15 May 2022 20:05
4 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış musiqişünas, pedaqoq, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadənin sözlərinə görə, "Avroviziya" müsabiqəsində təmsilçilərimizin əcnəbi müəlliflərin mahnıları ilə çıxış etməsi arzuolunan deyil. Nadir Rüstəmlinin dünən Turində keçirilən müsabiqədəki çıxışını şərh edən professor qeyd edib ki, Avropa standartları bezikdirir, insanlar hansısa bədii kəşf intizarındadır, parlaq və özünəməxsus musiqi intonasiya və tembrləri eşitmək istəyirlər. Təcrübə də bunu göstərir! Ukraynanın qələbəsinə sevinən musiqişünas bu qələbəni müharibənin gələn il bitməsi ümidi və sülh arzularımızın ifadəsi adlandırıb.

Teleqraf.com professorla müsahibəni təqdim edir:

- Zümrüd xanım, Nadir Rüstəmlinin çıxışını bəyəndinizmi?

- Nadir Rüstəmlini “Səs Azərbaycan”da dinləmişdim, əlbəttə ki, o, həmin yarışmanın şəksiz lideri idi. Onun səs imkanları, səhnə mədəniyyəti və obraz yaratmaq bacarığını o zaman qeyd etmişdim. Odur ki, bu il ölkəmizin təmsilçiliyi Nadir Rüstəmliyə həvalə olunanda Azərbaycanda heç kim təəccübləmmədi.

Layiqli və professional çıxış idi

- Sizcə, qalib olmağa layiq idimi?

- Düşünürəm ki, o mahnı Nadir Rüstəmlinin imkanlarını tam şəkildə aça bilmədi. O, müğənni kimi həm vokal, həm də obraz baxımdan istənilən əsərin öhdəsindən gələ bilən əsl artistdir. Qalibiyyətlə bağlı onu deyə bilərəm ki, bu yarışmada müxtəlif faktorlar rol oynayır, açıq desək, siyasi durum da təsir edir, tamaşaçı auditoriyasının öz xüsusiyyətləri var, ola bilsin ki, Avropanın zövqü bu il başqa bir istiqamətə yönəlib… Bununla belə hesab edirəm ki, Nadir Rüstəmli hər halda 10-luğa, bəlkə də 5-liyə 100 % daxil olmalı idi. Çünki həqiqətən layiqli və professional çıxış idi. Burda onun komandasının rolunu xüsusi qeyd etməliyəm, Eldar Qasımovun zövqü, istedadı, müəyyən intuisiyası - bunlar hamısını Nadir Rüstəmlinin Azərbaycanı bu il "Avroviziya" səhnəsində çox ləyaqətlə təmsil etməsini təmin edən faktorlardır. Yeri gəlmişkən, indi tvitterdə də Azərbaycanlı təmsilçinin istedadının qiymətləndirilməməsi barədə müzakirə açılıb. Özü də məşhur yazar, "Harri Potter"in müəllifi - Coan Roulinq öz fikrini paylaşıb.

Özündə hansısa bədii kəşf ehtiva edən mahnı eşitmədim

- Ümumiyyətlə, bu ilki müsabiqə əvvəlkilərdən nə ilə fərqlənirdi?

- Azərbaycan müsabiqəyə qatıldığı vaxtdan - 2008-ci ildən bir eskpert kimi işləmişəm, həm də ölkəmizdə keçirilən seçim turlarında da bir neçə dəfə münsiflər heyətinin üzvü olmuşam, müsabiqə zamanı bütün çıxışlara şərhlər vermişəm. Hətta 2015-ci ildə Azərbaycan münsiflər heyətinin sədri də mən oldum, ondan sonra müsabiqədə bir mütəxəssis kimi iştirak etmədim. Demək olar ki, o zamandan bəri marağım sönməyə başladı. Çünki "Avroviziya" həqiqətən parlaq bir mahnı müsabiqəsidir, hər il burda Avropa ən yaxşı mahnısını seçir. Amma bu illərdə səslənən mahnıların demək olar ki, heç biri yadda qalmadı. Müəyyən bir qısa zamanda populyar olsalar da, ürəklərdə iz qoymadı və deməzdim ki, öz bədii keyfiyyətləri və dəyəri ilə seçildi. Odur ki, bu müsabiqəni artıq bir seyrçi kimi izləyirəm.

Sovet dönəmində Azərbaycan bu müsabiqəni seyr etməkdən, qatılmaqdan məhrum idi. Təbii ki, ölkəmizin orda iştirakı mümkünsüz idi, bəzi parçalarına sadəcə tamaşa edə bilərdik. Həmişə arzu edirdim ki, Azərbaycan da nə vaxtsa bu səhnədə çıxış etsin. Gerçəklik elə oldu ki, "Avroviziya" ildən-ilə sanki səviyyəsini itirməyə başladı. O səhnədə 3 dəqiqə ərzində performans şəklində təzahür edən musiqi nömrələrinə ehtiyac var. Bu ilki müsabiqədə güclü səslər, janr müxtəlifliyi də oldu, amma qəlbimi fəth edən, özündə hansısa bədii kəşf ehtiva edən mahnı eşitmədim.

- Ukraynanın qalib seçilməsi gözlənilən idimi? Siyasi hadisələrin müsabiqənin gedişinə təsiri haqqında nə deyə bilərsiniz?

- Əlbəttə ki, Ukraynanın qalib olacağı əvvəlcədən heç kimdə şübhə oyatmırdı. Ümumiyyətlə, Ukrayna "Avroviziya"da həmişə çox güclü təmsil olunub. Ruslana da çox parlaq çıxış etmişdi. Məni 2016-cı ildə Camalanın həm performansı, həm də ifası çox duyğulandırmışdı. Onu əvvəldən də tanıyırdım, xüsusilə krım-tatar mahnısının intonasiyaları və müdaxiləsi məni çox riqqətə gətirmişdi o zaman. Həqiqətən də istedadlı və özgün simalı bir müğənnidir.

Bu il Ukrayna tərəfindən yenə kifayət qədər yaxşı musiqi təqdim edilmişdi, müasir ritmlərlə etno intonasiyalar uzlaşdırılmışdı, səhnə görünüşü də yadda qalan nömrə idi. Təbii ki, bütün dünya və Avropa orda yaranmış müharibə vəziyyəti ilə bağlı Ukraynanı dəstəkləyir. Açıq etiraf edim ki, mən də Ukraynaya bir neçə səs göndərdim. Çünki hamımız Ukraynadakı müharibənin tezliklə bitməsini arzu edirik. Ukraynanın qalib gəlməsi isə ümid verir ki, gələn il sülh şəraitində, müharibədən tamamilə azad olunmuş bir vəziyyətdə paytaxt Kiyevdə gözəl mədəni musiqi festivalı keçiriləcək və bütün atəş səsləri yox olacaq. Bu qələbə müharibənin gələn il bitməsi ümidi və sülh arzularımızın ifadəsidir.

- "Avroviziya" müsabiqəsinin ilk illərində Azərbaycanın mahnı üçün xarici bəstəkarlara müraciət başa düşünülən idi, aydındır ki, bu sahədə təcrübəli deyildik. Bununla belə 2008 "Avroviziya" mahnı müsabiqəsində ilk təmsilçilərimiz olan Elnur Hüseynov və Samir Cavadzadənin Gövhər Həsənzadəyə aid olan “Day After Day” adlı kompozisiyası böyük bir səs-küy salmışdı. Amma iş orasıdır ki, ilk dəfə biz bu müsabiqədə öz bəstəkarımızın mahnısı ilə və uğurla çıxış etdikdən sonra bu silsilənin davamı gəlmədi. Bu məsələyə sizin yanaşmanızı bilmək istərdim.

- Azərbaycan neçə illərdir ki, öz mahnısını beynəlmiləl bir heyətə sifariş edir. Sosial mediada da oxudum ki, buna ironik yanaşırlar. Mənə görə ən yaxşı çıxışımız 2008-ci ildə Elnurla Samirin ifası idi. Çox gözəl ekspressiv bir nömrə idi, həm konsepsiya, həm obraz tərəfdən, həm də muğam müdaxiləsi olduqca yadda qaldı. Bu gün də həmin manhnı ara-sıra oxunur.

Ümumiyyətlə, Azərbaycanın hər dəfə əcbəni müəlliflərə işləməyə üstünlük verməsi haqqında nəsə demək çətindir. Ölkəmizin elə gözəl bəstəkarlıq məktəbi və mahnı janrında elə güclü ənənələrimiz var ki, onlar indi də yaşayır və bunu çağdaş musiqinin hansısa xüsusiyyətləri ilə uzlaşdırmaq iqtidarında olan xeyli gözəl bəstəkarlarımız şübhəsiz ki, var. Və mən onların qüvvəsinə inanıram. Odur ki, bu seçim adama təəccüblü gəlir, həm də məni bir musiqişünas kimi narahat edir. Açığı, məndə skeptik ovqat yaranıb artıq, elan olunan nəticələrin həqiqiliyinə şübhə edirəm. Amma gələcəkdə bu müsabiqəyə qatılmalı olsaq, gərək öz obrazımızla, necə varıqsa, elə təqdim etməyin tərəfindəyəm. Dünyaya təqdim etməyə həqiqətən layiqli mahnılarımız var. Azərbaycanın ənənəvi və folklor musiqisini, bəstəkarlıq məktəbinin nailiyyətlərini bir araya gətirib, gözəl, parlaq milli xüsusiyyətləri ilə fərqələnən, eyni zamanda müasir səslənən bir mahnı eşitmək istərdik. Ukrayna milli simasını hər dəfə göstərməyə çalışır, yaxud da Moldovanın dinləyici səsverməsinə əsasən birdən-birə sıçrayış etməsi və yüksəklərə qalxmasını buna misal çəkmək olar.

Odur ki, həm xalq musiqisində, həm də bəstəkar yaradıcılığında olan ənənələri birləşdirərək çox gözəl mahnı ilə gələcəkdə Azərbaycanı təmsil edə bilərik. Amma mən Nadir Rüstəmlini səmimi qəlbdən təbrik edirəm, bir peşəkar və musiqişünas kimi onun çıxışını çox uğurlu hesab edirəm. Peşəkarlıq baxımdan o, çoxundan üstün idi, bunu heç kəs dana bilməz, arzu edərdim ki, gələcək illərdə Nadir Rüstəmli "Avroviziya"da Azərbaycanı yenidən təmsil etsin, amma başqa bir ampluada və başqa bir mahnı ilə. Bu, hamının ürəyincə olardı və Azərbaycan gözəl, istedadlı, özgün, güclü səsə və xarizmaya malik bir ifaçı və müvafiq mahnı ilə təmsil olunardı. O mahnı onun imkanlarını aça bilmədi, daha yaxşı musiqi əsərinə layiq idi.

Caz sahəsini götürək, görün ifaçılarımız necə xariqələr yaradır. Emil Əfrasiyab milli musiqi ilə müasir ritmləri birləşdirir. Son vaxtlarda isə tarzən Şəhriyar İmanov, Arslan Növrəsli caz sahəsində milli musiqimizi təmsil edirlər. Bunu Vaqif Mustafazadə, Rafiq Babayev də edib, ənənələr var. Odur ki, mahnı beynəlmiləl kollektiv tərəfindən yazılmamalıdır, qəti şəkildə. Bunu dərk edə bilmirəm, doğrusu məni çox kədərləndirir. Bəlkə də o məqsədlə edirlər ki, nəticədən əminlik yaransın, beləliklə Arvopa standartı ortaya qoyulacaq və Avropa dinləyicisinin qəlbini fəth edəcək... Təcrübə onu göstərir ki, Avropa standartları bezikdirir, insanlar hansısa bədii kəşf intizarındadır, parlaq və özünəməxsus musiqi intonasiya və tembrləri eşitmək istəyirlər. Qoy, heç finala keçməyəcək, amma öz musiqimizlə təmsil olunaq, zər qədrini zərgər bilər. Keyfiyyətli bir əsər təqdim olunsa, onu heç olmasa peşəkarlar dəyərləndirə biləcək. Azərbaycan bəstəkarlıq məktəbi məşhur bir hadisədir, fenomendir, mili musiqimizin də rəngarəngliyi mahnıya bəllidir. Təcrübə də onu göstərir ki, Ukraynanın məhz milli musiqinin müasir sintezi nəticəsində tamaşaçılar tərəfindən bax belə bəyənildi. Eyni zamanda onların qalib gəlməsi bir sülh mesajı idi. Əmin-anamlıq, sülh və harmoniyanın bərqarar olması arzusunu ifadə edir və bunu başa düşmək olar.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər