26 May 2016 17:55
2 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavın Teleqraf.com-a müsahibəsi:

- Cənab səfir, 9 aydır İsrailin Azərbaycandakı səfiri kimi fəaliyyət göstərirsiniz, ölkəmiz və azərbaycanlılar haqqında ilkin müşahidələriniz necədir?
- Azərbaycan gözəl yerdir, ölkənizlə İsrail arasında oxşar cəhətlər çoxdur. Hər iki ölkə bir-birinə sanki körpü ilə bağlıdır. Əvvəlki dövrlərdə İsrail xalqı Misir və Babil müstəmləkəsi altında idi, eləcə də tarixə nəzər salsaq, Azərbaycan da başqa dövlətlərin əsarətində olub. Bu baxımdan İsraillə Azərbaycanın tarixi cəhətdən oxşarlığı var. Ölkələrimizin qədim tarixə malik olması da oxşarlıqlarımız sırasındadır. Həm İsrail, həm də Azərbaycan çətinliklər, terrorizm, ekstremizmlə üzləşir. Azərbaycan çox tolerant ölkədir, müxtəlif dinləri bir araya gətirir, həmçinin terrorizmə qarşı mübarizə aparır. Müsəlman ölkələri içərisində şiə və sünnilərin mübarizəsi mövcuddur, ancaq Azərbaycan müsəlman dövlətləri arasında seçilir. Ölkəniz dini qarşıdurmadan uzaq durur, nəinki şiələrin və sünnilərin, eləcə də yəhudi və xristianların harmoniyası üçün gözəl məkandır. Azərbaycan həmçinin başqa ölkələrdən gəlmiş insanların sığınacaq yeridir. Azərbaycan Konstitusiyasında da göstərilir ki, din dövlətdən ayrıdır. Ölkənizdə digər dövlətlərdə olduğu kimi söz, din azadlığı mövcuddur. Digər ölkələrdə bəzən cəmiyyət din azadlığını rəsmi səviyyədə olduğu üçün məcburi şəkildə qəbul edir, lakin Azərbaycan cəmiyyəti başqa dinləri, milli azlıqları qəbul edir, digər millətlərə qarşı açıqdır. 9 ay müddətində Azərbaycan haqqında yaranan təəssüratlarım bundan ibarətdir.

- Yeri gəlmişkən, bu il Azərbaycanda multikulturalizm ili elan edilib. Azərbaycanda əsrlərdir yaşayan yəhudilərə münasibət Sizi qane edirmi? Ölkəmizdə yaşayan yəhudi mənşəli vətəndaşlarımızın həyat şəraitindən razısınızmı?
- Başqa ölkələrdən fərqli olaraq Azərbaycanın İsraillə bağı insanların körpü rolunu oynamasıdır. Yəhudilər Azərbaycanda çox rahat yaşayır. Burada 3 – aşkinazi, gürcü və dağ yəhudiləri icmaları mövcuddur. Aşkinazi yəhudilərinin özlərinə məxsus xüsusi geyimləri var. Onlar həmin geyimlə küçədə rahat şəkildə gəzirlər, kimsə onlara irad bildirmir. Avropa ölkələrində bu cür gəzmək təhlükəlidir, kimsə hər an hücum edə bilər. Azərbaycanda xanımımla birgə mağazaların birində alış-verişdə olanda başqa bir qadın danışığımızı eşidib bizə yaxınlaşdı. Soruşdu ki, siz ivrit dilində danışırsınız, yəhudisiniz? Boynundakı Davidin ulduzunu göstərib dedi ki, mən də yəhudiyəm. Özü də açıq və aydın şəkildə, qürur hissi ilə söylədi. Hətta Avropa ölkələrində yəhudilər açıq şəkildə yəhudi olduqlarını deməkdən çəkinirlər. Uzun illərdir yəhudilər Azərbaycanda yaşayır, ölkənizdə sıfır səviyyədə antisemitizm var. Mən yəhudi icmalarının rəhbərləri ilə danışanda hiss edirəm ki, onlar Azərbaycanpərəstdirlər. Azərbaycanı hərtərəfli şəkildə dəstəkləyirlər, bu ölkənin vətəndaşlığı hissləri onlarda çox güclüdür. Azərbaycandan İsrailə köçüb gedən israillilər burada pis yaşadıqlarına görə getməyiblər, sadəcə olaraq yəhudi qardaş-bacıları ilə birgə yaşamaq üçün qayıdıblar. İsrailə qayıdanların qəlbində Azərbaycana olan böyük sevgi var, hər zaman bu sevgini göstərir, Azərbaycanı dəstəkləyirlər.

- Azərbaycanla İsrail arasındakı ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Ölkələrimiz arasındakı iqtisadi münasibətlərin səviyyəsi barədə nə deyə bilərsiniz?
- İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1991-ci il dekabrın 25-də İsrail Azərbaycanın suverenliyini təsdiq edib. O dövrdən bəri Azərbaycanla İsrail arasında çox mükəmməl əlaqələr mövcuddur. Heydər Əliyevin dövründə bu əlaqələr qurulub, Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevlə ölkələrimiz arasında münasibətlər yüksək səviyyədə davam edir. Hər iki dövlətin çox gözəl siyasi və iqtisadi əlaqələri mövcuddur. İsraillə Azərbaycan müharibə şəraitində yaşasa da, hər iki dövlət münaqişələrin sülh yolu ilə həllinə çalışır. Dövlətlərimiz sülh şəraitində yaşamaq arzusundadır. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. İsrail Misir və İordaniya ilə sülh sazişini imzalayıb, nəticədə əlaqələr yüksək səviyyəyə çatıb, bununla da minlərlə insan barış mühitində yaşamağa başlayıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrə gəlincə, biz dövlətlər arasında investisiyaların yatırılması ilə bağlı bir neçə saziş imzalamışıq. Dövlətlərarası birgə iqtisadi komissiyaların yaradılmasına çalışırıq, hazırda bu istiqamətdə iş gedir. Hesab edirəm ki, neftin qiymətinin düşməsi fonunda İsrail şirkətləri Azərbaycanı iqtisadi çətinliklərdən çıxara bilər. Azərbaycan hökuməti elə mühit yaradıb ki, özəl şirkətlər də özlərini inkişaf etdirə bilsin. Hökumətiniz iqtisadiyyatın dirçəlməsi üçün hər şeyin asanlaşmasına çalışır. ASAN xidmət kimi yeni xidmət sahələri yaradılır ki, bu da biznes əlaqələrinin yaradılmasına gətirib çıxarır. İsrailin bir neçə şirkəti var ki, artıq Azərbaycanda öz işini qurub. Daha çox kənd təsərrüfatı sahəsində işlər görülür. Bundan başqa kommunikasiya, informasiya texnologiyaları, dərmanların istehsalı sahəsində də əlaqələr qurulur.

- 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrdən sonra İsrailin Azərbaycana silah satması məsələsi gündəmə gəldi. Ermənistan tərəfi, eləcə də İsrailin sol təmayüllü Meretz partiyasının sədri xanım Zehava Galon belə tələblə çıxış etdi ki, İsrail Azərbaycana silah satmasın. Bu cür iddialara münasibətiniz necədir?
- Hərbi əməkdaşlıq sahəsi barədə heç bir şərh vermirəm. Təkcə İsraillə Azərbaycan arasındakı əlaqələr barədə deyil, istənilən dövlətin ölkəmizlə hərbi əməkdaşlığı istiqamətində heç bir fikir bildirmirik. Xanım Zehava Galonun fikirlərinə gəlincə, İsraildə söz azadlığı var, demokratik dövlətdir, hər kəs öz fikrini deyə bilər. Mən onun fikirlərini bölüşmürəm, İsrail dövlətinin tərəfdarı rolunda çıxış edirəm. Bir şeyi xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycanla İsrail arasındakı əlaqələr çox dərindir və fərqli sahələri əhatə edir. Azərbaycanın İsrail parlamentindəki yeri barədə isə deyə bilərəm ki, Knessetdə Azərbaycanın çoxlu sayda güclü dostları var.

- İşğala məruz qalan dövlət olan Azərbaycanın ərazi bütövlüyünün, yurisdiksiyasının bərpası üçün İsrail dövləti Azərbaycana indiyə qədər hansı yardımı edib və etmək fikrindədir?
- Düşünürəm ki, İsrail beynəlxalq arenada böyük söz sahibi deyil, münaqişələrin həllində böyük rol oynamır. BMT-nin 1993-cü ildən bəri qüvvədə olan Qarabağla bağlı 4 qətnaməsi var. İsrail Azərbaycanın suverenliyini tanıyır, öz təcrübəmizə əsasən qeyd etmək istərdim ki, biz münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Çoxsaylı əsgər itirmiş, müharibələr görmüş ölkə kimi inanırıq ki, Azərbaycan və Ermənistan cəmiyyəti barışıq şəraitində daha sakit və rahat yaşaya bilər.

- İsraillə ölkəmiz arasındakı əlaqələr hər zaman yüksək dəyərləndirilir. Azərbaycanın İsraildə səfirliyinin olmaması məsələsi cəmiyyətdə tez-tez sual edilir, aktual məsələ kimi qoyulur. Sizcə, səfirliyin açılmasına mane olan nədir?
- İsrail tərəfi çox şad olar ki, Azərbaycan öz səfirliyini ölkəmizdə açsın. Əlbəttə ki, qucağımızı açıb Azərbaycanı qarşılayacağıq. İsrail siyasi elitası və cəmiyyət Azərbaycan səfirinə qarşı açıq olacaq. Səfirliyin açılması İsrailin verəcəyi qərar deyil.

- Cənab səfir İsrail-Fələstin münasibətlərinin nə zaman yekun həllini tapacağını düşünür? Beynəlxalq hüquq bu problemin həlli üçün yetərsizdirmi?
- İsrail Fələstinlə konfliktin sülh yolu ilə həllinə tərəfdardır, sülh sazişini imzalamağa həmişə hazırdır. İsrail Baş naziri Benyamin Netanyahu açıq şəkildə bəyan edib ki, biz bu münaqişənin sülhlə bitməsinin, İsrail və Fələstin dövlətlərinin mövcudluğunun tərəfdarıyıq. İsrail ordusu güclüdür, bu ordu müharibə üçün yox, özünü müdafiə üçün lazımdır. Hesab edirik ki, yəhudi xalqı öz dövlətində, Fələstin xalqı isə öz dövlətində sakit və firavan yaşamalıdır. Biz bu fikrin tərəfdarıyıq. Lakin Fələstin xalqı hər iki dövlətin mövcudluğunu tanımaq istəmir. Beynəlxalq ictimaiyyət bu konfliktin həllində köməklik göstərə, iki dövləti bir araya gətirib danışıqlar masasına dəvət edə bilər. Müharibənin sülhlə bitməsi tərəflərin iradəsindən və qərarından asılıdır. Əsas odur ki, hər iki dövlətin istəyi olsun, masa ətrafında oturanda aydın danışıq olmalı, hər iki tərəfin istəkləri nəzərə alınmalıdır. Tərəflər istəməlidir ki, sülh də yaransın. Fələstinin bir hissəsi olan Qəzza bölgəsi terrorçular tərəfindən idarə olunur ki, bu da çoxlu çətinliklər yaradır. Müharibə və güc tətbiqi sülhə gətirib çıxarmır. Həll danışıq yolu ilə mümkündür, biz müharibə ilə özümüzü qoruya bilərik, sülh şəraitində yaşamaq üçün isə sülh sazişi imzalanmalıdır. Danışıqlar prosesində irəli getmək, nəticə yönümlü danışıqlar aparmaq, problemi həll etmək üçün tərəflər arasında həqiqi istək yoxdursa, beynəlxalq ictimaiyyət tərəflər üçün heç nə edə bilməz.

- İsrail-Türkiyə münasibətlərində yaxınlaşma hiss olunur, demək olarmı ki, artıq Mavi Mərmərə krizi arxada qalıb?
- İsraillə Türkiyə arasında fərqli sferalarda çox gözəl əlaqələr mövcuddur. Qeyd etdiyiniz məsələ ilə bağlı hazırda ikitərəfli müzakirələr gedir, nəticə isə mediaya açıqlanacaq.

- Cənab səfir, mədəni istirahətinizi necə təşkil edirsiniz? Mətbəximizdən hansı təamlar xoşunuza gəlir, mədəniyyət, ədəbiyyat sahəsində kimləri tanıyırsınız və bəyənirsiniz?
- Gəzməyi çox xoşlayıram, bulvar ikinci evimdir, orada çox gəzirəm. Üzməyi çox xoşlayıram. Bulvarda günəşin çıxmasını, batmasını izləməyi sevirəm. Lülə və kartof kababının dadı möhtəşəmdir, göy qutabını çox yeyirəm. Azərbaycan muğamlarını, çalğı alətlərini dinləyirəm. Muğam ifaçılarından Alim Qasımovun adını xatırlayıram. Heydər Əliyev Fondu tərəfindən Məhsəti Gəncəvinin yubileyi ilə bağlı disk işıq üzü görmüşdü, oradakı Azərbaycan musiqiçilərinin ifasını dinləmişəm. Polşa səfirliyi ilə birgə tədbir keçirirdik, həmkarıma dedim ki, həmişə çıxışlar, söhbətlər olur, bu dəfə musiqili gecə keçirək, ifaçılar dəvət edək. Milli Konservatoriyada təhsil alan gənclər dəvət edilmişdi, səsləri adamın könlünü oxşayırdı, Nigar adlı xanımın səsi əsrarəngiz idi. Balaban, tar, ud alətlərini dinləməyi sevirəm.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər