“Müstəqillik dövründə Azərbaycan əhalisinin sayı 8 milyondan 10 milyona qalxmışdır və bu meyillər davam edəcək. Bu, ölkəmizdə görülən işləri əks etdirir. Çünki insanların yaşayış səviyyəsi yaxşılaşır. Ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq demoqrafik vəziyyətə bilavasitə təsir edən amillərdəndir”.
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev 1 000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olarkən və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən deyib.
“Eyni zamanda, sənaye istehsalı da artmaqdadır. Hətta bu il qeyri-neft sektorunda sənaye artır. Deyə bilərəm ki, pandemiyanın demək olar bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq və hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10-15-20 faiz səviyyəsindədir, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət hesab edirəm, qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıb. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Bax, budur, bugünkü Azərbaycan reallıqları. Bu, bir daha onu deməyə əsas verir ki, bundan sonra da elektrik stansiyalarının tikintisi və mövcud stansiyaların istismar müddətinin uzadılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz enerji potensialımızdan maksimum istifadə edirik və etməliyik”, - deyə o, qeyd edib.