdir ki, Gürcüstan demokratiya istiqamətində ilk addımlarını atır.

- Seçki rəqabəti hansı siyasi təsisatlar arasında gedib?
- Seçkilərdə bir neçə siyasi qüvvə iştirak edib. Rəqabət aparan əsas partiyalar isə “Gürcü Arzusu” bloku ilə Milli Hərəkat Partiyası olub. Əlbəttə, digər partiyalar da var idi. Eks-spiker Nina Burjanadzenin partiyası da seçkilərdə iştirak edirdi. Son illər yaranan müxalifət təşkilatları da prosesə qoşulmuşdu. Ümumilikdə 20-dən çox partiya seçkilərdə tərəf kimi çıxış edib. Demək olar ki, seçkilər Gürcüstanda yaşayan azərbaycanlılar üçün də əhəmiyyətli idi. Amma indi biz o vəziyyətdə deyilik ki, seçkilərlə bağlı tələblərimiz olsun, şəhər və ya rayon rəhbərliyinə iddia edək. Biz bölgələrdə köhnə sistemlə işləyirik. Məmurlarımız var ki, hakimiyyət dəyişəndə onlar da buna adekvat olaraq dəyişiblər. Amma bu xalqın deyil, onların öz xeyirlərinə olan dəyişiklikdir. Bu məmurlar xalqın lehinə heç bir addım atmayıb. Amma bu şəxslər son seçkilər zamanı da aktiv olublar.

- Seçkinin nəticəsinə görə, hansı partiya qalib elan edilib?
- Ümumi götürdükdə “Gürcü Arzusu” liderdir. Amma bir neçə rayon və şəhərlərdə ikinci tur keçiriləcək. Ancaq “Gürcü Arzusu” hər bir bələdiyyə üzrə liderlik edir.

- Sabiq prezident Mixael Saakaşvilinin Milli Hərəkat Partiyası hansı nəticələr göstərib?
- Saakaşvilinin partiyası yerlərdə 26 faiz səs toplayıb. Onlar majoritar seçki sistemi üzrə deyil, proporsional seçki sistemi üzrə iştirak ediblər. Bir sözlə, bu partiyanın da nümayəndələri bələdiyyələrdə təmsil olunacaq.

- Saakaşvilinin partiyası xalq arasında nə dərəcədə dəstəklənir?
- Saakaşvili Gürcüstanı 9 il müddətinə idarə edib. Onun hakimiyyəti dövründə nə bələdiyyələrə, nə də icra hakimiyyəti rəhbərliyinə azərbaycanlı namizədlər irəli sürülməyib. Ancaq indi bu partiya Gürcüstan azərbaycanlılarının ümidinə qalıb, elan edirlər ki, bizim hüquqlarımızı müdafiə edəcəklər. Lakin Milli Hərəkat Partiyası iqtidar olduğu 9 il müddətində bizim azərbaycanlıların əli ilə azərbaycanlıların hüquqlarını tapdalayıb, millətimizi parçalayıb, insan hüquqlarını pozub, torpaqlarımızı satıb. Bu seçkilər zamanı Borçalıda Saakaşvilinin partiyası uğurlu iştirak edə bilmədi. Əksinə, “Gürcü Arzusu” bloku onları üstələdi. Təəssüf ki, azərbaycanlıların “Gürcü Arzusu” bloku xətti ilə irəli sürülən namizədi yoxdur. Məncə, biz bu haqda ciddi düşünməliyik. Bu gün Gürcüstanda 300 mindən artıq azərbaycanlı yaşayır. Bir çox rayonlarda soydaşlarımız kompakt yaşayır və çoxluq təşkil edir. Gələcək də bizim aramızda gürcü dilini bilən soydaşlarımızın namizədliyinin irəli sürülməsi vacibdir. Hesab edirik ki, azərbaycanlılar bütün idarəçilik orqanlarında təmsil olunmalıdır. Ancaq təəssüflər olsun ki, hazırda bu proses çox zəif gedir.

- Bu seçkilərdə azərbaycanlı namizədlər irəli sürülməyib?
- Yerli bələdiyyə seçkilərində çoxluq azərbaycanlılar olub. Məndə olan informasiyaya görə, azərbaycanlılar həm majoritar, həm də proporsional seçki siyahısı üzrə yerlər əldə edə biliblər. İndi baxaq görək gələcəkdə bu şəxslərin fəaliyyəti necə olacaq, onlar öz xalqına xidmət edəcəklərmi, yoxsa səs vermək naminə gəlib bələdiyyə iclaslarına qatılacaq. Əgər səs vermək naminə bu proseslərdə iştirak edəcəklərsə, deməli, bizə belə namizədlər lazım olmayacaq.

- Seçkilərdə bələdiyyələrə nə qədər azərbaycanlı seçilib, dəqiq rəqəm varmı?
- Bu saat seçki məntəqələrində nəticələr hesablanır. Səhv etmirəmsə, yaxın iki günə bu işlər yekunlaşacaq. Bundan sonra bizə hansı kənddə və rayonda azərbaycanlıların qalib gəldiyi bəlli olacaq.

- Təxminən də bəlli deyil?
- Xeyr. Bizdə dəqiq informasiya hələlik yoxdur. Qeyri-dəqiq rəqəm səsləndirmək də doğru olmazdı. Bizim azərbaycanlılar şəhər bələdiyyələrində namizəd kimi iştirak etməyiblər. Əsasən rayon və kənd bələdiyyələri üzrə namizəd olublar. Yaxın günlərdə kimlərin qələbə qazandığını biləcəyik. Amma bizim istəyimiz budur ki, azərbaycanlılar bələdiyyələrdə kifayət qədər çox təmsil olunsun və həm də fəallıq göstərsinlər.

- Siz iki il əvvəl mənə demişdiniz ki, əgər Gürcüstanda “Gürcü Arzusu” qalib gəlsə, azərbaycanlıların durumu yaxşı olacaq. “Gürcü Arzusu”nun təsisçilərindən biri olaraq qələbə qazansanız da, fikirləriniz özünü doğrultmadı...
- Mən bu gün də deyirəm ki, müsbətə doğru tendensiya müşahidə olunur. İvanişvilinin apardığı siyasi kurs hazırda da davam edir. Biz kəndlərə, rayonlara gedirik. Regionlara, ucqarlara qaz, su çəkilir, məktəblər təmir olunur, kənd təsərrüfatına böyük yatırımlar qoyulub, sahibkar və fermerlərə böyük şanslar yaradılıb. Həm də Rusiyanın bazarı artıq açıqdır. Əlbəttə, iki il müddətinə bu problemlər birdən həll oluna bilməz. Məsələlərin həlli üçün siyasi imkanlar lazımdır. Biz ümid edirik ki, gələcəkdə bu məsələlər həllini tapacaq. Mən “Gürcü Arzusu” blokunun təsisçisi və tərəfdarı olmağıma baxmayaraq bu qüvvənin apardığı siyasət heç də qəbul edilən deyil.

- Niyə?
- Biz tələb edirik ki, Gürcüstanda nazirliklər, Prezident Aparatında, şəhər rəhbərliyində azərbaycanlılar təmsil olunsun. Bu, bizim mövqeyimizdir. Hesab edirəm ki, bunun üçün bizim imkan və potensialımız var. Gələcəkdə azərbaycanlıların gürcü cəmiyyətinə daha sıx inteqrasiya olunması vacibdir. Ancaq görünən budur ki, proses zəif gedir. Elə “Gürcü Arzusu” blokunda da Şvardnadze və Saakaşvilinin zamanında olduğu kimi, zəiflik var. Bizim öndə olanlarımıza, gürcü dilini bilənlərə o qədər də imkan yaratmırlar. Belə soydaşlarımız heç biznesdə də yoxdur. Çoxu da bu səbəblərdən Gürcüstanı tərk ediblər. Hesab edirik ki, Gürcüstan azərbaycanlılarının özünün milli konsepsiyası olmalıdır. Bu konsepsiya vasitəsilə biz tələblərimizi irəli sürməli, var olduğumuzu göstərməli, dinimizin, dilimizin və mədəniyyətimizin müdafiə olunmasını təmin etməliyik. Əlbəttə, biz gürcü dilini daha dərindən bilməliyik. Əslində bu proseslərlə məşğul olmaq və həm də aktiv olmaq lazımdır. Şəxsən mənim üçün “Gürcü Arzusu” və ya başqa partiyanın fərqi yoxdur. Bizim üzərimizə ciddi məsələlər qoyulub. İyunun 27-də Gürcüstan NATO ilə müqavilə imzalayacaq. Bu sənəddə milli azlıqlar məsələsi də qoyulur və sənədə görə Gürcüstan hakimiyyəti milli azlıqların qorunması öhdəliyini götürür. Hesab edirəm ki, bu öhdəliyə ciddi şəkildə əməl olunmalıdır. Biz də şübhəsiz ki, birlik nümayiş etdirməliyik. Bu, olduqca vacibdir. Siyasi partiyalara görə, mövqeyimizi dəyişməməliyik. Biz azərbaycanlıyıq, Gürcüstan vətəndaşlarıyıq. Digər millətlərlə yanaşı, bizim də hüquqlarımız təmin olunmalıdır.

- “Gürcü Arzusu” bloku azərbaycanlılara münasibətdə zəif tərpənir, yoxsa xələfləri kimi millətçi xəttə üstünlük verir?
- Əlbəttə, burada millətçi xəttin də əlamətləri var. Hər bir millət istəyir ki, yalnız onun millətindən olanlar hər yerdə təmsil olunsun. Amma bizim aktivliyimiz də lazımdır. Baxın, rayonlara şəhər statusu verilən zaman yalnız Gürcüstan Azərbaycanlılarının Milli Konqresi təklif etdi ki, Marneuli rayonuna şəhər statusu verilsin. Amma digər soydaşlarımız susdu. Hətta azərbaycanlı deputatların səsi çıxmadı. Diqqət edin, 15 iyun seçkilərində Marneulidən üç azərbaycanlı namizədliyini irəli sürmüşdü. Seçki zamanı azərbaycanlı namizədlər bir-biri ilə rəqabət apardı, zəiflədilər. Nəticədə gürcü namizəd 52 faiz səslə qələbə qazandı. Hansı ki, bu üç azərbaycanlı bir şəxsin namizədliyini dəstəkləyə və onun kampaniyasını apara bilərdi. Sonda seçkini azərbaycanlı namizəd uda və müəyyən işlər həyata keçirilə bilərdi. Ancaq təəssüflər olsun ki, bu baş vermədi. İndi bizim fikrimiz var ki, gələcəkdə konsepsiya ortaya qoyaq, azərbaycanlıları bir araya gətirək, seçkilərdə vahid mövqedən çıxış edək. Çünki bizim gürcü cəmiyyətində öz statusumuz olmalıdır. Şəxsən mən bu işi davam etdirməyə hazıram. Biz daha çox milli dəyərlər üzərində dayanmalıyıq.

- Niyə ermənilər Cavaxeti bölgəsində icra hakimiyyətini, polisi, prokurorluğu götürə bilir, amma sayca ermənilərdən 10 dəfə çox olan azərbaycanlılar Marneuli, Bolnisi, Dumanisi və hətta Qardabani də rayon bələdiyyəsini əldə edə bilmir?
- Əslində sizin sualınıza mən yuxarıda cavab verdim. İkincisi, bizdə hələ milli ruh, milli vətənpərvərlik çox zəifdir. Biz bir şey tələb edəndə dərhal parçalamaq olur. Amma ermənilər lazım olanda separatizm fikirləri yayır, lazım olanda Gürcüstan tarixini saxtalaşdırır, lazım olanda da milli haqqını tələb edirlər. Amma biz haqqımızı tələb etmək əvəzinə bir-birimizlə rəqabət aparırıq. Həm də bu gün dövləti yaxınlıq baxımından Gürcüstana ən yaxın dövlət Azərbaycandır. Bu belədirsə, nəyə görə biz həmişə tapdalanmalıyıq? Mən hesab edirəm ki, bunun bir səbəbi də bu gün Gürcüstanda rəhbərlikdə olan azərbaycanlı məmur və deputatlardır. Onlar istəmirlər ki, bir həmyerlisi ondan qabağa keçsin. Gürcü dilini bilməyən deputat oturub parlamentdə və iclasda da çıxış edə bilmirlər. Mən bilmirəm niyə parlamentdə oturublar. Bu düzgün mövqe deyil.

Nemət Hüseynli


Müəllif: