13 May 2017 11:01
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kiyevdə "Avroviziya-2017” mahnı müsabiqəsinin finalı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycanı müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.

Diana Hacıyevanın nömrəsi builki müsabiqədə ən çox müzakirə olunan quruluşdur. Xoreoqraf və quruluşçu-rejissor Nailə Məmmədzadənin hazırladığı orijinal teatr tamaşasını "Avroviziya" səhnəsində gerçəkləşdirmək bir o qədər də asan olmayıb.

Nömrə üçün istifadə olunmuş və qızğın müzakirəyə səbəb olmuş at maskası sifariş əsasında Avropada istehsal edilib. Bu zaman onun düşməməsi üçün rəqqasın başının anatomik xüsusiyyətləri nəzərə alınıb.

Diananın və bek-vokalçıların orijinal geyimlərinə yunan stilisti və rejissoru Dimitris Masuras cavabdehlik daşıyır. O, həmçinin Dihajın quruluşu üçün videokontent də yaradıb. Diananın səhnə imicini ukraynalı vizajist Marta Skalskaya və saç biçimi üzrə bakılı stilist Anton Zabolotnı yaradıb.

"Skeletons" mahnısını tanınmış azərbaycanlı bəstəkar və prodüser İsa Məlikov və Sandra Byurman (İsveç) yazıblar.

62-ci "Avroviziya 2017" mahnı müsabiqəsinin final gecəsində 26 ölkənin təmsilçiləri bu ardıcıllıqla səhnəyə çıxacaq: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan, Fransa.

"Avroviziya-2017" mahnı müsabiqəsinin finalı yerli vaxtla saat 23.00-da başlayacaq.

Ən son aparılan sorğular nəticəsində, bukmekerlər İtaliyanı müsabiqədə təmsil edən Françesko Qabbanini birinci yerə layiq görürlər. Proqnozlara görə, ikinci yeri Portuqaliya, üçüncü yeri isə Bolqarıstan təmsilçisi tuta bilər.

Pərvin


Müəllif:

Oxşar xəbərlər