Ermənistanın Baş naziri Nikol Paşinyan yenə də Ermənistan-Azərbaycan münaqişəsi və Tovuz hadisələrərinin mahiyyətini təhrif edən açıqlama ilə çıxış edib. Birincisi, o qeyd edir ki, Tovuz hadisələri Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həllinin olmadığını göstərdi. Əgər Emənistan tərəfi münaqişənin hərbi həlli olmadığını iddia edirsə və belə bir istəyi varsa, ilk növbədə hərbi işğal rejiminə son qoymalı və Ermənistan qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev Ermənistanın təcavüzkar dövlət olduğunu vurğulayıb: “Ermənistan rəhbərliyi Tovuz hadisələrini guya özləri üçün dırnaqarası qələbə kimi təqdim etməyə çalışır. Tovuz hadisələri açıq şəkildə göstərdi ki, bu, Ermənistanın Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış hərbi əməliyyat, növbəti təcavüz aktı idi. Buna baxmayaraq Ermənistan heç bir məqsədinə nail olmadı.
Azərbaycanın Ermənistanla dövlət sərhədi boyunca hər hansı hərbi məqsədi yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin məqsədi sərhədlərin toxunulmazlığının, müdafiəsinin, sərhəd yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsidir.
Azərbaycan Silahlı Qüvvələri rəşadətli şəkildə Ermənistanın bu təxribatının qarşısı aldılar, Ermənistan silahlı bölmələri geri oturduldu. Onlar bu gün də itkilərini erməni xalqından gizlətməkdə davam edirlər. Bu hərbi avantürütizmə görə Ermənistan xalqı qarşısında Nikol Paşinyan cavab verməlidir, Ermənistanın siyasi-hərbi rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.
Nikol Paşinyan iddia edir ki, guya Tovuz hadisələri Ermənistanda istehsal olunan müdafiə sənayesi məhsullarının keyfiyyətini göstərdi. Ancaq Ermənistanda nə istehsal olunduğu hər kəsin gözü qarşısındadır. Ermənistanın iqtisadiyyatı və digər sənayesi olmadığı kimi müdafiə sənayesi də yoxdur. Bu da Ermənistan rəhbərliyinin öz xalqını aldatmaq və Tovuz hərbi avantürasına görə öz xalqı qarşısında bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil”.