Teleqraf.com professor, siyasi şərhçi Əli Abbasovla müsahibəni təqdim edir:
- Son bir həftədə cəbhədə vəziyyət ürəkaçan deyil. Ermənistan ordusu atəşkəsi pozur, iri çaplı artilleriyadan istifadə edir. Vəziyyəti necə qiymətləndirirsiniz?
- Ermənistan 2-5 aprel döyüşlərində uduzub, ordu geri çəkilməyə məcbur olub. İndi erməni ictimaiyyətinə göstərmək istəyirlər ki, vəziyyət o qədər də pis deyil, cəbhədə Azərbaycanın başına güllə yağır. Erməni tərəfinin atəş açması ümumilikdə xeyrimizədir. Hər kəs görür ki, hazırda cığallıq edən, öldürmək istəyən ermənilərdir. İkincisi, erməni tərəfi daha çox mülki insanların yaşadığı evləri və iaşə obyektlərini hədəfə alır. Bütün bunları protokollaşdırmaq, dünyaya göstərmək lazımdır. Bildiyim qədər ermənilər atəş açmağa başlayanda Azərbaycan ordusu buna cavab verir.
- Rəsmilərin dediklərinə görə, 300-ə yaxın ev ziyan çəkib, 34 ev tamamilə dağıdılıb, mülki əhali arasında aprel ayı üçün 16 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Sizcə, bu iri miqyaslı hücum əməliyyatıdır, ya necə?
- Təbii ki, aprelin əvvəlində vəziyyət necədirsə, indi də onun kimidir. Xüsusi bir dəyişiklik yoxdur. Hazırda problemin həlli yolu bilinmir. Erməni tərəfi ya danışıqlar masası arxasına keçməli, ya da indi cəbhədə müşahidə olunan gərginlik davam etməlidir. Gərginlik bu şəkildə davam edəcəksə, vəziyyət bir qədər də kəskinləşəcək.
- Hərbi əməliyyatlar ehtimalı nə dərəcədə güclüdür?
- Demək olar ki, erməni tərəfi buna gedir. Müşahidələr bunu göstərir. Mövqelərdən asılı olaraq atəş açırlar. Görünən budur ki, onlar hansısa mövqelərdə güclənmək istəyirlər. Təbii ki, Azərbaycan ordusu da özünə lazım olan möhkəmləndirmə işlərini aparır. Real durum buna bənzərdir.
- Demək olarmı ki, diplomatik danışıqlar dayanıb, əvəzində silahlar danışmağa başlayıb?
- Vəziyyət hələlik bu cürdür. Çox güman ki, Minsk Qrupunun üzvləri addım atmalı, sözünü deməlidir. Hələlik onlardan tutarlı bir bəyanat yoxdur.
- Minsk Qrupunun indiki dövr üçün fəaliyyəti nə qədər effektivdir?
- Onların fəaliyyəti məni qane etmir. Ancaq aprelin əvvəlində onlar üzərimizə çox gəlmədi. Bu, ermənilər üçün böyük zərbədir.
- 2-5 aprel döyüşləri Rusiya tərəfinin təşəbbüsü ilə dayandırıldı, bunun ardınca “Lavrov planı” haqda xəbərlər yayıldı. İndi erməni tərəfinin cəbhədə ağır artilleriyadan istifadə etməsi, əməliyyatlar keçirmək istəməsi Rusiyanın təşəbbüsünü rədd etmək anlamına gəlmirmi?
- Rusiya əsasən çalışırdı ki, atəşkəs olsun, iri miqyaslı əməliyyatlar olmasın. Buna müəyyən qədər nail oldu. Rusiya da başa düşür ki, indi cəbhədə geniş əməliyyatlar başlasa, heç bir halda Ermənistanın xeyrinə olmayacaq. Ona görə də, Rusiya istəmir ki, böyük əməliyyat olsun, cəbhədə gərgin qarşıdurma baş versin. Təkcə Ermənistan deyil, Rusiyanın özü də gördü ki, Azərbaycan tərəfi müasir hərbi strategiya və taktika əsasında müharibə aparır. Bu, nəinki ermənilər, hətta ruslar üçün də, gözlənilməz oldu. Onlar gördü ki, müasir hərbi taktika, son yeniliklər tətbiq olunur.
- Prezident İlham Əliyevin cəbhə bölgəsinə getməsi, burada yaşayan vətəndaşlarımıza həssaslıq nümayiş etdirməsi, onlarla birgə söhbətlər aparıb, xatirə fotoları çəkdirməsi insanların dövlətə və orduya inamı baxımından əhəmiyyət daşıyırmı?
- Şübhəsiz ki, daşıyır. Prezidentin öz xanımı ilə birlikdə cəbhə bölgəsində olmasını müsbət addım hesab edirəm. Normal haldır və belə də olmalıdır. İnsanlar düşünürlər ki, cəbhədə baş verənlər nə ilə nəticələnəcək, nələr ola bilər. Belə bir məqamda Prezident özü cəbhə bölgəsinə gedərək insanlarla görüşür, vəziyyətlə yerindəcə tanış olur. Bu, müsbət hadisədir.
- Hazırda Amerikanın cəbhədə baş verən hadisələrə, ümumiyyətlə, münaqişəyə və regionda müşahidə edilən gərginliyə münasibəti, yanaşması nədən ibarətdir?
- Amerika demək olar ki, hələlik bu problemi Rusiyanın öhdəsinə buraxıb. Onlar bu işə aktiv müdaxilə etmirlər. Həm də, bilirlər ki, Rusiya nə qədər belə işlərlə məşğul olarsa, bir o qədər yaxşıdır. Hazırda ABŞ-Rusiya arasında geosiyasi mübarizə gedir. ABŞ-da hesab edirlər ki, Rusiya üçün nə qədər tor qursalar, bir o qədər yaxşıdır. Bir var ki, dünyada bir konflikti həll edirsən, bir də var hər yerdə konfliktlərin içərisində olursan.
- Ancaq iş ondadır ki, fransızlar da bu məsələdə aktivlik nümayiş etdirmir...
- Fransa həmsədr dövlətdir və vaxtilə Azərbaycanla Ermənistan prezidentinin görüşünü təşkil edib. Təbii ki, indi əsas bir məqamdır -əvvəlki status-kvoya qayıdış. Yəni kim harada mövqe tutubsa, oturub gözləyir, paralel olaraq danışıqlar başlayır. Demək olar ki, indi həmsədrlər status-kvoya qayıtmaq istəyir.
- Ancaq dövlət başçısı da elan edir ki, indiki status-kvo ilə Azərbaycan heç bir halda barışmayacaq...
- Təbii ki, belə də lazımdır. Barışmaq da olmaz, necə barışaq? Barışmaq o deməkdir ki, torpaqlarımızdan uzaq düşürük. Odur ki, status-kvonun belə qalması Azərbaycan üçün uyğun deyil. Əslində tələb olunmalıdır ki, hansısa prinsipləri qəbul etsinlər. İndiyə qədər belə idi ki, siz müharibədə uduzmusunuz. Ancaq indi görünür ki, Azərbaycanın imkanları var ki, bölgədə müharibəni başlayıb fərqli nəticələrlə başa çatdırsın. Azərbaycan indi tələb etməlidir ki, vəziyyət dəyişsin və status-kvo indiki kimi olmasın.
- Ermənistan tərəfinin danışıqlardan imtina etməsi, şərtlər irəli sürməsi nəyə hesablanır?
- Danışıqlardan imtina edib-etməmək Ermənistan və onun prezidentindən asılı məsələ deyil. Bu, daha çox Rusiyadan asılıdır. Əgər Rusiya erməni tərəfinə desə ki, danışıqlara gedirsən, onlar dərhal masaya gələcəklər.
- Ermənistan-Rusiya münasibətlərində fərqlilik ortaya çıxıb, yoxsa sinxron fəaliyyət haqda danışa bilərik?
- Ermənistan tərəfi gözləmirdi ki, belə olacaq. Düşünürdülər ki, ruslar onlara kömək edəcəklər. Bu isə olmadı. Bu reallıqlar Ermənistan üçün böyük dərsdir.
- Bundan sonra regionumuzda gözləntilər necədir: diplomatik danışıqlar, yoxsa hərbi əməliyyatlar?
- Əgər təkliflər, yeni danışıqlar prosesi başlamasa, təbii ki, cəbhədə durum kritikləşəcək. Hazırda biz cəbhədə gərginliyi müşahidə edirik. Azərbaycan cəbhədə aktivdir, çalışır ki, hər şey nəzarətdə olsun. Erməni tərəfi də ilk dəfədir ki, yüksəkliyi əldən verib və onu geri qaytara bilmir. Buna görə də, aqressiv hərbi addımlar atır, əməliyyatlar aparmağa cəhd göstərir.
- Ermənistanda ictimai-siyasi ab-hava necədir, burada yeni hakimiyyət böhranı, dəyişikliklər üçün zəmin yetişibmi?
- Orada hər şey ola bilər. Rusiya Ermənistanla sıx bağlıdır. Əgər orada hakimiyyət dəyişikliyi olacaqsa, bu rusların əli ilə olacaq.
NEMƏT