25 May 2016 14:19
4 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elçibəylə Yeltsin arasında sərt danışıqlar oldu”

Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:

- Sülhəddin bəy, bu gün Rusiya ordusunun Azərbaycandan çıxarılmasının növbəti ildönümüdür. Keçmiş SSRİ zamanında Azərbaycanda yerləşdirilən, tərkibində 4 motoatıcı, bir hava-desant diviziyası və 5 hərbi aerodromu olan 4-cü ordu 1993-cü il mayın 25-də ölkədən çıxarıldı. Bunu ideyası necə yarandı?
- Hələ AXC hakimiyyətə gəlməmişdən öncə bu məsələ təşkilatda müzakirə edilirdi. Çünki Rusiya əsgəri harada idisə, həmin ərazi Rusiyanın hesab olunurdu. Biz Azərbaycanın müstəqilliyini istəyirdiksə, ilk növbədə başqa ölkənin silahlı qüvvələri ölkədən çıxarılmalı idi. Nəzərə alsaq ki, həmin dövrdə SSRİ yenicə dağılmışdı, Rusiya Azərbaycanda bütün siyasi proseslərə müdaxilə edir, eyni zamanda torpaqlarımız Ermənistana verilən dəstək hesabına işğal olunurdu. Bu baxımdan hər kəs anlayırdı ki, Rusiya silahlı qüvvələri Azərbaycandan çıxarılmadığı təqdirdə nə təxribatları aradan qaldırmaq mümkün olacaq, nə də torpaqları işğaldan azad etmək. Odur ki, AXC hakimiyyətə gəldikdən sonra ilk işimiz Azərbaycan silahlı qüvvələrini formalaşdırmaq, ölkə ərazisində olan digər dövlətin silahlı qüvvələrini çıxarmaq oldu.

- Siz konkret olaraq bu prosesdə hansı formada iştirak edirdiniz?
- Həmin dövrdə mən birbaşa Qəbələ RLS-in, onun personalının Azərbaycan ərazisindən çıxarılması işi ilə məşğul olmuşam. Bizim bu istiqamətdə effektiv fəaliyyətimiz var idi. Həmin dövrdə ruslar RLS-in Azərbaycan ərazisindən çıxarılması ilə razılaşmışdı və bu prosesə start verilmişdi. Hətta zabit-texniki heyətin böyük hissəsi ailələri ilə birlikdə Azərbaycanı tərk etmişdi.

- Sonra nə oldu?
- Azərbaycan siyasi rəhbərliyi həmin dövrdə bilirdi ki, Rusiya tərəfi bunun qisasını alacaq. Amma istənilən halda Azərbaycanın müstəqilliyi və suverenliyi üçün bu vazkeçilməz məsələ idi. Biz öz hakimiyyətimiz bahasına olsa da, bu gün fəxrlə deyə bilərik ki, Şərqi Avropada rus ordusu qaldığı halda biz Azərbaycanda bu ordunun çıxarılmasına nail olduq. Bu gün də onların ən böyük arzusu məmləkətimizdə əsgərinin olmasıdır.

- Həmin dövrdə nə qədər əsgər və zabit Azərbaycanı tərk etdi?
- Bunu həmin zaman orduda çalışan mütəxəssislər daha dəqiq bilər. Mən birbaşa RLS-lə məşğul idim və orada da çox az sayda zabit heyəti qalmışdı. Təsəvvür edin ki, hətta RLS-də texniki işləri görmək üçün qalan zabitlərin ailə üzvlərini də cəlb etmişdilər. Yerli əhali də orada çalışırdı. Bir sözlə, təhvil-təslim prosesinə hazırlıq gedirdi. Hətta bizim apardığımız operativ iş nəticəsində agentura şəbəkəsinin böyük bir hissəsini ələ keçirə bilmişdik. RLS-in operativ əməliyyat xidməti var idi. Onlar Qəbələ və qonşu rayonlarda geniş iş aparmışdılar. Yəni yerli əhalini, xüsusilə etnik qrupdan olan vətəndaşları məxfi əməkdaşlığa cəlb etmişdilər.

- Həmin dövrdə rus ordusunun ölkədən çıxarılmasına dair danışıqlar kimlər tərəfindən aparılırdı?
- Danışıqlar həm Azərbaycanda yerləşən Rusiyanın diplomatik korpusu, həm ordu rəhbərliyi, həm də Azərbaycanın Moskvadakı səfirliyinin vasitəsilə aparılırdı. Həmin dövrdə Moskvadakı səfirimiz Hikmət Hacızadə idi.

- Yəni belə ciddi proses prezidentlər səviyyəsində aparılmırdı?
- Prezidentlər arasında müzakirə edilmişdi. Əbülfəz Elçibəylə Boris Yeltsin arasında bu barədə sərt danışıqlar olmuşdu.

- Qeyri-rəsmi xəbərlərə görə, həmin zaman prezident Yeltsin ordunun Azərbaycandan çıxarılmasına etiraz edib. Bu, doğrudurmu?
- Bəli, belə bir hal olmuşdu. Təbii ki, qarşı tərəfin yüz illər boyu apardığı siyasətə son vermək asan deyildi. Ancaq qəti mövqeyimizdən sonra onlar geri çəkilməli oldular. Prezidentlər arasında danışıqlar təkbətək olmuşdu, Əbülfəz Elçibəy çox sərt mövqe ortaya qoymuşdu, təhdidvari çıxış da etmişdi.

- Ancaq bu proses zamanı iki ölkə arasında münasibətlər pozulmuş, hətta Azərbaycan qarşı tərəfin hərbi gəmisini Xəzərdə saxlamışdı....
- Bəli, belə bir hal da baş vermişdi. Xəzərin Azərbaycan akvatoriyasına nəzarət etməyə çalışırdıq. Nəzərə alın ki, biz qonşumuz olan dövlətlə tam beynəlxalq hüquq normalarına uyğun davranmağa başlamışdıq. Düzdür, bu, bizə çox baha başa gəldi. Ancaq biz göstərdik ki, müstəqil dövlətik, hər kəslə bərabər hüquqlu şəkildə münasibət qurula bilər. Beləcə, hər bir vətəndaşımıza müstəqillik və azadlığın nə olduğunu göstərdik.

- Həmin dövrdə həm də Xəzərin Azərbaycan hissəsində də hərbi gəmilər, SSRİ-dən qalma texnika mövcud idi. Bu texnikanın taleyi necə oldu?
- Ordunu Azərbaycandan çıxaran zaman həm də onun silah-sursat və texnikasının müəyyən hissəsini təhvil almışdıq. Gəmilərin də böyük hissəsini Azərbaycan təhvil aldı. O ayrı məsələdir ki, qarşı tərəf texnika və silah-sursatı təhvil verəndə çalışırdı ki, müxtəlif təxribatlara getsin, daha çox nasaz texnikanı bizə versinlər.

- Ancaq həmin dövrdə konkret Azərbaycandan hansı sayda əsgər-zabit heyətinin çıxarıldığını demək istəmirsiniz...
- Bunu hərbçilər deyə bilər. Mən yanlış rəqəm demək istəməzdim.

- Rəhim Qazıyevin bu proseslərdə rolu var idimi?
- Həmin dövrdə artıq Qazıyev müdafiə naziri deyildi və fevral ayından azad olunmuşdu. Rəhim Qazıyevdən sonra müdafiə naziri Dadaş Rzayev oldu. Ancaq Rəhim Qazıyevin dövründə də müəyyən qədər texnikanın təhvil alınması prosesi olub. Lakin konkret olaraq son hərbi hissələrin çıxarılması Dadaş Rzayevin nazir olduğu dövrə təsadüf edib.

- Sizcə, bütün bu addımları atmaq nə dərəcə doğru addım idi?
- Fikrimcə, Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının bərpasından sonra milli qüvvələrin hakimiyyətə gəlməsi və rus ordusunun ölkəmizdən çıxarılması mühüm hadisə idi. Bu həm də bizim komandanın siyasi-hərbi qərarı idi.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər