4 May 2016 18:01
3 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni dilini İrəvandan gətirdiyim dərsliklə öyrədirik”

Aprelin əvvəlində Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlik fonunda erməni dilinin öyrənilməsi məsələsi aktuallaşdı. Azərbaycan tərəfindən erməni mətbuatında yayılan xəbərlərə verilən cavabın adekvat olub-olmadığı barədə müzakirələr aparılmağa başlandı.


Bakı Dövlət Universitetində 4 ildir fəaliyyət göstərən Erməni Araşdırmaları Elmi-Tədqiqat Laboratoriyasında aparılan tədqiqat, elmi araşdırmalar barədə məlumat almaq üçün BDU-ya üz tutduq.


Teleqraf.com laboratoriyanın Böyük Elmi işçisi İsmayıl Tanrıverdi ilə müsahibəni təqdim edir.

- İsmayıl müəllim, 4 ildir ki, Erməni Araşdırmaları Elmi-Tədqiqat Laboratoriyası fəaliyyət göstərir. Nələri araşdırırsınız, qarşıya qoyulan məqsədlər nədir, bu müddət ərzində hədəflərə çatmaq mümkün olub?

- Erməni Araşdırmaları Elmi-Tədqiqat Laboratoriyası 2012-ci ilinfevralın 21-də Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun əmrinə əsasən Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının nəzdində fəaliyyətə başlayıb. Xüsusi planımız var, ermənilər haqqında elmi əsərlər yazmağı qarşıya məqsəd qoymuşuq. Əvvəl laboratoriyada üç nəfər tədqiqat aparırdı, hazırda Elgün Qəhrəmanovla mən qalmışam, digər əməkdaşımız artıq Müdafiə Nazirliyində çalışır. İki nəfərlə araşdırma aparmaq çətindir. İstəyirdik ki, Araşdırma Mərkəzi yaradaq, qaydaya əsasən mərkəzin yaradılması üçün 9 işçi tələb edilir. Azərbaycanda erməni dilini mükəmməl bilən mütəxəssislər olmadığı üçün mərkəz təşkil eləmək çətin oldu. Hələlik Qafqazşünaslıq kafedrasının nəzdindəki laboratoriyada fəaliyyət göstəririk. Əvvəllər Tarix fakültəsinin birinci kursunda təhsil alan tələbələrə üçüncü kursadək erməni dili tədris olunurdu, amma nədənsə indi dərs saatlarını azaldıblar, ancaq 3-cü kursda oxuyan tələbələrə dərs deyilir. Cəmi 30 nəfərə qədər tələbə erməni dilini öyrənir.

- Araşdırmalarınız bilavasitə müasir dövrlə bağlıdır, yoxsa tarixi aspektdən yanaşırsınız?

- Hazırda erməni mətbuatını izləyib onlara qarşılıqlı cavablar veririk. Laboratoriya təzə yarananda ermənilərin Qafqaza gəlişi tarixindən başladıq, azərbaycanlıların deportasiyası prosesini, keçən əsrin əvvəllərindən 1988-ci ilədək baş verən deportasiyanı araşdırdıq. Özüm azərbaycanlıların deportasiyasının əvvəldən sonadək şahidi olmuşam. 1989-cu ilin avqustunadək Ermənistanda olmuşam, Amasiya rayon Partiya Komitəsində işləmişəm, erməni siyasətinin içində olmuşam. O vaxtlar Qarabağ komitəsi Zori Balayanı Amasiya rayonuna təhkim etmişdi ki, nəzarət eləsin. O da ipə-sapa yatmırdı, bizimlə yola getmirdi, biz dediyimizlə o razı olmurdu, o dediyi ilə bizrazılaşmırdıq.


- Maraqlı fakt oldu, Zori Balayanla birgə çalışırdınız, bəs Sizin rayon partiya komitəsində vəzifəniz nə idi?

- “Raykom”da İdeologiya Şöbəsinin müdiri vəzifəsində çalışırdım. 1988-ci ildə zəlzələ baş verdi, deportasiyadan sonra ancaq Amasiya rayonunun azərbaycanlı əhalisi qalmışdı. Zori Balayanı Qarabağ komitəsi bizim rayona təhkim etmişdi ki, sakitlik yaratsın. Ona tapşırıqlar verilmişdi ki, azərbaycanlıların rayondan çıxmasına əngəl yaratsın. Balayan isə əksinə təhrik edirdi ki, azərbaycanlılar Amasiya rayonundan çıxsın.

Qorbaçovun şəxsi nümayəndəsi gəlmişdi ki, bizdə olan məlumata görə Amasiya rayonunun azərbaycanlı əhalisi kənd təsərrüfatı ilə məşğuldur. Təsəvvür edin ki, 200 min azərbaycanlı Ermənistanın kənd təsərrüfatı məhsullarının 60 faizini istehsal edirdi. Təəssüf Azərbaycanda həmin qüvvədən sonradan istifadə olunmadı. Zori Balayan Daşnaksütyun partiyasının üzvləri ilə görüşüb bizə qarşı təbliğat aparırdı. Vəziyyət o yerə gəldi ki, 1989-cu ilin fevralında o, məcburi təbliğata göndərilmişdi, çalışmalı idi ki, əhali çıxmasın, geri qayıtsın. Bunu deyirdi, əlavə edirdi ki, Qarabağ bizim olmalıdır. O ərəfədə bizim Güllübulaq, Oxçuoğlu, Əzizbəyov kəndlərində əhali ilə görüşüb dedim ki, sabah saat 10:00 radələrində Zori Balayanla görüş olacaq, ürək sözlərinizi ona deyin. Camaatın qarşısında çıxış edəndə yenə öz dediyini söyləmişdi, camaat da onu daşlamışdı. İki “QAZ-24”, bir“VİLİS” maşını ilə gəlmişdi, o maşınlar daşların zərbəsindən tam sıradan çıxmışdı.

Zori Balayan qorxusundan titrəyə-titrəyə gəldi, gözümlə görmüşəm bunları, Daşnak partiyası onu vertolyotla apardı. Ondan sonra bizim rayona ayaq basmadı. Laboratoriyada da deportasiyalar, ermənilərin Qafqaza gəlmələri barədə araşdırmalar aparırıq, ermənilərin bizə qarşı təxribatları haqda tədqiqatlarımız var.Ermənilərxarakterimizin mülayimliyindən istifadə edərək ancaq bizim millətə qarşı o cür hərəkətlər ediblər. Gürcüyə qarşı bizim başımıza gələnləri etsəydilər, onlar erməniləri məhv edərdilər, ruslara qarşı edəndə cavablarını alırlar. Çünki ruslar olmasa, onların burada yaşaması mümkün deyil.


- Təmas xəttində baş verənlərdən sonra erməni mediası indi də məlumatların 90 faizini aprel döyüşlərinə həsr edir, yalan-doğru yazırlar. Bizim mətbuatın Sizin araşdırmalarınıza ehtiyacı var. Media ilə laboratoriyanın əlaqələri qurulubmu? Hər hansı təmasların şahidi olmuruq, təkliflər irəli sürmüsünüz, yoxsa hər hansı reaksiya verilmir?

- 4 ildir araşdırmalar aparıram, erməni mətbuatı bizim jurnalistləri çox aldadır. Onlar erməni dilində doğrunu yazırlar, ancaq saytlarının rus bölməsində istəmirlər ki, Azərbaycan media nümayəndələri əsl məlumatları əldə etsinlər. Bu haqda bizim saytlara, müxbirlərə müraciət etmişəm, ancaq reaksiya verən yoxdur. Bizdə erməni dilini bilən olmadığına görə, jurnalistlər məcbur qalıb erməni saytlarının rus versiyasındakı materialları tərcümə edib yerləşdirirlər. Rus bölməsində isə ermənilər həqiqəti yazmırlar.

- Məsələn, nümunə çəkə bilərsinizmi, hansı tipli yazılarda manipulyasiya edirlər?

- Aprel döyüşlərində diqqət elədim, onlarda yalan məlumatlar çox idi. Bizim mediada da səhv məlumatlar yayımlanırdı. Təxminən il yarım bundan öncə xarici mediada belə xəbər yazılmışdı ki, türk zabiti PKK tərəfdarları ilə mübahisə edir, həmin mübahisədə kürd əhalisi türk zabitinin sözünə qulaq asmırlar. O isə deyir ki, siz Türkiyə Cümhuriyyətinin vətəndaşısınız, bizim qayda-qanuna əməl etməlisiniz. Mübahisə əsnasında zabit PKK tərəfdarlarından bir neçəsini yumruqlayır. Erməni saytları yazmışdı ki, azərbaycanlı zabit yerli əhalini kənddən qaçmamaq üçün döyür. Bizim media isə irad tutmuşdu ki, əslində erməni zabit erməniləri döyür. Ermənilər aprelin ilk günlərində azərbaycanlılara məxsus onlar tərəfindən güllələnmiş “VAZ 2107” markalı maşını erməni avtomobili kimi dünya ictimaiyyətinə yaydılar. Bundan başqa ermənilərdə Nazənin adlı aktrisa var, erməni əsgərlərini dəstəkləməyə səngərə gəlmişdi.

Bizim mətbuat o aktrisanı erməni snayperi kimi təqdim etmişdi. Düzdür, erməni qızlarını son vaxtlar snayper kimi səngərlərə yerləşdiriblər. Ermənilər bizi lağa qoyurdu, yazırdılar ki, azərbaycanlılar bizim xalq artistini snayper kimi təqdim edir, görün, necə yalançıdırlar. Yalan məlumatla ictimaiyyəti aldatmaq olmaz. Bizim medianın səhvi ondadır ki, yalan məlumat verir, düzəltmir, ermənilər isə bundan istifadə edirlər. Bizim səhvimizdən yararlanıb dərhal dünya ictimaiyyətinə müraciət edirlər. Azərbaycan mətbuatı yazırdı ki, general-leytenant Movses Akopyan erməni qərargahında məhv edilib. Ancaq Akopyan bu gün də televiziyada çıxış edir. Bu yalan məlumatı yazmağın nə mənası var? Erməni mətbuatı bunu belə təqdim edir: “Azərbaycan mediasının yalan hekayəsi”.


- Bəlkə, media qurumlarına, Mətbuat Şurasına müraciət edəsiniz, cəbhə bölgəsində gərginlik zamanı xüsusi qərargah yaradılsın, laboratoriyanın araşdırmalarındanyararlanmaqla erməni mediasına tutarlı cavab verilsin?


- Əlbəttə, yaxşı olar ki, mətbuatla görüşlərimiz keçirilsin. Bu təklifi mən də etmişəm. Bir şeyi də qeyd edim, Xəzər televiziyasından başqa heç bir Azərbaycan telekanalı bizim laboratoriyaya müraciət etmir. Erməni məsələsi barədə ekspert qismində amerikanşünasları çağırırlar. Təsəvvür edin, Azərbaycan tarixi və Orta əsrlər tarixi müəllimi erməni məsələsi ətrafında çıxış edir. Halbuki, biz erməni televiziyaları və yazılı KİV-lərini gündəlik olaraq izləyirik. Biz kənarda qalmışıq, qeyri-ixtisaslı şəxslər televiziyalarda çıxış edir. Rektor Abel Məhərrəmov bir dəfə bizimlə görüşdə dedi ki, televiziyalara müraciət edəcəyəm, media qurumları sizinlə işləsinlər. Jurnalistlər öz işlərini asan qurmaq üçün 4-5 il bundan qabaq erməni məsələsi haqda danışan tarix müəlliminin telefonu onlarda qalıb deyə zəng edib məhz həmin şəxsləri verilişə dəvət edirlər. Erməni məsələsi haqda məlumatı olmayan ekspertlər çıxış edir.


- Laboratoriyada erməni tarixi, ideologiyası, keçmişini araşdırır, yoxsa əsasən tələbələrə erməni dili tədris edilir?

- Erməni dilinin inkişafı haqqında Prezident Aparatında məsələ qaldırıldı və ermənişünaslar dəvət edildi. Müxtəlif komitə və qurumların mətbuat xidmətləri və media nümayəndələri ilə kurslar təşkil edildi. Gənc kadrlar göndərildi, 1 il kurs keçdik. Hətta elə işçilər oldu ki, böyük layihələrdə iştirak etdilər. Erməni dilində dərsliklərə köməklik edirlər, erməni-rus lüğətinin Azərbaycan dilinə çevrilməsi işinin təşkilinə yardım edirlər. Kurs iştirakçıları ermənicə öyrənə bildilər. İstənilən erməni saytına daxil olub yazıları oxuyur, sadə işlək ermənicə sözləri danışırlar. Çox istərdik ki, bu, davamlı olsun. Bizim devizimiz var, düşmənlə əsl mübarizə aparmaq üçün onun dilində danışmalıyıq.


- Bəs Bakı Dövlət Universitetində neçə tələbə yetişdirmisiniz?

- Hazırda 20 nəfər Azərbaycan, 10 nəfər isə rus bölməsində erməni dilini öyrənir. Onların içərisində dil biliyini inkişaf elətdirmək istəyənlər var, bəziləri saytlarla əlaqə saxlayırlar, əməkdaşlıq edirlər.

- Gələcəkdə həmin tələbələrlə mərkəz də açmaq olar...

- Yüksək səviyyədə bilənlər azdır, amma üzərində işləsələr, tələbələrin qüvvəsindən istifadə etmək olar. Həm də mərkəzin fəaliyyəti ilə bağlı planı Təhsil Nazirliyi təsdiqləməlidir.


- Heç Sizə fərdi qaydada erməni dilini öyrənmək istəyənlər müraciət edib?

- Bəli, az sayda fərdi şəkildə olur. Ermənistanda 1 milyon 700 min əhali var, yalandan deyirlər 3 milyondur, onlarda 10-dan çox Azərbaycan, türk mərkəzləri var. Orada bizim dildə danışanlar daha çoxdur. Bizdə isə bu say dəhşətli dərəcədə azdır, erməni dilinə münasibət aşağı səviyyədədir. Ermənilər öz telekanallarında maraqlı verilişlər yoxdur deyə Qərb tərəfdən Türkiyə televiziyalarına baxırlar, Şərq tərəfdən də Azərbaycan televiziya kanallarını izləyirlər. Ona görə də onlarda balaca uşaqlar da Azərbaycan dilində bilir.


- Neçə monoqrafiya çap edilib? Dərsliklər hazırlamısınız?

- Dərslik hazırlamamışıq, amma müvafiq qurumlar üçün kitablar çap etmişik. İl ərzində 3-4 monoqrafiyalar təhvil veririk. Jurnallarda məqalələrim çıxır.

- Tədris prosesində hansı dərsliklərdən istifadə edirsiniz?

- Yerevandan göndərilən dərslikdən istifadə edirik.


- Göstərdiyiniz dərslik 2010-cu ilin nəşridir, onu hansı vasitə ilə əldə etmisiniz?

- Dostum var, Moskvada yaşayır, o, Yerevandan əldə edib və mənə göndərib.İlk öyrədəndə bundan istifadə edirik. Erməni dilini tədris edən Xalid Bayramovun özünün kitabları var, bəzən materialları kompüterdə yığıb kitab formasına salırıq və həmin vəsaitlərdən istifadə edirik. İngiliscə-ermənicə dərslikdən istifadə edirik. İngilis dilini bilən tələbələr üçün oradan öyrənmək daha rahat olur.


- Sosial şəbəkədə necə ermənilərin cavabını verirsiniz?

- Özümü tərifləmək kimi çıxmasın, erməni saytlarında onlara erməni dilində cavab verən yeganə şəxs mənəm. Deməli, “Yerevannyus” saytında belə bir xəbər yazıblar ki, MDB ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra çəkilən birgə fotoşəkildə Azərbaycan müdafiə naziri Zakir Həsənov qəsdən erməni həmkarı Seyran Ohanyandan ayrı durub. Bizim nazirə sataşıblar, yazıblar ki, hamı bir olub, Azərbaycanmüdafiə naziri özünü yuxarı aparır. Mən isə həmin məqaləyə erməni dilində şərh yazdım ki, bizim nazir üçrəngli bayrağımızın yaxşı görünməsi üçün Ohanyandanaralı durub. Ardınca da bir fotoşəkil yolladım, həmin fotoda SerjSarkisyan bizim prezidentdən aralı durub. Şərh də yazdım ki, bəs sizin liliput Sərkisyan niyə bizim prezidentdən aralı durub? Cavabım onlara təsir edib, dayanmadan yazırlar.


- Feysbuk profilinə hücum təşkil etmirlər?

- Hər həftə olur. Ona görə də tez-tez parolumu dəyişirəm.


- Yeri gəlmişkən, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi ArtsunOvanisyan da feysbukda aktivdir. Onun paylaşımlarına reaksiya verirsiniz?

- Ona da yazmışam, qorxusundan cavab verməyib.


- Azərbaycanlılar çox vaxt emosional şəkildəSərkisyanın müxtəlif karikaturalarını paylaşırlar. Sizcə, sosial şəbəkədə biz necə mübarizə aparmalıyıq?


- Hərdən mən də eləmişəm, ancaq düzgün deyil. Bəzən məcbur qalıb göndərirəm ki, bəlkə sakitləşələr. Ancaq karikaturaları paylaşıb müzakirə açmaq düzgün deyil. Hərdən hövsələdən çıxarırlar, təhqir edirəm ki, kişisinizsə, özünüzdən danışın, Qarabağı sizə birdəfəlik verməyimizi istəyisinizsə, o, heç vaxt olmayacaq. Onlarda Aşot Asatryan adlı erməni jurnalist var, mənim haqqımda ayrıca məqalə çap edib. Erməni jurnalistlərini ehtiyatlanır ki, erməni dilində hərbi sirlər haqqında çox yazmayın. Özü də qeyd edib ki, İsmayıl Tanrıverdi adında bir şəxs peyda olub, bizi izləyir və özünə məlumatlar toplayır. Jurnalistlərə çağırış edib, yazıb indiyədək bilirdik ki, ermənicə yazdığımızı oxuya bilən yoxdur, amma bundan sonra ehtiyatlı olun, açıq şeylər yazmayın, düşmən tərəf bizi izləyir.


- Yəni fərdi qaydada sosial şəbəkələr və erməni saytlarının şərh bölümlərində onlara cavablar yazırsınız...

- Müxalifət qəzetlərinə özümüz haqqında yazıram ki, filan yerdə düzgün yazmırsınız, həqiqət belədir, ancaq çap eləmirlər. Hesab edirəm ki, ermənilərə tutarlıcavab verməliyik. Onlarla uzun illər birgə işləmişəm deyə ermənilərin xislətini çox gözəl bilirəm, Bakıdakı ermənilərlə Ermənistandakı ermənilər tam fərqli insanlardır. Onları qarışdırmaq olmaz. Azlıqda yaşayanda pişik kimi yaltaqlanırlar, çoxluqda yaşayanda istənilən milləti əzmək istəyir, başqalarına yuxarıdan aşağı baxırlar. Ruslar tərəfindən 1828-ci ildə İranda Marağa kəndində yaşayan ermənilər gəlib Qarabağa köçürülmüşdü və yeni Marağa kəndi yaratmışdılar. 1978-ci ildə onlar ermənilərin o kəndə köçməsinin 150 illiyinitəntənəli şəkildə qeyd eləmişdilər.

O vaxt bizim televiziyalarda da o tədbiri göstərmişdilər. Abidə də qoymuşdular, üzərində də 1828-1978 ili yazılmışdı. 1988-ci ildə hadisələr başlayanda o abidəni dağıtdılar, indi də deyirlər ki, dədə-babalarımız Marağada çoxdan yaşayır. Həmin abidənin şəkli məndə var, paylaşmışdım ki, niyə yalandan deyirsiniz daimi orada yaşamışıq. Susdular, cavab verə bilmədilər. Erməniləri rusca susduranlar da var, Fuad Axundov tarixi videolar çəkir, Nazim Mustafa rusca onlara yaxşı cavablar verir.


- Deyəsən, o vaxtkı erməni dili ilə indiki erməni dili fərqlidir...

- Yaxşı məsələyə toxundunuz, ermənilərdə elə bir həftə, ay yoxdur ki, dilə yeni söz daxil edilməsin. Ermənilərin elmi şurası var, professorlar yığışıb bir neçə beynəlmiləl sözü dəyişirlər. Qərar qəbul edirlər, bu söz mətbuatda onların dəyişdiyi kimi yazılmazsa, həmin media qurumu, yaxud fiziki və ya hüquqi şəxs 200 dollar həcmində cərimələnir. Biz kompüterə elə kompüter deyirik, ermənilərsə, hamaqarkiç - ümumi sistemləyici deyirlər. 20 il bundan qabaq ermənicə bilən indi o sözləri eşitsə, heç nə başa düşməyəcək.


- Beynəlmiləl sözləri öz dillərinə uyğunlaşdırırlar?

- Bəli hamısını. Hətta prezident sözünü belə dəyişiblər.


- Məqsəd nədir?

- Təmiz erməni dili yaradırlar. Necə ki, bizdə tozsoran sözü deyirik, toz sovurduğu üçün o cür adlandırırıq, erməni dilçiləri də bütün sözləri dəyişirlər. Bir dəfəyə 10 söz dəyişiblər. Yadımdadır, orta məktəbdə oxuyanda bizdə dedilər ki, Səməd Vurğun, Mikayıl Müşfiq dilə yeni söz daxil edib: sayrışmaq və şütümək sözləri. Halbuki sayrışmaq sözləri türklərdə vardı, müəllimlər deyirdi, ulduzlar göydə sayrışır və maşın küçədə şütüyürdü. 1978-ci ildə belə eşitmişdim. Pivə sözünə ermənilər arpa suyu –qarecur, televizora- uzaq göstərən deyirlər. Erməni dostum Samvel vardı, hərdən nahara ya o bizə, ya mən onlara gedərdim. Bizim uşaqlar Samvel bizə gələndə onun üstünə gedirdi. Mən onlara gedəndə uşaqları qaçıb gizlənirdi. Soruşurdum ki, Samvel, niyə gizlənirlər, deyirdi nə bilim, atamla anam o qədər deyib ki, türk adam öldürür, sən türksən deyə səndən qaçırlar. Qılıqlayıb gətirirdim yanıma, telefonu göstərib deyirdim bu nədir, qayıdırdı ki, heraxos. Deyirdi sən türksən dil bilmirsən. Beyninə uşaq vaxtdan yeritmişdilər.


- Vaxtilə birgə çalışdığınız, münasibətiniz olan ermənilər içərisində indi ünsiyyət qurduğunuz kimsə var?

- Rusiyada olanlar tanış görəndə salam göndərirlər. 30 il bundan qabaq birgə çalışdığım ermənilər də üz döndərib qaçıblar, indi çoxu Rusiyada yaşayır.


- “Xalq diplomatiyası” məsələsi tez-tez gündəmə gəlir. Sizin buna münasibətiniz necədir?

- Xalq diplomatiyasının tərəfdarıyam. Deyirlər ilanın ağına da, qarasına da lənət. Ermənilərin özündə belə söhbət var, çörək kəsdin, həmin şəxslə düşmən deyilsən. 33 il onların içində yaşamışam, onları tanıyıram, hazırda Ermənistanda yaşayan ermənilərlə barışmaq mümkün deyil.

Ötən gün erməni Nara Əmirxanyan adlı bir qadın var, bizim əleyhimizə şərh yazırdı, deyir ki, təəssüf, bizim də içimizdə türk tərəfdarları var. Mən də yazdım ki, soyadınıza baxın, Əmirxan türk adıdır, sən türksən. Cavab yazıb ki, İsmayıl Tanrıverdi, mən təmiz erməniyəm, məndən çox erməni sevər insan yoxdur. Yazıb sən ermənilərin içində neyləyirsən? Elə bilir oradayam (gülür).

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər