31 Oktyabr 21:13

Ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson və Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzini ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, qonaqları qarşılayan Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında qısa məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin iştirakı ilə muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq ənənələrinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən Muğam Televiziya Müsabiqəsi keçirilir. Bu günə kimi çoxsaylı gənc muğam ifaçıları bu müsabiqələrdə uğur qazanıb, qədim sənəti təbliğ edirlər.

Nazir həmçinin vurğulayıb ki, Azərbaycanın muğam sənəti, tar və kamança ifaçılıq sənətlərinin UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Daha sonra Beynəlxalq Muğam Mərkəzi tərəfindən hazırlanmış konsert proqramı təqdim edilib. Gənc xanəndələr Elgiz Əliyev və Nisbət Sədrayeva xalq mahnıları və təsnifləri, eləcə də “Bayatı-Şiraz”, “Segah” və “Rast” muğamlarından parçaları ifa ediblər. Xanəndələri tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusifov müşayiət edib.

İfaçıları alqışlayan Baronessa Emma Nikolson qeyd edib ki, onun musiqiyə, xüsusilə də şifahi ənənəli musiqi janrlarına böyük marağı var. Azərbaycan musiqisinin bu janrları haqqında məlumatlar onun üçün olduqca maraqlıdır. Britaniyalı qonaq ifaçılara və müşayiətçilərə təşəkkürünü bildirib.

Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində xatirə şəkilləri çəkdiriblər.


Müəllif: Teleqraf.com