Teleqraf.com Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, professor Ağacan Əbiyevlə müsahibəni təqdim edir:
- Ağacan müəllim, Sizin Məhəmməd Əli barədə səsləndirdiyiniz bəzi fikirlər ciddi narazılığa səbəb olub, sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. Bu barədə məlumatınız varmı?
- Kim nə yazıb özü bilər. Onlara cavab verməyəcəm. Məhəmməd Əlinin dahi idmançı olduğunu təsdiq edirəm. Onun XX əsrdə dünya səviyyəsində ən güclü boksçu olduğunu bildirirəm. Əlinin əldə etdiyi qalibiyyətlərə, medallara hörmətlə yanaşıram. Sözsüz ki, Məhəmməd Əli idman tarixində ən dahi idmançılardan biridir. Bunu danmaq eyib olardı.
- Sizinlə Məhəmməd Əli arasında münasibət olubmu?
- Bəli. Mən Məhəmməd Əlinin 55 illiyi ilə bağlı doğulduğu şəhərdə keçirilən beynəlxalq turnirdə iştirak etmişəm. Orada şəxsən Əli ilə görüşdüm, ona Azərbaycan xalçası bağışladım. Mənim ona münasibətim çox yüksəkdir.
- Konkret olaraq sizin “Məhəmməd Əli olimpiya hərəkatı üçün heç nə etməyib” fikriniz qıcığa səbəb olub...
- Məhəmməd Əli peşəkar boksçu olub. Peşəkar boksçu isə olimpiya hərəkatına girə bilməz. Lakin Əli peşəkar boksa gəlməzdən əvvəl olimpiya çempionu olub. Əli dahi boksçudur və bunu kimsə təkzib edə bilməz. Ancaq Əli olimpiya hərəkatı və digər rəsmi qurumlarda işləməyib. Bilmirəm ki, hansı jurnalist barəmdə nə yazıb. Nə yazması da məndə qıcıq yarada bilməz.
- Azərbaycan Boks Federasiyası Məhəmməd Əlinin yas mərasiminə qatılacaqmı?
- Yox. Məndə bu barədə dəqiq məlumat yoxdur.
- “Dünyada minlərlə insan məhz Məhəmməd Əli faktoruna görə boksa gəlir” kimi fikirlərə münasibətiniz necədir?
- Ola bilər. Nəzərə alın ki, yaxşı nümunələrdən motivasiya götürülür. Dünyada Məhəmməd Əli kimi boksçu olmaq istəyən gənclər çox olub. Elə bizim ölkəmizdə də kifayət qədər çoxdur. Odur ki, bu yanaşma normaldır. Hər kəs istəyərdi ki, Məhəmməd Əli kimi boksçu olsun. Ancaq bilməliyik ki, başqa boksçular da var. Məsələn, dünya boks tarixində 3 qat olimpiya çempionu olan macarıstanlı Laslo Papp var. Bu şəxs 1948, 1952 və 1956-cı illərdə olimpiya çempionu olub. Bir çox idmançılar da məhz ona oxşamaq, üçqat olimpiya çempionu olmaq arzusunda olublar.
- Ancaq ilk baxışdan adama elə gəlirdi ki, siz az qala özünüzü Məhəmməd Əli ilə müqayisə edirsiniz və sosial şəbəkələrdə aparılan müzakirələr zamanı da əslində bu məqam vurğulanır...
- Sosial şəbəkədə və yazılarda soyadımı Abıyev kimi təqdim ediblər. Adam gərək ağsaqqala hörmətlə yanaşsın. Mənim gələn il 80 yaşım tamam olacaq. Bəlkə də, barəmdə belə yazan jurnalistlərin çoxunun babasından da yaşlıyam. Ağsaqqala hörmətlə yanaşmaq məsələsi olmalıdır. Əlbəttə, belə şeylərə fikir vermirəm. Jurnalistdir, yazıb. Ancaq bu işləri bilən insanlar var və onlar Ağacan Əbiyevə qiymət verəcəklər. Yazıblar ki, Ağacan Əbiyev ortabab idmançıdır. Mən gərək dəli olam ki, özümü Məhəmməd Əli ilə müqayisə edəm. Ancaq sizə maraqlı faktı deyim. Ortabab idmançı dedikləri 6 dəfə Azərbaycan çempionu olub, SSRİ-də iki finala çıxıb. 1957-ci ildə Zaqafqaziya spartakiadasında SSRİ-də ikinci olan Qrant Sarkisyanı nakaut etmişəm. Bu yarışda birinci oldum və SSRİ idman ustası statusu aldım. Bu zaman 20 yaşım vardı. Mən fəhlə Qulam kişinin oğluyam. 1964-cü ildə mənə SSRİ-nin fəxri idman ustası statusunu veriblər.
Mən 10 ildən çox məşqçi işləmiş, idman ustaları hazırlamış və Azərbaycan boksuna xidmət etmişəm. İkincisi, mən hakiməm. 25 il dünyanın müxtəlif ölkələrində- SSRİ, ABŞ və Avropada hakimlik etmişəm. SSRİ ölkələrində yeganə hakim Ağacan Əbiyevdir ki, Olimpiya Oyunlarının baş hakimi olub. Əlbəttə, özümü Məhəmməd Əli ilə müqayisə etmək fikrindən çox uzağam, amma mənim etdiklərimi o edə bilməzdi. 2004-cü ildə Olimpiya Oyunlarında boks üzrə baş hakim mən idim. Hakimlikdə elektron hesablayıcı maşını mən ixtira etmişəm, 1981-ci ildə buna görə beynəlxalq patent almışam. İdman İnstitutunu bitirdikdən sonra baş məşqçi olmuşam. 1961-ci ildən 1966-cı ilə qədər Politexnik İnstitutunda oxumuşam. Burada heç vaxt qiymətim 4 belə olmayıb. 3 il Lenin təqaüdü almışam. İnstitutu bitirdikdən sonra Moskvaya aspiranturaya göndəriblər. Orada dissertasiya müdafiə etmişəm, Moskvada 10 il kafedra müdiri işləmişəm. Sonra 1983-cü ildə Bakıya qayıtdım. Həmin vaxt mən artıq beynəlxalq hakim idim və SSRİ yarışlarını idarə edirdim. Təsəvvür edin ki, bizim boksçularımız SSRİ xalqları arasında 10-cu yerə çıxanda sevinirdik.
1991-ci ildə Bakıda ilk dəfə dünya çempionatı keçirdik, daha sonra Avropa çempionatını ölkəmizə gətirdik. Bizim gənclərimiz Avropa çempionatında ikinci oldu. Eləcə də kişilərdən ibarət komandamız 2005-ci ildə üçüncü yerə çıxdı. Mən belə şeyləri danışanda başqa niyyət güdmürəm. Əlbəttə, Ağacan hara, Məhəmməd Əli hara. Əlinin çəkisi 100 kiloqram idi, mənimki 57. İkincisi, Əli həm olimpiya çempionu olub, həm də peşəkar boksda uzun illər vuruşub. Mənsə həvəskar boksçu, Azərbaycan çempionu ola-ola həm də Politexnik İnstitutunda təhsil almışam. Moskvadan Bakıya gələndən sonra uşaqlar məni Boks Federasiyasının prezidenti seçdilər. Bundan sonra beynəlxalq yarışları Bakıya gətirdik, boksçuları xarici ölkələrə apardıq. Rövşən Hüseynov kişilər arasında Avropa çempionu, bir ildən sonra gənclər arasında Avropa çempionu oldu. 1994-cü ildə Rövşən, Əli İsmayılov və Ruslan Xairovla birlikdə Tailanda getdik. Orada ilk dəfə Rövşən Hüseynov dünya çempionu, digər idmançılar isə ikinci və üçüncü yerləri tutdu. İlk dəfə burada komandamız 78 ölkə arasında 5-ci yeri götürdü. SSRİ-də 10-cu yerə çıxanda sevinirdik ki, geri qalmadıq. Ancaq 1994-də dünyada 5-ci yeri götürdük. Mən buyam, Azərbaycan boksuna xidmət edirəm.
- Ancaq indi bu istiqamətdə fəaliyyətiniz sanki gözə dəymir...
- Mən könüllü istefa verdim. Bizim artıq 5 idmançımız olimpiya medalı alıb, dünya və Avropa çempionu olub. 2006-cı ildə dünya çempionatı Əbu-Dabidə olmalı idi. Orada çox isti havalar olduğu üçün bizdən xahiş etdilər ki, dünya çempionatını Bakıda təşkil edək. Çempionatın başlamasına bir ay vaxt qalırdı, ancaq bunu yüksək səviyyədə hazırlayaraq həyata keçirdik. Burada Azərbaycan boks komandası birinci yerə çıxdı. Biz boksumuzu 2006-cı ildə dünyada birinci yerə çıxardıq. İndi Ağacan Əbiyev Məhəmməd Əli deyil, ola da bilməz. Çünki Məhəmməd Əli bir dəfə yaranıb. Ancaq Ağacan Əbiyev Azərbaycana, öz olimpiya hərəkatına, idmançılarına atalıq qayğısı göstərib, dövlətin köməkliyi ilə hər cür dəstək verib. Nəticədə Azərbaycan boksu SSRİ zamanında sevindiyi 10-cu yerdən dünyada ikinci yerə qalxıb. Məhəmməd Əlinin böyük idmançı olmasına şübhə yeri yoxdur, lakin hər kəsin öz yolu var. Mən Azərbaycanın oğlu olduğum üçün ölkəmizin dünya çempionuna daha böyük önəm verirəm, nəinki Məhəmməd Əliyə. Çünki Əlinin öz Vətəni, xalqı və rəhbəri var. Mən boks dahisi kimi Əliyə həsəd aparıram. Arzulayıram ki, Azərbaycanda da belə bir boksçu yaransın. Ayın 14-də Bakıda boks üzrə yarış keçiriləcək, biz hazırda bu işlərlə məşğuluq. Bu yarış zamanı olimpiya oyunlarında iştiraka lisenziya veriləcək. Mən bu yaşımda Bakıya gələcək idmançılar, onların viza problemləri və digər texniki işlərlə məşğul oluram. Biz ilk öncə bir-birimizə hörmət qoymalıyıq.
NEMƏT