Müdafiə naziri Zakir Həsənov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, gənclərlə görüş zamanı Müdafiə naziri Zakir Həsənov çıxış edib.
Müdafiə naziri Zakir Həsənov vətənpərvərliyin sadəcə əsgərlərin çiyninə düşmədiyini, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətəndaşa aid olduğunu diqqətə çatdırıb.
Çıxışının davamında nazir Zakir Həsənov bildirdi ki, düşmənin əsas işlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif, xoşagəlməz fikirləri formalaşdırmaqdır. “Bu gün azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var. Onların əsas məqsədi bir çox Azərbaycan gəncinin vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəyini formalaşdırmaqdır. Mütləq şəkildə 2 hədəfimiz olmalıdır. İlk növbədə gənclər hər bir işdə həmrəy olmalıdırlar. Digər məqam, bir-birimizə dəstək olmağımızdır. Biz daim çiyin-çiyinə vətən uğrunda döyüşlərə, onun müdafiəsinə hazır olmalıyıq.”
Daha sonra nazir Zakir Həsənov gənclərin Tovuz döyüşləri, Azərbaycanın ordu quruculuğu, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri və digər mövzular barədə sualları cavablandırıb.