“Cəbhə xəttində tərəflər futbol oynayır, şampan içirdilər”
”Əbülfəz Elçibəyə münasibətim qərəzlidir”
Teleqraf.com Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli ilə müsahibəni təqdim edir.
- Erkin bəy, cəbhə bölgəsində baş verənləri, erməni tərəfinin aqressiyasını, ümumilikdə vəziyyəti necə qiymətləndirirsiniz?
- Müharibədir. Bunun başqa adı yoxdur. Bizim ordunun tam haqqı var ki, işğalçı orduya qarşı güc tətbiq etsin. Buna başqa anlam vermək olmaz.
- Bəs baş verənlərin pərdəarxasında hansı oyun var?
- Əslində mən “oyun var” deyənləri anlamıram. Elə bil ki, müharibə zarafatdır. Müharibə ilə oyun olar? Müharibəni udmaq ehtimalı varmı və ya yoxmu, bu, başqa məsədir. Müharibə böyük pullar, canlı itkilər tələb edir. Kim deyirsə ki, iqtidar oyun oynayır, fikrimcə, bu manyakal bir düşüncədir. Onda gərək Ermənistanla danışıqlara gedilsin ki, siz uduzun, biz udaq və reytinqimiz qalxsın. Bu qeyri-ciddi yanaşmadır. Müharibədir, bundan artıq nə olacaq ki? Torpaqlarımız işğal altındadır. Əvvəllər ordumuz zəif idi, ancaq indi güclənib və güc tətbiq edir, özünü sınayır. 2-5 aprel döyüşlərində bəlli əraziləri geri qaytardı. Əlbəttə, arzu edilərdi ki, itkilərimiz az olsun. Ancaq müharibə canlı itki tələb edir. Ordumuz düşmənin ön cəbhəsini yardı, ortaya güc qoydu. Reallıq budur. İndi bunun nəticəsi nə olacaq, yan təsirləri necə olacaq, bu, sonranın işidir. Bu haqda indi danışmaq çox tezdir və həm də yersizdir. Fakt odur ki, ordumuz qələbəni dadmalı, xalqımız da uğuru görməlidir. Bunun başqa tərəfə yozmağın heç bir mənası yoxdur.
- "Pərdəarxası oyunlar" deyərkən Ermənistanın addımlarını nəzərdə tuturuq. Bəllidir ki, aprelin 5-də Azərbaycan və Ermənistan baş qərargah rəisləri Moskvada atəşin dayandırılması haqda razılığa gəldi. İndiki mərhələdə Ermənistan cəbhədəki fəaliyyətini aktivləşdirir və razılığı pozur. Sizcə, bunun arxasında hansı siyasi məqsədlər dura bilər?
- Atəşkəs siyasi anlaşma deyil. Atəşkəs iki ordu arasında əldə olunan razılıqdır. Birinci dünya müharibəsi zamanı fransızlarla almanlar bir-birinə qarşı səngərdə vuruşurdular, məsafə də çox yaxın idi. Ancaq uzun müddət bir-birinə qarşı dayandıqları üçün atəşkəs dönəmində neytral zonada futbol oynayır, şampan açaraq Yeni İl bayramını qeyd edirdilər. Ancaq vaxtı gələndə yenə səngərə dönür və bir-birinə atəş açırdılar. İndi Qarabağ müharibəsi uzun müddətdir davam edir və bir azdan 30 ili tamam olacaq. Atəşkəs də siyasi anlaşma, beynəlxalq müqavilə deyil. Yəni atəşkəs razılaşmasının heç bir hüquqi nəticəsi yoxdur. Anlaşdılar ki, atmayaq. Ertəsi gün tərəflərdən biri atırsa, digəri də ona cavab verəcək. Mən burada hər hansı siyasi məna axtarmağın tərəfdarı deyiləm. Bişkek anlaşması da bu qəbildəndir. Bişkekdə atəşkəs müqaviləsi imzalandı, ancaq aradan keçən dövrdə hər iki tərəfdən çoxlu sayda əsgər öldü.
- İndi cəbhədə baş verən qarşıdurmaların, hərbi əməliyyatların nəticəsi haqda danışmaq olarmı?
- Mən hesab edirəm ki, bu haqda danışmaq hələ tezdir.
- İndiki durumun Ermənistan və Azərbaycanın daxili vəziyyətinə hansı təsirləri var?
- Görünən odur ki, Ermənistanda etirazlar gedir, narazılıqlar artır. Bizdə isə insanlar ruhlandı, vətənpərvərlik ab-havası yüksəldi. Atəşkəsdən sonra vəziyyət bir qədər sakitləşdi. Amma müharibə hər an qızışa bilər.
- Ermənistanda hakimiyyət dəyişikliyini real hesab edirsinizmi?
- Ermənistanda bütün hallarda hakimiyyət dəyişəcək. Orada eyni adam iki dəfədən artıq prezident ola bilməz. Sarkisiyanın da sonuncu prezidentlik müddəti başa çatmaq üzrədir. Odur ki, cəbhədə müharibə oldu-olmadı, Ermənistanda hakimiyyət dəyişəcək.
- Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, ölkəmizin bolşeviklər tərəfindən işğalının növbəti il dönümüdür. Siz də cümhuriyyət ideyalarını yaşadan bir təşkilatsınız. Bu tarixi qeyd edirsinizmi?
- Bizim üçün bu, işğal günüdür və onun başqa anlamı yoxdur. Bu işğal günüdür və onu qeyd etmək haqqında düşünməmişik. Biz bu haqda daima danışırıq. Nəticələr göz qabağındadır, biz tarixdən 70 il atıldıq. Bu ağrılı prosesdir, işğal nəticəsində çox geri düşdük.
- Deyirsiniz ki, 28 aprel işğalı Azərbaycanı 70 il geriyə atdı. Bəs bu işğala son verən Əbülfəz Elçibəyə, onun siyasi dünyagörüşünə, bir siyasətçi olaraq şəxsiyyətinə münasibətiniz necədir?
- Biz o dövrün müasirləri olduğumuz üçün münasibətimiz çox qərəzlidir. İstər mənfi, istərsə də müsbət mənada.
- Əbülfəz Elçibəyə?
- Ümumiyyətlə, hər şeyə. Bu qiyməti ancaq sonrakı nəsil verəcək. Bizim nə münasibətimiz olacaq? Biz həmin prosesin içində olmuşuq, iştirakçı olmuşuq, hər şeyi öz gözümüzlə görmüşük. Öz gözü ilə görən adam qiymət verəcəksə, onda məhkəmə prosesində şahid qismində iştirak edən şəxs hökm çıxarardı. Bunu görməyənlər qiymət verəcək.
- Məncə, sizin özünüz də, qiymət verə bilərsiniz...
- Biz özümüzü Əbülfəz Elçibəy-Rəsulzadə yolunun davamçısı elan etməmişik. Kim elan edibsə, bu sualı onlara verə bilərsiniz.
- Siz özünüzü bu yolun yolçusu elan etmədiyiniz üçün sual sizə verilir, sizin Əbülfəz Elçibəyə siyasi fiqur olaraq yanaşmanız necədir?
- Mən siyasətin içində olduğum üçün belə məsələlərə münasibət bildirə bilmərəm. Onu tarixçilərdən, siyasətdə olmayan adamlardan soruşmaq lazımdır. Mənim münasibətim qərəzlidir.
- Niyə qərəzlidir?
- Çünki mən həm siyasətdəyəm, həm də bu dövrü yaşamışam və öz gözlərimlə görmüşəm. Üstəlik də, siyasətdə olduğum üçün mövqeyim var və buna görə də qərəzlidir. Mənim söylədiklərim dəyərli ola bilməz. O adamın fikri dəyərli olardı ki, o, qərəzli deyil.
NEMƏT