ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərinin tarixi Müqəddəs Con Lüteran Kilsəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova və pianoçu Aida Elxanzadənin ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri səsləndirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Sakramentoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.
Konsertdən öncə çıxış edən Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarova bu önəmli mədəniyyət tədbirinin Kaliforniyanın paytaxtında keçirilməsindən məmnun olduğunu bildirib. O, Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun konsulu Orxan Rüstəmli 100 il əvvəl – 28 may 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixə Şərqdə ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi düşdüyünü qeyd edib.