Teleqraf.com VHP sədri, DAK həmsədri Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir:
- Sabir bəy, Bakıda keçirilən Dünya Azərbaycanlılarının qurultayı başa çatdı. Bu qurultay, orada müzakirə edilən məsələlər haqqında düşüncələriniz necədir?
- Əgər mən diaspor işi ilə məşğul olmasam, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri olmasam, bu qurultayın işi ilə bağlı çoxlu sözlər, bir sıra çatışmazlıq və qüsurlar haqda danışardım. Lakin özüm bu işlərin içində olduğum, diaspor işinin, bu adamların bir araya gətirilməsinin çətinliyini bildiyim üçün təmkinli yanaşmağı vacib sayıram. Mən bilirəm ki, dünyanın bütün qitələrində yaşayan azərbaycanlıların tapılması, Bakıya gəlişinin təşkil edilməsi, üzə çıxarılması nə dərəcədə çətindir. Bu mənada qurultay diaspora tariximizdə mühüm hadisələrdən biridir. Prezidentin qurultayla bağlı mühüm nöqtələrə toxunması, yaxşı və pis tərəflər üzərində dayanması, gələn qonaqlarla sıx ünsiyyət qurması, onlara Azərbaycan dövlətinin orden və medallarını verməsi müsbət hadisədir. Belə qurultaylar həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə tanış olmasına şərait yaradır. Bizim diasporumuzun təşkilatlanmasının o qədər də böyük tarixi yoxdur. Bu işə daha çox müstəqillik əldə etdikdən sonra başlanılıb. Bəzi yerlərdə təşkilatların adı və üzvləri var, lakin ciddi şəkildə iş rejimi yarada bilməyiblər. Bunlar nəzərə alınanda qurultaya bu sayda adamın gəlməsi, plenar iclaslarda ciddi müzakirələrin aparılması məni təmin etdi.
- Sizcə, dəvət edilməsi lazım olan, lakin unudulan diaspor üzvləri oldumu?
- Mən qurultayda 25 il “Ana Dili” qəzetini buraxan Nurəddin bəyi, DAK həmsədri, dostum Firudin bəyi, Almaniyada 26 il əvvəl ilk dərnək yaratdığımız Orxan Arazı, Abbas bəyi görmədim. Xüsusilə, Orxan Araz Almaniyada yazıçı kimi tanınır. Məncə, bu cür adamlar da qurultayda iştirak etsəydi, yaxşı olardı. Eləcə də Bakıda otura-otura özünü diaspora hesab edən, quyruq bulaya-bulaya təşkilatlarda gəzən adamları gördüm. Ümid edirəm ki, gələcək qurultaylar zamanı təşkilatçılar bu amil nəzərə alacaq.
- Sizcə, bu qurultay xaricdə yaşayan azərbaycanlıların sadəcə Vətənə gəlməsi, Bakını görməsi kimi qiymətləndirilə bilər, yoxsa diasporlarda daha ciddi təşkilatlanma baxımından əlavə stimul yaradacaq?
- Diaspora təşkilatları qeyri hökumət təşkilatlarıdır. Onların Azərbaycan dövləti ilə münasibətləri bu qurumların qarşısında dövlət siyasətini aparmaq öhdəliyi qoymur. Bizim dünyada yaşayan 50 milyon azərbaycanlının bir dövləti var. Bu dövlətin paytaxtı da Bakıdır. Onların öz millətlərinə məxsus olan bu dövlətə gəlmələri, bu ölkənin inkişaf etməsini görmələri, dövlət başçısının isti münasibətini hiss etmələri onlara qol-qanad verəcək. Bu baxımdan qurultayın keçirilməsi təşkilatlanmaya da təsir göstərəcək.
- Həmsədri olduğunuz DAK-a alternativ qurum yaratmışdılar. Sizə alternativ olan qurumun təmsilçiləri qurultaya gəlmişdilərmi və onlarla fikir mübadiləsi apardınızmı?
- Mən onlarla vaxtında fikir mübadiləsi aparmış, telefon vasitəsilə də danışmışdım. Bu, oyun-oyuncaq məsələ deyil. Bu qurultayda yaranan Əlaqələndirmə Şurası var. Bu şuraya ölkə başçısı rəhbərlik edir. DAK-ı bu Əlaqələndirmə Şurasında Sabir Rüstəmxanlı təmsil edir. Bu həm rəsmi münasibətdir, həm illər uzunu görülən işlərin nəticəsidir. Həm də DAK-ın mövcudluğu və fəaliyyətinin etirafıdır. Bundan sonra gedib ikinci-üçüncü alternativ təşkilat yaradırsa, bu, artıq qeyri-ciddi söhbətdir, milli işə, dövlətə və millətə sayğısızlıqdır. Biz neçə illərdir ki, bu işi görürük. Ya gəl bizə qoşul, ya da fəaliyyət göstərmək istəyirsənsə, ayrı ad altında birləşin. Biz DAK-ın qurultayını keçirmişik, dünya görüb ki, bu, nə təşkilatdır, onun sırasında kimlər təmsil olunur. Yoxsa, gedib 22 nəfərlə qurultay keçir və elan et ki, DAK-am. Bu, qeyri-ciddi məsələdir. Onlar təbii ki, gəlmişdilər, uzaqdan gördüm. Amma nə səsləri çıxdı, nə də çıxışları oldu. Hər halda ora gələn 500 nəfərin hamısı məni tanıyır. Hamısı ilə əlaqəm, ünsiyyətim var və Bakıda da əksəriyyəti ilə görüşdük. Kənarda qalan bir adam olmadı, DAK adına iddialı şəxslərdən başqa. Görüşdüyüm şəxslərin hamısı məni DAK-ın həmsədri olaraq tanıyır və qəbul edir. Həm də qeyd edirlər ki, DAK olmasa belə, sizin təkbaşına gördüyünüz iş bir təşkilatın gördüyü iş qədərdir. Çünki mən onların çoxu ilə onların yaşadığı ölkə və şəhərlərdə görüşmüşəm, müzakirələrimiz olub. Biz daima onların birləşməsinə, bir yerdə olmasına çalışmışıq, heç vaxt onları parçalamaq və DAK-a gətirmək niyyətində olmamışıq. Odur ki, bizə bölücü deyil, birləşdirici qurum olaraq baxıblar.
- Erməni diaspora qurumlarının maliyyə imkanları genişdir, mətbuat və televiziya kanallarına sahibdirlər, yaşadıqları dövlətlərdə siyasi elitaya təsir imkanlarına malikdir və üstəlik Ermənistana dəstək verə bilirlər. Bu baxımdan Azərbaycan diasporunun durumu nədən ibarətdir?
- Azərbaycan diasporu da inkişaf edərək bu mərhələyə çatacaq. Bizim diaspora zamanında repressiyalardan qorunmaq məqsədilə ölkədən gedib. Bu, 1918-1920-ci illərdə müşahidə edilib. Onların çoxu öz işlərini gördülər, Avropa və Türkiyədə qəzetlər, jurnallar çap etdilər. Bu dalğa çox güclü idi. İkinci dalğa cəsarətsiz dalğa idi- böyük hissəsi müharibədə əsir düşənlər olub. Onların çoxu Azərbaycanda qohumlarının olmasını danırdılar. Çünki qohumlarına ziyan dəyəcəklərindən çəkinirdilər. Lakin 1970-ci illərdə Vətən Cəmiyyəti yarananda onların bəziləri üzə çıxdılar. Onların gördüyü iş gizlin və məhdud oldu. 1970-1980-cı illərdə xaricə tək-tük gedənlər oldu. Sonra Qarabağ müharibəsi baş verdi, Ermənistanda və Qarabağda yaşayan insanların da bəziləri xaricə getdi. Azərbaycanın müstəqillik illərində də bir qisim insan xaricə getdi. Yəni bizim xaricdəki soydaşlarımızın tərkibi çox mürəkkəbdir. Üstəlik diasporanın maliyyə imkanları geniş deyil. Daha imkanlı bir təbəqə var. Onlar zamanında Güney Azərbaycandan gedən soydaşlarımızdır. Onların arasında çox zəngin olan insanlar da var. Bir araya gələ, bəzi işlər görə, diaspora işləri həyata keçirə bilərlər. Birinci nəsil diaspora çox ağır şərtlər altında işləyib. İkinci və üçüncü nəsil nisbətən normal şəraitdə olub və onlar öz işini qura bilərlər. Zatən dərnəklərin çoxu öz imkanları ilə yaşayır. Azərbaycan dövləti qurultaya gəlmək, burada qalmaq, qidalanmaq kimi xərcləri öz üzərinə götürür. Amma xaricdə olan dərnəklər yardım almır, alanlar da çox azdır. Onlara ümumi milli strateji baxımdan dəstək vermək lazımdır.
Bu, daha çox məktəblərin açılması, dərsliklər, milli paltarların alınması, araşdırma mərkəzlərinin yaradılması və s. ola bilər. Bu istiqamətə Azərbaycan dövləti maliyyə ayıra bilər. İsveç kimi bəzi dövlətlər də QHT-lərə dəstək verir. Bəzən görürsən ki, maliyyə maraqları baxımından təşkilatlar 4-5 yerə parçalanır. Ola bilsin ki, bu da həmin ölkələrin düşünülmüş siyasətidir. Məncə, gələcəkdə meyl belə olacaq ki, Azərbaycandan maddi dəstək istəyənlərin sayı azalacaq, bu işə öz könlü ilə dəstək göstərmək istəyənlərin sayı çoxalacaq. Məsələn, qurultayda belə fikir səsləndi ki, gələcək qurultaylara hər kəs öz hesabına gəlsin, dövlət bu işə maliyyə ayırmasın. O zaman əsl diasporanın, bu işə kimin ürəklə qoşulması məsələsi daha aydın görünəcək.
NEMƏT