Heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək.
Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 29-da Şəkidə modul tipli xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil. İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil - 2,7 faizdir. Amma bu il üçün bizim planlarımız çox böyük idi. Buna baxmayaraq, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünki bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaçılmaz olacaq. Bu vəsait, əlbəttə, büdcədə nəzərdə tutulmamışdır. Ona görə yəqin ki, büdcəyə dəyişiklik ediləcək və hesab edirəm, bu, düzgün addımdır. Çünki hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır".