12 Dekabr 2020 09:05
4 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan Xalq artisti Azərin Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Azərin xanım, Qələbə paradı üçün ölkəmizə gəlmisiniz. Zəfər bayramımızda iştirak etdiniz, təəssüratınız necədir?

- Hər bir Azərbaycan vətəndaşı, türk kimi qürur hissi keçirirəm. 30 illik Qarabağ həsrətindən sonra arzumuza çatdıq. Bir milyon məcburi köçkünümüz var, Xocalı soyqırımını gözümüzlə görmüşük və yaşamışıq. Azərbaycan torpaqlarını qaytarmaq üçün öz haqlı davasını apardı. Çünki illərlə bizə atəşkəs deyə-deyə başımızı qatırdılar. Əslində hamımız bilirik ki, atəşkəs yox idi. Biz yenə də cəbhə bölgəmizdə şəhid verirdik, ölkəmiz raket atəşinə tutuldu, mülki vətəndaşlarımız arasında şəhidimiz oldu. Təbii ki, bütün bunların sonu olmalı idi. Şükür Allaha dövlət başçımız İlham Əliyev qərar verdi, bununla xalqımız, ordumuz, dövlətimiz bütöv halda birləşdi və haqlı davamızda qələbə qazandıq. Bu zəfəri Allahın köməyi, Ali Baş Komandanın rəhbərliyi, şəhidlərimizin qanı, qazilərimizin sağlığı ilə qazandıq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Möhtəşəm paradımızı görəndə, o anı yaşayanda və bu havanı ölkəmizdə udanda qürur hissi keçirdim. O qalibiyyəti bizə yaşadanlardan Allah razı olsun, möhtəşəm bir duyğu idi.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər bayramımızda xanımı ilə qonaq oldu. Ümumiyyətlə, Türkiyə və Azərbaycan qardaşlığını, birgə addımlarını necə dəyərləndirirsiniz?

- Əlbəttə, soykökümüz, dilimiz, dinimiz, adət-ənənəmiz eynidir. Sadəcə ölkələrimiz arasında sərhəd var. Amma ürəklərimizdə heç vaxt sərhəd olmayıb. Biz tarixə də nəzər saldıqda bunu görürük. 1918-ci ildə ermənilər, bolşeviklər torpaqlarımızı işğal edəndə, bizi soyqırıma məruz qoyanda yanımızda Osmanlı imperiyası oldu. Ənvər Paşanın, Nuru Paşanın, Qafqaz İslam Ordusu ölkəmizə köməyə gəlib. Bizim o vaxt da qurtuluşumuz Türkiyə ilə baş tutdu və tarix təkrarlandı. Bundan 102 il sonra da Azərbaycanın yanında duran, mənəvi və siyasi dəstək verən yenə də Türkiyə oldu.

Bizi çox dərin tellər bağlayır, baxmayaraq ki, aramızda sərhəd olub, sovet hakimiyyətinin tərkibində yaşamışıq. Amma yenə də keçmişə dönəndə görürük ki, Çanaqqala müharibəsində də azərbayacanlılar köməyə gedib və orada şəhid olublar. O torpaqlarda uyuyan şəhidlərimiz var. Bu gün biz bildik ki, dostumuz və düşmənimiz kimdir. Biz bu gün də Türkiyənin dəstəyini və qardaşlığını gördük. Mən Türkiyədə yaşayıram və oradakı əhval-ruhiyyəni, xalqın bizə olan dəstək və dayağını görürəm. Dövlətin, Prezident Rəcəb Tayyib Ərdoğanın bizə olan dəstəyini hər mənada görürük və bunu yaşayırıq. Türk vətəndaşlarının bizim yanımızda olması məni duyğulandırır. Hətta mənə ünvanlanan bütün məktubları səfirliyimizə istiqamətləndirirəm. Bunlar insana böyük zövq, əzmkarlıq verir, anlayırsan ki, tək deyilsən. Yanında böyük bir qüvvə var. Ölkəmizdə də bayrağımızın Türkiyə bayrağı ilə yan-yana dalğalanmasını görəndə qürurlanıram. Doğrudan da bundan böyük qürur hissi ola bilməz.

- Sizin ifa etdiyiniz "Çırpınırdı Qara dəniz" mahnısı Vətən müharibəsi zamanı hər kəsdə qələbə ruhu yaşatdı. Hər yerdə bu əsər səslənirdi...

- Simvolik olaraq "Çırpınırdı Qara dəniz" əsəri çox böyük bir məna daşıdı və xalq bir daha sevə-sevə bu əsəri qəhrəmanlıq əsəri kimi hər yerdə səsləndirdi. Hər kəsin dilində əzbər olmuş bir əsərdir və bundan böyük qürür hissi duyuram. Hər zaman demişəm ki, mənim üçün önəmli olan "Çırpınırdı Qara dəniz"in sadəcə mahnı olaraq yox, tarixi çox önəmlidir. O, bizə Üzeyir Hacıbəyov və Əhməd Cavadın mirasıdır. Bu əsər Qafqaz İslam Ordusundan ilhamlanaraq ərsəyə gəlib. Türkiyədən ölkəmizə 2783 əsgər gəldi və Zəfər yürüşündə yer aldılar. Şəhidlər ölməyiblər, onlar yaşayırlar. İnşallah "Çırpınırdı Qara dəniz" Şuşada Üzeyir Hacıbəyovun evinin önündə səslənsin. Əlbəttə ki, bunlar böyük duyğudur. Xalqımız sağ olsun ki, belə yüksək səviyyədə bu əsəri yaşadır.

- İşğaldan azad edilən hansı şəhərimizdə getmək və orada konsert proqramı ilə çıxış etmək istərdiniz?

- Azad edilən bütün ərazilərimiz bizim doğma torpaqlarımızdır. Biz elə böyük və istedadlı millətik ki, hər qarış torpaqlarımızda ədəbi əsərlərimiz, mahnılarımız var. Laçına, Şuşaya və hər qarış torpağımıza getmək istəyirəm. Bilirsiniz ki, mən daim əsgərlərimizin yanında olmuşam, ön cəbhədə konsertlər vermişəm. Hazırda əmr gözləyirəm ki, Şuşada, Laçında konsertlər verim və orada da əsgərlərimlə bərabər olum. İnşallah bu, mənim arzumdur. İnşallah Allah mənə sağlıq versin və bunları həyata keçirim.

- Azərin xanım, Vətən müharibəmizdə qələbə qazanacağımıza inanırdınızmı? 44 gündən sonra Ermənistanı kapitulyasiyaya məcbur etdik. Gözləntiləriniz nələr idi?

- Həmişə inanmışam ki, biz qələbə çalacağıq. Mən xarici ölkələrdə də çox konsert verən bir sənətçiyəm. Bizim torpaqlarımız 30 il idi ki, işğal altında idi. Amma mən hər zaman mübarizə əzmimizə inanmışdım və bilirdim ki, Mübariz İbrahimovun simasında bizim qəhrəman oğullarımız var. Qarabağ ilə eyni yaşda olan, amma Qarabağı görməyən cəsarətli oğullarımız yetişir. Onlar hər an canlarını qurban verməyə, vuruşub can almağa hazır idilər. Bu, bizim haqq davamız idi və heç vaxt torpaqlarımızı işğal altında qoya bilməzdik.

- Bir müddət əvvəl Türkiyədə CNN kanalına açıqlamanızda türk dövlətlərinin biganəliyindən şikayət etdiniz. Haqlı davamızda yalnız Türkiyənin ölkəmizin yanında olduğunu qeyd etdiniz...

- Vətən müharibəsinin başladığı ilk günlərdən Türkiyə telekanallarına çıxmağa başladım. Mənim üçün də gözlənilməz oldu ki, sənət adamıyam, amma xəbərlər proqramına dəvət edirlər. Sonra düşündüm ki, bəli, sənət adamıyam, həm də xalqımın, dövlətimin səsi və ölkəmin bir əsgəriyəm. Xalqımın, dövlətimizin haqq sözünü insanlara çatdırmalıyam. Biz ilk gündən Türkiyənin və Pakistanın ölkəmizə dəstəyini gördük. Özbəkistan və Qazaxıstanda xalqın dəstəyini hiss etdik, amma dövlətin yox... Bu, mənə təsir elədi, türk dünyasından, Turandan söz gedirsə, onların ölkəmizə dəstəyini ilk gündən görməli idik. Amma dəstəyi Rusiya Prezidenti Vladimir Putinin çıxışından sonra gördük. Mən şəhid verirəm, haqlı davamdır, ərazi bütövlüyümü qoruyuram və bunun üçün mübarizə aparıram. Bu iradımdan sonra mənə çox dəstək oldu.

Yəni ki, Türkiyədən başqa türk dövlətlərinin səsi çıxmırdı. Böyük bir tarix yazdıq və bu tarixi də coğrafi məkanda Türkiyə ilə birlikdə dəyişdik. Təbii ki, mən bir Turan məfkurəsi, "Qızıl Alma" ilə yaşayan insanam. Mən bundan küsmürəm və küsə də bilmərəm. Yenə də türk birliyini gözləyirəm və bunun olacağına da inanıram. Çünki bunu orada yaşayan xalq istəyir, amma dövlətlərin də artıq gözü açılmalıdır. İnşallah bundan sonra da böyük qələblər qazanacağıq. Turanı da yenidən yaradacağıq. Buna sadəcə inanmaq lazımdır.

- Türkiyənin "TRT Avaz" kanalında uzun illər aparıcı oldunuz. Və yaxın günlərdə TRT kanalından sizə təklif gəldiyini açıqladınız. Sizi yenidən aparıcı kimi nə zaman görəcəyik?

- Mən doqquz il "TRT Avaz" kanalında verilişə aparıcılıq etmişəm, bu, türk dünyasına aid proqram idi. Hazırda da TRT kanalından və bir neçə özəl kanallardan dəvətlər var. Sadəcə mən onları açıqlamayacam, öncədən danışmağı sevmirəm. Xoşuma gələn bir-iki layihə var, inşallah həyata keçsə, siz də şahid olacaqsınız.

- Son olaraq nə demək istəyərsiniz?

- Mən bir türk kimi özümü xoşbəxt hiss edirəm. Çünki ölmədən öz torpağımın azadlığını gördüm. Şəhidlərimizə rəhmət diləyirəm və bundan sonra onların ailələri bizə əmənətdir. Bundan sonra bizim gələcəyimiz olan övladlarımız sülh içində firavan yaşasınlar. Şükür Allaha ki, bizim üzərimizdə olan yükü övladlarımıza buraxmadıq.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər