Teleqraf.com Laçın polkunun sabiq komandiri Arif Paşa ilə müsahibəni təqdim edir.
- Ermənistan ordusu cəbhə bölgəsində Azərbaycanın mülki əhalisini və yaşayış obyektlərini atəşə tutmaqda davam edir. Bu durumu necə qiymətləndirirsiniz?
- Azərbaycan ordusu hazırda erməni tərəfinin hərbi hədəflərini vurur. Söhbət Azərbaycanın mülki əhalisini və yaşayış məskənlərini hədəfə alan atəş nöqtələrinin susdurulmasından gedir. Ordumuz qanunsuz olaraq işğal edilən ərazilərdə məskunlaşan erməni mülki əhalini hədəfə almır. Erməni ordusu isə mülki əhalini hədəfə alaraq soyqırımı siyasətini hərbi aspektdə davam etdirməyə çalışır. İndi bu durum cəbhənin xarakterik cəhətidir. İkincisi, Azərbaycan bütün resurslar - hərbi, insani və iqtisadi baxımdan Ermənistandan çox irəlidir. Bu mənada hərbi addımların təzələnməsi Azərbaycanın qələbəsinə aparan yol ola bilər.
- Tərəflər aprelin 5-də atəşi dayandırmaq barədə razılığa gəldi. Ancaq buna rəğmən erməni işğalçı ordusu aramsız atəş açmaqda davam edir, iri çaplı silahlardan, artilleriya qurğularından istifadə etməkdən çəkinmir. Bu vəziyyəti nə ilə nəticələnə bilər?
- Birincisi və ən vacibi odur ki, Azərbaycan dövlətinin əraziləri Ermənistan tərəfindən işğal edilib, onun ərazilərində separatizm siyasəti aparılıb. Beynəlxalq hüquqa və qanuna görə, biz torpaqlarımızı işğalçı və terrorçulardan təmizləmək, qorumaq haqqımız var. İkincisi, erməni ordusu cəbhədə Azərbaycanın dinc və silahsız vətəndaşlarını atəşə tutur, mülki obyektləri dağıdır. Bu mənada Azərbaycanın ərazi bütövlüyü və dövlətin təhlükəsizliyi baxımından da hərbi əməliyyatlara başlamaq hüququna malikdir. Dünyanın heç bir ölkəsində və beynəlxalq qurumunda mülki əhaliyə atəş açılması, evlərin dağıdılması və silahsız insanların öldürülməsinə bəraət verilə bilməz.
- İndi Azərbaycan ordusu daha çox müdafiə mövqeyində durub. Cəbhədə indiki həssas dönəmdə hərbi əməliyyatların başlaması ehtimalı hansı dərəcədədir?
- Hesab edirəm ki, hazırda Azərbaycan ordusunda ciddi subordinasiya var. Ordunun təminat və təchizatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Bu illər boyu Azərbaycanda mükəmməl, nizam-intizamlı ordu formalaşıb. Digər tərəfdən, Ermənistan siyasi rəhbərliyinin vaz keçmədiyi bir prinsip var-Dağlıq Qarabağla Azərbaycan arasında münasibətlər heç vaxt şaquli ola bilməz. Başqa sözlə, Azərbaycanla Qarabağ münasibətləri üfüqi müstəvidə mümkündür. Yəni Ermənistan artıq öz sözünü deyib. Ermənistan Dağlıq Qarabağı geri qaytarmayacağı mövqeyini qətiyyətlə ifadə edib. Odur ki, danışıqlar prosesindən ciddi nəticə gözləmirəm. Erməni iddiasına görə, Qarabağla Bakı arasında münasibətlər bərabər səviyyəli ola bilər. Belə olan halda danışıqlar aparmaq, beynəlxalq təşkilatların vasitəçiliyi ilə hansısa sülh prosesinə nail olmaq ehtimalını görmürəm. Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, eləcə də ATƏT və Avropa Şurasının qərarlarını yerinə yetirməyib. Deməli, Azərbaycan milli iradəsinə söykənərək əbədi ərazisi olan düzən və dağlıq Qarabağı geri qaytarmaq haqqında düşünməli, səmərəli fəaliyyət ortaya qoymalıdır. Hərbi əməliyyatlar məsələsinə gəldikdə, hesab edirəm ki, beynəlxalq münasibətlər sistemində buna əngəl törədən müəyyən nüanslar var. Amma hərbi baxımından Azərbaycan ordusunun addımlar atması və qələbə əldə etməsi imkanları hədsiz dərəcədə böyükdür.
- Uzun illər cəbhədə olmusunuz, Laçın polkuna komandirlik etmisiniz. Necə düşünürsünüz, 2-5 apreldə erməni ordusuna tutarlı zərbə endirə bilmişikmi?
- Hesab edirəm ki, qeyd etdiyiniz məqam Azərbaycan ordusunun tarixində şərəfli hadisə kimi qeyd olunmalıdır. Ordu sübut etdi ki, istənilən an öz Vətən torpaqlarını qorumaq əzmindədir və lazım olan anda düşmənə qalib gəlmək imkanındadır. Təbii ki, bu hadisələrdə ordu öz gücünü nümayiş etdirdi. Xalqımız da göstərdi ki, ordunu bütün varlığı ilə müdafiə edir. Ölkədə yüksək vətənpərvərlik ab-havası yarandı. Bu, əsas amillərdən biri idi.
- Aprelin 5-də Azərbaycan və Ermənistan Moskvada atəşi dayandırmaq barədə razılığa gəldi. Bundan sonra erməni tərəfi sanki taym-aut götürdü və bir neçə gündən sonra atəş açmağa başladı. Sizcə, bu nə ilə bağlıdır?
- Ermənilər tarixən dünya ictimaiyyətində özlərinə qarşı müsbət rəy yaratmaq istəyiblər. Onlar qırğınlar, qanlar üzərindən beynəlxalq ictimaiyyətin vasitəsi ilə təbliğatlarını qurmağa çalışıblar. Aprelin əvvəllərində üzdəniraq prezident Sərkisyan bəyan etdi ki, Ermənistan güzəştlərə hazırdır. Belə ifadə işlətsə də, atəşkəs bərpa ediləndən sonra tam fərqli mövqe sərgilədi. Biz bunu zaman-zaman müşahidə etmişik. Erməni xisləti, mahiyyəti əslində budur. İkincisi, qarşıda duran tərəf zəif olsa da, özünü iddialı aparmalı, başından yekə bəyanatlar verməlidir.
- O da, bəllidir ki, regionda regional oyunçular, eyni zamanda beynəlxalq güclər var. Onlar dünyanın istənilən nöqtəsində baş verən proseslərə təsir edə bilirlər. Sizcə, onların Qarabağ münaqişəsinə münasibəti necədir və Azərbaycan onları nəzərə almadan addımlar ata bilərmi?
- Dünyada qüvvələr balansı elədir ki, Ermənistanı müdafiə edən dövlətlər kimi Azərbaycanın yanında olacağını ifadə edən dövlətlər də var. Məsələn, İranı götürək. Burada milyonlarla türk yaşayır və onların İran ictimai rəyinə təsir etmək imkanları mövcuddur. Qərbdə də belədir. Bilirsinizmi, məşhur bir ifadə var: siyasətin sonu silahların üzərində həll edilir. Dünya hər zaman qalib gələnin yanında olur. Azərbaycan ordusu qalib gələcəksə, inamlı olacaqsa, sonda hər kəs Azərbaycan dövlətinin yanında olacaq. Hətta bizə əks fikirdə olanlar da Azərbaycanın tərəfdarına çevriləcək. Dünya qalibi müdafiə edir, məğlubun sahibi ortaya çıxmır. Odur ki, uğurlu addım və hərəkətlərimizlə əleyhimizə olanları da sonda tərəfdarımıza çevirə bilərik. Burada bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Bir çox mərkəzlərin və qüvvələrin Azərbaycana mənfi münasibəti var və bu haqda mətbuat zaman-zaman yazır. Onlar həm də Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək təzyiqlər göstərirlər. Bu problemin həlli onların Azərbaycana qarşı neqativ münasibətinin də qarşısını alacaq. Qarabağ məsələsinin həlli Azərbaycanın mövcudluğu məsələsidir. Azərbaycan üçün əsas kriteriya ancaq xalqımız və milli iradəmizdir.
- Azərbaycan ordusu bu gün işğal edilən tarixi ərazilərimizdə hərbi əməliyyatlar aparıb bu torpaqları azad etmək imkanlarına malikdirmi?
- Bəli, ordumuz güclüdür, burada subordinasiya qaydalarına, nizam-intizama ciddi əməl edilir, ordunun təchizat işləri yüksək səviyyədə qurulub. Ordumuzda həm də qələbəyə inam, yüksək vətənpərvərlik əhvalı var. Bütün bunlar qələbə əldə etmək üçün vacib faktorlardır. Bu mənada hesab edirəm ki, Azərbaycan ordusu işğal edilən əraziləri geri almağa malik və qadirdir.
NEMƏT